Milli nəqliyyat və kommunikasiya sistemimiz modernləşmə yolunda
Yeni holdinq çevik və səmərəli idarəetməyə keçidi təmin edəcək
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dönəmlərdə idarəetmə fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlar sistemli və ardıcıl xarakter daşıyıb. Respublikada həm yeni nazirliklər yaradılıb, həm ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, həm birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı çevik idarəetmə mexanizminə hər zaman xüsusi diqqət yetirib, ölkədə idarəetmənin daha çevik mexanizmlər vasitəsilə gerçəkləşdirilməsinə mühüm önəm verib.
Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunan XXI əsr milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafına öz təsirini göstərir. Qlobal məkanda baş verən sosial-iqtisadi proseslər bütövlükdə milli təsərrüfatların, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, bu vəzifələrin də uğurlu icrasını nəqliyyat sektorunun iştirakı olmadan təsəvvür etmək mümkün deyil.
Bütün bunları nəzərə alan Azərbaycan hökuməti ölkədə nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır, hazırlanan müvafiq proqram və layihələri uğurla reallaşdırır. Dövlət başçısının imzaladığı qərar və sərəncamlar ölkəmizin nəqliyyat sistemində idarəetmənin və xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması, ümumilikdə, milli nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyasının hüquqi əsaslarını təşkil edir. Uğurla gerçəkləşdirilən həmin qərar və sərəncamların nəticəsidir ki, müəyyən layihə və proqramlar mühüm nəqliyyat-tranzit qovşağı kimi Azərbaycan Respublikasında yeni bir nəqliyyat sistemi formalaşdırır.
Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər. Prezident İlham Əliyev cari il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bu barədə deyib: “Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”.
Ölkə rəhbəri müsahibədə dövlət şirkətlərində nəzərə çarpan çatışmazlıqların – uzun illər özünü qabarıq büruzə verən bir sıra problemlərin idarəetmədə olan qüsurlar və pozuntularla bağlı olduğunu bildirib. Prezident İlham Əliyev belə vəziyyətə son qoymaq üçün artıq 10-a yaxın dövlət şirkətində yeni idarəetmə modelinin yaradılmasına qərar verdiyini və bunun müsbət nəticələrinin isə müşahidə edildiyini deyib. Prezident İlham Əliyev Dövlət Neft Şirkəti və “Azərbaycan Hava Yolları”nın uzun illər zərərlə işlədiklərini, dövlət büdcəsinə müraciət etdiklərini, dövlətdən dotasiya aldıqlarını, hazırda isə sağlamlaşdırma və kadr islahatı mərhələsini artıq uğurla başa çatdıraraq yeni idarəetmə modeli əsasında gəlir qazandıqlarını, öz ehtiyaclarını özləri qarşıladıqlarını da vurğulayıb.
Dövlətimizin başçısı fikirlərinin davamında Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması barədə də fikirlərini diqqətə çatdıraraq bildirib ki, yeni qurumun fəaliyyətində əsas məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi qurmaq, təsisata tabe təşkilatlar arasındakı koordinasiyanı gücləndirməkdir.
Qeyd edək ki, AZCON-un yaradılmasını şərtləndirən amillərdən biri respublikamızın mühüm gəlir mənbəyi olan və ölkənin siyasi çəkisinə müsbət təsir göstərən nəqliyyat və bu sahə ilə əlaqədar bağlantıların səmərəli fəaliyyətinə əsaslanır. Ekspertlərin fikrincə, bu məsələdə də tam şəffaf və koordinasiyalı işlək mexanizmin yaradılması zəruridir. Bununla bağlı ölkə rəhbərinin müsahibədə vurğuladığı fikirlər mühüm önəm daşıyır. Məsələn, dövlət başçısı AZCON-un Xəzər Gəmiçiliyinin yüklərin daşınması ilə bağlı fəaliyyətində səmərəliyin artırılacağını, gömrük rəsmiləşdirilməsində süni əngəllərin, pozuntuların aradan qaldırılacağını, paralel olaraq nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesinə ciddi diqqət yetiriləcəyini əminliklə diqqətə çatdırır.
Ölkə rəhbəri daha sonra deyir: “Tariflərə gəldikdə, bir tarif var dəmir yolu, bir tarif var beynəlxalq liman, bir tarif də var gəmiçilik tətbiq edir və bu tariflər arasında uyğunsuzluq var. Yəni bir çox digər detallar var ki, bu, vahid sistemin yaranmasına ehtiyac yaradıb və biz bunu yaratmışıq və mən əminəm ki, formalaşmaqda olan bu qurum tezliklə, necə deyərlər, öz səmərəliliyini göstərəcək. Bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir. Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik”.
Bu fikrin təsdiqi olaraq xatırladaq ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dönəmlərdə yeni yolların çəkilməsi, köhnə yol–nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması daim diqqət mərkəzində saxlanılıb. Bakı şəhəri və ətraf qəsəbələrin prospekt və küçələrinin yenidən qurulması və genişləndirilməsi, bir çox tunellərin, yol qovşaqlarının inşa edilməsi prioritet məsələlərdən birinə çevrilib. Bu, təsadüfi olmayıb. Çünki paytaxtın mürəkkəb nəqliyyat şəraiti, avtomobillərin sayının gündən-günə artması, tıxaclar yol probleminin həlli zərurətini qarşıya mühüm vəzifə kimi qoyub və bu istiqamətdə müəyyən layihələr reallaşdırılıb. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər, körpülər və yollar piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, gözoxşayan dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yeniliklər kimi diqqət çəkib.
Lakin problemlər bitməyib. Çünki nəqliyyat vasitələrinin sayı getdikcə çoxalıb, iqtisadi fəallıq artıb. Nəticədə paytaxtda tıxac problemi ciddi narahatlıq yaradıb. Bununla bağlı dövlətimizin başçısı müsahibədə deyib: “Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.
Yeri gəlmişkən, artıq paytaxtda avtobusların elektrobuslarla əvəzlənməsi prosesinə başlanılıb. İndiyədək 150-dən çox yeni elektrobus gətirilib və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalının da başlanacağı planlaşdırılıb. “Mənə verilən məlumata görə, oktyabr–noyabr aylarında Azərbaycanda istehsal olunan birinci elektrik avtobuslar istifadə ediləcək və bu da şəhərimizin havasına çox müsbət təsir göstərəcək. Çünki biz bilirik ki, havanı çirkləndirən ən böyük mənbə nəqliyyat vasitələridir, xüsusilə böyük maşınlar”,– deyə ölkə rəhbəri bildirib.
Bütün bunlara baxmayaraq, sözügedən sistemdə görüləsi işlər də çoxdur. Məsələn, hazırda həm paytaxt ərazisində, həm də regionlarımızda avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Bundan başqa, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin nizama salınmasında müəyyən çatışmazlıqlar böyük narahatlıq doğurur. Şübhəsiz ki, hər iki tərəfdə göstərilən xidmətlər baxımından müəyyən nöqsanlar da nəzərə çarpır və bu, təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi məsələlərinin həllini zəruri edir.
Ümumiyyətlə, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət nəticəsində son illərdə bu sahə uğurla inkişaf edib. Yol infrastrukturu yenilənib. Yol hərəkətinin təşkilinə gəldikdə isə nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsi daim yenilənib, bu istiqamətdə bir sıra mühəndis və təşkilati tədbirlər reallaşdırılıb.
Sonda qeyd edək ki, Prezident İlham Əliyev AZCON-un yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında 7 noyabr 2024-cü il tarixli fərman imzalayıb. Fərmana əsasən, holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı müəyyənləşdirilərək təsdiq olunub. Həmin siyahıya “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələr daxil daxil edilib.
AZCON idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi isə icraçı direktor həyata keçirir. Ölkə Prezidentinin müəyyənləşdirdiyi hallar istisna olmaqla, idarəetməsinə veriləcək dövlət müəssisələrinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AZCON dövlət başçısı ilə razılaşdırmaqla həll edir.
Ərşad HÜSEYNOV,
nəqliyyat üzrə ekspert
Publik hüquqi şəxs olan Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi ölkə Prezidentinin 7 noyabr 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Holdinqin yaradılmasının səbəbi, onun hədəfləri fərmanda aydın göstərilib. Sənəddə qeyd olunduğu kimi, qurumun yaradılmasında əsas məqsəd dövlətin nəqliyyat və kommunikasiya sahəsində fəaliyyət göstərən müəssisələrinin işini təkmilləşdirmək, yəni onların koordinasiyasını yüksəltmək, həmin qurumların iqtisadi səmərəliliyini artırmaq, buradan əldə olunan gəlirləri çoxaltmaqla xərcləri azaltmaqdan ibarətdir.
Diqqət yetirəndə görürük ki, orada iki qrup müəssisə cəmlənib. Birinc qrupa dövlət mülkiyyətində olan və nəqliyyat sahəsində fəaliyyət göstərən yerüstü nəqliyyat qurumları: “Bakubus”, “Bakı Taksi”, Azərbaycan Dəmir Yolları, eləcə də Bakı Metropoliteni, Xəzər Dəniz Gəmiçiliyi və “Azərbaycan Hava Yolları” daxildir. İkinci qrupa isə kommunikasiya müəssisələri: “Azərkosmos”, “Azərpoçt” və s. aiddir. Qarşıda duran başlıca hədəf isə sadalanan qurumların idarə edilməsi üzrə vahid koordinasiyanın təşkil olunmasıdır. Bu zaman sözügedən müəssisələrin idarə olunmasında vahid yanaşma, vahid siyasət, xüsusən də vahid iqtisadi yanaşmanın tətbiqi nəzərdə tutulur.
Məsələnin nəqliyyat tərəfi daha önəmlidir. Çünki diqqət yetirsək, görərik ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində əsas nəqliyyat dəhlizlərinin qovuşduğu ölkədir. Bu bizim üçün bir sərvət, bir dəyərdir. Azərbaycan bundan maksimum yararlanmalıdır. Əsas hədəf Azərbaycanın belə bir nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsindən yararlanaraq nəqliyyatın təkcə ölkə daxilində deyil, həm də dünya miqyasında inkişaf etdirmək, beynəlxalq səviyyədə rəqabətədavamlı, müasir tələblərə cavab verən və tərəfdaşlarımızın məmnuniyyətlə istifadə edə biləcəkləri bir nəqliyyat sistemi qurmaqdan ibarətdir. Burada multimodal daşımalar da mühüm rol oynayır. Multimodal daşımalar Qazaxıstan üzərindən daha çox həyata keçirilir. Daha sonra Xəzər Dəniz Gəmiçiliyi vasitəsilə Bakı Limanı, Azərbaycanın dəmir yollarından istifadə edilərək Qərb istiqamətində Gürcüstan, Türkiyə və bu ölkələr üzərindən Avropa, eyni zamanda, Şimali Afrikaya gedib çıxır. Qarşıda duran mühüm vəzifələrdən biri də bu işi təkmilləşdirmək, Azərbaycanın bu sahədəki rolunu artırmaq, ölkəmizin iqtisadi maraqlarını qorumaqdır.
Ölkədaxili nəqliyyat qurumlarına gəldikdə isə burada sərnişindaşıma daha çox önə çıxır. “Bakubus”, “Bakı Taksi”, Bakı Metropoliteni, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” bu sahədə vacib rol oynayırlar. Heç şübhəsiz, gələcəkdə quru sərhədlər açılacağı təqdirdə dəmir yolları ilə rentabelli, rəqabətədavamlı beynəlxalq sərnişindaşıma həyata keçiriləcək.
Məlum olduğu kimi, nəqliyyat iqtisadiyyatın çox vacib bir hissəsidir. Xidmətdən tutmuş mədən və emal sənayesinin ən ağır sahələrinə qədər nəqliyyatsız keçinmək mümkün deyi. Ölkəmizin belə bir şansı var ki, həm özünün daxili nəqliyyat xidmətlərini uğurla həyata keçirsin, həm də dövlətin tabeliyində olan müəssisələr hesabına iqtisadiyyatın tələblərini çevik şəkildə təmin etsin. Eyni zamanda, beynəlxalq tərəfdaşlarının, dəhlizlərin üzərində yerləşən ölkələrin də nəqliyyat ehtiyaclarını ödəyərək kifayət qədər gəlirlər əldə edə bilsin.
Nəqliyyatın yük və sərnişin daşımaları kimi iqtisadi və faktiki baxımdan əsasən iki növü var. Yükdaşıma “Azərbaycan Dəmir Yolları”, “Xəzər Dəniz Gəmiçiliyi”, eləcə də magistral avtomobil yollarında fəaliyyət göstərən özəl şirkətlər tərəfindən həyata keçirilir. Bununla yanaşı, aviasiya ilə yükdaşımalar o qədər çox olmasa da, müəyyən həcmdə var. Sərnişindaşıma tərəfi isə daha çox sosial məsələdir. Burada qeyd etdiyim kimi, əsas hədəf bu sahədə dövlət xərclərindən səmərəli istifadəyə nail olmaq, həm də xərcləri azaltmaqdır. Məsələn, Bakı Metropoliteni, “Bakubus” dövlətdən çox böyük məbləğdə dotasiya alırlar. Əslində bu belə də olmalıdır. Həmin sahələrə daha çox investisiya qoyulmalıdır ki, metro inkişaf etdirilsin, avtobus şəbəkəsi genişləndirilsin.
Dövlət başçısının müəyyənləşdirdiyi əsas hədəflər sırasında müxtəlif nəqliyyat növləri arasında vahid tarif yanaşması, sənədləşmənin sürətləndirilməsi məsələsi də mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada belə bir sistem qurulur ki, yüklərin bir nəqliyyat növündən digərinə keçməsi ilə bağlı heç bir ləngimə olmamalıdır. Bununla yanaşı, yüklərin və onların ünvanlarının qarışdırılmaması da xüsusi önəm daşıyır. Eyni zamanda, dünya ölkələri hazırda vahid tarif yanaşmasına keçir. Elə ölkəmizdə yaradılmış yeni holdinqin əsas vəzifələrindən biri də bütün nəqliyyat sahələrində fərqli tariflərin tətbiqinin qarşısını almaqdan ibarətdir. Beynəlxalq bazarlarda formalaşmış qiymətlərlə xarici tərəfdaşlar üçün, həm də ölkə ərazisindəki biznes subyektləri üçün sərfəli və səmərəli qiymətlər tətbiq etməklə bu işin asanlıqla həyata keçirilməsi mümkün olacaq.
Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert
Hazırda nəqliyyat və kommunikasiya dünya iqtisadiyyatının aparıcı sahəsinə çevrilib. Bu səbəbdən də Azərbaycanda dövlətin nəqliyyat və kommunikasiya sahəsinə daha çox diqqət ayırması, inkişaf etdirməsi labüddür. Sözügedən prosesi sürətlənmək üçün ölkəmizdə yeni iqtisadi modellərə, həllərə böyük ehtiyac var. Bu baxımdan yeni yaradılmış holdinq də dövlət idarələrini yeni idarəetmə modelidir.
Qurumun yaradılmasında əsas məqsəd nəqliyyat və kommunikasiya sahələrini inkişaf etdirməkdir. Qarşıya qoyulan vəzifə kimi dövlət qurumlarının daha effektiv fəaliyyətinə nail olmaqdan ibarətdir. Effektiv fəaliyyət dedikdə, gəlirlər və onların səmərəli istifadəsi, zərərlərin minimuma endirilməsi, bir sıra bürokratik əngəllərdən yan keçərək müxtəlif layihə və proqramların vaxt itkisi olmadan həyata keçirilməsini qeyd edə bilərik. Düşünürəm ki, vahid idarəetmə sahəsində sadaladığım bütün bu məsələlərə nail olunacaq.
Ölkə Prezidenti, cənab İlham Əliyevin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli fərmanı ilə holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, eləcə də dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib. Qeyd etmək istəyirəm ki, yeni yaradılmış ASCON holdinqinin tərkibinə verilmiş hava, su və dəmiryol nəqliyyatında yükdaşımalarla bağlı koordinasiya yaratmaqla bu sahədə iqtisadi səmərəliliyi artırmaq mümkün olacaq.
Məlum olduğu kimi, AZCON idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir. Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, idarəetməsinə veriləcək dövlət müəssisələrinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri holdinq dövlət başçısı ilə razılaşdırmaqla həll edir.
Bəs holdinqin fəaliyyəti ölkəyə nə verəcək? Bu suala cavab olaraq qeyd edə bilərik ki, ilk növbədə, nəqliyyatın dövlətə məxsus sektorunda dayanıqlılıq təmin ediləcək. Eyni zamanda, şirkətlər büdcədən verilən dotasiyaları azaldıb özünümaliyyələşdirmə vəziyyətinə gətiriləcəklər. Holdinqin vəzifələrindən biri də ölkəyə xarici investisiyaların cəlb edilməsi və paralel olaraq beynəlxalq səviyyədə nəqliyyat və kommunikasiya sahəsində investisiya fəaliyyəti həyata keçirməkdir.
V.BAYRAMOV,
M.YAQUBZADƏ
XQ