Professor Mahirə Hüseynova: Qərbi Azərbaycan folkloru tarixi yaddaşımızın canlı daşıyıcısıdır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı öz işinə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açılış nitqi ilə çıxış edib. O, tədbirin elmi, ictimai və mədəni əhəmiyyətindən bəhs edib, universitetin bu zalında illər boyu mühüm elmi və mədəni tədbirlərin keçirildiyini, həmin məkanın elmi ənənələrin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb.
Çıxışında konfransın Qərbi Azərbaycana həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edən professor Mahirə Hüseynova bu mövzunun azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu bildirib. O, Qərbi Azərbaycan ərazilərinin Azərbaycan xalqının tarixi yaddaşında, mədəni kimliyində və mənəvi dünyasında tutduğu yerə diqqət çəkib.
Professor Mahirə Hüseynova Prezident İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli bəyanatını xatırladaraq, Azərbaycanın dədə-baba torpaqlarına qayıdış ideyasının tarixi və siyasi baxımdan strateji əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Qarabağın azad olunması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin bariz nümunəsidir və bu mübarizə heç vaxt başqa xalqların torpaqlarına iddia məqsədi daşımayıb.
“Qarabağ azad olundu, biz artıq öz torpaqlarımıza qayıtmışıq. Bizim mübarizəmiz öz torpaqlarımızı geri almaq üçün idi. Biz sülh tərəfdarıyıq və bu gün ən böyük arzumuz dədə-baba torpaqlarımıza – Qərbi Azərbaycana qayıtmaqdır”, – deyə professor Mahirə Hüseynova vurğulayıb.
Ermənilər tərəfindən türklərin tarixi torpaqlarından deportasiya edilməsinin ağır sosial və mədəni nəticələrinə toxunan alim Azərbaycan xalqının öz mədəniyyətinə, folkloruna və etnoqrafik irsinə bağlılığını xüsusi qeyd edib. Onun sözlərinə görə, Qərbi Azərbaycan folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, xalqın tarixi yaddaşını yaşadan əsas mənbələrdən biridir.
“Qərbi Azərbaycan folkloru zəngin bir xəzinədir. Xüsusilə Dərələyəz mahalı öz yallıları, milli geyimləri, maddi-mədəniyyət abidələri və el şairlərinin yaradıcılığı ilə sanki canlı etnoqrafik muzeyi xatırladır. Təəssüf ki, vaxtında informatorlardan bu folklor nümunələrini yetərincə toplaya bilməmişik. Lakin bu, tarixi həqiqətlərin dəyişmədiyini və yurd həsrətinin xalqın yaddaşında daim yaşadığını göstərir”, – deyə professor Mahirə Hüseynova bildirib.
Sonda professor Mahirə Hüseynova bu cür elmi-praktik konfransların xüsusilə gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, Qərbi Azərbaycan folklorunun türk xalqları kontekstində, türk dilləri aspektindən sistemli şəkildə araşdırılmasının vacibliyinə diqqət çəkib. O, konfransın işinə uğurlar arzulayaraq iştirakçılardan yeni elmi yanaşmalar və sanballı töhfələr gözlədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















