Polis Akademiyasında qəbul planı üzrə nəzərdə tutulmuş yerlər tam doldu FOTOLAR
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Daxili İşlər Nazirliyinin Polis Akademiyası bu gün ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib. Bunu 2025/2026-cı tədris ili üçün keçirilən qəbul prosesi bir daha təsdiqləyib. Xüsusi təyinatlı bu ali təhsil müəssisəsində qəbul planı üzrə nəzərdə tutulmuş yerlər tam dolub.
Avtosfer.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, orta məktəblərdə keçirilən görüşlər, təqdimatlar və maarifləndirici tədbirlər nəticəsində gənclər Polis Akademiyasını təkcə nüfuzlu ali təhsil müəssisəsi kimi deyil, həm də təhlükəsizliyin, əmin-aman gələcəyin və vətənə xidmətin ünvanı kimi görürlər.
Respublikanın demək olar ki, bütün ümumtəhsil müəssisələrini, o cümlədən ən ucqar kəndlərdə yerləşən tam orta məktəbləri əhatə edən təşviqat tədbirləri nəticəsində daxili işlər orqanlarinin təhsil sisteminə maraq ildən-ilə artmaqdadır.
2024/2025-ci tədris ilində qəbul üçün 2250 nəfər müraciət etdiyi halda, bu tədris ilində həmin rəqəm 2938 nəfərə yüksəlib. Onlardan 550 nəfər hüquqşünaslıq, 25 nəfər isə informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olunub.
Ən yüksək bal hüquqşünaslıq ixtisasında 675,3, informasiya təhlükəsizliyi ixtisasında isə 675,7 olub. Minimum keçid balları da ötən illərlə müqayisədə yüksələrək, müvafiq olaraq 462,4 və 568 bal təşkil edib. Ümumilikdə 72 nəfər 600 baldan çox nəticə göstərib.
Məlum olduğu kimi, Polis Akademiyasına qəbul yalnız test imtahanı ilə məhdudlaşmır. Namizədlər əvvəlcə fiziki hazırlıq sınaqları, psixoloji və bilik testləri, daha sonra isə Seçmə Komissiyadan keçirlər. Bu sistem yalnız bilikli deyil, həm də güclü, dözümlü və sağlam düşüncəli gənclərin seçilməsinə imkan yaradır. Şəffaf imtahan prosesi sosial mənşəyindən asılı olmayaraq, hər bir istedadlı gəncə bərabər imkanlar təqdim edir.
Gənclər arasında daxili işlər orqanlarında xidmətə və təhsilə marağın artırılması məqsədilə təşviqat kampaniyaları davam etdirilir. Şagirdlərlə keçirilən maarifləndirici görüşlərdə hüquq-mühafizə sistemində xidmətin əhəmiyyəti, vətənpərvərlik dəyərləri, qəbul şərtləri, imtahan mərhələləri və tədris prosesi barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, kursantların sayının artması akademiyanın maddi-texniki bazasının da genişləndirilməsini zəruri edib. Akademiyada təhsil korpusları, yataqxanalar, tədris laboratoriyaları tikilib, geyim və qidalanma təminatı yenilənib, infrastruktur tam şəkildə müasirləşdirilərək gənclərin hərtərəfli hazırlığı üçün əlverişli şərait yaradılıb.





