Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Naməlum Elçin Hüseynbəyli yazır

Naməlum Elçin Hüseynbəyli yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin HÜSEYNBƏYLİ

(Əslində, bu cür hüznlü, cansıxıcı başlayan hekayələrdən xoşum gəlmir. Amma neyləmək olar, faciə həmişə hüznlü olur...)

...Hərbi maşın keçilməz dağ yolları ilə sürüşə-sürüşə, yeri cırmaqlaya-cırmaqlaya üzü yuxarı dırmaşırdı. Ala-çalpov yağan qar havadaca əriyirdi. Payızın ortaları olsa da, görünür, yay hələ ayağını buralardan kəsməmişdi. Hərbi səyyar hospital yuxarıda, meşəliklərin arasındaydı...

Hava ovqatına uyğun gəlirdi. Qaşqabaqlı, küskün, kədərli. Yox, o, belə fikirləşmirdi, onda fikirləşməyə hal nə gəzirdi? Mən sizdə tam təsəvvür yaratmaq üçün deyirəm...

Kabinada oturmuşdu. Kələ-kötürdə atılıb düşməyini, maşının sürüşməyini belə hiss eləmirdi. Fikri naməlum əsgərin yanındaydı. Ürəyi döyünür, ağzı quruyurdu. Hərdən maşının pəncərəsini aşağı endirib, çöldə yağan qardan ovcuna yığıb, ağzına-üzünə sürtmək istəyirdi. Amma buna ürək eləmirdi. Elə bilirdi ki, pəncərəni açsa, düşüncələri də, oğlunun tapılmasına olan ümidlər də kabinadan çıxıb qaçacaq.

Sürücü bir siqaret çıxarıb yandırdı. Tüstüsü kabinəni bürüdü. Onun da ürəyindən siqaret çəkmək keçdi. Çəkən deyildi, amma kədərli vaxtlarında kimdənsə bir siqaret alıb dodağına qoymuş, ya da əlində fırlatmışdı. Siqaret çəkməkdən qorxurdu. Bu qorxu uşaqlıqdan qalmaydı. Onu bir dəfə aldatmışdılar. O da siqaretin tüstüsünü nəfəsinə çəkmiş və rəngi göyərənə qədər öskürmüşdü. İndi də əsgərdən almaq istədi, amma qıymadı, əsgərdə pul hardandı, duruxdu, eləcə pəncərəni aşağı saldı ki, tüstü çıxsın. Tüstü yuvasından uçan quş kimi pırr eləyib çıxdı, içəri qar dənələri düşdü, tezcə də əridi. Ondan olsaydı, pəncərə açıq qalardı, çünki canı qızışırdı, bədəni od tutub yanırdı, sanki ocağın üstündə oturmuşdu. Əsgərə baxdı, soyuqlayıb eləyərdi. Onun da gözləyəni var axı. Pəncərəni yuxarı qaldırdı.

Əsgər kişinin ona baxdığını görəndə çaşan kimi oldu:

- Ağsaqqal, sizə pis təsir edirsə, çəkməyim? - ədəblə soruşdu.

Əsgərin dilimi dolaşdı, yoxsa anadan gəlmə pəltək idi, bilmədi. Çünki sözlər ağzından qırıq-qırıq çıxdı.

- Yox, işində ol, - dedi və başını soyuq pəncərəyə söykədi...

Bir xeyli sakitcə getdilər. Amma kiminləsə danışmağa, ürəyini açmağa ehtiyac duyurdu. Ona görə də:

- Necə bilirsən, görən odur? - deyə maşını sürən əsgərdən xəbər aldı, yazıq və müti görkəmlə cavabı gözlədi. Ona elə gəldi ki, indi oğlunun taleyi sürücünün verəcəyi cavabdan asılıdır.

Əsgər cavan idi, mürdiklik yaşına hələ çox vardı, elə cavansayağı da cavab verdi:

- Nə deyim, ağsaqqal, -  kişinin tük basmış sir-sifətinə, çuxura düşmüş gözlərinə baxıb etinasızcasına dilləndi, - ora çox adam aparmışam, hərə bir söz deyib: biri deyib ki, onun oğluna oxşayır, amma filan nişanəsindən ona bənzəmir, bir başqası, yaralının vəziyyətini eşidəndə baxmaq da istəməyib, qaçıb otaqdan çıxıb ki, mənimki deyil. Bilirsən, ağsaqqal, deyirlər ki, üz-gözü çox pis vəziyyətdədir. Nə mərmidirsə, zirehli maşının güzgüsünü dəlib keçib, qəlpələri üz-gözünü dağıdıb. Özü də zəhərlidir, deyirlər, bütün bədəni yara töküb. Yazıq neçə gündür komadadır.

Əsgərin bu sözlərindən sarsıldı, üzünü qatı duman bürüdü. Bununla belə, özünü ələ aldı, dərindən ah çəkərək dedi:

- Təki mənim oğlum olsun, dözərəm!

Əslində, o da naməlum əsgərin öz oğlu olmasını istəmirdi, amma evdəkilər başqa cür düşünürdülər. Qonum-qonşu, bacı-qardaş - hamı ayaq üstə idi. Bacıları madar qardaşlarından ötrü dil deyib ağlayırdılar...

Oğlu iki həftə idi ki, itkin düşmüşdü. Döyüşçü yoldaşlarının sözlərinə görə, onun yaralandığını görüblər, amma hara aparıldığını bilmirlər.

Ölkədəki hospitalların, xəstəxanaların hamısını axtarmışdlar, amma oğlunun nə ölüsünü, nə də dirisini tapmışdılar. Bircə ümid indi getdiyi səyyar hospital idi. Orda naməlum bir yaralının olduğunu demişdilər.

Evdən çıxanda arvadı, az qala, ayağına düşüb göz yaşları içində yalvarmışdı:

- Ölüsünü də olsa, tap gətir, özünü olmasa da, heç olmasa başdaşını qucaqlayım, üz tutduğum, tapındığım bir məkan olsun! Bilim ki, balam ordadır!

Telefonla ona zəng edən adam:

- Yuxarıdakı hospitalda bir naməlum əsgər var, komadadır, sir-sifəti tanınmaz haldadır, bəlkə sizin uşaqdır! - demişdi.

"Lap şikəst olsun, təki nəfəsi gəlsin" - ürəyində fikirləşmişdi.

Oğluna adı özü qoymuşdu: Qəhrəman. Ona görə yox ki, gələcəkdə onun qəhrəman olmasını istəyirdi. Sadəcə bu, taleyin qismətiydi. İllər öncə arvadı altı qızdan sonra yeddinci uşağa hamilə qalanda onu məktəbə aparmışdı. Özünün köhnə "jiquli"sində. Arvadı ibtidai sinif müəlliməsiydi. Həmin gün də, indiki kimi, ala-çalpov qar yağırdı. Külək də bir tərəfdən göz açmağa imkan vermirdi. Taleyin qismətiymiş, yəqin...

Arvadı ayaqlarını zorla ata-ata, sürüşməmək üçün havanı tuta-tuta gedirdi. Bir-iki dəfə də sürüşdü, amma yıxılmadı. Başqa vaxt olsaydı, yıxılardı, yəqin. Qarnındakından qorxdu.

O, arvadına baxır, bir tərəfdən ürəyində onu acılayır, oğlan doğmadığına görə, o biri tərəfdən isə halını yadına salır, köməksizliyinə, əlacsızlığına görə yazığı gəlirdi. Arvadı danlananda ürkək dovşanlar kimi bir küncdə büzüşüb oturur, əsim-əsim əsir, başını aşağı dikib qalır, ya da özünü qızlarına cehizlik hazırlayırmış kimi göstərirdi. Əri yanından keçəndə özündən asılı olmadan əlini başına aparırdı. Bax onda özünü dünyanın ən alçaq adamı hesab edirdi.

Bütün kişilər kimi, o da oğlan istəyirdi. Oğlan mərdiməzar çəpəridir, evin dayağıdır. Hirslənəndə bunu arvadına da deyir, üstünə qışqırır, hətta bir-iki qapaz da ilişdirirdi...

Arvadı məhəccərdən tuta-tuta məktəbin pillələrini qalxdı, qorxusundan geri də baxmadı. Amma dəqiq bilirdi ki, əri onun arxasınca baxır.

Maşını döndərib geri qayıtmaq istədi. Bu zaman hardansa - qarın, küləyin içindən bir səs qopub onun qulaqlarına sırğalandı: Qəhrəman!

Kimsə oğlunu haraylayırdı.

"Qəhrəman!" - deyə düşündü. Deməli, oğlum olacaq. Adı da olacaq Qəhrəman. Ürəyi rahatlandı, isindi. Sanki küləkli, qarlı hava yoxa çıxdı, əvəzində isə qıpqırmızı Günəş doğdu.

Kəsdiyi qurbanlar Günəşə doğru qaçdılar. Tanrını müjdələdilər...

Həmin günləri fikirləşə-fikirləşə, arvadının indiki halını çək-çevir edə-edə oğlunun yaralı olduğu hospitala yaxınlaşırdı.

Naməlum əsgərin yanına adam gəldiyini eşidəndə növbətçi həkim çölə çıxdı.

Yenə də ala-çalpov qar yağırdı. Düşündü ki, bu, yaxşı əlamətdir. Oğlunun adını eşidəndə də hava beləydi axı. Ürəyi sakitləşən kimi oldu.

Səyyar hospitalda kiminsə gələcəyini bilirdilər. Hərbi həkim onu görən kimi məsələni başa düşdü:

- O əsgər... -  zabit susdu, sözünün dalını gətirməyə cürəti çatmadı.

Həkimin üzündəki tutqunluğu görəndə dalağı sancdı.

- O hardadır? - deyə titrək səslə soruşdu, əslində soruşmaq istəmirdi, söz ağzından qeyr-ixtiyari çıxdı.

- Ordadır, - zabit başı ilə içəriyə işarə elədi.

Bir müddət dayandı, onu gətirən əsgərin sözləri qulağında cingildədi, içəri girməyə ürək eləmədi... Bir addım atmışdı ki, həkimin sop-soyuq səsini eşitdi. Elə bil onun səsini don vurmuşdu:

- Amma o... O daha yoxdur, dünən gecə keçindi. Nə qədər çalışsaq da, həyatda saxlaya bilmədik, - həkim kinodan eşitdiyi təsəlli sözləri mızıldandı.

Bu sözlərdən tutuldu, rəngi qapqara qaraldı. Yerində donub qaldı. Handan-hana arxaya dönüb:

- Bəlkə heç mənim oğlum deyil?! - deyə ona bu kədərli xəbəri verən hərbi həkimin üzünə yazıq-yazıq baxdı.

- Gödəkcəsinin döş cibinin üstündə sizin oğlunuzun adı, soyadı yazılıb, - həkim həyatdan bezmiş adamlar kimi candərdi dedi, sonra isə əlavə elədi: - Bəzən olur belə şeylər. Əsgərlər tələsəndə bir-birilərinin gödəkcəsini səhv salırlar. Dəfələrlə şahidi olmuşam. - İnanmırsınızsa, özünüz ona baxa bilərsiniz, amma sifətdən tanıya bilməzsiniz. Bəlkə hansısa nişanələrindən...

Ayaqları əsə-əsə naməlum əsgərin uzandığı çarpayıya yaxınlaşdı. İçəri qaranlıq idi, amma çöldən düşən işıqda meyiti görə bilirdi.

Baş tərəfdən yox, ayaq tərəfdən başladı, əllərilə meyitin buz kimi ayaqlarını sığalladı, üzünü isə açmadı. Bəlkə sifətini görməkdən qorxdu.

Bir xeyli dayandı. Nə edəcəyini, nə deyəcəyini bilmədi. Qulağına arvadının, qızlarının vay-şivəni, dil deyib ağlamaları, qonum-qonşunun mənasız təsəllisi gəldi...

Ağır-ağır çölə çıxdı. Üzündə heç bir ifadə yox idi.

- Odur? - həkim astadan, az qala, pıçıltıyla xəbər aldı.

Bir anlığa duruxdu, handan-hana başı ilə təsdiqlədi.

Oğlunun cənazəsini getdiyi maşınla və bir neçə əsgərlə birlikdə kəndə gətirdi.

Ağlayıb eləmirdi. Gözlərini bir nöqtəyə zilləyib durmuşdu. Sürücü də dinib-danışmırdı. Yəqin məsələdən xəbərdar idi.

Karıxdığından çevik (mobil) telefonunu da evdə unutmuşdu. Yola düşməzdən qabaq həkimin telefonunu alıb, qardaşına zəng eləmiş, bircə kəlmə demişdi:

- Hazırlıq görün, gətiririk.

Qardaşı da məsələni anlamış, heç nə deməmişdi.

Kəndə gecəyarısı çatdılar. Qohum-əqrəba, qonum-qonşu hələ də onların həyətindəydi. Çadır da qurulmuşdu. Oğlunun şəklini mərasim çadırının baş tərəfindən asmışdılar. Oğlu həmin şəkli orta məktəbi qurtaranda, son zəngdə çəkdirmişdi...

"Başın sağ olsun! Vətən yolunda şəhid olub!" kimi təsəlli sözləri güclə eşidirdi, elə bil, bu səslər lap uzaqlardan, bayaq getdiyi dağlardan da o tərəfdən gəlirdi...

Dinməzcə qoyun ağılına yaxınlaşdı. Qara erkək toğlunu çölə çıxardı. Evə keçdi, qırmızı lent gətirib toğlunun boğazına bağladı, qardaşını səslədi, özü də həyətin aşağısına endi. Qardaşının təəccübünü görüb:

- Bunu Qəhrəmana qurban demişdim, qayıdanda kəsəcəkdim, -  soyuqqanlıqla dedi və mərasim iştirakçılarının yanına qayıtdı.

Arvadı, qızları, uşağın xalaları dil deyib ağlayırdılar. O da ağlayırdı, amma öz oğlunun aqibətinə, bəxtsiz taleyinə yox, arvadını aldatdığına və hardasa qar altında çürüyən, ya da əsirlikdə olan oğluna görə...

...Uşaq vaxtı oğlunun baldırını velosipedin pedalı cırmışdı və çapıq yeri indiyə qədər dururdu. Naməlum əsgərin ayağında belə bir nişanə yox idi...

Oktyabr 2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri