Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 3 A, mənzil 32 ünvanında yaşayan Quliyev Elman Əmiralı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Vaxtilə Müdafiə Nazirliyində çalışdığını bildirən şikayətçi bəzi qanunsuzluqlarla bağlı saytımıza açıqlama verib. Onun məktubunu oxucularımıza təqdim edirik:
“Diqqətinizə çatdırım ki, mən 1990-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında işə qəbul olunmuşam və 30 il orada sürücü işləmişəm.
2012-ci ilin fevral ayında mayor vəzifəsində olan Yəhyayev Eldəniz anbara rəis təyin edildikdən sonra orada rüşvətxorluq və korrupsiya faktları geniş yayıldı. Bu barədə hərbi prokuror Xanlar Vəliyevə şikayət etdiyimə görə, rəhbərlik tərəfindən mənə təzyiqlər edildi. Mən bu təzyiqlərə dözə bilmədiym üçün 2020-ci ilin fevral ayının 6-da iş yerində vena damarlarımı kəsərək, intihara cəhd etmişəm.
Həmin dövrdə artıq ərzaq xidmətinin rəisi olan Eldəniz Yəhyayevin göndərdiyi təhqiqatçı Həsənov Saday, rəis Kərimov Camal və saxta diplomlu hüquq məsləhətçisi Pənahov Azərlə əlbir olaraq, məni Maşdağada yerləşən “dəlixana”ya salmaq istədilər. Lakin orada daimi fəaliyyət göstərən həkim komissiyası məni müayinə etdikdən sonra buna razı olmadı.
Bundan sonra Hüquq İdarəsinin rəisi Əliyev Elçin də onlara qoşuldu və kollektivi üzümə durdurub, məni şərləyərək işdən qovdular.
Eldəniz Yəhyayev Kərimov Camalı rəis təyin edərkən onun yanında mənə demişdi ki, “Camal mənim öz adamımdır, onu bura mən gətirmişəm və hər zaman onun arxasında duracağam. Əgər onun döründə şikayət etsən, artıq işə şəxsən mən özüm qarışacağam və bunun nəticəsi sənin üçün çox pis olacaq”.
Zavodun müəyyən etdiyi normaya əsasən, mənim idarə etdiyim avtomobil 100 km məsafəyə 28 litr yanacaq sərf edir. Lakin hər dəfə Gəncə şəhərinə gedib-qayıtmaq üçün faktiki sərf edilən 200 litr əvəzinə, 500 litr yanacaq silinirdi. Bu barədə Xanlar Vəliyevə etdiyim şikayət araşdırılarkən müəyyən olunmuşdur ki, bütün hərbi texnikaların sərf etdiyi yanacaq müdafiə nazirinin qərarına əsasən silinir və zavodun müəyyən etdiyi norma 21 litr artırılaraq 49 litrə çatdırılmışdır.
Nəzərə alsaq ki, hər bir avtomobilin illik yürüş norması 25 000 kilometr, bir litr yanacağın qiyməti isə bir manatdır, deməli, təkcə bir avtomobilə bir il ərzində artıq yanacaq silinməsi nəticəsində dövlət büdcəsinə 5 250 manat məbləğində zərər vurulur. Həmin məbləğ isə bir qazinin beş il beş ay ərzində aldığı pensiya məbləğinin cəmindən çoxdur.
Hərbi texnikalar isə yalnız maşınlardan ibarət deyildir və buraya tanklar, BTR-lər, BMP-lər və digər ağır döyüş texnikaları da daxildir. Lakin cinayət əlamətləri aydın görünsə də, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, xüsusilə ağır cinayəti gizlətmişdir.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə elektron qaydada və şəxsən yazılı ərizə də təqdim etmişəm. Lakin şikayətim araşdırılmadan, birbaşa Ali Məhkəməyə göndərilmişdir. Halbuki, Ali Məhkəmə onları araşdırmaq kimi bir vəzifə daşımır.
Sonra Ombudsman Səbinə Əliyevaya müraciət etdim. Həmin müraciət isə nazirliyin özünə göndərildi. Nazirlikdən isə mənə verilən cavabda göstərilir ki, “sizin müraciətinizə baxılmışdır. Əsaslı dəlillərin qeyd olunmamasını nəzərə alaraq, yenidən müraciət etməyiniz tövsiyyə olunur”.
Məktubu oxuyanda adama elə gəlir ki, guya, onların heç nədən xəbərləri yoxdur. Halbuki məktubu imzalayan, həmin idarənin - Arxa Cəbhə İdarəsinin rəisi Abdullayev Vüqar və onun birbaşa rəisi general-mayor Yəhyayev Eldəniz Telman oğlu bu vəzifəyə gəlməzdən əvvəl biri digərinin ardınca Mərkəzi Ərzaq Anbarının rəisi olduqları üçün həmin cinayətin birgə iştirakçılarıdırlar.
Konstitusiya günü olduğunu və Gəncə bölməsinin anbarında yer olmadığını bildiyi halda, Yəhyayev 2014-cü ilin noyabr ayının 12-də məni ezamiyyətə göndərdiyi üçün həmin gün maşında gecələməli oldum. Yatmazdan əvvəl yaxınlıqda yerləşən mülki yeməkxanadan şam yeməyindən çıxarkən “Qazel” markalı bir yük avtomobili məni vurub, hadisə yerindən qaçdı. Zərbə nəticəsində döş qəfəsim tamamilə əzilmiş, qabırğalarım 13 yerdən sınmış və ürəyimi də zədələyərək ağ ciyərlərimə batmışdı.
Bölmə rəisi mayor Fuad Mehrəliyev öz şəxsi vəsaiti hesabına həkim nəzarəti altında xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş reanimobillə məni təcili olaraq Bakıya - Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırmışdır. Reanimasiya şöbəsində 8 sutka komada qalmışam və uzun müddət müalicə olunmuşam. Həkimlər bütün səylərini ortaya qoyaraq məni ölməyə qoymadılar. Lakin xəstəxanadan çıxdıqdan sonra Yəhyayev mənə bildirdi ki, sən artıq yararsızsan və daha sürücü işləyə bilməzsən.
Nəhayət, çox çətinliklə mən yenidən öz işimə qayıda bildim. Lakin bölmə rəisi mayor Fuad Mehrəliyev əvvəl vəzifəsindən, sonra isə ərzaq təminatı sahəsindən tamamilə uzaqlaşdırıldı.
2017-ci ildə Yəhyayev Eldənizin göstərişi ilə yaradılmış daxili komissiya normalara yenidən baxdıqdan sonra onun öz doğma əmisi oğlu Elxanın idarə etdiyi avtomoblə bu gün də digər bütün avtomobillərdən artıq yanacaq silinir. Etibarlı mənbələrdən mənə verilən məlumata görə, Yəhyayev orada olanlar haqqında ona vaxtaşırı məlumatlar çatdıran, lakin Qarabağı xəritədə belə göstərə bilməyən Elxana və bir neçə şəxsə saxta “Vətən Müharibəsi Veteranı” vəsiqəsi verdirməsi nəticəsində dövlətə əlavə maddi zərər vurulur.
2025-ci ildə Kərimov Camalı da öz yanına aparıb, Müdafi Nazirliyinin ərzaq xidmətinin rəisi təyin etməklə, Yəhyayev Eldəniz Telman oğlu oranı artıq tamamilə öz əlinə keçirərək, bütün ətrafı yalnız öz adamlarından ibarət şəxsi şirkətinə çevirmişdir və ində artıq öz ürəyi istədiyi kimi hərəkət edir.
Qanunverciliyin tələbinə əsasən, Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda həmin işlər barədə cinayət təqibini DTX həyata keçirməlidir. Lakin həmin normaya riayət olunmur və qeyd olunan sahədə cinayətkarlığa qarşı qətiyyən mübarizə aparılmır. Bunun nəticəsində yaranmış şəraitdən məhz yalnız vəzifəli şəxslər istifadə edərək, dövlət büdcəsini çox rahat şəkildə talan edirlər.
Buradan dövlətimizin başçısı cənab İlham Əliyevə müraciət edərək, qeyd edilən faktlara hüquqi qiymət verilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə xüsusi göstəriş verməsini xahiş edirəm”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


