Pakistan Əfqanıstan savaşı geniş coğrafi ərazini əhatə edə bilər TƏHLİL
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyanın dörd bir yanında müharibələr, münaqişələr amansız baş verməkdədir. Bəzi yaranan müharibələrin dirijor çubuğu ilə törədilməsi versiyaları irəli sürülür. Bunu təsdiq edən sübutlar, dəlillər də ortaya qoyulur. Lakin müharibə caniləri hər vəchlə əməllərini etiraf etmək istəmirlər, əksinə, müharibə aparan tərəfləri qınayır, onlara qarşı ittiham irəli sürürlər. Bəzi hallarda isə özlərini sülhpərvər, dünyada sabitliyə, təhlükəsizliyə töhfə verməyə çalışan dövlətlər kimi təqdim etməyə çalışırlar. Rusiya sülhdən, əmin-amanlıqdan çox danışır, fikirlər səsləndirir, ancaq sözlərinin əksi olaraq əməldə Ukraynaya hücum edərək dörd ilə yaxındır ki, bu ölkəni qan gölünə çevirib. ABŞ İsrail vasitəsi ilə Livanda, Yəməndə, Tunisdə, xüsusilə də fələstin ərazilərində soyqımı aktları həyata keçirib. Vəziyyət o dərəcədə faciəvi xarakter alıb ki, daş qəlbli Avropa ölkələrinin başçıları İsraili açılq şəkildə ittiham edirlər. İspaniya, Kanada, Norveç və digər dövlətlər İsrailin Qəzzada soyqımı aktları törətdiyini bəyan ediblər. BMT-nin İnsan Hüquqları Komitəsi 3 dəfə ardıcıl olaraq İsrailin Qəzzada genosid törətməsi barədə qətnamə qəbul edib. Beynəlxalq hərbi tribunal İsrailin baş naziri Netenyahunun törətdiyi soyqımı aktlarına görə həbs olunması barədə qərar çıxarıb. İsrail isə özünü sərxoş alkaş kimi aparır, heç kimi saymır, heç bir beynəlxalq qətnamələrə əməl etmir. Yalnız başıpozuq dəstə rolunda çıxış edən İsrailin fars-molla rejiminə basqısı qismən başa düşülən hesab olunur. Çünki fars-molla rejimi terroru dəstəkləyən və terror aktlarını dövlət siyasətinə çevirən rejimdir. 2025-ci ilin iyunun 13-də başlayan və 12 gün davam edən İsrailin “Am Kelavi” adı altında fars-molla rejiminin ərazilərinə endirdiyi zərbələr nəticəsində nüvə obyektləri, İnqilab Keşikçilərinin 30-dan çox yüksək rütbəli komandiri məhv edildi. ABŞ-ın müdaxiləsindən sonra İsrail geri çəkildi. Bundan sonra İsrail daha böyük qüvvə ilə Qəzzada və ətraf ərazilərdə qətliamlar törətməyə başladı. Onun bu vəhşiliyi Türkiyə başda olmaqla əksər müsəlman ölkələri tərəfindən qəzəblə qarşılanırdı. Hətta Türkiyənin hərkətə keçərək İsraili ciddi şəkildə cəzalandıracağı ehtimalları irəli sürürlürdü. Bunu anlayan ABŞ yenidən proseslərə müdaxilə etmək məcburiyyətində qaldı. Yəni İsraili xilas etmək üçün hərəkətə keçdi. Nəticədə D.Trampın irəli sürdüyü 20 bəndlik şərtlər daxilində İsrail-HƏMAS razılaşması əldə olundu. Razılşamaya əsasən, İsrail ordusunu Qəzzadan geri çəkir və həbsxanalarda saxladığı 2 minə yaxın fələstinlini azad edir, HƏMAS isə 2023-cü il oktyabrın 7-də girov götürdüyü yəhudiləri azad edəcək. Bununla Yaxın Şərqə sülh gələcəyini, bundan sonra insanların öldürülməyəcəyini demək çətindir. Təbii ki, bunu zaman göstərəcək. Görünən isə ondan ibarətdir ki, Türkiyə proseslərin önündə və beynəlxalq sülhyaratma missiyası tərkibində Qəzzada olacaq.
Pakistan–Əfqanıstan qarşıdurması bölgənin sülh gündəliyini pozur
İsraillə HƏMAS arasında yaşanan müharibənin aradan qalxmasına sevinən Yaxın Şərq dövlətləri, az sonra yeni bir müharibədən -Pakistan-Əfqanıstan qarşıdurmasından narahat olmağa başlayıb. Talibanın ərazisində terror aktları törətməsinə göz yummaq istəməyən Pakistan nəhayət oktyabrın 11-də hərəkətə keçərək sərhədboyu əməliyyatlar həyata keçirdi. Döyüşlərin əsas mərkəzi Əfqanıstanın Hilmənd əyalətindəki mübahisəli Bəhramça sərhəd məntəqəsidir. Ərəb mətbuatının iddiasına görə, Pakistan tərəfində yeni sərhəd nəzarət-buraxılış məntəqələrinin tikintisinə etiraz edən Əfqanıstan tərəfi Pakistanın bir neçə sərhəd məntəqisıni atəşə tutub. Bu da Pakistan qoşunları və taliblər arasında toqquşmalar baş verməsinə gətirib çıxarıb. Bundan əvvəl, yəni 2025-ci ilin fevralında Pakistanın Bəlucistan vilayətində Talibanın dəstəklədiyi silahlı qruplar Pakistan əsgərlərinə hücum edib. Pakistan hərbi rəhbərliyi cavab olaraq Əfqanıstanın sərhəd bölgəsində yerləşən militant düşərgələrini bombalayıb. Hər iki tərəf arasında atəşkəs razılaşması əldə edilsə də, vəziyyətin yenidən gərginləşəcəyi ehtimal olunur.
Söz yox ki, Pakistan-Əfqanıstan qarşıdurmasının yaranmasında Hindistanın ikinciyə dəstəyi xüsusi rol oynayır. Çünki Pakistan Hindistanla faktiki qarşıdurma vəziyyətindədir. 2025-ci ilin apreli 28-də Pahalqomda 26 turistin qətlə yetirildiyi terror aktından sonra Hindistan hadisəyə görə Pakistanı ittiham edib. Mayın 7-də Hindistan “Sindoor” əməliyyatı adı altında 9 strateji hədəfə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Pakistanın cavab tədbiri olaraq 11 mayadək davam edən həmlələrdə Hindistanı geri otuzdurub. Pakistan Hindistanın "Rafale" və MiG‑29 təyyarələrini məhv edib. 10 may 2025-ci il tarixində ABŞ-ın vasitəçiliyi ilə sazişə əsaslanan atəşkəs əldə edilib və hər iki tərəf danışıqlar masasına qayıdıb. Sakitlik yaransada Hindistan Pakistandan qisas almaq niyyətindən əl çəkməyir. Hər cür təxribatları ilə Pakisttanda vəziyyəti gərginləşdirməyə çalışır. Təəssüflər olsun ki, islam dövləti hesab olunan Əfqannlıstan Hindisatanın təsiri altına düşür.
Münaqişənin tarixi kökləri mövcuddur. Əfqanıstan və Pakistan arasında təxminən 2640 kilometrlik sərhəd mövcuddur. 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqan əmiri Əbdürrəhman Xan arasında razılaşma əsasında sərhədi müəyyən edilib. Bu xətt onun demarkasiyasına nəzarət edən Britaniya diplomatı ser Henri Mortimer Durandın şərəfinə adlandırılmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsindən sonra xətt Pakistana verildi, lakin Əfqanıstan heç vaxt onu rəsmi dövlət sərhədi kimi tanımadı. Bu səbəbdən, ərazi onilliklər ərzində Cənubi Asiyada ən mübahisəli və qeyri-sabit ərazilərdən biri olaraq qalır. Sərhəd tarixən xəttin hər iki tərəfində yaşamış puştun tayfalarının məskunlaşdığı, əlçatmaz dağlıq bölgələrdən keçir. Sərt ərazi və etnik əlaqələr əraziyə nəzarəti çətinləşdirir. Bu bölgə silahlı qarşıdurma, qaçaqmalçılıq və ekstremist fəaliyyət ocağına çevrilib.
Oktyabrın 11-dən başlayan atışmalara sərhədboyu bütün əraziləri əhatə edir. Pakistanın SAMAA TV kanalının məlumatına görə, Əfqanıstan tərəfdən səbəbsiz atəş açılıb. Jurnalistlər ölkənin təhlükəsizlik güclərindəki mənbəyə istinadən bildiriblər ki, Pakistan buna cavab olaraq əməliyyat zamanı bir neçə əfqan postunu məhv edib və “onlarla” əfqan əsgərini öldürüb.
Əl-Cəzirənin yaydığı məlumata görə, qarşıdurmaya səbəb Pakistan ordusunun oktyabrın 9-da Kunar vilayətində sərhəd bölgələrini vurmasından sonra başlayıb. Yerli mənbələrin məlumatına görə, hücum zamanı bir neçə Taliban komandiri, o cümlədən bir səhra komandiri həlak olub. Ertəsi gün Taliban Pakistanın Çitral bölgəsindəki sərhəd mövqelərinə artilleriya zərbəsi endirib. Bunun ardınca tərəflər şərq və cənub sərhədləri boyunca atışmalara başlayıblar. Əfqanıstanın Müdafiə Nazirliyi zərbələri təsdiqləyərək bildirib ki, onlar cümə günü gecə Kabil və Paktika əyalətini atəşə tutanlara cavab veriblər. Taliban nümayəndələri sərhəddə Pakistana qarşı əməliyyatın “uğurlu” başa çatdığını bəyan ediblər. Əfqanıstan Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, Pakistan sərhədi yenidən pozarsa, ölkənin silahlı qüvvələri “qətiyyətli cavab verəcək”.
Sərhəddə gedən döyüşlərdə 5 pakistanlı əsgərin həlak olduğu bildirilir. Əfqan tərəfi iddia edir ki, zərbələr Əfqanıstan ərazisinin atəşə tutulmasına cavabdır.TOLO News-un yenilənmiş məlumata görə, saat 22:46-a olan məlumata görə, Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda ən azı 12 pakistanlı əsgər həlak olub.
Taliban hökumətinin Müdafiə Nazirliyi Pakistanın hərbi obyektlərinə qarşı əməliyyata başladığını açıqlayıb. Zərbələr Əfqanıstana pilotsuz təyyarələrin buraxılması üçün istifadə edildiyi iddia edilən obyektləri, habelə qadağan olunmuş “İŞİD” təşkilatı ilə əlaqəli mərkəzləri hədəf alıb. Oktyabrın 11-i axşam saatlarında Əfqanıstan Hərbi Hava Qüvvələri Lahor şəhərinə aviazərbələr endirib. Bu hərəkət Pakistanın hücumuna cavab olduğu bildirilir. İslamabadın sərhəd bölgəsində Taliban mövqelərinə zərbələr endirdiyi bildirilir. Qeyd olunur ki, Pakistanın əks-hücümu nəticəsində Əfqanıstanın 19 sərhəd məntəqəsi ələ keçirilib və bir neçəsi dağıdılıb. Pakistanın hücumu nəticəsində 50 nəfər öldürülüb, 130 nəfər isə yaralanıb.
İki müsəlman ölkəsi arasında yaşanan qarşıdurma üzücüdür
Söz yox ki, iki müsəlman ölkəsi arasında yaşanan qarşıdurma arzuolunmazdır və üzücü hesab olunur. Çünki bu iki dövlət, xüsusilə də Pakistan müsəlman dövlətlərinə dəstəyi, yardımı ilə seçilir və tanınır. İşğalçı Ermənistanın ifşa olunmasında Pakistan beynəlxalq tədbirlərdə, konfranslarda Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etdi, dəstəklədi. İkinci Qarabağ savaşı zamanı Pakistan mənəvi dəstəyi ilə Azərbaycanın yanında oldu. Dəfələrlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi ölkəmizə rəsmi səfərlərə gəlib, Qarabağda olub, konfranslarda fəal iştirak edib.
Faktiki bütün sahələrdə Pakistanla Azərbaycan arasında geniş dostluq, qardaşlıq münasibətləri mövcuddur. Yazını çapa hazırladığım zaman məlumat aldım ki, oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb.Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər. Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.
İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.Sonra Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi başlayıb. Üçtərəfli görüşün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam etdirilməsi nəzərdə tutulur.
Qısaca onu qeyd etmək olar ki, müsəlman dünyasının aparıcı dövlətlərindən olan Pakistanla əlaqələr qurmaq və onu inkişaf etdirmək hər iki tərəfə ancaq xeyir verir. Hesab edirəm ki, Azərbaycana yaxın dövlətlərdən olan Əfqanıstanın bu reallığı anlayaraq üzünü Hindistana və ya Rusiyaya deyil, müsəlman dövləti olan Pakistana tutsa, daha xeyirli olar. Həm də nəzərə almaq lazımdır ki, Taliban hakimiyyəti dünya birliyi tərəfində yetərli şəkildə tanınmır. Əfqanıstanın iqtisadi, sosial, siyasi problemləri mövcuddur. Problemlərinin həlli üçün Əfqanıstan qonşusu olan Pakistan vasitəsi ilə dünyaya çıxış əldə edə bilər.
İLHAM ƏLİYEV


