Naxçıvan komandası ardıcıl ikinci dəfə beynəlxalq gimnastika festivalında qalib olub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 1 iyul, AZƏRTAC
Bakıda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” adlı festival keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dənizkənarı Milli Parkda təşkil olunan festivalda 4 ölkə - Azərbaycan, Gürcüstan, Monqolustan və Uqandadan yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, 900-ə yaxın iştirakçı və 52 komanda yer alıb. Azərbaycandan təkcə paytaxtdan deyil, həm də ölkənin müxtəlif bölgələrindən iştirakçılar qatılıblar.
Festivalda Naxçıvan Muxtar Respublikasını “Naxçıvan” və “Şərur” komandalarından, ümumilikdə, 21 idmançı təmsil edib.
Çıxışı birinci yerlə qiymətləndirilən “Naxçıvan” komandası ötən il olduğu kimi, bu dəfə də turnirin qaliblərindən biri olub. Şərurlu gimnastlar isə ötənilki nəticələrini yaxşılaşdıraraq ikinci yerə sahib çıxıblar.
Qeyd edək ki, iştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər.


