Icma.az
close
up
RU
Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz? məqalə

Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz? məqalə

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-si Azərbaycan satirik ədəbiyyatının inkişafında mühüm rol oynayan, cəmiyyətin eybəcərliklərini kəskin tənqid edən “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çap olunduğu gündür.

AZƏRTAC bununla bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın “Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz? sərlövhəli məqaləsini ixtisarla təqdim edir.

Səkkiz əsrə yaxındır ki, Molla Nəsrəddin Anadoluda, Orta Asiyada - Türküstanda, Azərbaycanda, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda- Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə öz lətifələri ilə məşhurlaşıb və böyük şöhrət qazanıb. Kimdən bir lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq. Azərbaycanda onu Molla Nəsrəddin, Türkiyədə Nesreddin Hoca, Orta Asiyada – Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanələşib ki, hər bir xalq onu özününkü hesab edir. Əslində isə elə harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir obraz kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Dünyada Molla Nəsrəddin kimi hər sözündə ən məşhur elm adamını belə heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.

Molla Nəsrəddinin lətifələrinə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinir. Fateh Sultan Mehmetin oğlu Cemin şahzadəliyi dövründə tanınmış alimlərdən olan Əbülxeyir Rumi yeddi il xalq arasında gəzərək onun lətifələrini toplayıb və 1480-ci ildə kitab halında çap etdirib. Molla Nəsrəddinin lətifələri Anadolunun sərhədlərini aşaraq Avropaya qədər gedib çıxıb.

Molla Nəsrəddinin şəxsiyyəti və onun adı ilə bağlı qiymətli folklor nümunələrinin dünya xalqları arasında, xüsusilə Qərbi Avropada geniş yayılaraq böyük şöhrət qazanmasında tanınmış ədəbi simalar Fuad Köprülüzadə, Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli və başqalarının böyük xidmətləri olub.

Molla Nəsrəddin lətifələri fransız, serb, rumın, bolqar və başqa xalqların dilinə tərcümə olunub və maraqla qarşılanıb.

Təsadüfi deyil ki, böyük realist ədibimiz Cəlil Məmmədquluzadə 1906-cı il aprelin 7-də (yeni təqvimlə 20 apreldə) Tiflisdə nəşr etdirdiyi jurnala da məhz “Molla Nəsrəddin” adını verib. Yazıçı özü də jurnalda əsasən bu imza ilə çıxış etmişdi. Müəyyən fasilələrlə 25 il fəaliyyət göstərən “Molla Nəsrəddin” jurnalı Şərqin Molla Nəsrədini kimi həmişə həqiqəti söyləyib, xalq mənafeyini hər şeydən uca tutub, cəmiyyətdə mövcud olan problemləri, çatışmazlıqları, eyib və qüsurları obyektiv işıqlandırıb, sadə, zəhmətkeş insanların hüquqlarını müdafiə edib, mövhumata və cəhalətə qarşı barışmaz mövqedə dayanıb, həmvətənlərinə üzləşdiyi problemlərdən qurtulmağın yollarını göstərib.

Molla Nəsrəddin kimi, “Molla Nəsrəddin” jurnalı da Azərbaycanda və Türk dünyasında geniş yayılıb, xüsusilə sosial və siyasi satira ilə məşhur olub. Cəlil Məmmədquluzadə hələ 1889-cu ildə yazdığı “Çay dəsgahı” əsərində Xacə Nəsir adını xatırlatmış, sonralar isə Molla Nəsrəddindən bir fon kimi yararlanaraq Azərbaycanda satirik mətbuatın əsasını qoymuşdur.

Molla Nəsrəddin Türk dünyasında ən məşhur və sevilən folklor obrazlarından biridir. Onun adı ilə bağlı hekayələr və lətifələr sadəcə folklor deyil, həm də cəmiyyətin sosial və siyasi həyatının, hətta mədəniyyətinin bir əksidir. Molla Nəsrəddinin adı lakonik, dərin mənalı lətifələri ilə geniş yayılmış və insanlar tərəfindən qəbul edilmiş bir simvoldur. Bununla yanaşı, Molla Nəsrəddinin həyatına dair çoxsaylı mübahisələr mövcuddur. Tarixi şəxsiyyət olub-olmaması, hansı dövrdə yaşadığı və bu obrazın necə formalaşdığına dair suallar folklorşünaslar, tarixçilər və ədəbiyyatşünasların müzakirə etdiyi mövzulardandır.

Çoxsaylı araşdırmalar göstərir ki, Molla Nəsrəddini əfsanəvi, mifik obraz kimi qəbul edənlər tarixi şəxsiyyət hesab edənlərdən çoxdur. Bunun başlıca səbəbi onun bir çox lətifələrinin monqol-tatarlarla, Hülakilər dövrü (XIII əsr) və Əmir Teymurla (XIII-XV əsrlər) bağlı olmasındadır. Buna görə də Molla Nəsrəddin xalq arasında mifik obraz olaraq xarakterizə edilir. Əslində isə ona olan xalq sevgisi, məhəbbəti Molla Nəsrəddin adının gah Əmir Teymurla, gah monqol hökmdarları ilə, gah da bir çox tarixi şəxsiyyətlərlə əlaqələndirilməsinə gətirib çıxarmışdır. Molla Nəsrəddin lətifələrinin hamısında onun dərin ağlı, güclü məntiqi ilə hökmdarlardan, tanınmış elm adamlarından yüksəkdə dayanmasının şahidi oluruq. Bu baxımdan yanaşdıqda Molla Nəsrəddin xalq üçün ideal bir şəxsiyyət, onların təmənnasız hamisidir.

Molla Nəsrəddinin real şəxsiyyət olub-olmaması məsələsi tədqiqatçılar arasında ən çox müzakirə edilən mövzulardan biridir. Onu tarixi şəxsiyyət kimi araşdıranlar Molla Nəsrəddinin həyatı ilə bağlı iki ehtimal irəli sürürlər. Birincidə tarixi mənbələrə əsasən, Molla Nəsrəddinin 1208-ci ildə Anadolunun Sivrihisar bölgəsində, Hortu (Xorto) kəndində doğulması və 1284-cü ildə Ağşəhərdə vəfat etməsi, ikincidə isə onun Ağşəhərin Orta kəndində dünyaya gəlməsi göstərilir. Birinci qənaətlə hesablaşanlar daha çoxluq təşkil edir. Hətta tarixi mənbələrə istinad edən bir çox türk tədqiqatçıları onun atası Abdullah əfəndinin Hortu kəndinin imamı olduğunu, anası Siddiqə xatunun isə əslən həmin kənddən olması faktını qeyd edirlər.

Molla Nəsrəddini tarixi şəxsiyyət hesab edən tədqiqatçılar onun bir müddət Konyada mədrəsə təhsili aldığını, həmin dövrdə atası vəfat etdiyi üçün doğma kəndinə qayıtdığını və onun Hortu kəndinin imamı vəzifəsində atasının işini davam etdirdiyini söyləyirlər. Ancaq o, uzun müddət burada yaşaya bilmir, 1237-ci ildə Ağşəhərə köçür, Seyid Mahmud Heyrani və Hacı İbrahimdən dərs alır. Eyni zamanda, Ağşəhərdə bölgə qazisi vəzifəsində çalışır. Bu zaman ona “Nesreddin Hoca” deyə müraciət edirlər ki, sonradan da tarixdə bu adla məşhurlaşıb.

Ağşəhərdə dəfn edilən Molla Nəsrəddinin qəbri üzərində altı sütunlu qübbəsi olan türbə inşa etmişlər. Qübbənin alt hissəsində Molla Nəsrəddinə aid mərmər sənduqə var. Sənduqənin üzərində onun ölüm tarixi tərsinə yazılıb. Molla Nəsrəddin Ağşəhərdə ailə qurub. Qızları Fatma xatun ilə Dürri Mələyin məzar daşları son dövrlərdə aşkar edilərək Ağşəhər muzeyinə gətirilib.

Molla Nəsrəddin lətifələrinin əsas tənqid hədəfləri ədalətsiz hökmdarlar, xaqanlar, sultanlar, məmurlar, rüşvətxorlar, əliəyrilər, xalqın malını talayanlar, sadə insanların haqqını tapdayanlar, gününü boş və mənasız əyləncələrə sərf edənlər və başqalarıdır. O, bütün lətifələrində müsbət qəhrəman kimi çıxış edir, haqqın, ədalətin, doğruluğun tərəfində dayanır. Bu baxımdan “ Molla Nəsrəddin” jurnalı adını daşıdığl obrazın ideoloji xəttini davam və inkişaf etdirən möhtəşəm bir abidədir.

Azərbaycanda Molla Nəsrəddin lətifələrini böyük folklorşünas alim Məmmədhüseyn Təhmasib toplayıb və 1956-cı, 1958-ci, 1959-cu, 1962-ci illərdə çap etdirib.

Tədqiqatların çoxunda Molla Nəsrəddin XIII əsrdə, yaşadığı dövrdə mövcud olan ənənəvi İslam aləmi içində tanınmış bir şəxsiyyət kimi təqdim edilir. Onun Anadolu və Orta Asiyada təhsil alması, həmçinin Konya şəhərində Mövlanə Cəlaləddin Rumiylə eyni dövrdə yaşaması fikri səsləndirilir.

Osmanlı və Səfəvi dövründə Molla Nəsrəddinin adı bir neçə dəfə qeyd olunub. Lakin bu qeydlərin böyük hissəsi ikinci mənbədən alınıb və əksər hallarda onun haqqında söylənənlər daha çox mifik və əfsanəvi xarakter daşıyıb. Tədqiqatçılar qeyd edirlər ki, onun haqqında tarixi məlumatlar azdır və yalnız sonralar, xüsusilə XIX-XX əsrlərdə ədəbiyyatşünas və folklorşünasların bu simvolu əfsanəvi bir obraz olaraq təqdim etmələri ilə genişləndi.

Molla Nəsrəddin obrazının yaranışı və inkişafı, xüsusən onun təmsil etdiyi hikmət və satira ilə bağlı bir çox fərqli nəzəriyyələr mövcuddur. Ən ümumi qəbul edilən fikir budur ki, Molla Nəsrəddin ilkin olaraq bir xalq qəhrəmanı kimi formalaşıb, daha sonra isə müxtəlif coğrafiyalarda yayılan əfsanələrə əsaslanaraq mifik bir obraz halına gəlib.

Yüzilliklər boyunca cəmiyyətdə baş verən ictimai-siyasi proseslər nəticəsində Molla Nəsrəddin obrazı ya real şəxsiyyət olub zamanla əfsanələşib, ya da tamamilə xalqın sosial təfəkkürünün məhsulu kimi formalaşıb. Onun xalq arasında qəbul edilmə prosesi, folklorun və mədəniyyətin necə inkişaf etdiyini göstərən əhəmiyyətli bir nümunədir. Molla Nəsrəddin təkcə tarixi şəxsiyyət olmayıb, həm də Türk dünyasında və digər bölgələrdə mədəniyyətin və təfəkkürün güclü bir simvoluna çevrilib.

Görkəmli mollanəsrəddinşünas alim Əziz Mirəhmədovun Molla Nəsrəddinə yanaşmasında daha obyektiv və inandırıcı fikir ortaya çıxır. O yazıb: “Bu gün bizim təsəvvürümüzdə olan Molla Nəsrəddini şəxssizləndirmək, yəni onu heç bir zaman, heç bir xalqın içərisində yaşamamış tam əfsanəvi surət, büsbütün bəşər xəyalının məhsulu hesab etmək nə qədər mənasız olarsa, hər hansı bir əsrin oğlu ilə eyniləşdirmək də o qədər yersiz olar”.

Zaman-zaman Molla Nəsrəddini hər bir xalq özününkü hesab edib, əsrlərcə bu fikir türk xalqının yaddaşının alt qatında yaşayaraq gələcək nəsillərə ötürülüb. Beləliklə, bu şəxs müdrik, hazırcavab, dərin ağıla və təfəkkürə malik bir obraz kimi qəlblərdə əbədiyaşarlıq qazanıb. Dövr, zaman dəyişdikcə böyük inkişaf yolu, təkamül prosesi keçən Molla Nəsrəddin ictimailəşərək elə bir zirvəyə yüksəlib ki, əsl tarixi şəxsiyyət hesab edilən Molla Nəsrəddin onun nüvəsində, batinində gizlənib. Əsrlər keçdikcə onun əzəməti, yenilməzliyi, ağlı, idrakı, müdrikliyi, bütün Türk dünyasını birləşdirmək amalı daha böyük əhəmiyyət kəsb edəcək və insanları ayıq-sayıq olmağa, mənəvi birliyə səsləyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see195

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see120

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see114

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see112

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri