Ötən 21 il: praqmatik fəaliyyətin nəticəsi
Ötən 21 il: praqmatik fəaliyyətin nəticəsi
21 il... Heç də uzaq keçmiş deyil. Hər birimizin yaşadığımız, hər ayına, anına şahidlik etdiyimiz zaman kəsiyidir. Elə bu səbəbdən də ötən 21 il hər bir hadisəsi ilə gözlərimiz önündə olduğu kimi canlanır: düşünülmüş siyasət nəticəsində Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə canlanır. Dövlətimizin sıravi vətəndaşından tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan-böyüyə hər kəsə qayğısı ilə canlanır.
Dövlət rəhbərinin ölkənin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına ehtiramı ilə canlanır. Ötən 21 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsi, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün böyükmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə canlanır.
Ordu quruculuğu məsələsinin üzərində bir qədər dayanmaq istərdim. Çünki ötən 21 il daha çox torpaq və ordu ifadələri ilə yaddaşlarda qalıb. Ölkəmizdə insanlar illərlə torpaq həsrəti ilə yaşayıb. Şərəf məsələsi olduğu üçün bu, ümumilikdə hər bir vətəndaşın problemi idi. Xalq hərtərəfli inkişaf edən bir ölkədə yaşasa da, onun “Qarabağ” adlı 30 illik bir dərdi vardı ki, sağalmasını, şəfa tapmasını gözləyirdi. Məcburi köçkünlərimiz yurd həsrəti ilə rahatlıq tapa bilmirdi. Onlar öz torpaqlarını istəyirdi. Qarabağ Azərbaycanın yarası idi. Həmin yara sağalardısa, Azərbaycan tam ola bilərdi. Bunu isə yalnız dövlətin başçısı, Ali Baş Komandan, milli ordunun sərkərdəsi həll edə bilərdi.
Xalq Qarabağın daha tez, hətta 90-cı illərdə işğaldan dərhal sonra azad olmasını arzulayırdı, lakin ölkənin buna imkanları çatırdımı? Bu arzu yalnız ölkə buna hazır olanda reallaşa bilərdi. Elə ötən 21 ilin prioriteti də məhz bu məsələnin üzərində qurulmuşdu.
21 ilə nəzər salanda...
2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən dövlətimizin başçısı cənab İlham Əliyev torpaqların bir gün azad olunacağını ən mötəbər kürsülərdən tutmuş hər il bayramlarla bağlı xalqa müraciətlərində də vurğulayırdı. Böyük inamla vurğulayırdı. Tarixi faktlarla bu torpaqların heç vaxt ermənilərə məxsus olmadığını əsaslandırırdı. Dünyanı ədalətli olmağa dəvət edirdi. Qan axıdılmadan, insanlar məhv olmadan-sülh yolu ilə Qarabağ məsələsinin həll olunması üçün dünyaya çağırış edirdi. Nəzər saldığımız 21 ilin 10 ili əslində müharibəyə addım-addım yaxınlaşdığımızı açıqca göstərir və sübut edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:
2010-cu il. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu, mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları – həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər.
Amma bununla bərabər, Azərbaycan öz hərbi potensialını da gücləndirir. Bu bizim suveren hüququmuzdur və biz bu hüquqdan istifadə edirik. Nəzərə alaq ki, Azərbaycan ordu quruculuğu prosesini daxili imkanları hesabına aparır. Təbii ki, bu bizim daxili işimizdir. Azərbaycan Ordusu son illər ərzində böyük və uğurlu yol keçmişdir. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanlarımız vardır. Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq dörd ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə etmişik. Bizim hərbi potensialımız gündən-günə artır və artacaqdır. 2010-cu ildə bu məqsədləri təmin etmək üçün əlavə böyük vəsait nəzərdə tutulur. Biz Dağlıq Qarabağ məsələsini, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilərik.
2011-ci il. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
2012-ci il. Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır.
2013-cü il. Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
2014-cü il. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik.
2015-ci il. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq.
2016-cı il. Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.
Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.
2017-ci il. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.
2018-ci il. Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir.
Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.
2019-cu il. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.
2020-ci il. İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Nida işarəsinin yetişdirdiyi məqam
Bəli, elə bu nida işarəsi ilə də ölkəmizin Prezidenti xalqımızın 30 illik həsrətinə son qoydu. Çünki artıq məqam yetişmişdi. Dövlət başçısının dediyi kimi: “Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!...”
***
Bəzi insanlara elə gəlir ki, Azərbaycan kimi böyük olmayan ölkə hər an müharibə edə, torpaqlarını geri ala bilərdi. Bu, sadəcə məsələyə uşaqcasına yanaşma idi. Həm də bu barədə özlərini ziyalı adlandıranlar belə danışırdı. Hansı ki, ölkənin iqtisadi vəziyyətini yaxşı görürdülər. Tək iqtisadi vəziyyət deyil, müharibəyə başlamaq üçün bir-biri ilə əlaqəli olan neçə-neçə amil öz həllini tapmalı idi. Bu, ya belə olmalı, Zəfərlə bitməli idi, ya da 90-cı illərdəki uğursuzluqla-uduzmaqla.
Bütün bu səbəblərdən də dövlətimizin başçısı özünün də dediyi kimi, nəyi nə vaxt və necə həll edəcəyini böyük siyasi əzmlə bacardı. Çoxlarının çoxsaylı fikirlərinə məhəl vermədən zamanın yetişməsini, ölkənin bu böyük prosesə hazır olmasını gözlədi. Və bu zamanın yetişməsi üçün böyük miqyaslı işlər həyata keçirdi.
44 gün: müharibə, müsahibə, müraciət
Həmin zamansa 2020-ci ilin 27 sentyabrında yetişdi və 44 gün davam etdi. Cəbhədə yeni Azərbaycan tarixi yazılarkən cənab Prezident həmin tarixə bu sözləri yazdı: müharibə, müsahibə, müraciət. Ölkəmizin başçısı ordumuza Ali Baş Komandanlıq etməklə yanaşı, həm də dünyanın bizə qarşı yönəlmiş informasiya müharibəsinin qəhrəmanı oldu 44 günün hər anında. 44 gündə dünyanın ən məşhur kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verən dövlətimizin başçısı Qarabağın tarixini, strateji əhəmiyyətini, əhalisinin vəziyyətini, 30 illik işğal dövrünü, həmçinin Qarabağla bağlı susan beynəlxalq təşkilatların mahiyyətini tarixi reallıqlarla dünyaya çatdırdı. Özünəməxsus nitqi, səbri, haqsız, ədalətsiz suallara hər dəfə eyni təmkinlə cavab verməsi, müxtəlif dillərdə sərbəst, qüsursuz danışıq qabiliyyəti ilə dünya siyasətçilərini və jurnalistlərini heyrətləndirən cənab İlham Əliyev bütün bunların fonunda Azərbaycanın necə bir dövlət olduğunu təsdiqləməklə yanaşı, Ulu Öndərin layiqli övladı olduğunu da sərgilədi.
Xalqına dəfələrlə müraciət etməsi ölkəmizin rəhbərini xoş xəbər müjdəçisi etdi insanların gözündə. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Azərbaycanda belə bir misal var: o yerdə ki, ağsaqqal var, orada Allah var.
***
Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi.
2023-cü ilin 20 sentyabrında Xankəndidə aparılan birgünlük lokal xarakterli anti-terror əməliyyatı isə Azərbaycanın konstitusiya quruluşunun və ərazi bütövlüyünün təmin olunması ilə nəticələndi. Beləliklə, Azərbaycan bütövləşdi. Bu Zəfər 270 ilin Zəfəri oldu.
Bu gün Qarabağda yenidənqurma və bərpa işləri davam edir. Müharibədən dərhal sonra başlanan işlərin sürətlə aparılası soydaşlarımızın evlərinə daha tez qayıtmasına xidmət edir. Qarabağın inkişaf etdirilməsi, hər bir işğaldan azad edilmiş rayonumuzla bağlı Liderimizin fikirləri bu yurdların yaxın gələcəkdə böyük inkişafından xəbər verir.
Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər isə nəinki xalqımızın, region dövlətlərinin də gələcək inkişafına hesablanmış addımdır. Ermənilər üçtərəfli 10 noyabr Bəyannaməsində üzərlərinə düşən öhdəliklərin icrasını gecikdirməyə çalışsalar da, bizim Liderimiz bütün məsələlərin həllinin öhdəsindən gələcəkdir. Çünki artıq dünyanın böyük ölkələri də bizi dinləyir, haqqın tərəfimizdə olduğunu anlayır.
Beləliklə, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının yarılması kimi gündəmdə olan məsələlərimiz yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır. Çünki bütün bunların hər biri ayrı-ayrılıqda Prezidentimizin diqqətindədir və görülən işlər, aparılan danışıqlar müsbət yöndədir.
Zəfərin fonunda ötən 21 il
İkinci Vətən müharibəsi əldə edilən Zəfərin fonunda bir çox məqamları təsdiq etdi. Nəzər salaq:
– Ən birincisi, ata vəsiyyətini qeyd etmək istəyirəm. Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli olduğunu aşıladı. Bu, hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.
– Ölkəmizin Prezidentinin fəaliyyəti dövründə hər il bütün bayramlarda xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söylədiyinin şahidi olmuşuq. Eləcə də beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib. Bütün bunlar isə Prezidentin ötən illərdə söylədiyi sözlərin arxasında həm də bu sözlər dəyərində ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini, Ali Baş Komandanımızın sözlə əməl vəhdətini təsdiqlədi.
– Cənab Prezidentdə Azərbaycançılıqdan irəli gələn bir xarakteri də açıqca gördük. O, hər kəs kimi müharibə istəmirdi, qan tökülməsini, övlad itkisini istəmirdi. Bunu dəfələrlə Ermənistan siyasi rəhbərinə müraciətində gördük. “Torpaqlarımızdan çıxın, müharibəni dayandıraq”, – dedi. Ermənilər bu mənəvi dəyərin nə olduğunu bilməsələr də, bu təkliflər onlara dəfələrlə edildi.
– II Vətən müharibəsi cənab İlham Əliyevin sayəsində bizim özümüzü tanımağımıza vəsilə oldu. Biz gördük ki, azərbaycanlılar nə qədər həmrəy, bir yumruq kimi birləşə bilən, eyni zamanda çox vətənpərvər bir xalqdır. Vətəninə, torpağına, bayrağına sevdalıdır.
– Müharibə xalqın rəhbərinə inamını da nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandığını bildirdi. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Onlar bir də buna əmin idilər ki, evləri, həyətləri əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarılacaqdı. Çünki onlar cənab Prezidentin verdiyi sözə əməl etdiyinin dəfələrlə şahidi olan insanlardı.
– Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu. Və bu birliyi heç də hər kəs yarada bilməz.
– Və son olaraq, Prezidentimizin illər öncə dediyi bu fikirlərini təsdiqlədi: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.
Ötən 21 ilin uğurları, xüsusilə də tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri Prezidentimizin praqmatik fəaliyyətinin nəticələridir. O nəticələr ki, bu gün bütün dünyanın diqqətini özünə yönəldən məqamlardır. Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Bunu zaman sübut etdi.
Mətanət Məmmədova