Qaçaq Nəbi ermənilərin doğram doğram etdiyi qardaşı Mehdinin qisasını necə alıb? Tiflis arxivindən ŞOK DETALLAR KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
12 mart xalq qəhrəmanı Qaçaq Nəbinin anım günüdür.
Qaçaq Nəbi (1851-1896) Qafqazda çar Rusiyası əleyhinə 20 ildən çox davam edən qaçaq – partizan hərəkatının başçısı olaraq şəxsi igidliyi, şücaət və cəsarəti, xalqın sevgisi ilə 150 ildən çoxdur ki, Azərbaycan, İran, Türkiyə coğrafiyasında ən populyar qəhrəmana çevrilib.
Qafqazda XIX əsrdə, XX əsrin əvvəllərində 100-dən аrtıq qаçаq dəstəsi olub ki, onların da içərisində ən şöhrətlisi, davamlılığı və yayılma coğrafiyasına görə Qаçаq Nəbinin dəstəsi idi. Aşağıdakı müqayisə Qaçaq Nəbinin xalqın şifahi yaddaşında nə qədər möhkəm yer tutduğunun ifadəsidir; folklorumuzdakı 11 qaçaq dastanında cəmi 164 qoşma, gəraylı vardır ki, bunun da 83-ü, yəni yarıdan bir az çoxu Qaçaq Nəbinin payına düşüb. Bura yazılan roman, povest, pyes, poema, şeir, hekayələr, filmlər, Türkiyə və Güney Azərbaycanda bizdən heç də az sevilməyən Nəbi-Həcər ünvanlı dastan, şeirlər, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri məşhur 36 misralı “Qaçax Nəbi”si, Türkiyə, İran, Azərbaycan, Kərkük ellərində sayı 100-ə çatan Qaçaq Nəbi-Həcər adına bəstələri, ifaçıları da əlavə etsək, bu sevginin, şan-şöhrətin miqyasının möhtəşəmliyi, qürurvericiliyi aydın görünər. Xalqın qoşduğu bu dastan, nəğmələrdə də Qaçaq Nəbi mücadiləsinin əsas hədəfləri, ən böyük düşməninin kim olduqları adbaad göstərilib; urus, qubernat-qoburnat, naçalnik, pristav, kazak, saldat, kamandir, qazamat… erməni hampa və keşişləri, yerli bəylər, məmurlar – “sapı özümüzdən olan baltalar”…
1890-cı illərdə Peterburqda, Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetlərində dəfələrlə Qaçaq Nəbinin rus, erməni silahlı dəstələrinə necə divan tutduğundan yazmışdı. Peterburqda çıxan “Kafkaz” qəzetində Nəbinin 23 iyul 1894-cü ildə Ordubadın Qarçıvan kəndində yaşayan ermənilərin doğram-doğram elədiyi qardaşı Mehdinin intiqamını necə aldığını yerli-yataqlı yazı çap olunub; Nəbi rus naçalniki, qaçaqları rus kazakları geyimində guya Gorus türməsindən qaçıb bu kənddə gizlədilən məhbusun tapılması adı ilə kəndə girib hamını kilsəyə doldurur, Mehdinin ölümündə əli olan hər kəsin cəzasını verir, toplanan qəniməti 17 dəvəyə yüklədir, yol boyu kasıb kəndlilərə payladır, qalanını Arazın o tayına keçirdir, burda yoxsullara payladır. Qəzetin yaymış olduğu məlumatda, İrəvan general-qubernatorunun Tiflisə raportunda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubl göstərilir. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi barədə Tiflis arxivlərində sənəd-sübutlar var. Nəbinin özünü və dəstəsini aradan götürmək üçün bütün planları cızan, rus dəstələrinin bələdçiləri ermənilər olub və onlar da cəzalarını alıblar. Sovet vaxtı Qaçaq Nəbi haqqında filmin çəkilişinə ən böyük etiraz ermənilərdən gəlmişdi. Mənbələr bildirir ki, Nəbi həmkəndliləri ilə yaylaqda 19 yaşında ikən həmkəndlilərini təhqir etməyə cəsarət edən qudurğan erməni hampası İsvonçun alnından atıb cəhənnəmə göndərmişdi, ilk dəfə buna görə həbs olunmuşdu, həbsdən qaçıb ömrünün sonuna kimi qaçaqlıq – partizanlıq etmişdi.
Maksim Qorki “Nijneqorodskoy listok” qəzetinin 1896-cı il 8 noyabr tarixli sayında dərc olunan “Qafqazda qaçaqlar” oçerkində yazırdı: “Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar olmuşdur…Adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.” Məşhur rus tarixçisi Vasili Lvoviç Veliçkonun Qafqaz qaçaqları haqqında bu məşhur sözləri həm də Qaçaq Nəbiyə və dəstəsinə aiddir: “Onlarda həqiqətən də alicənablıq, mərdlik, sözübütövlük, əhdə sadiqlik, nadir düzlük və açıqürəklilik vardır… Onlar ləyaqətli insanlardır… Onlar pusquda durub adam öldürməyi şərəfsizlik sayırlar. Onlarda belə bir məsəl var: “Düşmənin gözünə baxmaq lazımdır”.
əlal Bərgüşadın “Bozatın belində” romanı bu epiqrafla açılır: “Dünyada mənə elə bir igid göstərin ki, iyirmi bir il el-obasından didərgin düşüb, öz ömür-gün yoldaşı ilə qaranlıq mağaralar da, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun”.
Nəbinin “cinayətləri”ni araşdıran prokuror Jukovski ona “üsyan başçısı” maddəsi vermişdi və Peterburqa yazmışdı ki, Nəbi bildiyimiz qaçaqlardan deyil, buna yalandan qaçaq deyirlər. Bu, bəyləri, mülkədarları tamam qırmaq, torpağı yoxsul kəndlilərə paylamaq üçün qalxan güclü kəndli hərəkatıdır. Müstəntiq-silisçi Beçerovun Qaçaq Nəbi haqqında topladığı işin həcmi 150 tom idi. Naxçıvan quberniyasının polis rəisi çar II Nikolaya yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır”. Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından olmuş Hüseyn Baykara “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının “Azərbaycan tarixində qaçaq hərəkatı” bölməsində bir neçə qaçağın çarın yerli idarələrindən pul-para, qızıl və digər təminatlar müqabilində üzə çıxdığını yazır, bu sırada istisna olan Qaçaq Nəbinin “partizan hərəkatında istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə”sindən geniş bəhs edir.
Nəbi, Həcərin mücadiləsinin kimlərə qarşı olduğunu anlamaq üçün Zəngəzurun sonuncu qazısı, tarixçi, ilahiyyatçı, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi” nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcət (1869 Qubadlı, Dondarlı kəndi-15 mart 1938) “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında xalq qəhrəmanını belə səciyyələndirir: “Üsyançı qaçaqlardan biri və bəlkə də ən məşhuru, bütün hadisə və təfərrüatı ilə tarixini yazdığımız Qaçaq Nəbidir…çar və çarlıq zülmünə qarşı çıxan və xalqın arasında bu qədər şöhrət tapmış bu böyük şəxsiyyət…”. Həmin kitabın mündəricatındakı başlıqlardan: “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər çar hakimiyyətinin müstəmləkə, zor gücləridir. B.Behcət müasiri, qonşu kəndçisi olmuş Qaçaq Nəbi haqqında kitabının əvvəlində yazdığı kimi Nəbinin yalnız gerçək “sərgüzəştlər”ini yazmışdır. Nəbinin xarakterinin əsas məziyyətlərini, görkəmini, xarakterini B.Behcət belə təsvir edir: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək, yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxmazdı. Nəbi öz zəmində etibarlı və iffətli idi. Onun bütün hərəkətləri mətin və qüvvətli iradənin səmərəsi idi. O, qadına hörmət barəsində çoxdan çox ehtyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox hörmətcil və qayğı göstərən idi, gizli oğurluğu qadağan etmişdi. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək onların işi deyildi. “Aynalı” tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş “osmanlı” tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək, çox yüngül, görünüşcə dəgözəl bir at idi.”
Kitabda Nəbinin həbsdən ilk qaçışı belə təsvir olunur; Nəbini Naxçıvanda qazamatda bir qədər saxlayıb sonra yatab ilə Şuşa şəhər türməsinə göndərirlər. Zəngəzur qəzasının içindən yolçular Gorus şəhərindən keçirdi, oradan da Şuşa şəhərinə aparılırdı. Nəbi piyada qolları bağlı, kazak gözətçiləri, qaravullar atlı idilər. Nəbi qolları bağlı halda dağ sıldırımı cığırdan keçəndə darısqal bir döngədə sıçrayıb yoldan çıxır, sıldırım qayalardan üzüaşağı dərəyə atlanıb aradan çıxır. Onun Şeyx Şamilin məşhur silahdaşı Hacı Muradın qaçışını xatırladan bu qaçışı o dövrün qəzetlərində də geniş əks-səda doğurmuşdu. Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları – Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol general-qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan general-qubernatoru A.A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın görünürdü ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxır.
Rus çarizminin Cənubi Qafqazdakı generallarının Qaçaq Nəbinin və dəstəsinin tam məhvinin Qacarlar İranı və Osmanlı dövlətlərinin köməyi olmadan mümkünsüzlüyü barədə raport, məlumatlarını nəzərə alan Peterburq sarayı ən təcrübəli xəfiyyələrindən olan general-leytenant D. Skalonu məxsusi olaraq Qafqaza ezam edir. Artıq 4 rus və Peterburq sarayının Tehrana ciddi təzyiqi ilə Müzəffərəddin şahın əsas generallarından olan Bahadır xan da bu sırada olmaqla 5 general Nəbiyə qarşı birləşir. General-leytenant D.Skalon Peterburqa raportunda Qaçaq Nəbi ilə bağlı vəziyyəti izah edərək yazırdı: “Əhali hakimiyyət orqanlarına bu quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur.”
1890-cı illərdə Nəbinin mübarizəsinin daha geniş əraziləri əhatə etməsi, dəstəsinə qoşulanların, tərəfdarlarının sayının get-gedə çoxalması, xüsusilə Dərələyəz mahalında xeyli erməni hampasından gizlədilmiş silah-sursat əldə etməsi, bir neçə qaçaq dəstəsinin birləşib saylarını artırması, Osmanlı dövlətinə yaxın ərazilərdə daha mütəşəkkil, planlı döyüşlər apararaq çar kazaklarına zərbələr yetirməsi çar hökumətinin narahatlığını artırırdı. Bu, arxivlərdə saxlanan raportlarda, çoxsaylı sənədlərdə, o dövrdə Peterburq, Tiflisdə çıxan qəzetlərdəki yazılarda da aydın görünür, Rusiya hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı. Sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə İran-Naxçıvan sərhəddində görünməşi, çar məmurlarının qorxuya düşməsi İrəvan qubernatoru A. A. Frezenin Cənubi Qafqaz diyarının baş rəisi A.S. Şeremetyevə ünvanladığı təliqəsində açıq-aydın görünür. Nəbiyə kömək edənlərin dərhal tutulub ağır cəzalanması barədə təlimatlar, yerli əhaliyə əlavə vergi yükləmələri, qaçaqları öldürənlərə, yerini deyənlərə mükafatlar vəd edilməsi də öz işini görür.
Xalqın daim dəstəyini almış Nəbi öz ətrafında mühasirə xəlqəsinin daraldığını da, bir çox silahdaşının illərlə sürən məşəqqətli, hər anı ölümlə üzbəüz olan qaçaqçılıq həyatından bezdiyini də görür, bir müddət gözdən uzaqlaşmaq üçün dəstəsini Həcər də aralarında olmaqla gözdən Iraq Urmiyada etibarlı saydığı simsarlarının yanında yerləşdirirb İraqa – Kərbəla ziyarətinə yollanır. Nankor xainlər də bu müddətdə boş dayanmır, müvəqqəti Nəbisiz-başçısız qalmış dəstənin içərisindəki zəif bəndləri, xəyanətə meylli ünsürləri tapa bilirlər, ziyarətdən geri dönəcəyi günü, vədəni də öyrənirlər. Nəbi Türkiyə ilə İran arasında yerləşən Larni kəndində tələ qurulur, rus, fars generallarından yağlı vədlər almış rus casusları – hacı Fərəc, məşədi Paşa və Şahhüseyn 12 mart 1896-ci ildə Novruz bayramından əvvəlki çərşənbə gününün gecəsi pusquda durduqları dəyirmanın yaxınlığında Nəbini güllə yağışına tuturlar, al-qanına qərq edirlər. Həcər və dəstəsi, el-oba güllə səsləri gələn yerə yetişəndə vəfalı sevgilisi, istəkli əminəvəsi. ən sədaqətli igid silahdaşı Həcərlə, dəstəsi ilə görüşməyə tələsən 45 yaşlı Qaçaq Nəbini qan gölü içində görürlər. Nəbi böyük hörmət izzətlə Larni kəndində dəfn olunur (hazırda Qaçaq Nəbi, Həcər xanımın Azərbaycan, İran və Türkiyədə yaşayan doğmaları onun məzarının abadlaşması, yaxud nəşinin Vətənə gətirilməsi üzrə fəal iş aparırlar, onsuz da Arazın o tayı da bu tayı da Vətəndir).
Qaçaq Nəbi ilə illərlə duz-çörək kəsmiş bu namərdlərin törətdikləri qətl müqabilində nə qədər pul-para, qızıl aldıqları barədə də iltizamları, aldıqları vəkalətləri, sonra da çar xəfiyyələrinin köməyi ilə uzaq məkanlarda gizləndikləri barədə sənədlər arxivlərdə saxlanır. Qaçaq Nəbidən bəhs edib vəfalı ömür-gün yoldaşı Həcər xanımdan (1854-1919) danışmamaq bağışlanmaz günah olar. Bunlar qartalın qoça qanadlarıdır! Anadolu ellərində hər zaman “Kaçak Nebi ile Kaçak Hacer” dastanı heyranlıqla dinlənilir, onların şəninə qoşulan el mahnıları Arazın o tay-bu tayında olduğu kimi sevilərək oxunur. Tarixi sənədlər də sübut edir ki, 20 ildən çox partizan savaşı aparan Nəbinin dəstəsində 2-ci ən qoçaq, igid qaçaq elə Həcərdir. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş, Həcər xanımı yaxından görüb haqqında bilgilər toplayan P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”.
Qaçaq Həcər Azərbaycan qadınlarının vətənpərvərlik, igidlik, qoçaqlıq örnəyidir. Dünya tarixində 20 ilədək əlinə tüfəng götürüb əri ilə birlikdə partizanlıq edən, xalqın düşmənlərinə qarşı əri ilə birlikdə mübarizə aparan, qadın qəhrəmanlığını, şücaətini ən yüksək zirvəyə qaldıran Həcərin adı Azərbaycan xalqı üçün bir simvola çevrilib. “Qafqaz” qəzeti 1895-ci il 25 oktyabr tarixli sayında yazırdı ki, döyüşlərdə böyük əziyyətlərlə qarşılaşmış Həcər kişi kimi vuruşur, heç zaman təslim olmur, dəfələrlə qazamata salınsa da, öz inadından dönmür. Xalq “Qaçaq Nəbi” dastanında Həcərə sevgi, məhəbbətini bir çox hallarda Nəbidən daha üstün tutub, ali məqamda vəsf edib, həm də ona görə ki, O-xanımdır, Qadındır, Ulu Yaradan onu başqa missiya üçün yaradıb. Əldə silah kişilərlə birlikdə at belində gecə-gündüz o dağ sənin, bu qaya mənim, qarlı-sazaqlı günlərdə el-oba, çay, orman, keçidlərdə, qanlı savaşlarda yadellilərlə savaş qadın işi deyil. Həcər bu mənada bütün xarakteri ilə nə qədər möhtəşəm olsa da, o, həm də zərif cinsin təmsilçisi olan Qadındır. Həcərin bacısı Mehri də onunla birlikdə qaçaq düşmüşdü, əldə tüfəng savaşmışdı, qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq etmişdi. O, hökumət adamları tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib sağ-salamat kəndlərinə qayıtmışdı. 1980-ci illərdə Qubadlının Mollu kəndində Həcəri görən yaşlılar deyirdi ki, o, qarayanız, orta boylu, cəld, qorxubilməz, at minib tüfəng atmaqda Nəbidən geri qalmazdı, Nəbiyə sevgisi həm qohumu, həmkəndlisi, ömür-gün yoldaşı kimi sonsuz idi. I və II Qarabağ savaşında Qaçaq Nəbi-Həcər soyunun bir neçə övladı şəhid və qazi olub, bir çoxu Türkiyə, Azərbaycanda layiqli sənəti, ictimai, humanitar fəaliyyətləri ilə etimad, hörmət qazanıblar.
2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsindən dərhal sonra Qaçaq Nəbinin və Qaçaq Həcərin dünyaya göz açdığı Qubadlının Mollu kəndində onların abidə kompleksi ucaldılıb. “Qanlı zəmi” bədii filmində xalq qəhrəmanı Qaçaq Nəbinin dediyi bu sözlər dillər əzbəridir: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz. Bunu sırğa elə, as qulağından”.
Qaçaq Nəbinin savaş meydanı qərbi, şərqi ilə birlikdə Zəngəzurdur, qərbi, cənubu, şimalı – İrəvanı, Dərələyəzi, Vedisi, Naxçıvanı, Qaradağı, Urmiyası ilə birlikdə bütöv Azərbaycandır, tarix boyu Azərbaycana qardaş, etibarlı arxa, dayaq olmuş Osmanlı Türkiyəsidir, Qars, İğdır elləridir, harda lazım idisə, ehtiyac olurdusa Qaçaq Nəbinin dəstəsi orada peyda olurdu, el ona, o da elə sığınırdı. Vətən belə cəsur igidləri Vətən olur, ucalır, böyüyür, şərəflənir.Xalqımız əvəzsiz, bənzərsiz qəhrəmanlarını hər zaman sevgi, əbədi ehtiramla yaşadıb, yaşadır və əbədi yaşadacaqdır.
Hacı Nərimanoğlu, tarix üzrə fəlsəfə doktoru

