Icma.az
close
up
RU
Naxçıvan və İrəvanda dini ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda

Naxçıvan və İrəvanda dini ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

2-Cİ YAZI

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan, İrəvan quberniyasının İdarə Heyətinin qazıların təyini ilə bağlı bir neçə iş xüsusi maraq doğurur. İrəvan quberniyasının İdarə Heyətinin 1894-cü ilin iyun ayının 6-da başlayıb həmin ilin iyun ayının 9-da, cəmi üç günə qurtaran bir işi sabiq Göyçay qəza qazısı olmuş, müraciət etdiyi vaxtda isə Yelizavetapol məhəllə mollası olan Axund Hacı Aliya Molla İsmayıl oğlunun Ordubad qəzasının qazısı təyin olunması ilə bağlı xahişnaməsinə baxılıb rədd cavabı verilməsi ilə bağlıdır (Naxçıvan MR Dövlət Arxivi, f. 23, s.1, iş 944, v.1-10). İş materiallarında onun İrəvan qubernatoruna ünvanladığı 28 may 1894-cü il tarixli ərizəsində yazılıb:

"Mənə xəbər gəldi ki, Ordubad qəzasının qazısı vakant vəzifəsi açılmışdır. Ona görə də Zaqafqaziya Şiə Ruhani İdarəsinin mənə verdiyi "Axund" adına layiq görülməyim barədə 08 dekabr 1889-cu il tarixli, 1822 nömrəli attestatın nüsxəsini Sizə təqdim etməklə Zati-alilərindən mənim həmin vakant vəzifəsinə təqdim edilməyim barədə sərəncam verilməsini acizanə xahiş edirəm.

Attestata gəldikdə isə, Zati-aliləri, İrəvan qubernatoru Baş Qərargahın general-mayoru Freze Aleksandr Aleksandroviç cənablarına mənim sabiq Göyçay qəza qazısı xidmətimlə bağlı bildirirəm ki, məlumatlar Bakı Şiə Quberniya Məclisindən tərəfimdən alınan kimi dərhal təqdim olunacaqdır".

Ümumiyyətlə, xahişnamədən də aydın olduğu kimi həmin dövrün qanunvericiliyi qəza qazısı olmaq üçün şəxsin "Axund" adına malik olmasını şərt kimi nəzərdə tutduğunu göstərir.

Qeyd edək ki, işdə olan qubernatordan Yelizavetpol polismeyesterinə ünvanlanan 09 iyun 1894-cü il tarixli, 2788 nömrəli cavab məktubunun məzmunu isə belədir:

"Yelizavetpol şəhərinin məhəllə mollası Axund Hacı Aliya Molla İsmayıl oğlu may ayının 28-də mənə məruzə qeydi ilə müraciət edərək Ordubad qəzasının qazısı vəzifəsinə təyin olunmasını xahiş etmişdir. Zati-alilərinə təklif edirəm ki, adı çəkilən şəxsə elan edəsiniz ki, hazırda vakant yeri olmadığından onun məruzə qeydi tərəfimdən nəticəsiz qalmışdır. Bununla bərabər ona məktubla əlavə olunmuş və ünvanımıza məruzə qeydi ilə birlikdə göndərdiyi "Axund" adının verilməsinə dair 1822 nömrəli attestatını da təqdim edəsiniz".

Onun hansı səbəbdən qazı vəzifəsinə təyin olunmasına dair başqa sənəd aşkar edə bilməsək ki, bu iş ən azı məhz belə bir şəxsin qazı olmaq üçün müraciət etmə faktının olduğunu ortaya qoyur.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan İrəvan quberniyasının İdarə Heyətinin qazıların təyini ilə bağlı işlərindən biri də 22 noyabr 1903-cü ildə başlayıb 04 yanvar 1904-cü ildə qurtaran Keştaz məhəllə mollası Hacı Molla Həmid Molla Tağı oğlu Axundzadənin Şərur-Dərələyəz qəzasının vakant qazısı vəzifəsinə təyin olunması ilə əlaqədar toplanmış sənədlər haqqındadır (Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, f. 23, s.1, iş 1820, v.1-4). İş materiallarında onun İrəvan qubernatoruna ünvanladığı 22 avqust 1903-cü il tarixli xahişnaməsində yazılıb:

"Zati-aliləri, İrəvan qubernatoru cənablarına,

Şərur-Dərələyəz qəzasının Ərəb-Zeycə kənd sakini Keştaz məhəllə mollası Hacı Molla Həmid Molla Tağı oğlu Axundzadədən xahişnamə

Şərur-Dərələyəz qəza qazısı Hacı Molla Əli Axundzadə cari ilin 15 iyul tarixində vəfat etməsi səbəbindən onun tutduğu vəzifə vakant olaraq qaldığı üçün bizlər, məhəllə mollaları həmin vəzifənin tutulmasında namizəd sayılırıq.

Yuxarıda göstərilənlərə əsasən yüksək acizanəliklə Sizdən, Zati-alilərindən mənim Şərur-Dərələyəz qəza qazısı vəzifəsinə təyin edilməyimi xahiş edirəm".

Bu xahişnamə ilə əlaqədar olaraq İrəvan qubernatoruna həmin mollanın keyfiyyətləri barədə və nə dərəcədə həmin şəxsi göstərilən vəzifənin yerinə yetirilməsinə uyğun hesab edilməsinə dair məlumat verilməsi təklif edilib. Sorğuya 13 noyabr 1903-cü il tarixdə İrəvan qubernatoruna onun 22 avqust tarixli 1776a nömrəli göstərişi əsasında göndərilmiş raporda belə cavab verilib:

"Toplanmış məlumatlar əsasında məlum olmuşdur ki, Keştaz məhəlləsinin mollası Hacı Molla Həmid Molla Tağı oğlu Axundzadə yaxşı əxlaqi keyfiyyətlərə malikdir, fanatik deyil, zərərli sektalara malik deyil və əhali arasında hörməti vardır".

Adı çəkilən mollanın qazı vəzifəsinə təyin olunmasına layiq bilindiyi məruzə olunan sözügedən raportda "fanatik deyil", "zərərli sektalara malik deyil" ifadələri ilk baxışda adi sözlər kimi görünsə də, əslində son dərəcə diqqəti cəlb edən nüanslara işarə edir. Tamamilə başqa anlam daşıyan bu həssaslıqla seçilmiş sözlər bəlkə də həmin mollanın dini dəyərlərə dərindən bağlı olmadığının diplomatik dillə ifadəsini əks etdirir. Yəni sanki çatdırılmağa çalışılır ki, bu molla "Siz düşündüyünüz adamdır və rus siyasətinə uyğun kadrdır".

Təəssüf ki, arxivdə bu işdə saxlanılan başqa sənədlərə rast gəlmədiyimizdən onun qazı təyin olunub-olunmamasını müəyyən edə bilmədik.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan İrəvan quberniyasının İdarə Heyətinin qazıların təyin edilməsi ilə bağlı 12 yanvar 1905-ci ildə başlayıb 18 yanvar 1905-ci ildə qurtaran Naxçıvan qəzasının Vənənd və Dırnıs kəndlərinin mollası Axund Molla Məmməd Bağır Axundzadənin Ordubad qəza qazısı vəzifəsinə təyin edilməsinə dair iş də diqqət çəkir (Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, f. 24, s.1, iş 2412, v.1-5). İş materiallarında onun Vənənd kəndindən İrəvan qubernatoruna ünvanladığı 06 yanvar 1905-ci il tarixli emosional dillə yazmış olduğu xahişnaməsində deyilir:

"Zati-aliləri, İrəvan qubernatoru cənablarına,

Bunu İrəvan quberniyası da təsdiq edər ki, iki kasıb kəndin məhəllə mollası vəzifəsini layiqincə və qüsursuz icra edərək bu vəzifədə mən cavanlığımı və başqa fiziki işlə məşğul ola biləcək bacarığımı itirmişəm. Böyük ailə sahibi olmaqla yoxsul əhali arasında mən uzun illər yoxsulluq və çətinliklər çəkmişəm. Bu Sizə Zati-alilərinə də məlumdur. Ona görə də Xarici Dinlərin Nizamnaməsinin 1465-ci maddəsinə əsasən Sizdən artıq dərəcədə mənim Ordubad qəza qazısı vakant olan vəzifəsinə acizanə təyin olunmağımı xahiş edirəm".

Xahişnamədəki "Bu Sizə Zati-alilərinə də məlumdur" ifadəsi adı çəkilən mollanın İrəvan qubernatoru ilə bəlkə də əvvəllər də ya yazışması olmasını, yaxud da hansısa bir formada əlaqə qurmasını və haqqındakı məlumatları bilməsini deməyə əsas verir. Emosional dillə yazılış üslubu isə sanki mollanın həmin vaxtdadək "canla-başla" qulluq etməsinin nəzərə alınaraq iddiasında olduğu vəzifəyə təyin olunmağa haqqı çatması düşüncəsini ehtimal etməyə yol açır.

İş materiallarından aydın olur ki, 18 yanvar 1905-ci il tarixdə "xahişnamə gələcəkdə məlumatlarla və verilmiş nəticə ilə qaytarılması şərti ilə İrəvan quberniya Məclisinə göndərilib".

Məclisin sədri və digər üzvlər tərəfindən imzalanmış 24 yanvar 1905-ci il tarixli heç də molla üçün ürəkaçan olmayan cavab məktubunun mətni isə belədir:

"Xahişnaməni qaytarmaqla Quberniya Məclisi nəzərinizə çatdırır ki, Vənənd məhəllə mollasının Ordubad qazısı vəzifəsinə təyin edilməsini Məclis mümkünsüz sayır. Səbəb isə onun təcrübəsizliyi və kargüzarlığı bilməməsidir".

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan İrəvan quberniyasının İdarə Heyətinin qazıların təyin edilməsi ilə bağlı başqa bir iş 31 mart 1905-ci ildə başlayıb 15 may 1905-ci ildə qurtaran Eçmiədzin qəzasının Təkin məhəllə mollası Axund Əbdül Həsən Qazizadənin Ordubad qazısı vakant vəzifəsinə təyin olunması ilə əlaqədar toplanmış sənədlər barəsindədir (Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, f. 24, s.1, iş 2418, v.1-9). İş materiallarında onun İrəvan qubernatoruna ünvanladığı 31 mart 1905-ci il tarixli xahişnaməsində yazılıb:

"Zati-aliləri, İrəvan qubernatoru cənablarına,

Eçmiədzin qəzasının Təkin məhəllə mollası həmin qəzanın Təkiyə kənd sakini Axund Əbdül Həsən Qazizadə tərəfindən xahişnamə

Zaqafqaziya Şiə Ruhani İdarəsinin 1457 nömrəli mənim "Axund" adına layiq görülməyim barədə Zaqafqaziya Müsəlman Ruhanisi tərəfindən təsdiq edilmiş Əsasnaməyə əsasən yüksək ruhani vəzifələrinə təyin olunmasına hüquq verən attestatı, eləcə də Şaxtaxtı iki illik məktəbinin şəhadətnaməsini sizə təqdim etməklə acizanə Sizdən Zati-alilərindən məni vakant Ordubad qazısı vəzifəsinə təyin etməyinizi xahiş edirəm".

İşdə saxlanılan digər sənədlərdə Axund Əbdül Həsən Qazizadənin öz bilik dərəcəsinə və əla əxlaqi keyfiyyətlərinə əsasən onun qəza qazı vəzifəsinə layiq olduğu, bundan başqa, kifayət qədər rus dili savadının olması səbəbindən onun yüksək ruhani vəzifəsində arzu edilən və xidmət maraqları üçün xeyirli olmasından bəhs olunur.

Məhz qeyd olunan sənədlərdə "rus dili savadı" və "xidmət maraqları üçün xeyirli olması"nın onun "müsbət" keyfiyyətləri kimi göstərilməsi adı çəkilən mollanın rus siyasətinə uyğun kadr olmasını gün kimi ortaya qoyur. Təsadüfi deyil ki, mollanın məhz bu xarakteristikası təkan verib ki, onun xahişnaməsi 04 aprel 1905-ci il tarixdə iki ədəd qoşma ilə lazımi məlumatların və rəyin alınması üçün imzanın təqdim edilməsi məqsədilə İrəvan Quberniya Məclisinə göndərilsin.

Vitse-qubernatorun imzası ilə təsdiq olunaraq göndərilmiş cavab məktubundan isə məlum olur ki, aidiyyəti məlumat "Təkin məhəllə mollası Axund Əbdül Həsən Qazizadənin Ordubad qəza qazısı vəzifəsinə təyin edilməsi barədə lazımi sərəncam verilməsi üçün Quberniya Məclisinə bildirilmişdir".

Oradan Naxçıvan qəza rəisinə ünvanlanmış 07 oktaybr 1905-ci il tarixli, 4228 nömrəli məktub isə onu deməyə əsas verir ki, Quberniya İdarəsi 15 may 1905-ci il tarixli, 1822 nömrəli göstərişi ilə haqqında söhbət açdığımız molla Ordubad qəza qazısı vəzifəsinə təyin olunub.

Bütün bu sənədlərdən bir daha aydın olur ki, sözügedən dövrdə qəza qazısı vəzifəsinə təyinatlar Rusiyanın müsəlman dini idarəçiliyinə birbaşa nəzarət siyasəti ilə bağlı olub. Söz yox ki, bu hakimiyyət yalnız özünə etibarlı və idarə oluna bilən namizədləri təsdiqləyir, bununla da öz maraq və mənafeyini üstün tuturdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see176

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see151

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see135

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see123

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see120

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see120

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see120

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see118

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see117

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri