Paşinyandan Başkəndlə bağlı YENİ TƏKLİF “Sərhədi keçməyə ehtiyac qalmasın”
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş nazir Nikol Paşinyan Başkənd (Artsvaşen) kəndinin birbaşa Ermənistanın əsas hissəsi ilə birləşdirilməsi üçün yenidən konfiqurasiya edilməsini təklif edib.
Turkustan.az “Armenia Today”ə istinadla xəbər verir ki, o, bu açıqlamanı oktyabrın 15-də keçirilən brifinqdə Azərbaycanla ərazi mübadiləsi təşəbbüsünü izah edərkən verib.
Jurnalistin sualını cavablandıran Baş nazir söhbətin Kərki (Tıqranaşen), Barxudarlı və Sofulu, həmçinin Əskipara (Verin Voskepar) daxil olmaqla dörd ərazi vahidindən və Başkənddən getdiyini təsdiqləyib. Eyni zamanda o dəqiqləşdirib ki, Barxudarlı və Sofuluya bir ərazi vahidi kimi baxılır. Paşinyanın sözlərinə görə, əsas ideya sərhədin delimitasiyasından sonra Ermənistan və Azərbaycanın anklav və eksklavlarının qalmamasıdır.
Baş nazir onun təklif etdiyi modelin hüquqi cəhətdən rəsmiləşdirilmiş qərar kimi qəbul edilməməsinə çağıraraq vurğulayıb ki, hələlik söhbət yalnız ümumi siyasi ideyadan gedir. Paşinyan öz ideyasını Başkənd nümunəsində izah edib. O, ərazi mübadiləsi variantına baxmağı təklif edib ki, bu zaman kənd saxlanılsın, lakin Azərbaycan sərhədini keçməyə ehtiyac qalmadan Ermənistanın əsas ərazisi ilə birləşdirilsin.
“Hesab edirəm ki, Ermənistanda Artsvaşen kəndi olmalıdır. Biz axı bu yaşayış məntəqəsini ləğv etmək fikrində deyilik. Başkəndlə Ermənistan arasında Azərbaycana məxsus ərazi var. Məsələn, kəndin ərazisini sağa, sola və ya düzünə — Başkəndlə Ermənistan arasında aralıq ərazi qalmayacaq dərəcədə bir qədər sürüşdürmək olardı. Lakin ideya ondan ibarətdir ki, biz kəndi bağlamırıq, əksinə, onu yenidən bərpa edirik”, — deyə baş nazir izah edib.
Nümunə kimi Paşinyan Çambarak sakininin Başkəndə getmək üçün dövlət sərhədini dəfələrlə keçməli olacağı vəziyyəti gətirib. Onun sözlərinə görə, analoji çətinliklər Azərbaycan tərəfindən olan anklavların sakinlərində də yarana bilər. O qeyd edib ki, belə bir variantın reallaşdırılması üçün əvvəlcə delimitasiya zamanı istifadə olunan xəritələr əsasında Artsvaşen ərazisinin dəqiq ölçülərini müəyyən etmək, sonra isə relyef, su ehtiyatları və nəqliyyat kommunikasiyaları nəzərə alınmaqla mümkün yeni yerləşməni müəyyənləşdirmək lazımdır. Eyni zamanda Baş nazir vurğulayıb ki, mübadilənin konkret parametrləri hələ müzakirə olunmayıb, onun həyata keçirilməsinin hüquqi mexanizmləri isə açıq qalır.
“Hazırda heç bir razılaşma yoxdur, lakin hiss edirəm ki, anlaşma məhz bu cürdür”, — deyə Paşinyan bəyan edib.
O dəqiqləşdirib ki, anklavlar və eksklavlar məsələsi dahi əvvəl də qaldırılıb, lakin tərəflər hələlik heç bir razılıq əldə etməyiblər. Onun sözlərinə görə, mümkün qərarın ayrı-ayrı aspektləri müzakirə oluna bilərdi, lakin onun detalları razılaşdırılmayıb. O, həmçinin ehtimal olunan qərarın reallaşdırılması üçün referendumun tələb oluna biləcəyini istisna etməyib. Baş nazirin sözlərinə görə, bu məsələ hüquqi baxımdan hələ öyrənilməlidir.
Müvafiq sahəyə malik ərazilərin mübadiləsi yolu ilə anklav və eksklavlar məsələsini həll etməyi Paşinyan daha əvvəl təklif etmişdi. Onun sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası Alma-Ata Bəyannaməsi əsasında aparılmalı, Ermənistanın ərazisi isə 29 743 kv. km təşkil etməlidir. Lakin o zaman Paşinyan söhbətin dəqiq hansı ərazilərdən getdiyini dəqiqləşdirməmişdi.
Sentyabrın 17-də Baş nazir bəyan etmişdi ki, Kərki ərazisində delimitasiyanın detalları üzrə heç bir razılaşma yoxdur. O, həmçinin izah etmişdi ki, referendumun zəruriliyi razılaşdırılmış sərhəd xəttinin ölkə ərazisinin dəyişməsinə gətirib çıxarıb-çıxarmayacağından asılı olacaq./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Oktyabr 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















