Icma.az
close
up
RU
Paşinyan “102 saylı buz”u əridə biləcəkmi?

Paşinyan “102 saylı buz”u əridə biləcəkmi?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Gümrüdəki hərbi baza ətrafında müzakirələr qızışır

Ermənistanda Rusiya ilə münasibətlər ətrafında növbəti ciddi müzakirə başlayıb. Baş nazir Nikol Paşinyanın son açıqlamaları göstərir ki, İrəvan artıq bu məsələyə əvvəlki kimi baxmır. Paşinyan sentyabrın 16-da parlamentdəki çıxışında, dünən isə hökumətin iclasından sonra keçirdiyi brifinqdə açıq şəkildə bildirib ki, Ermənistanın Rusiya hərbi bazasına ehtiyacı yoxdur. Onun sözlərinə görə, Moskva bazanı çıxarmaq istəyirsə, İrəvan buna etiraz etməyəcək, qalmaq niyyətindədirsə, onun Ermənistanda qalmasının şərtləri müzakirə oluna bilər.

Baş nazirin bu açıqlaması, əslində, bir müddətdir müşahidə olunan yanaşmanın daha açıq ifadəsidir. Ermənistan hakimiyyəti indiyədək 102 saylı bazanın çıxarılması məsələsini özü qaldırmadığını vurğulayırdı. İndi isə Paşinyan deyir ki, məsələni gündəmə gətirən tərəf Rusiyadır və İrəvan da buna uyğun mövqe tutur. Beləliklə, sual yaranır: Paşinyan “102 saylı buzu” əritməyə başlayıb?

Moskva sualı İrəvanın qarşısına qoydu

Məsələnin maraqlı tərəfi odur ki, proses birbaşa Ermənistanın bazanın çıxarılmasını tələb etməsi ilə başlamayıb. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də verdiyi açıqlamada bildirmişdi ki, Ermənistan rəhbərliyi ölkədə rus hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva hərbçilərini çıxara bilər. Putin bununla yanaşı, əgər erməni xalqı Rusiya hərbi kontingentinin ölkədə qalmasını istəyirsə, Moskvanın əməkdaşlığı davam etdirməyə hazır olduğunu da söyləmişdi.

Bu bəyanatdan sonra top, obrazlı desək, İrəvanın meydanına keçdi. Paşinyanın sentyabrın 3-də verdiyi açıqlama isə göstərdi ki, Ermənistan hökuməti məsələni artıq əvvəlki emosional çərçivədə deyil, praktiki seçim kimi nəzərdən keçirir. O zaman baş nazir 102 saylı bazanın Ermənistanda olmasının həyati zərurət sayılmadığını bildirmiş, Rusiyanın bazanı çıxarmaq qərarına İrəvanın etiraz etməyəcəyini demişdi. Eyni zamanda, Moskva qalmaq istəsə, bunun da müzakirə edilə biləcəyini qeyd etmişdi. İndi isə Paşinyanın mövqeyi daha da konkretləşib. Onun sözlərinə görə, 102 saylı hərbi baza Ermənistanın təhlükəsizliyinə əlavə heç nə vermir.

İrəvanın yeni təhlükəsizlik yanaşması

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da bazanın taleyi ilə bağlı hökumətin mövqeyini təsdiqləyib. Onun sözlərinə görə, baza ilə bağlı bəyanatlar Rusiya tərəfindən səsləndirilib və Ermənistan indiyədək Moskvaya onun çıxarılması ilə bağlı müraciət etməyib. Bu yanaşma İrəvanın Moskva ilə münasibətlərdə əvvəlki asılılıq modelindən uzaqlaşmaq cəhdinin daha bir göstəricisi kimi görünür. Simonyanın təbii qaz məsələsi ilə bağlı açıqlamaları da bunu göstərir. O bildirib ki, Ermənistan iqtisadi təhlükəsizlik məsələlərində alternativ axtarışını davam etdirəcək və qazı mümkün olan bütün mənbələrdən almağa hazırdır. Rusiya qazı verirsə Rusiyadan, Azərbaycan verirsə Azərbaycandan, İran verirsə İrandan, Türkiyədən imkan yaranarsa Türkiyədən də qaz alınmasının mümkünlüyünü söyləyib.

Baza qalırsa, şərtlər dəyişə bilər

Ermənistan hakimiyyətində bazanın maliyyə tərəfi də müzakirəyə çıxarılıb. Parlament sədrinin müavini, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan bildirib ki, Rusiya hərbi bazasının saxlanılması Ermənistana kifayət qədər baha başa gəlir. O, bazanın saxlanılması xərcləri ilə bağlı daha əvvəl səsləndirilən fikirlərlə razılaşdığını deyib və elektrik enerjisi üzrə əlavə ödəniş məsələsini də gündəmə gətirib. Vitse-spikerin sözlərinə görə, bütün bunlar nəzərə alındıqda bazanın saxlanılması daha da baha başa gəlir. Hakim partiyanın digər deputatı Vilen Qabrielyanın Rusiya qazının qiymətinin artması halında bazanın Ermənistanda yerləşdirilməsinə görə ödənişin artırılması təklifinə isə Aleksanyan “maraqlı fikir” kimi yanaşıb.

Bu məqam xüsusi diqqət çəkir. Çünki İrəvanın mövqeyi artıq yalnız “baza qalsın, yoxsa getsin” sualından ibarət deyil. Əgər Rusiya hərbi bazasının qalması müzakirə olunacaqsa, onun şərtləri də müzakirəyə çıxarıla bilər. Başqa sözlə, Paşinyan hökuməti 102 saylı bazaya toxunulmaz təhlükəsizlik institutu kimi deyil, Ermənistanın maraqları baxımından yenidən qiymətləndirilə biləcək məsələ kimi yanaşır.

Ruspərəstlər dərhal hərəkətə keçdilər

Rəsmi İrəvanın bu mövqeyi Ermənistanda uzun illərdir Rusiyanın təhlükəsizlik çətirinə arxalanan qüvvələrin sərt reaksiyasına səbəb olub. Onların arqumentləri də gözlənilməz deyil: Rusiya hərbi bazasının çıxarılması Ermənistanı Türkiyə və Azərbaycan qarşısında müdafiəsiz qoyacaq, bundan sonra ölkə yeni təhlükələrlə üzləşəcək.

Parlamentdəki müxalif “Hayastan” fraksiyasının deputatı, “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan bazanın çıxarılmasını “yeni avantüra” adlandırıb. Onun sözlərinə görə, Rusiya bazasının Ermənistanda müəyyən missiyası var və hazırkı geosiyasi vəziyyətdə ölkəni Türkiyə və Azərbaycan qarşısında müdafiəsiz qoymaq yeni təhlükələr yaradacaq. Saqatelyanın mövqeyi Ermənistan müxalifətinin bir hissəsinin təhlükəsizlik məsələsinə necə yanaşdığını göstərir. Burada əsas arqument dəyişmir: Rusiya hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinin əsas təminatlarından biri kimi təqdim olunur. Ancaq bu yanaşmanın qarşısında mühüm sual dayanır: əgər 102 saylı baza Ermənistanın təhlükəsizliyi üçün həlledici amildirsə, indiyədək onun real təsiri nə olub? Elə hakim “Mülki müqavilə”dən olan Vaaqn Aleksanyan da bu məqama diqqət çəkərək bildirib ki, ölkə vətəndaşları Rusiya bazasının hər hansı məsələyə müdaxiləsini xüsusi şəkildə hiss etməyiblər.

Karapetyanın “Türkiyə bazası” ssenarisi

Eyni xətt başqa bir ruspərəst siyasi fiqurun – “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın açıqlamasında da özünü göstərib. Karapetyanın fikrincə, 102 saylı baza Ermənistandan çıxarılarsa, ölkə Türkiyə təhlükəsi ilə (?) üz-üzə qalacaq. O, daha da irəli gedərək bildirib ki, Rusiya bazasının yerində Türkiyə bazası görünə bilər. Onun sözlərinə görə, Ermənistan taleyin ümidinə buraxılacaq və buna görə də Rusiya bazası qalmalıdır.

Bu fikir də Ermənistan cəmiyyətində uzun illər istifadə olunan təhlükəsizlik arqumentlərinin davamıdır: Rusiya gedərsə, Türkiyə gələcək. Lakin belə bir ssenarini hazırkı mərhələdə baş vermiş fakt kimi təqdim etmək mümkün deyil. Rusiya bazasının gələcəyi ilə bağlı danışıqların mümkünlüyü başqa məsələdir, onun yerinə Türkiyə hərbi bazasının gələcəyi barədə konkret qərarın olması isə tamam başqa məsələdir.

Karapetyanın açıqlaması daha çox onun siyasi mövqeyini və təhlükəsizlik məsələsində Rusiyanın roluna verdiyi əhəmiyyəti əks etdirir. Bu baxımdan onun “Rusiya gedərsə, Türkiyə gələcək” məntiqi Ermənistan daxilində Moskvanın hərbi mövcudluğunu qorumaq istəyən dairələrin arqument arsenalında mühüm yer tutur.

Politoloq Ramiyə Məmmədova mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, rus hərbi bazasının gələcəyi ilə bağlı son açıqlamalar məsələnin artıq, sadəcə hərbi iştirak məsələsi deyil, Ermənistanın təhlükəsizlik siyasətinin yenidən qurulması ilə bağlı siyasi müzakirəyə çevrildiyini göstərir. Onun sözlərinə görə, İrəvanın “baza qalırsa, şərtlərini müzakirə edək” yanaşması Moskva ilə münasibətlərdə yeni danışıqlar mövzusu yaradır: “Burada diqqətçəkən məqam odur ki, Ermənistan hakimiyyəti bazanın mövcudluğunu artıq əvvəlki kimi dəyişməz təhlükəsizlik zəmanəti hesab etmir. Bu, Rusiyanın bölgədəki rolunun Ermənistan tərəfindən yenidən qiymətləndirildiyini göstərir”.

Ekspert hesab edir ki, digər tərəfdən, bazanın çıxarılmasını avtomatik şəkildə Ermənistanın təhlükəsizliyinin zəifləməsi kimi təqdim etmək də düzgün olmaz: “Çünki hərbi obyektin mövcudluğu ilə real təhlükəsizlik təminatı eyni anlayış deyil. Son illərin hadisələri bu məsələyə daha praqmatik yanaşmağı tələb edir. Eyni zamanda, Ermənistanın Qərblə yaxınlaşması hələ onun Rusiya ilə təhlükəsizlik əlaqələrinin tam alternativini formalaşdırdığı anlamına gəlmir. Buna görə də qarşıdakı proses daha çox kəskin ayrılmadan deyil, İrəvanın Moskva ilə münasibətlərdə yeni şərtlər müəyyənləşdirməyə çalışmasından xəbər verir”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see299

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see266

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see247

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see246

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see244

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see233

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see216

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see211

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see211

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see211

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see210

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see210

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see200

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see199

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see198

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see196

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see192

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see188

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri