Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Qəhvə iç və daha uzun yaşa...

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Nazir sammitdə təhsildən danışdı

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Natiq Məmmədli yaradıcılığı: həyat eskizləri realist, magik, postmodern, absurd güzgüdə

Natiq Məmmədli yaradıcılığı: həyat eskizləri realist, magik, postmodern, absurd güzgüdə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Natiq Məmmədli imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan və sevilən imzadır. Onun “Ləyaqət düsturu” (hekayələr toplusu, 2012), “Körpüdə ümid” (roman, 2014), “Qəhrəmanım sənsən” (hekayələr toplusu, 2020), “Sev” (roman, 2021) kitabları işıq üzü görüb.

Natiq Məmmədlinin hekayələri mövzu rəngarəngliyi qədər dinamikası ilə də seçilir. Yazıçının hekayələri nəinki oxucu rəğbəti qazanıb, həm də yerli və beynəlxalq müsabiqələrdə ədəbiyyatımızı layiqincə təmsil edən bədii mətnlər kimi də ədəbiyyat tariximizə daxil olub. “Dolma” hekayəsi 2010-cu ildə Nəsimi Milli Ədəbiyyat mükafatına layiq görülüb. “Bekketə salam” hekayəsi 2014-cü ildə türkdilli ölkələrin yazarları arasında keçirilən Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin milli seçim turunda ikinci mükafatı qazanıb. Natiq Məmmədli ədəbi gündəmimizdə aktual olan mövzulara öz baxış bucağından yanaşmağı bacaran nasirdir. Onun “Şuşa dumanı” hekayəsi Vətən müharibəsindəki zəfərimizdən öncə qələmə alınıb və hekayədəki işğalda olan Şuşa obrazı həmin dövr ədəbiyyatında təzahür edən analoji təsvirlərdən fərqlənir, yazıçı məlum həsrətin tam fərqli rakursdan ifadəsini təqdim edir: “Qonum-qonşunun yığışdığı xudmani ad günündə eləcə dizlərini ovuşdura-ovuşdura qalmışdı, zoqqultudan masanın altında ayaqlarını qoymağa yer tapmırdı, barı durub gəzişməyə imkan olsaydı, sızıltıları bekara səngiyərdi. Axı hara gedəsən: nəzir-niyazla tapdığın gözünün ağı-qarası nəvənin beş yaşı ola, tifil sevincindən özünü qoymağa yer tapmaya, neçə ildən sonra bu qədər dost-tanışı bir yerdə görəsən, axırda da qayıdasan, siz oturun mən gəzişib gəlirəm, heç olan iş deyildi. Məclis də ki nə məclis - elə bil hamı sözü bir yerə qoyub ömürləri boyu məşq elədikləri bir pərdəli komediyanı növbəti dəfə oynayırdılar, hərə bir cürə artistlik edirdi, təki uşağın könlü xoş olsun. Uşaq neyləsin axı, bu qaçhaqaç dünyasına mayın 7-də göz açıb, sabahsa Şuşanın gedən günüdü... Loxması boğazında kilidlənən məğlub şəhərin sakinlərinin əllərindən nə gəlirdi artistlikdən savayı...”

Ömrünün professional məqamını jurnalistika ilə bağlayan Natiq Məmmədlinin obrazlar qalereyasında media, jurnalistika, qəzetçiliklə bağlı obrazlar özünəməxsus yer tutur. Yazıçının “Yiyəsiz baş” hekayəsi də bu qəbildəndir. Hekayədə əsas vurğulanan məqam jurnalist etikası, peşəkarlıq və “xəbər ovu” kəsişməsidir. Xəbərin məna yükü, ictimai önəmi, dəqiqlik, qərəzsizlik şouya, qeyri-dəqiq “sürətli” məlumata uduzanda, jurnalistika öz yerini, sözün əsl mənasında, “xəbərçiliyə” verir, “qulaqdan-qulağa” adlı oyundakı kimi məlumatın ilkin mahiyyəti silinir, küyə çevrilir. Hekayədə məhz bu cür antiqəhrəman “jurnalist”lə qarşılaşırıq: “Mənsə jurnalist idim. Yayın iki aylıq mənasız “quraqlığından” sonra nəhayət, avqustun əvvəlində insan başının tapılması xəbəri bütün manşetlərdə asılıb qalan müstəsna hadisəyə çevriləcəkdi. Əgər qabağa düşüb, şefimin sözü olmasın, xəbəri yaxşıca “qazıb” bütün reytinqləri dağıda bilsək, heç şübhəsiz, reklamçılar da öz məhsullarını tanıtmaq üçün məhz bizi seçəcəkdilər. Qadın alt paltarından tutmuş kişi corabları, uşaq bezindən tutmuş saqqız çeşidlərinə qədər cürbəcür reklamlar insan başının kəsilməsi xəbərini daha yaxşı “qazıyacaq” qəzetə axacaqdı. Qəzet demişkən, qovurduğu tumlarını qəzet kağızına büküb satan qoca kişi rəhmətə gedəndən və isti noxudu müştərilərinə qəzetdən düzəldilmiş üçkünc lülələrdə verən axırıncı “pivnoy” bağlanandan sonra bizim şefimiz də kağız qəzeti elektron formata dəyişməklə zamanın müasir çağırışlarına cavab verdi. İndi biz saytda işləyirik; bu, daha rahatdı, xəbərləri avtobusda, metroda, yol kənarında, bir sözlə, harda gəldi yazıb, elə həmən anda da sayta yerləşdiririk, əlavə məsrəfə ehtiyac qalmır”. Əslində, hekayənin adındakı “yiyəsiz baş” ifadəsi mətndə təsvir olunan qətl hadisəsi ilə deyil, bu cür qeyri-peşəkar jurnalistlərlə bağlıdır. Peşəkarlığı xırda məişət məmnunluğuna dəyişəndə mükəmməl xəbər, məlumat hazırlamaq qabiliyyətinə malik jurnalist də öz mənəviyyatını qurban verərək, sadəcə ağlın, düşüncənin, istedadın tərk etdiyi “yiyəsiz başa” çevrilir.

Natiq Məmmədlinin “Körpüdə ümid” adlı debüt romanı baş qəhrəman olan Ümid adlı uşağın məsumluğu və Pirdəlinin “dəliliyi” prizmasından gerçəkliyin dərki kimi fəlsəfi bir məqamı bədii kontekstdə işıqlandırır. Müəllif uşaqla Pirdəlinin başqaları üçün əlçatmaz olanı görüb-eşitməsinə imkan verən dünyagörüşünün saflığını ruhuna maddi dünyanın kəsafəti hopmuş insanların çirklənmiş dünyagörüşü ilə qarşı-qarşıya qoyur. Romanda cəmiyyətin qanunlarına kor-koranə boyun əyərək öz fərdiyyətini itirən insanın maddi həyata uyaraq şüurun diktə etdiyi qanunlara tabe olmaqla mənəvi ilə, təhtəlşüurla əlaqəni itirməsi vurğulanır. Bu çərçivəyə, qılafa sığmayanlar cəmiyyət tərəfindən “dəli” elan edilir və rədd edilir. “Hünərin var hamı kimi yox, öz düşündüyün kimi yaşamağa cəhd elə... xırdaca bir cəhd... Bu torpaqdan güc alan adamların icad eləyib əsrlərdən bəri qoruduğu, adına adət-ənənə dedikləri qayda-qanunlara buynuz göstərmək bir yandan səni fərqli edəcək, o biri yandan isə hətta ən yaxın doğmalarının arasında belə təkləyəcək, əvvəl-axır kürəyini yerə vuracaq”. Təhtəlşüurun qanunları ilə yaşayan, şüuru inkar edən Pirdəli obrazı bu sosial normaya müqavimət simvoluna çevrilir, dünyanın “normal” və “doğru” qavranılması arasındakı faciəvi ikitirəliyi vurğulayır.

Realizmlə magik realizmin qovuşağında dayanan “Körpüdə ümid” romanı idrakın mahiyyəti haqqında, maddi dəyərlərin hökmran olduğu dünyada ruhun saflığını qoruyub-saxlamaq barədə düşünməyə dəvət edir, bəzən həqiqəti görmək üçün şüur və eqo buxovlarını bir kənara ataraq dünyaya saf bir ruhla, “üçüncü göz”lə baxmağa çağırır. Natiq Məmmədlinin “Körpüdə ümid” romanı 2018-ci ildə Türkiyədə də işıq üzü görüb. “SahilKitab” nəşriyyat evi tərəfindən çap olunan kitabın redaktoru və türk dilinə uyğunlaşdıranı Qönçə Aydəmirdir. “Körpüdə ümid” romanı 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəsr nominasiyası üzrə “Qızıl kəlmə” mükafatını alıb.

Natiq Məmmədlinin 2021-ci ildə çap olunmuş, “Yalnız sevənlər anlar” epiqrafı ilə oxuculara təqdim edilən “Sev” romanı iki gəncin məhəbbət hekayəsi fonunda insanın mənəvi seçimlərinin təzadlı dünyagörüşləri, dini doqmalar, nəfs və savaşlar kontekstində necə formalaşdığının bədii planda həllini təqdim edir və əsərdə istənilən məqamda sevgini seçmənin, ona sayğı ilə yanaşmanın insanlığın gələcəyə miras kimi ötürə biləcəyi bəşəri dəyərlərdən ən önəmlisi olduğu vurğulanır. Romanın qəhrəmanları olan fərqli dinlərə və mədəniyyətlərə mənsub iki gənc - Səid və Müjdə sevgilərinin həyəcanını hiss etdikləri ilk andan daxili mənəvi çəkişmə, sevgi və vətən arasında seçim, ailəvi münaqişələr, cəmiyyətin gözləntiləri, dini qadağalar, milli kimlik kimi dərin konfliktlərlə üzləşirlər. Əsər 2018-ci ilin yanvar ayında Bakıda miqrasiya xidmətində işləyən əsas narratorun düşüncələri ilə başlayır. Ölkəsindən sığınacaq istəyən bir gənci qəbul edən, onun hekayətini diqqətlə sənədləşdirən qəhrəmanın daxili düşüncələri müraciət edən şəxsin vəziyyətinə rəğbət yönündədir. O, sığınacaq istəyən gənclərin işi ilə bağlı qərarı gözləyərkən müsahibənin təfərrüatlarını yaddaşında vərəqləyir, hər sözü, jesti təhlil edir və səylərinin nəticəsiz qalmayacağına, sevginin, ədalətin qalib gələcəyinə ümid edir. Məhz Sarı Qarayev adlı bu məmurun öz yazıçı dostuna Sədi və Müjdə sevgisini nəql etməsi ilə yeni, interkultural kontekstli bir sevgi romanı yaranır. Romandakı hadisələrin müxtəlif məkanlarda - Bakı, Banqkok və Şri-Lankada cərəyan etməsi mövzunun müxtəlif mədəniyyətlər və sosial kontekstlərdə açılmasına imkan verir. Natiq Məmmədli romanda “Yaxşı və Aşıq” məhəbbət dastanımızla paralellər aparır, lakin bu paralellər fərqli bədii priyomla gerçəkləşdirilir. Məhz adını Sarı Aşıqdan alan miqrasiya məmurunun - Sarı Qarayevin bu sevgi hekayətinin qəhrəmanları ilə rastlaşmasındakı təsadüfün sirri vasitəsilə Müjdə Səid məhəbbətinin sakura möcüzəsini buta verilmiş aşiqlərin dastanının mistik gücü ilə birləşdirir. Səidi öz Müjdəsinə məhz haqq aşiqi Sarı Aşıq real-irreal kontekstdə qovuşdurur: “-  Mən məcbur oldum, Müjdə. Heç demə, Siqiriyadan sağ çıxmamalı idim. Əmr beləymiş. Bilirsən, o qalaya necə nifrət edirəm, elə məni öz nifrətimlə də boğub öldürmək istəyirdilər. Dadıma Sarı Aşıq yetdi. Elə səni tapmaq üçün də yolu mənə o göstərdi. - Nələr deyirsən? Nədən danışırsan, əzizim? - Ağlınla fikirləşmə, Müjdə, məntiqi bir kənara at, sən demə, məntiq çoxdan ölübmüş, sadəcə, heç kimin bundan xəbəri yoxdu. Qəlbinin səsini dinlə. Aşıq məni qalanın sirli yollarından keçirdi, sonra dedi ki, burnuma dəyən Sakura ətrinin dalınca düşüb getsəm, səni taparam. Və bir daha heç vaxt, heç vaxt yanından ayrılmayacağam”.

Beləliklə, milli mifologiya və folkorumuzun haqq aşığı anlayışı, mistikası məhəbbətin ölümsüzlüyünü interkultural səviyyədə reallaşdırır. “İlıq yaz günəşinin Həkəri çayını cana gətirdiyi, dərələrdə güllü xalça sərdiyi xoş günlərin birində haqq aşığının ziyarətinə getməyi qərara aldım. Hamını qabaqlamaq üçün tələsirdim. Lakin demişdim axı, heç də hər şey bizim əvvəlcədən düşündüyümüz kimi getmir. Onlar artıq ordaydılar. Tək məni yox, dünyanın bütün sevənlərini qabaqlamışdılar. Səidlə Müjdə Sarı Aşığın viran qoyulmuş türbəsinin dayandığı təpəlikdən mənə əl edirdilər. Güllü yamacda atılıb-düşən mavi gözlü körpənin gülüşü isə Həkərinin büllur sularına qarışıb sevgiyə susamış diyarlara tərəf axırdı. Mən öz yazdıqlarıma inanıram. Sevgiyə söykənərək, ona inanaraq yazmaq tamam ayrı hisdir. Yalnız sevənlər anlar...”

Natiq Məmmədlinin “Sev” əsəri postmodern poetika, mistik realizm elementləri, realist həyat lövhələri, irfan-folklor obrazları və fəlsəfi qatlarla zəngin polifonik roman kimi müstəqillik dövrü ədəbiyyatımıza daxil olmuşdur.

Yaradıcılığı mövzu, janr, ədəbi cərəyan baxımından rəngarəng olan Natiq Məmmədli dramaturgiyada da öz qələmini sınamışdır. Natiq Məmmədli nəsrində təzahürlərini izlədiyimiz absurdizm onun dramaturgiyasında daha ardıcıl şəkildə izlənilir. Onun “Dumana bürünmüş” (2016), “Əmanət” (2017), “Müqəvva” (2018) pyesləri Azərbaycan absurd teatrının fonduna daxil olan dəyərli ədəbi nümunələrdir. Bu pyeslər içində “Dumana bürünmüş” pyesi xüsusilə seçilir. Müəllifin özü də müsahibələrinin birində bu pyesin yaradıcılığında özəl yeri və önəmini vurğulayır: “Bu pyes Şuşanın azad olunmasından yeddi-səkkiz il əvvəl yazılıb. Orada da insanlar Qalaya - Şuşaya qayıtmaq istəyirlər. Həmin insanlar qalalarını itirdikləri üçün özlərini də itiriblər. Qalaya qayıtmaq istəyən insanlar ora dumanla qayıdırlar. Duman, ümumiyyətlə, mənim çox sevdiyim bir elementdir. Bu element mənim çox köməyimə gəlir. Ədəbiyyatda duman elementi çox işlənib. Kafkanın əsərlərində Praqa dumanı var, rus ədəbiyyatında Peterburq dumanı var, ingilis ədəbiyyatında London dumanı var. Mənim ən çox sevdiyim duman öz dumanımızdır, Şuşa dumanıdır. Bu dumanın yaradıcı gücü digər dumanlardan heç də az deyil” (Yaradıcı insan özünü təkrar edirsə o dayanmalıdır: “Müstəqillik dövrü Azərbaycan yazıçısının yaranmaqda olan obrazı hələ ki sovet yazıçısı obrazına uduzur” /N.Məmmədli; söhbətləşdi: E.Qaragözova // Olaylar.-2024.- 5-18 aprel, №12.- S.15, 17.) Qeyd edək ki, bu pyes 2017-ci ildə “Səda” tədris teatrında Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələrinin iştirakı ilə səhnələşdirilib.

Natiq Məmmədlinin yaradıcılığı bir kaleydoskop kimi həm varlığa dair dərin fəlsəfi düşüncələri, həm də gündəlik həyatın realist eskizlərini əks etdirir. Onun əsərlərində realizm absurdizmlə, postmodernlə, magik realizmlə yanaşı təzahür edir, bədii palitrasındakı  parlaq çalarlar müxtəlif yaş kateqoriyasına aid olan, fərqli peşə sahiblərinin daxili aləmini, hisslərini ustalıqla bədii mətnə çevirir.

“Ədəbiyyat qəzeti”

28.06.2025

Elnarə QARAGÖZOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see240

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see236

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see227

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see220

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see174

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see150

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see149

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see138

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see135

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see135

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see133

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see128

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see125

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see123

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see123

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see122

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see122

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see121

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see120

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri