Icma.az
close
up
RU
Moskvadakı Azərbaycan diasporunun nümayəndələri İkinci Dünya müharibəsi qəhrəmanının xatirəsini anıblar AZƏRTAC

Moskvadakı Azərbaycan diasporunun nümayəndələri İkinci Dünya müharibəsi qəhrəmanının xatirəsini anıblar AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Moskva, 25 noyabr, AZƏRTAC

Rusiya paytaxtının Azərbaycan diasporunun nümayəndələri - Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov və onun müavini Qaşım Əliyev 1943-cü ildə Belarus torpaqlarında faşist işğalçıları ilə döyüşlərdə həlak olmuş həmyerlimiz Zəfər Qədimovun məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Zəfər Qədimov Belarusun Qrodno vilayətinin Mostovski rayonunun Kuriloviç kənd sovetinin Dubrovka kəndi yaxınlığındakı partizan qəbiristanlığında dəfn edilib. Burada 1943-1944-cü illərdə faşist işğalçılarına qarşı döyüşlərdə həlak olan daha 40 partizan, 2 Qızıl ordu əsgəri və 1943-1944-cü illərdə faşistlər tərəfindən işgəncələrə məruz qalan 20 dinc sakin dəfn edilib.

Qonaqları Mostovski Rayon İcraiyyə Komitəsinin sədr müavini Marina Davıdik müşayiət edib. Nümayəndə heyəti məzarı üzərinə əklil və gül dəstələri qoyub, igid döyüşçünün xatirəsini ehtiramla yad ediblər.

Qəhrəmanın məzarı önündə çıxış edən B.Həsənov İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsinə göstərdiyi diqqətə görə Belarus xalqına minnətdarlığını bildirib. “Biz fəxr edirik ki, faşizmə qarşı cəsarətlə və fədakarlıqla mübarizə aparan belə qəhrəmanlarımız var. Həmin dəhşətli illərdə babalarımız birləşərək qlobal şərlə mübarizə apardılar. Səfərimizin məqsədi həmyerlimizin xatirəsini ehtiramla yad etmək və gənc nəslə əsgərlərin qəhrəmanlığından bəhs etməkdir”, - deyə Moskva diasporunun rəhbəri iştirakçılara müraciət edib.

O, həmçinin bildirib ki, Böyük Qələbənin 80 illiyi ilə bağlı Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti bir neçə layihə hazırlayır. Bunlardan biri də “Faşizm üzərində Qələbədə Bakı neftinin və Azərbaycan xalqının rolu” kitabının nəşridir. Bu nəşrdə adları o qədər də tez-tez eşidilməyən, lakin xatirəsi doğmalarının, dostlarının, həmvətənlərinin qəlbində əbədi olaraq yaşayan qəhrəmanlara xüsusi yer ayrılacaq. Həmin qəhrəmanlardan biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndindən olan Zəfər Qədimovdur.

Qeyd edək ki, diaspor nümayəndələri ilə birlikdə cəsur döyüşçünün nəvəsi Kamal Sadıxzadə də Mostovşinada olub.

Zəfər Qədimovun atası və babası da İkinci Dünya müharibəsinin iştirakçısı olublar, onun qardaşı Sultan isə müharibənin birinci ayında Krımda həlak olub. Ailəsi Zəfərin dəfn edildiyi yer haqqında mükafat siyahısından öyrənib: “Pobeda” partizan dəstəsinin 22 yaşlı igid döyüşçüsü, kiçik çavuş Qədimov Zəfər Məmməd oğlu ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Cəsarətli əsgərin xatirəsi bu abidəni himayə edən Ozerkovskaya orta məktəbinin pionerləri tərəfindən də ehtiramla yad edilib.

Kiçik serjant Zəfər Qədimov 1942-ci il iyunun 28-də Zelvenski, Slonimski, Mostovski və Dyatlovski rayonlarında fəaliyyət göstərən “Pobeda” partizan dəstəsinə daxil olur. Bu əraziyə yollanan qəhrəman döyüşçü müharibənin əvvəlində mühasirəyə alınan və ya geri çəkilən yüzlərlə Qızıl ordu əsgəri ilə eyni şəraitdə partizan dəstəsinin üzvü olub. Partizanlar azərbaycanlı dostlarını Belarus təbirində - Zaxara deyə çağırırdılar. O, bir il ərzində dəstənin tərkibində cəsarətlə döyüşüb, taqım komandiri olub. 1942-ci ilin noyabrında Kozloviçi kəndi yaxınlığında pusquda olarkən Zəfər düşmənin maşınını sıradan çıxarır və içindəki zabiti öldürərək mühüm məxfi sənədləri qərargaha çatdırır.

O, 1942-ci ilin dekabrında Dereçin kəndi uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib, burada Zelva stansiyası ilə rabitə xəttini kəsib və üç faşisti zərərsizləşdirib, habelə bir xaini əsir götürərək dəstəyə təslim edib.

1943-cü ilin fevral-mart aylarında Zəfər Qədimovun bölməsi düşmənin 5 qatarını relsdən çıxarıb, onlardan birini şəxsən özü partladıb. Dəstənin döyüş fəaliyyəti nəticəsində 2 kilometrdən artıq rabitə xətti, 4 lokomotiv, 60 vaqon sıradan çıxarılıb, 900-ə qədər faşist öldürülüb və yaralanıb.

Kiçik serjant Zəfər Məmməd oğlu Qədimov 1943-cü il iyunun 25-də Zelvenski rayonunun Ostrovo kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri