Icma.az
close
up
RU
Paşinyan ölkəsinin taleyini hərraca çıxarıb

Paşinyan ölkəsinin taleyini hərraca çıxarıb

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədi siyasi sərhəd statusunu çoxdan itirmiş sırf coğrafi xətdir. Həmin punktir yarımçıq qalmışlığın simvoluna, təkcə orduların deyil, iki dövlətin gələcək haqqında təsəvvürlərinin toqquşduğu məkana çevrilib.

Srağagün Ermənistanın Tovuzqala istiqamətindən mövqelərimizin atəşə tutulması, yəni ermənilərin növbəti silahlı təxribatları bir daha açıq şəkildə nümayiş etdirdi: "alternativsiz sülh" haqqında İrəvanda səsləndirilən siyasi ritorika mövqelərimizin atəşə tutulması ilə uzlaşmır. Ermənistan növbəti dəfə kövrək status-kvonu pozaraq, danışıqlar prosesinin konstruktivliyinə olan inamı sarsıtdı. Onsuz da uzun müddətdir çıxılmaz vəziyyətdə olan bu proses Ermənistanın qeyri-müəyyənliyi, Qərbin ikili standartları və diplomatik ikiüzlülüyün bataqlığında ilişib qalıb.

Hazırkı eskalasiya dalğasının mahiyyətini dərk etmək üçün problemin kökünə nəzər salmaq vacibdir. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsindən artıq dörd il keçsə də, münaqişənin əsas səbəbləri aradan qaldırılmayıb. Bunların başında Ermənistan siyasi diskursunda dərin kök salmış Azərbaycanın ərazi bütövlüyünün inkarı gəlir. Müharibədə məğlub olmasına baxmayaraq, rəsmi İrəvanda hələ də beynəlxalq hüququn və sağlam düşüncənin tələb etdiyi kimi, qonşu dövlətin sərhədlərini açıq şəkildə tanımaq üçün nə siyasi iradə, nə də real istək müşahidə olunur. Ermənistan Konstitusiyasında hələ də 1990-cı ilin Müstəqillik Bəyannaməsində ölkəmizə qarşı yer almış ərazi iddiaları İrəvanın sülh müqaviləsi imzalamasını faktiki olaraq mümkünsüz edir. Çünki Ermənistan dövlətçiliyinin təməlində bu gün də ərazi revizionizmi dayanır.

Belə vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyanın "sülhə hazırıq" bəyanatları saxta səslənir. "Müqavilənin imzalanmasına az qalması" ilə bağlı təkrarlanan mantralar nə konkret addımlarla, nə də daxildə sistemli fəaliyyətlə müşayiət olunur. 44 günlük müharibədə qələbə qazanaraq, ərazilərini azad edən Azərbaycan öz üzərinə düşəni çoxdan yerinə yetirib. Ermənistan isə hələ də konstruktivlik görüntüsü ilə 2020-ci ildə Moskvada əldə olunmuş razılaşmaları sabotaj etmək arasında tarazlıq yaratmağa çalışır.

Ən paradoksal məqam isə odur ki, sülh müqaviləsinin mətni faktiki olaraq hazırdır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, top Ermənistan tərəfindədir. Fəqət bu topu İrəvan nə danışıqlar tərəfdaşlarına, nə də öz xalqına ötürmək istəyir - onu sadəcə əldən buraxmır. Ermənistan rəhbərliyi Bakının mesajlarını hiss etsə də, könülsüz şəkildə Konstitusiyanın yenidən baxılmasının mümkünlüyünü bildirir. Amma elə həmin açıqlamada əlavə olunur ki, yeni Konstitusiyanın hazırlanması azı iki il çəkəcək. Beləliklə, Ermənistan tərəfi sülh istiqamətində heç bir ciddi addım atılmayacağı bir zaman pəncərəsini - 2026-cı ilədək - məqsədli şəkildə qurur.

Bir tərəfdən İrəvan "hərəkət görüntüsü" yaradır. Digər tərəfdən isə bu "sülh mühərriki" əvvəldən söndürülüb. "Konstitusiya islahatına hazırlıq" görüntüsü altında vaxt udmaq, öhdəlikləri dumanlaşdırmaq və eyni zamanda, yeni qarşıdurma mərhələsinə hazırlaşmaq niyyəti gizlənir. Bunun əlamətləri isə artıq açıq-aşkar görünür.

Bakıda ADA Universitetində səslənmiş "yeni sülh nizamı" çağırışlarının fonunda Ermənistan tamamilə əks bir kurs götürüb. Ölkə sürətlə silahlanır: Fransadan, Hindistandan və digər ölkələrdən alınan silahlar göstərir ki, Ermənistan hərbi dairələrindəki revanşist ideyalar nəinki ölməyib, əksinə, yeni dəstək qazanır.

Xüsusilə təhlükəli məqam xarici oyunçuların bu prosesə cəlb olunmasıdır. Neytral vasitəçi statusunu tam itirmiş Paris artıq açıq şəkildə İrəvanın tərəfini tutur - Ermənistana silah ötürür və Brüsseldə anti-Azərbaycan qətnamələrinin qəbuluna lobbiçilik edir. ABŞ Ermənistanı Rusiya və İrana təzyiq üçün platforma kimi görərək Avropadan buraya hərbi bölmələr köçürür. Hindistan isə bu istiqaməti həm hərbi ixrac strategiyasının tərkib hissəsi, həm də Pakistana qarşı geosiyasi balans elementi kimi istifadə edir, Ermənistan millətçiliyi ilə siyasi alverə girişir. Hətta Almaniya - Frank-Valter Ştaynmayerin Bakıya səfərinə baxmayaraq - kəskin məsələlərdən uzaqda dayanmağı üstün tutur. O, real vasitəçi yox, sadəcə bürokratik koordinator rolunu oynayır.

Nəticədə, normallaşma istiqamətində bütün səylər təkcə Ermənistanın addımları ilə deyil, həm də "diplomat görkəmində" odun üstünə benzin tökən aktorların müdaxiləsi ilə alt-üst edilir.

Erməni siyasi düsturunun daha bir kritik elementi ölkədaxili qeyri-sabitlikdir. Baş nazir Nikol Paşinyan olduqca çətin vəziyyətdədir: bir tərəfdən sülh və islahatlar kursunu bəyan edir, digər tərəfdən isə partiyası dəstəyini sürətlə itirir - yerli seçkilərdə uğursuzluq, reytinqlərdə isə kəskin azalma müşahidə olunur (son məlumatlara əsasən, göstəricilər cəmi 11%-ə enib).

Cəmiyyət artıq ziddiyyətlərdən, ikili standartlardan və xroniki siyasi yalanlardan bezib. Eyni zamanda, revanşist qüvvələr - sabiq işğalçı elitanın nümayəndələri - təsir güclərini qoruyur və özlərini getdikcə daha fəal şəkildə göstərirlər. Onlar açıq şəkildə bəyan edirlər ki, hazırkı baş nazirin imzalayacağı istənilən sülh müqaviləsini yenidən nəzərdən keçirəcəklər. Bu kontekstdə Ermənistan konstitusiyasına dəyişikliklə bağlı referendumun keçirilməsi belə, olduqca problematik görünür. İrəvanda hakimiyyət öz xalqından qorxur və bu qorxu taleyüklü qərarların təxirə salınması üçün bəhanəyə çevrilib.

Nəticədə, hazırkı erməni hakimiyyəti xarici təzyiq və daxili sabotaj arasında sıxışaraq sülhə hazırlıqsızlığını idarəetmə strategiyasına çevirib.

Ermənistanın sərgilədiyi "sülhpərvər fəallıq" - Paşinyanın bəyanatlarından tutmuş erməni diplomatlarının beynəlxalq tribunadakı çıxışlarınadək - gündən-günə etibarını itirir. Gurultulu bəyanatların arxasında duran yeganə məqsəd danışıqlar prosesini 2026-cı ilə qədər uzatmaqdır. Ermənistan bu tarixədək ya ölkə daxilində siyasi balansın dəyişəcəyinə, ya da beynəlxalq vəziyyətin revanş üçün əlverişli olacağına ümid bəsləyir. Bu yanaşma isə Ermənistanın siyasi mədəniyyəti üçün yenilik deyil.

Son 3,5 ildə Nikol Paşinyan təxminən 37 dəfə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Amma bu bəyanatların hər birindən sonra ya silahlı insidentlər baş verib, ya diplomatik ikiüzlülük nümayiş etdirilib, ya da Paşinyanın partiyasının deputatları tərəfindən tarixi saxtalaşdıran ritorikalar səsləndirilib.

Əvvəllər əldə olunmuş razılaşmaların hətta ən əsas bəndləri belə yerinə yetirilməyib - xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası prosesi faktiki olaraq başlanmayıb, baxmayaraq ki, bu məqsədlə komissiyalar 2022-ci ilin mayından yaradılıb və rəsmi fəaliyyət göstərir. Səbəb isə İrəvanın 1991-ci il sərhədlərini tanımaqdan davamlı şəkildə yayınmasıdır.

Ermənistan tərəfinin bəyanatları ilə əməlləri arasındakı ziddiyyəti konkret faktlarla da sübut etmək mümkündür. Belə ki, ilin əvvəlindən etibarən təkcə şərti sərhəddə Ermənistan tərəfindən 11 silahlı təxribat qeydə alınıb. Zərərçəkənlər arasında beynəlxalq hüquqla tanınmış sərhədlər daxilində qanuni mövqelərdə yerləşən Azərbaycan hərbçiləri də var.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son ildə Ermənistan silahlı qüvvələri atəşkəsi azı 53 dəfə pozub. Bu hallar təsadüfi deyil, sistemli xarakter daşıyır - bu isə İrəvanda qərarların mərkəzləşdirilmiş şəkildə qəbul edildiyini sübut edir. Ermənistan son bir ildə müdafiə xərclərini təxminən 50% artırıb. 2025-ci il üçün Müdafiə Nazirliyinin büdcəsi 850 milyon dollar təşkil edir, bu da 2022-ci illə müqayisədə təxminən 280 milyon dollar çoxdur. 2023-2024-cü illərdə Ermənistan Fransadan ən azı 36 ədəd zirehli texnika və 20 ədəd orta mənzilli hava hücumundan müdafiə sistemi - o cümlədən, "Mistral" modifikasiyaları alıb. Bu məlumatlar Fransa parlamentinin hesabatlarında sənədləşdirilib. Hindistan Ermənistana 75 km məsafədə zərbə endirə bilən "Pinaka" raket kompleksləri və əvvəllər Kəşmir bölgəsində istifadə olunan radioelektron mübarizə sistemləri tədarük edib. Bu silahların ixracı standart məhdudiyyətlərə baxmayaraq həyata keçirilib və "The Economic Times" nəşrinin məlumatına görə, ümumi dəyəri 245 milyon dollara çatır. Hazırda Ermənistanda 60-dan çox xarici hərbi təlimçi fəaliyyət göstərir - onların arasında fransız və amerikalılar da var. Bu isə Ermənistanın Azərbaycanın maraqlarına qarşı yönəlmiş geosiyasi forposta çevrilməsi üçün təhlükəli presedent yaradır.

Sadaladığımız olaylar rəsmi Bakının təklif etdiyi inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin reallaşmasını sual altına qoyur. Daha da pisi - Ermənistan hökuməti real demokratik mexanizmlər əvəzinə xarici himayədarlara arxalananda, suveren sülh prosesi barədə danışmaq getdikcə çətinləşir.

Ermənistan artıq başqalarının maraqlarının alətinə çevrilib - bu maraqlar isə Rusiyanın cənub sərhədləri və Aİ-nin şərq cinahı boyunca "idarə olunan xaos"un saxlanmasından ibarətdir. Belə xaos NATO-nun bölgədəki mövcudluğunu əsaslandırmağa, İrana qarşı təzyiqləri gücləndirməyə və eyni zamanda, Azərbaycanın transregional layihələrinin - "Zəngəzur dəhlizi", "Orta dəhliz", eləcə də, GUAM və İƏT çərçivəsindəki təşəbbüslərin - həyata keçməsinə mane olmağa xidmət edir.

Ukrayna və Gürcüstan nümunələri göstərdi ki, xarici diplomatik təzyiqlər nəticəsində milli maraqlar hesabına atılan güzəştli addımlar fəlakətlə nəticələnir. Azərbaycan bu dərsi öyrənib: konstitusion islahatlar aparmamış, sərhədləri tanımamış bir dövlətlə sülh imzalamaq - keçmişi təkrarlamaq deməkdir. O keçmiş ki, 30 illik işğal, etnik təmizləmə və on minlərlə insanın həyatına son qoyan dondurulmuş münaqişə ilə yadda qalıb.

Məhz buna görə də bu gün Bakı kompromisdən deyil, prinsipiallıqdan çıxış edir. Bu mövqedə militarizm yoxdur - burada hüquqi, siyasi və mənəvi ardıcıllıq var. Döyüş meydanında ərazi bütövlüyünü sübut edən bir dövlət, suverenliyini yenidən risk altına atacaq kompromislərə getməyə borclu deyil.

Ermənistanın daxili problemləri, beynəlxalq qeyri-sabitlik və əsaslı məsələlərin hələ də həll olunmaması fonunda 2025-ci ildə sülh müqaviləsinin imzalanması real görünmür. Lakin bu ssenari üç halda kəskin şəkildə dəyişə bilər:

1. Əgər Ermənistanda siyasi kursun real dəyişikliyi baş verərsə - fərq etməz, bu küçə təzyiqi nəticəsində, ya da hakim koalisiyanın yenidən formalaşdırılması ilə olsun. Yeni kurs həm ərazi iddialarından imtina, həm də danışıqlar prosesindən açıq şəkildə çıxış formasını ala bilər.

2. Əgər xarici aktorlar (ilk növbədə Avropa İttifaqı və ABŞ) destruktiv mövqedən əl çəkib Ermənistan lobbisinin deyil, beynəlxalq hüququn tərəfində dayanarlarsa. Bu isə yalnız bir şərtlə mümkündür: əgər anlayış yaranarsa ki, regionda sabitlik qısamüddətli geosiyasi mənfəətdən daha üstündür.

3. Əgər Ermənistan tərəfi genişmiqyaslı böhran təhlükəsi qarşısında qalaraq praqmatizmə qayıtmaq məcburiyyətində qalsa və sülh müqaviləsini imzalamağa razı olsa - elə bir müqavilə ki, bütün hüquqi və konstitusion baryerləri aradan qaldırsın.

Qalan hallarda isə "sülh" sadəcə xarici siyasətə yönəlik kamuflyaj üçün işlədilən bir şüar olaraq qalacaq. Onun pərdəsi altında isə münaqişə müxtəlif formalarla davam etdiriləcək - hibrid təxribatlardan tutmuş informasiya müharibəsinədək.

Bu fonda Azərbaycan bəzən səhvən güzəşt kimi qiymətləndirilən bir təmkin nümayiş etdirir. Amma bu, tamamilə başqa strategiyadır. Bakının məqsədi 2026-cı ilə qədər gözləmək deyil, sülhün yarımçıq variantına imza atmağa tələsməməkdir. Azərbaycan tərəfi aydın şəkildə bildirib: tamhüquqlu, hüquqi baxımdan məcburi olan və ölkənin ərazi bütövlüyünə hörmət edən, hüquqi ziddiyyətləri tam aradan qaldıran sülh müqaviləsi tələb olunur.

Öz torpaqlarını azad etmiş, köçkünlərin qayıdışına dair genişmiqyaslı proqram başlamış, döyüş qabiliyyətli orduya və sabit beynəlxalq mövqeyə malik bir dövlət güzəşt üstündə deyil, şərt irəli sürmək mövqeyində dayanır. Zərurət yaranarsa, Bakı gücdən istifadə etməyə hazırdır - müharibə üçün yox, dayanıqlı və qəti sülhü təmin etmək üçün.

Yeni silahlı toqquşma dalğasının baş verməsini tam istisna etmək olarmı? Təəssüf ki, yox. Ermənistan tərəfinin davranışı - sərhəddəki təxribatlar, militarizasiya, siyasi manipulyasiyalar və sülh prosesinin süni uzadılması - optimizm üçün əsas vermir. Lokal döyüş əməliyyatlarının baş vermə ehtimalı yüksəkdir. Genişmiqyaslı müharibə riski isə daha azdır, lakin xüsusilə Ermənistanda radikal dairələrin hakimiyyətə gələcəyi halda bu təhlükə də real ola bilər.

Buna baxmayaraq, Azərbaycan hər bir ssenariyə hazırdır. Təhlükəsizlik sistemi oturuşub, ordu peşəkardır, diplomatiya isə asılılıq yox, güc mövqeyindən idarə olunur. Məhz bu - gələcək dayanıqlı sülhün təməlidir. Elə bir sülh ki, qonşuların mərhəməti ilə yox, dəmir iradə və strateji hesablamanın nəticəsi olaraq yaranacaq.

Cənubi Qafqaz həlledici seçim qarşısındadır: ya region real inteqrasiya, iqtisadi inkişaf və sabitlik yoluna çıxacaq, ya da təkrar-təkrar aqressiya və tarixi miflərin bataqlığında ilişib qalacaq. Seçimin açarı İrəvandadır. Orada qərar verməlidirlər: onlar yeni dünya düzəninin bir parçası olmaq istəyirlərmi, yoxsa köhnə ambisiyaların girovuna çevrilməkdə davam edəcəklər?

Vaxt - tükənən resursdur. Əgər İrəvan bir daha "müvəqqəti çətinliklər" və "gecikmə oyunu" ilə vəziyyəti uzatmaq qərarına gəlsə, tarix cavab verəcək.

Sərt, lakin ədalətli cavabla.

Və son illərin təcrübəsi göstərdi ki, bu cavabı verməyə Azərbaycan tam hazırdır.

Elçin Alıoğlu
Trend

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see124

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see120

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see120

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see119

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri