Müharibə Avropa paytaxtlarına yaxınlaşır TƏHLİL
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2022-ci il fevralın 24-dən başlayan və bu gün də ara vermədən davam edən Rusiya-Ukrayna müharibəsi özünün ən gərgin, amansız nöqtəsinə yaxınlaşır. 3 ildir davam edən qanlı müharibə dövründə nəinki iki ölkə üçün, ümumilikdə dünya üçün hərbi, siyasi, maliyyə itkiləri baxımdan ciddi nəticələr doğurub. Bu günə qədər hər iki tərəfdən iki milyon insan həyatını itirib, yüz minlərlə insan isə sağlamlığından məhrum olunub. Rusiyanın və Ukraynanın mülki obyektləri, yaşayış binalarını raketlərlə hədəf seçməsi səbəbindən dinc insanlar ölürlər. Ukraynanın 16 milyona yaxın əhalisi ölkəni tərk edib, Avropada və ABŞ-da məskunlaşıblar. Rusiya dayanmaq və münaqişəni dinc yolla aradan qaldırmaq fikirində olmadığını nümayiş etdirir. Elə Zelenski hakimiyyəti də müharibəni indiki vəziyyətdə dayandırmaq niyyətində deyil. Bu da müharibənin daha da alovlanmasına gətirib çıxarır. Görünən isə ondan ibarətdir ki, Rusiya yerində saymır. Çətində olsa Ukrananın ərazilərini işğal etməkdədir. Hazırda Rusiya Ordusu artilleriya və pilotsuz uçuş aparatlarından, bəzi hallarda isə böyük dağıdıcı gücə malik ballistik raketlərdən istifadə etməklə Donetsk vilayətinin cənubunu nəzarət altına almağa cəhd edir. Zaporojye və Xerson vilayətlərinin bir hissəsi artıq işğal olunub. Xerson, Zaporojye, Nikopol və Dneprin sağ sahilində yerləşən bütün şəhərlər daim atəş altındadır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcılar Kursk sərhəd bölgəsində Ukrayna ordusunun mövqelərini müəyyən edərək məhv ediblər: “Hava kəşfiyyatı hədəfləri aşkar edərək, onların koordinatlarını hücum pilotsuz təyyarələrinin operatorlarına ötürüb və onları zərbə ilə sıradan çıxarıblar. FPV pilotsuz təyyarəsi Cənubi Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əsgər və texnikasına zərbələr endirib. Hazırda Xerson vilayətindəki adalar və bütün Dnepr deltası Rusiyanın “Dnepr” hərbi qrupunun tam nəzarətinə keçib. Adalar və bütün Dnepr deltası qoşunlarımızın nəzarəti altındadır”.
Rusiya Müdafiə Nazirliyi açıqlamasında qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xersonda möhkəmləndirilmiş mövqelərini saxlamağa çalışsalar da, buna nail ola bilmirlər: “Rusiya qoşunları real vaxt rejimində düşmənin bütün hərəkətlərini izləyir və artilleriya və hücum dronları ilə müəyyən edilmiş hədəfləri məhv edir. Ukrayna qoşunları Dneprdən qayıqla keçməyə cəhd etməkdə davam edir, lakin buna nail ola bilmirlər - əraziyə Rusiya ordusu nəzarət edir”.
Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin intensiv hücumlarının qarşısını aldıqlarını bəyan edirlər
TASS-a açıqlamasında hərbi ekspert Andrey Maroçko bildirib ki, son 24 saat ərzində Rusiya qoşunları Xarkov vilayətində Kupyansk istiqamətində daha 500 metr irəliləyərək, Petro-İvanovka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini məhv ediblər. Andrey Maroçko qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Fiqolovka ərazisindəki mövqeləri dağıdılıb, bundan sonra Rusiya hücum təyyarələri Petro-İvanovkaya doğru irəliləməyə nail olub: “Bu, düşməni möhkəmləndirmə və sursat daşımaq imkanından məhrum edərək Dvureçnaya-Redkodub magistral yolunu kəsməyə imkan verdi. Əlavə olaraq Rusiya hərbi bölmələri Topoli kəndi yaxınlığında 300 metr irəliləyib”.
Rusiya rəsmi dairələrinin və KİV-lərinin açıqlamalarına istinadən demək olar ki, Rusiya ordusu Kursk və Sumı vilayətlərinin sərhəd bölgələrində də irəliləyir. Hərbi ekspert Boris Rojin qeyd edir ki, Rusiya ordusu Sumı vilayətinin Juravka kəndi ərazisində irəliləyib: “Kursk vilayətinin Sudjanski rayonunda azad edilmiş Nikolayevo-Daryino ərazisindəki körpü ərazisi genişlənir. Məhz buradan Rusiya tankları Sumi rayonuna daxil olub. Rus ordusu Sumı rayonunun Novenkoye sərhəd kəndindən Basovka istiqamətində irəliləyir. Burada ordumuz Sverdlikovo kəndindən indiyədək Sudjanski rayonunda qalan Ukrayna Silahlı Qüvvələri üçün mühüm maddi-texniki təchizat marşrutu olan Sumı-Sudja magistral yolu istiqamətində fəaliyyət göstərir”.
Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin intensiv hücumlarının qarşısını aldıqlarını bəyan edirlər. Hətta Ukrayna Silahlı Qüvvələrinin Baş Qərərgahı bəyan edir ki, aparılan uğurlu əməliyyat nəticəsində Petro-İvanovka qəsəbəsi Rusiya hərbçilərindən təmizlənib, Rostov, Bryanski, Belqorod və digər Rusiya şəhərlərində hərbi obyeklər, neft anbarları, enerji şəbəkələri sıradan çıxarılıb. Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımlarını dayandıracağı barədə sosial mediada paylaşımından sonra Ukrayna hakimiyyətində, eləcə də Avropa paytaxtlarında narahat proseslər yaşanmağa başlayıb. Xatırlatmaq lazımdır ki, fevralın 28-də Zelenski ilə Tramp arasında Vaşinqtonda keçirilən görüş zamanı ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri müzakirə edilib. Gərginlik və mübahisələrdə bundan sonra yaranıb. Ukrayna prezidenti Zelenski atəşkəsin əldə olunması qarşılığında ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirib. Gərgin, siyasi etket qaydalarına zidd formada keçən görüşdən sonra Zelenski küskün və incik halda Ağ evi tərk etmişdir. Tramp hakimiyyəti də görüşdən narazı qaldığını gizlətməmişdir.
ABŞ Pyotr Poroşenkonu hakimiyyətə gətirməyə çalışır?
D.Tramp hakimiyyəti daha geniş və radikal şəkildə Ukrayna siyasi və hərbi dairələrini hədələməyə başlayıb. Hətta ABŞ tərəfinin Zelenskini daha sakit təbiətli və sözə baxan birisi ilə əvəzləmək üçün hərəkətə keçdiyi bildirilir. Amerikanın “Politico” nəşri yazıb ki, ABŞ prezidenti Donald Trampın komandası Ukrayna müxalifətinin nümayəndələri - keçmiş prezident Pyotr Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko ilə gizli danışıqlar aparır. Bundan əlavə, Tramp komandasının üzvü, iş adamı İlon Maskın istefası müqabilində Kiyev diktatoru Vladimir Zelenskiyə amnistiya və siyasi sığınacaq təklif etdiyi iddia edilir. Ancaq Avropa ölkələri Zeliniskini meydanda tək qoymaq fikrində olmadıqlarını nümayiş etdirirlər. Almaniya kansleri Olaf Şolts “X” sosial şəbəkəsində yazıb: “Ukrayna vətəndaşlarından daha çox heç kim sülh istəyə bilməz! Ona görə də biz birlikdə davamlı və ədalətli sülhə gedən yol axtarırıq. Ukrayna həm Almaniyaya, həm də Avropaya arxalana bilər”. Kansler olmağa əsas namizəd F.Merzi də O.Şoltsla həmrəyliyini ifadə edib: “Hörmətli Volodimir Zelenski, biz yaxşı gündə də, çətin anlarınızda da Ukraynanın yanındayıq. Bu dəhşətli müharibədə hücum edənləri və müharibənin qurbanlarını heç vaxt qarışdırmamalıyıq”.
Böyük Britaniya hakimiyyəti isə maliyyə yardımları ayırmaqla, hərbi silah-sursatla dəstək göstərməklə yanaşı həm də Ukraynaya əsgəri yardım etmək haqqında düşünür. “İnews” nəşri yazır ki, Böyük Britaniya öz qırıcılarının Ukraynanın qərbində hava hücumundan müdafiə ehtiyaclarının təmin edilməsində iştirakı istisna olunmur. Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna prezidenti Vladimir Zelenski ilə Dauninq-stritdəki iqamətgahında görüşərək Londonun Ukraynaya hər cür hərbi, siyasi yardım edəcəyini bəyan edib. O vurğulayıb ki, Britaniya hakimiyyətinin məqsədi “Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə” nail olmaqdır. Bundan əlavə, Britaniya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Böyük Britaniya Ukraynaya müxtəlif növ silahların alınması üçün əlavə olaraq 1,6 milyard dollar ayıracaq. Fransa prezidenti E.Makron isə daha açıq və sərt formada Rusiyanı tənqid edib. O Fransa xalqına müraciətində Rusiya bütün Avropa üçün təhdid adlandırıb: “Avropanın gələcəyinə Vaşinqtonda və ya Moskvada qərar verilməməlidir”.
E.Makron müraciətini beynəlxalq vəziyyətlə əlaqələndirib və fransızların bununla bağlı haqlı olaraq narahatlıq keçirdiklərini qeyd edib. O, ABŞ-nin Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyinə və Avropa İttifaqı mallarına yüksək gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib. “Biz yeni bir eraya qədəm qoyuruq”, – deyən E.Makron Rusiyanın Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirdiyini, buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib. Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib: ““Kim Rusiyanın Ukraynada dayanacağına inanır? Rusiya artıq Fransaya, Avropaya qarşı təhdidə çevrilib. Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz”. Fransa prezidenti Avropanın hərbi gücünün artırılmasına zərurət olduğunu bildirib: “Biz Avropadakı ən effektiv orduya malikik. Bununla yanaşı, nüvə silahı tətbiqi imkanlarımız var. Bu bizi qonşularımızdan daha yaxşı qoruyur”.
“Rusiya təhlükədir, biz özümüzü səfərbər edib silahlanmalıyıq”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti E.Makronun fikirlərinin sülh əhval-ruhiyyəsinə deyil, müharibənin davam etdirməsinə xidmət etdiyini söyləyib: “Makron NATO-nun Rusiya ilə sərhədə doğru hərbi infrastrukturunun “yeddi liqalıq addımlarını” və cavab tədbirləri görməyə məcbur olan Moskvanın haqlı narahatlıqlarını və qorxularını qeyd etməyib. Fransa prezidenti sələfi Fransua Ollandın 2014-cü il Minsk sülh sazişlərinin sadəcə olaraq Ukraynanı silahlandırmaq və münaqişəyə hazırlamaq üçün Qərbin hiyləsi olduğunu etiraf etməsini də unudub”.
Rusiya XİN-də Makronun açıqlamasına sərt münasibət bildirib. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə zəng etməkdənsə, ictimai ritorikaya üstünlük verib : “Fransa lideri Ukraynada sülh yolu ilə nizamlanma və Avropada təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinə zəng etmək niyyətini dəfələrlə bəyan edib. Rusiya tərəfi bu cür söhbətə həmişə açıq olub. Bununla belə, Emmanuel Makron növbəti dəfə yüksəksəsli ictimai ritorika taktikasına üstünlük verib, Makronun çıxışı Parisin ambisiyalarını nümayiş etdirir ki, burada nüvə şantajına dair eyhamlar yer alır. Diplomatik idarə qeyd edib ki, Makronun bəyanatları Rusiyanın ünvanına təhdiddir, Moskva isə heç vaxt Parisi təhdid etməyib”..
ABŞ-Ukrayna gərginliyi fonunda rəsmi Kiyevə yardımların hansı səviyyədə davam etdirilməsi ilə bağlı Avropada Aİ sammiti keçirilib. Birliyin saytında dərc olunan bəyanatla qeyd olunur ki, “Rusiya təhlükədir, biz özümüzü səfərbər edib silahlanmalıyıq. Avropa təhlükəsizliyini təmin etmək üçün trilyon dollar ayırmalıdır”.
“Bloomberg” nəşri sammitin yekun sənədinə istinadən qeyd edir ki, Almaniya yeni silahlanma yarışı üçün “maliyyə əyləclərinin” rədd edilməsinin təşəbbüskarı olub. Almaniya kansleri namizədi Fridrix Merz Almaniya silahlı qüvvələrinin transformasiyası üçün geniş xərclər planını təqdim edib. Yaranan silahlanma yarışında fiskal qaydaların yumşaldılmasının konkret variantları gələn həftə Aİ-yə üzv ölkələrin maliyyə nazirləri tərəfindən müzakirə olunacaq.
Avropa bürokratlarının militarist ambisiyaları ilə bağlı rəqəmlər sammit ərəfəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən “Avropanın yenidən silahlanması” planı da açıqlanıb : “Başlamaq üçün 800 milyard avro toplanmalı, bunun üçün Avropa ölkələri hərbi xərclərini az qala iki dəfə artırmalıdır. Üstəlik Aİ üçün 150 milyard avroluq kredit proqramı yaradılmaldır”.
Macarıstanın baş naziri Viktor Orban Brüsseldəki görüşdən əvvəl sosial mediada yazıb: “Biz razıyıq ki, Avropa ölkələrinin müdafiə qabiliyyətini gücləndirməliyik və bu səylər Brüssel bürokratlarına deyil, üzv dövlətlərə səlahiyyət verməlidir”. Slovakiyanın baş naziri Robert Fiko Brüsselə gedərkən Avropa İttifaqının Kiyevə ayırdığı pulun yarısının oğurlandığını və Ukrayna korrupsiyasının araşdırılmalı olduğunu bildirib.
Bir sözlə, Ukrayna-Rusiya müharibəsinə son qoyulması üçün görüşlər, müzakirələr aparılır. Lakin ortada nəticə yoxdur. Əksinə, müharibənin daha da qızışdırılması üçün Avropanın baş bilənləri Ukraynaya hərbi, maliyyə yardımlarını daha da artırmağı müzakirə edir, qoca qitənin hərbi cəhətdən gücləndirilməsi üçün trilyon dollarla maliyyə vəsaitlərinin yığılmasının vacibliyini söyləyirlər.
İLHAM ƏLİYEV

