Icma.az
close
up
RU
Paşinyanın yeni etirafı: Ermənistanın təhlükəsizlik formulu işləmədi

Paşinyanın yeni etirafı: Ermənistanın təhlükəsizlik formulu işləmədi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən İrəvanda “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” adlı beynəlxalq konfrans keçirilib. Konfransda baş nazir Nikol Paşinyanın çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər diqqəti cəlb edir. O bildirib ki, təhlükəsizlik gündəliyi nöqteyi-nəzərindən birlik çox vacibdir, lakin biz çox vaxt vacib şəraiti unuduruq.

Birliyin və onun məqsədinin nə olduğunu aydın və dəqiq başa düşmək lazımdır: “Mümkün reaksiyalar – burada nə anlaşılmazdır, nə müzakirə edilməlidir? Əslində, danışılası məsələlər var, təhlükəsizlik deyəndə nəyi nəzərdə tutduğumuzu, kimi və hansı təhlükəsizliyi nəzərdə tutduğumuzu, hansı parametrlərlə ifadə edildiyini formalaşdırmaq lazımdır. Mənim anlamımda təhlükəsizlik şəxsi zəifliyin azaldılması prosesidir. Deyə bilərik ki, bu, toxunulmazlıq arzusudur, lakin aydındır ki, mütləq toxunulmazlıq mövcud deyil; hətta Axilles və onun dabanı da toxunulmaz deyildi. Bizim vəzifəmiz mümkün qədər az “dabana” malik olmaq və ya onları maksimum qorumaqdır. Beləliklə, son illərdə zəifliyi azaltmaq anlayışımızda nə isə dəyişibmi və əgər belədirsə, məhz nə? Qeyd etməliyəm ki, təhlükəsizliyin təmin edilməsi və zəifliyimizi azaltmaq anlayışımızda əhəmiyyətli dəyişikliklər baş verib”.

Paşinyan deyib ki, rəsmi İrəvan əvvəlki dövrdə zəifliyi azaltmaq üçün əsas alətlərin hərbi-siyasi ittifaqlar və ordu olduğuna inanırdı: “Amma bizim tariximiz bu formulun nə birinci, nə də ikinci punktda işləmədiyini göstərdi. Birinci hissədə üç dəfə nəticə vermədi: əvvəlcə, KTMT Azərbaycanın da onun üçün Ermənistan Respublikası kimi qardaş dövlət olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bizə elə gəlirdi ki, belə təkliflə heç vaxt qarşılaşmamışıq və ya bəlkə də Azərbaycanın ərazi bütövlüyü dedikdə nəyisə ifadə edən müəyyən formullar tapmışıq. KTMT-nin “Azərbaycanın ərazi bütövlüyü” dedikdə hər zaman “Dağlıq Qarabağı” (dırnaq işarəsi bizimdir–S.H.) nəzərdə tutması faktı Rusiya Prezidenti tərəfindən 2020-ci il noyabrın 18-də və dekabrın 17-də “Dağlıq Qarabağ” ərazisinin beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsi olduğu və həmişə belə hesab edildiyi bəyanatında təsdiqlənib. Başqa sözlə, bu ilkin təhlükəsizlik konsepsiyası, hərbi-siyasi birlik konsepsiyası “Dağlıq Qarabağ” ətrafında baş verən hadisələr kontekstində işləmədi. Hərçənd ki, əgər biz diqqətli olsaydıq, KTMT-dən heç nə çıxmayacağını əvvəldən təxmin edə bilərdik, çünki Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması kontekstində ölkə ictimaiyyəti arasında böyük müzakirələrə səbəb olan çox məlum səhnələr və dialoqlar var idi, lakin zaman keçdikcə maraq azaldı”.

Paşinyan qeyd edib ki, ikinci hal 2021-ci ilin mayında, üçüncüsü 2022-ci ilin sentyabrında yaşanıb: “Həmin vaxt Ermənistan Respublikası “öz ərazi bütövlüyünün pozulması” (?) ilə bağlı KTMT-yə müraciət edəndə təşkilat cavab verdi ki, görünür, sərhədlər delimitasiya olunmayıb, buna görə də sual yaranır: Ermənistan Respublikasının ərazisinə müdaxilə edilib, ya yox? Və burada, təbii ki, həll yollarımızın heç biri nəticə vermədi və biz sadə bir sualla üz-üzə qaldıq: KTMT Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyırmı? Ancaq bu suala cavab verməyə və ya cavab tapmağa belə vaxtımız olmadı. Çünki qəfildən bizim üçün gözlənilmədən başqa, ağlasığmaz görünən sual yarandı: biz öz ərazi bütövlüyümüzü tanıyırıq, ya yox? Burada danışmaq üçün nələrsə var. Əlbəttə, tanıyırıq, ölkə öz ərazi bütövlüyünü necə tanımaya bilər? Bəs bu necə ərazi bütövlüyüdür ki, biz tanıyırıq və KTMT üzrə tərəfdaşlarımızdan tanınmasını gözləyirik?”.

* * *

Ermənistan baş nazirinin çıxışının şərhinə keçməzdən əvvəl bildirək ki, “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” adlı beynəlxalq konfrans İrəvanda hökumətin təşəbbüsü ilə keçirilib. Bu format ilk dəfədir təşkil olunur və tədbirin əsas məqsədi Ermənistanın yeni təhlükəsizlik konsepsiyası barədə müzakirələr aparmaqdan ibarətdir. Amma onun neçənci dəfə keçirildiyi, müntəzəm xarakter daşıyıb-daşımadığı barədə məlumat tapmaq cəhdlərimiz faydasız qaldı. Çox güman ki, bu, Paşinyanın komandasının siyasi gündəliyinə uyğun olaraq təşkil edilən ilk tədbirlərdən biridir və cari ilin təhlükəsizlik və dayanıqlılıq konsepsiyasına bağlanır.

Paşinyanın çıxışı, əslində, Ermənistanın son illərdə yaşadığı siyasi və hərbi böhranların etirafı kimi yadda qaldı. Paşinyan bir daha göstərdi ki, ölkəsinin təhlükəsizlik gündəliyi uzun müddət yanlış təsəvvürlər üzərində qurulub. O, çıxışında etiraf etdi ki, “təhlükəsizlik” anlayışına yanaşma dəyişib və bu dəyişikliyin səbəbi Ermənistanın ardıcıl məğlubiyyətləri, müttəfiq kimi gördüyü qüvvələrin isə real vəziyyətdə susqun qalmasıdır. Nikolun sözlərinə diqqət yetirsək, görərik ki, o, birinci növbədə təhlükəsizlik anlayışını fərdi zəifliklərin azaldılması ilə izah edir. Bu, metaforik baxımdan müəyyən qədər maraqlı görünür. “Axilles dabanı” misalı ilə o demək istəyir ki, Ermənistanın da zəif nöqtələri var və onları gizlətmək, yaxud qorumaq mümkündür. Lakin Paşinyanın özü də etiraf edir ki, zəifliyi gizlətmək deyil, onu aradan qaldırmaq lazımdır. Ermənistanın bu istiqamətdə uğursuzluqları isə artıq danılmaz həqiqətdir.

Paşinyan açıq şəkildə bildirir ki, əvvəlki dövrlərdə təhlükəsizlik konsepsiyası hərbi-siyasi ittifaqlara və orduya bağlanmışdı. Ermənistan cəmiyyətində illərlə formalaşdırılan inam belə idi ki, KTMT kimi qurumlar onların müdafiəsini təmin edəcək, Rusiya isə hərbi və siyasi dəstək göstərəcək. Amma hadisələrin gedişi bunun əksini sübut etdi. Baş nazir özü deyir ki, bu formul nə birinci, nə də ikinci istiqamətdə işləmədi. Burada xüsusilə maraqlı məqam Paşinyanın KTMT-nin mövqeyini dilə gətirməsidir. O, açıq şəkildə etiraf edir ki, təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu, Ermənistan üçün gözlənilməz olub. Halbuki, 2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Prezidentinin verdiyi bəyanatlar artıq hər şeyi aydın göstərirdi. Deməli, Ermənistan rəhbərliyi bu siqnalları ya görməzlikdən gəlib, ya da onları ictimaiyyətə fərqli təqdim edib.

Paşinyanın xatırlatdığı 2021-ci ilin may və 2022-ci ilin sentyabr hadisələri də göstərdi ki, KTMT Ermənistan üçün istənilən formatda müdafiə mexanizmi deyil. Ermənistan sərhədlərlə bağlı müraciət etsə də, təşkilat cavabında delimitasiya olunmamış xətlərdən bəhs edib. Bu, əslində, İrəvana ünvanlanan açıq mesaj idi ki, siz öz sərhədlərinizi dəqiqləşdirməmisinizsə, biz necə hərəkət edək? Bu cavabdan sonra Ermənistan cəmiyyətində yaranan məyusluq daha da dərinləşib.

Əslində, Paşinyanın sözləri Ermənistanın təhlükəsizlik siyasətində illərlə davam edən ziddiyyətlərin açıq etirafıdır. Bir tərəfdən “qardaşlıq” və “ittifaq” ritorikası ilə xalqı arxayın salmağa çalışıblar, digər tərəfdən isə ən kritik məqamlarda həmin müttəfiqlərdən heç bir fayda görməyiblər. Bu gün Paşinyan həmin səhvləri boynuna alır və deyir ki, maraqlarımızı qorumaq üçün yeni yanaşmalara ehtiyac var. Lakin burada əsas məsələ başqadır: Ermənistan hökuməti keçmişdəki yanlış konsepsiyalarını yalnız indi etiraf edir. Halbuki, hadisələrin gedişi çoxdan göstərirdi ki, KTMT-nin imkanları formal xarakter daşıyır və heç bir halda Ermənistan uğrunda riskə getməyəcək. Rusiya da öz maraqlarını üstün tutur və Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyini gizlətmirdi.

Paşinyanın konfransdakı çıxışı bir daha göstərir ki, Ermənistan rəhbərliyi indi təhlükəsizlik anlayışını daha çox daxili siyasi sabitlik, iqtisadi dayanıqlılıq və diplomatik manevrlərlə bağlamağa çalışır. Başqa sözlə, hərbi-siyasi blokların illüziyası dağılıb. İndi İrəvanın qarşısında yeni sual dayanır: daxili və xarici zəiflikləri necə minimuma endirmək olar? Əslində, Paşinyanın dilindən səslənən “biz öz ərazi bütövlüyümüzü tanıyırıqmı?” sualı Ermənistan cəmiyyətinə ünvanlanmış sarsıdıcı bir etirafdır. Çünki bu sualın cavabını Ermənistan özü illərlə qeyri-müəyyən saxlayıb. Nəticədə indi həm müttəfiqlər, həm də region ölkələri İrəvana etibar etmir. Bu gün Ermənistanın təhlükəsizlik konsepsiyası köklü şəkildə dəyişmək məcburiyyətindədir. Əgər Paşinyanın dediyi kimi, “daban”ları qorumaq lazımdırsa, o zaman bu zəif nöqtələri illüziyalarla deyil, real addımlarla örtmək gərəkdir. Əks halda, Ermənistan yenə də siyasi və hərbi baxımdan müdafiəsiz qalacaq.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see234

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see222

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see207

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see147

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see144

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see131

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri