Mustafazadə: “Çempionatda bütün komandalar güclənib”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının XII turunda səfərdə “Kəpəz”lə qolsuz bərabərliyə (0:0) razılaşan “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, uzun fasilədən sonra yaşıl meydanlara qayıdan futbolçu ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Çox yaxşı komanda olduqlarını göstərdilər. Əlavə olaraq meydança və azarkeş amilini qeyd edərdim ki, möhtəşəm atmosfer var idi – həm onlar, həm də bizim üçün bu ab-havada oynamaq çox xoş idi. Oyuna gəlincə, təəssüflər olsun ki, qol vura bilmədik. Çətin olacağını bilirdik və bütün həftəni bunun üzərində çalışmışdıq, amma alınmadı.
– Qol vurmaq üçün nə çatmadı? “Neftçi” ilə matçda vurulan qoldan sonra artıq dörd oyundur ki, fərqlənə bilmirsiniz…
– Buna rəqiblərin bizə qarşı hazırlığını qeyd edə bilərəm. Top bizdə olanda demək olar ki, bütün komandalar müdafiəyə çəkilir və çox az boşluq buraxırlar. Bütün həftə boyu qol vuruşları üzərində çalışmışıq. Təəssüflər olsun ki, alınmadı.
– Bu xal itkiləri mövsümdə çempionluq mübarizəsini riskə atmırmı?
– Bəli, komanda olaraq bunun fərqindəyik və qeyd etdiyim kimi, bu mənfi tendensiyanı aradan qaldırmaq üçün çox çalışırıq.
– Zədədən sonra ilk dəfə start heyətində 90 dəqiqə oynadın. Özünü necə hiss etdin, tam hazırsan?
– Əlbəttə, uzun fasilədən sonra meydançaya qayıtmaq xoşdur. Çox uzun proses oldu. Təxminən doqquz aydan artıq çəkdi. Şadam ki, yenidən oynayıram, lakin həm komanda olaraq, həm də fərdi baxımdan qət etməli olduğumuz hələ uzun bir yol var.
– “Sumqayıt”la qarşılaşma bu uğursuz seriyanı qırmaq üçün nə dərəcədə yaxşı imkandır?
– Dediyim kimi, artıq bütün komandalar yaxşı çıxış edir və ciddi mübarizə aparır. Nə olacağını indidən demək çətindir, amma “Sumqayıt”la oyuna maksimum qələbə üçün çıxacağıq.
– Komandada liderlik məsuliyyətinin hiss olunduğu görünür. Həm topu qapıdan çıxardığın epizodda, həm də oyunun müəyyən anlarında komandanı irəli aparmağa çalışırdın. Bunun növbəti matçlara müsbət təsiri olacaqmı?
– Ümid edirəm ki, olar. Bu, təkcə məndən asılı məsələ deyil. Komanda oyunudur, meydandakı 11 futbolçu qol vurmaq və qələbə qazanmaq istəməlidir. İnanıram ki, 11-i də bunu arzulayır. Sadəcə, mənfi zolaqdayıq və ən qısa zamanda buradan çıxacağımıza ümid edirəm.
– Komandadan ayrılan futbolçulardan meydanda ən çox kimin yerini axtarırsan?
– Hamısının yeri görünür, çünki uzun müddət bir yerdə oynayırdıq və əvvəllər hər kəs bir-birini çox yaxşı başa düşürdü. İndi isə yeni komandayıq və bu səbəbdən bəzi çətinliklər qalır. Ümid edirəm ki, qısa zamanda bunları da aradan qaldıracağıq.
– Qurban Qurbanov bu mövsümü və rəqibləri xüsusi vurğuladı. Çempionat və rəqiblər barədə sənin fikirlərin necədir?
– Çempionatı izlədikdə kifayət qədər sürpriz nəticələrin qeydə alındığını görürük. Bu da göstərir ki, artıq rəqiblərin üzərində əvvəlki kimi asan qələbə qazanmaq mümkün deyil. Bütün komandalar güclənib və liqa daha maraqlı, daha çətin keçir.
– Topu qapı xəttindən çıxardığın epizod haqqında nə deyə bilərsən? Qurban Qurbanov qeyd etdi ki, bunu ən yaxşı bacaran futbolçulardansan.
– Bunu uşaqlıqdan etməyi çox xoşlayıram. Məşqlərdə də davamlı üzərində işləyirəm. Ona görə həmin vəziyyətlərdə çətinlik çəkmirəm.
– Stadion və ab-hava barədə təəssüratların necədir?
– Çoxlu azarkeş gəlmişdi. “Sabah”la, “Neftçi” ilə oyunlarda da azarkeş sayı çox olur, amma ümumi tutumla müqayisədə təxminən üçdə biri dolur. Burada isə kompakt stadionda, tam dolu tribunalalar qarşısında oynadıq. Möhtəşəm atmosfer idi. Ümid edirəm ki, komanda ilə belə ab-havada daha çox qarşılaşma keçirəcəyik.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Noyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















