Icma.az
close
up
RU
“Qadınlar heç kimdən icazə istəmədən meydana çıxdılar” İnna Kvirtiyanın ə MÜSAHİBƏSİ + FOTO/VİDEO

“Qadınlar heç kimdən icazə istəmədən meydana çıxdılar” İnna Kvirtiyanın ə MÜSAHİBƏSİ + FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnna Kvirtiya - Azərbaycanın “White City” futbol klubu və futbol akademiyasının prezidenti, eyni zamanda bloqer və geyim dizayneridir.

Onun futbol aləminə gəlişi bir vaxtlar böyük maraq doğurmuşdu. Axı Azərbaycanda bu idman növü ənənəvi olaraq kişilərin fəaliyyət göstərdiyi sahədir. Bu gün İnna həyat yoldaşı, sabiq futbolçu Nuqzar Kvirtiya ilə birlikdə ölkədə futbolun inkişafı istiqamətində fəal çalışır. O, bu yola çıxanda bildirmişdi ki, əsas məqsədi akademiyanın yetirmələrini milli komanda və Azərbaycan Premyer Liqası səviyyəsinə çıxarmaqdır.

İdman.Biz İnna Kvirtiya ilə bu məqsədlərə nə dərəcədə nail olunduğu, futbolda qadınlara qarşı diskriminasiya və onun ilk dəfə futbolçu kimi meydana çıxması barədə danışıb.

- Son illərdə “White City” akademiyasının yetirmələri hansı uğurlara imza atıblar?

- Ən böyük nailiyyət - uşaqların necə böyüdüklərini, əvvəl olmayan komanda ruhu və özünəinam qazandıqlarını görməkdir. Bu gün bizim yetirmələr Azərbaycanı müxtəlif səviyyələrdə ləyaqətlə təmsil edirlər: milli komandada, “Zirə”, “Dinamo Moskva” klublarında, eləcə də Barselonadakı “Marcet” akademiyası və “P.B.Collblanc” klubunda çıxış edirlər. Bu, təkcə qürurverici hal deyil, həm də sübutdur ki, uşaqlarımızda dünya səviyyəsində potensial var. Onların hər bir qələbəsi bizim üçün şəxsi qələbədir.

Bilirsiniz, “White City” yaranandan bu günə qədər kifayət qədər çətinliklər olub - təşkilati məsələlərdən tutmuş, intizam, məktəb qrafiki və uşaqların motivasiyası arasında ideal balans tapmağa qədər. Amma onların nailiyyətlərinə baxanda anlayırsan ki, bütün bu çətinliklər buna dəyib.

-Akademiyaya qoşulmaq istəyənlər üçün bu proses necə həyata keçirilir?

- Çox sadədir: qrafiki uyğunlaşdırmaq və tək günlərdə məşqlərə gəlmək kifayətdir. Biz heç vaxt akademiyanı “qapalı klub” kimi təqdim etmirik, əksinə, uşaqların gəlməsini və futbol oynamasını istəyirik. Əgər istedadlı uşaq hər hansı səbəbdən bizdə məşq edə bilmirsə, biz onu diqqətsiz qoymuruq - istiqamətləndirir, əlaqələr və tövsiyələr veririk. Əsas odur ki, inkişaf dayanmasın. Futbol bu işi ürəkdən sevən hər kəs üçün əlçatan olmalıdır.

Bizim metodikamız yalnız nəticələrə deyil, futbol sevgisinin aşılanmasına əsaslanır. Uşaqlara komanda şəklində işləməyi, oyundan zövq almağı və güclü tərəflərini kəşf etməyi öyrədirik. Tablodakı rəqəmlər isə sadəcə onların qazandığı uğurların qeydə alınmasıdır.

Bu gün futbol ən populyar idman növüdür və uşaqlar üçün məşq edə biləcəkləri çox yer var. Amma hər klub oyunçularını ruhlandıra bilmir. Biz isə elə bir mühit yaratmağa çalışırıq ki, uşaq oyuna məcbur deyil, istəkli şəkildə gəlsin.

- Uşaqlarla işləmək valideynlərlə ünsiyyəti də tələb edir. Bu münasibətləri necə qurursunuz?

- Mən valideynlərə “qarşı tərəf” kimi baxmıram. Bizim ortaq məqsədimiz var - uşaqlara böyüməyə və özlərinə inanmağa kömək etmək. Əlbəttə, elə hallar olur ki, kimsə həyəcanlanır, övladını qorumaq istəyir. Amma mən də anayam və hər bir narahatlığı, “niyə çatdırmır?”, “siz əminsiniz ki alınacaq?” kimi sualları çox yaxşı başa düşürəm.

Mən valideynlərlə “protokol üzrə” deyil, səmimi şəkildə danışıram. Harada səmimiyyət varsa, orada qarşıdurma olmur. Əsas məsələ - ünsiyyət, dinləmək bacarığı və hər şeyin sevgi ilə edildiyini xatırlamaqdır. Əgər mərkəzdə uşaq dayanırsa, konfliktlər sadəcə əriyib gedir.

- Bir müsahibənizdə qadınlardan ibarət komanda formalaşdırmaq istədiyinizi demişdiniz. Bu istiqamətdə vəziyyət necədir?

- Hər şey kiçik addımlardan başlayır. Qızlar azdır və onlar hazırda oğlanlarla birlikdə məşq edirlər. Amma mən bunu dəyişimin ilk cücərtisi kimi görürəm. Bizim üçün əsas məsələ sadəcə qadın komandası yaratmaq deyil, həm valideynlərin, həm də qızların bu oyunun ləzzətini hiss etməsini və inanmalarını təmin etməkdir - futbol həm də onlar üçündür. Əminəm ki, biz bu mərhələyə çatacağıq.

- Futbol mühitində qadın olaraq gender diskriminasiyası ilə üzləşmisinizmi?

- Əlbəttə, olub - bəzən təbəssümlə, bəzən də qaş oynatmaqla. Futbol mühitində qadın olmaq sanki dikdaban ayaqqabıda meydana çıxmaq kimidir: hamının diqqət səndə olur, amma qaçmaq çətindir.

Bilirsiniz, diskriminasiya həmişə açıq qarşıdurma deyil, çox vaxt sükutla olur. Sənə gülümsəyirlər, amma qulaq asmırlar və ciddi qəbul etmirlər. Dəfələrlə bu “görünməz divarı” hiss etmişəm. Amma mən ona maneə kimi yox, çağırış kimi baxmışam. Axı bu, normaldır - insanlar nadir hadisələrə necə reaksiya verəcəklərini bəzən bilmirlər.

Bu gün isə görürəm ki, vəziyyət dəyişir. Və bu, kimsə yuxarıdan qadınlara “icazə” verdiyi üçün deyil. Sadəcə qadınlar icazə istəmədilər. Onlar top və ideyaları ilə gəldilər - və mövcudluqlarını qorudular. Çünki hörmət cinsə görə verilmir, əməl ilə qazanılır.

Üstəlik, kişilər də yavaş-yavaş anlayıblar ki, bizimlə mübarizə aparmaq yox, eyni komandada oynamaq lazımdır. Deyərdim ki, bu, inqilab deyil - təkamüldür.

Ümumiyyətlə, futbolda qadın olmaq bu oyuna balans gətirmək məsələsidir. Biz oyuna yalnız güc yox, həm də enerji, estetika və emosiyalar gətiririk. Ola bilsin ki, məhz buna görə futbol bu gün daha “insani” hala gəlir.

- Həyat yoldaşınız Futbol Media Liqasında iştirak edir. Sizcə, bu cür layihələr ölkədə futbolun inkişafına təsir edirmi?

- O, sadəcə iştirak etmir, həm də bu layihənin ideya müəllifi və təsisçisidir. Onun tərəfdaşı MMA dünyasından olan dostu Ziya Əliyevdir. Ona görə də, əgər yaxın zamanda futbolçuların təkcə qapıya yox, kiməsə də “zərbə endirdiyini” görsəniz, təəccüblənməyin (gülür).

Onlar Ziya ilə birlikdə idmanı, bloqçuluq və medianı birləşdirən bir platforma yaradıblar. Məqsəd - futbolla gəncləri onlara yaxın olan formatda - kontent, emosiyalar və canlı ünsiyyət vasitəsilə tanış etmək, futbolu populyarlaşdırmaqdır.

Bu bizim üçün sadəcə bir layihə deyil, idmana olan sevginin milli hərəkata çevrilməsinin nümunəsidir. Artıq neçə ildir ki, bu təşəbbüsü dəstəkləyən və inkişaf etdirən tanınmış şəxslərə çox minnətdaram. Belə layihələr inanılmaz dərəcədə vacibdir – onlar futbolu daha yaxın, canlı və insani edirlər.

- Siz həyat yoldaşınıza bu layihədə kömək edirsinizmi?

- Əlbəttə, hər bir arxa planda olan qadın kimi mən də dəstəyimlə, bəzən də səhər saat dörddə fincan qəhvə ilə kömək edirəm (gülür).

- Siz də Media Liqasının bir oyununda iştirak etmisiniz…

- Bəli, doğrudur, mən meydana çıxdım. Və beş dəqiqə qaçdıqdan sonra hiss etdim ki, təkcə nahar kalorilərini yox, keçən ilin desertlərindən qalan karmamı da yandırmışam (gülür). Nəhayət başa düşdüm ki, ərimin arıq qalmasının sirri nə sehr, nə də genetika imiş - sadəcə 90 dəqiqə fasiləsiz qaçış!

Mənim iştirakım Azərbaycanda qadın futboluna dəstək məqsədi daşıyırdı. Bizim futbolçularımızın nəticələri ilə fəxr etməyə dəyər - UEFA Millətlər Liqasında öz qrupunda birinci yerdə idilər. Biz bu nailiyyətə diqqət çəkmək istədik.

Media Liqasında çıxış edən komandaların heyətində milli yığmamızın oyunçuları - Fidan Cəfərova, Coşquna Əliyeva, Məna Molaeva və Alina Nehmətova da vardı. Belə peşəkarlarla eyni meydanda oynamaq asan deyil, ona görə də mənim “beş dəqiqəlik yürüşüm” məşqçi ilə əvvəlcədən razılaşdırılmışdı – bu, qarşılıqlı qərar idi. Əlbəttə, oyundan əvvəl ərimdən fərdi məşqlər də almışdım.

- Futbolçu kimi özünüzü necə hiss etdiniz?

- Komandanın bir hissəsi olmaq, meydanda enerjini və azartı hiss etmək, həm oyunçuların, həm də tribunadakı tamaşaçıların dəstəyini eşitmək - bu, xüsusi bir hissdir. Yeganə təəssüfüm odur ki, meydanda az qaldım və oyundan tam zövq almağa imkan olmadı. Amma tribunadakı fan-klub bunu kompensasiya etdi - dostlarım plakatlarla, qışqırıqlarla, gül-çiçəklərlə və hətta “tacla” şou təşkil etmişdilər (gülür). Bu, inanılmaz idi. Deyə bilərəm ki, həyatımın ən xoşbəxt anlarından biri idi.

- Siz və həyat yoldaşınız birlikdə işləyirsiniz. Bu, şəxsi münasibətlərinizə mane olmurmu?

- Düzünü desəm, bəzən mübahisə edirik (gülür). Amma biz təkcə meydanda deyil, həyatda da komanda olmağı öyrənmişik. Bir-birimizi ruhlandırırıq, motivasiya veririk və birlikdə inkişaf edirik. İnsanlar arasında hörmət, etimad olduqda, iş bu münasibətləri yalnız gücləndirir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Noogi ?? (@nugzarkvirtiya)

- Siz çoxşaxəli insansınız. Futboldan başqa nələrlə məşğulsunuz?

- Bilirsiniz, əgər uyğun olsaydı, vizit kartımda belə yazardım: Ana, fitnes həvəskarı, futbolsevər və süni intellekt imkanlarının heyranı”.

Ən vacib layihəm, əlbəttə, analıqdır. Bu, daim dəyişən rolları olan bir missiyadır. Fitnes isə təkcə bədən formasını deyil, həm də sağlam düşüncə və pozitiv enerjini qorumağa kömək edir. Axı 43 yaşda yaxşı genetikanın da bir az dəstəyə ehtiyacı olur (gülür).

- Bloqunuzda ən çox səslənən rəylərdən biri bədən formasınızla bağlı komplimentlərdir...

- Əslində, idman və düzgün qidalanma çoxdan mənim gündəlik həyatımın bir hissəsinə çevrilib. Mən sərt məhdudiyyətlərin tərəfdarı deyiləm, sadəcə bədəni dinləyir və ona enerji verən şeyləri seçirəm. Ümumiyyətlə, hər şey sadədir: hərəkət, özünü sevmək və bir az intizam. Vacib olan odur ki, forma təkcə bədənlə deyil, həm də daxili vəziyyətlə bağlıdır.

- Süni intellektdən də bəhs etdiniz...

– Bəli, bu, mənim yeni maraq dairəmdir – süni intellekt imkanlarını öyrənmək. Mənə gələcəkdə nələrin necə işləyəcəyini anlamaq maraqlıdır, çünki süni intellekt artıq təkcə texnoloji alət deyil, demək olar, biznes və yaradıcılıqda tərəfdaşdır.

Hazırda onu media və marketinq sahəsində analiz, planlaşdırma və vizuallaşdırma üçün istifadə edirəm. Amma inanıram ki, süni intellekt heç vaxt insan impulsunu əvəz edə bilməyəcək - axı biz məhz bu hiss üçün “meydana çıxırıq”. O, sadəcə komandadakı daha bir oyunçu olacaq - görünməz, amma bəlkə də ən dəqiqi.

- Sizcə, süni intellektin idmanda gələcəyi varmı?

- Mən süni intellektin idmanda inkişafını eyni maraqla izləyirəm, necə ki, insanlar vaxtilə ilk avtomobilə baxırdılar. Əvvəlcə hamı qorxurdu – “bəlkə atları əvəz edəcək”, amma sonra gördülər ki, sadəcə hərəkət daha sürətli oldu.

Leyla Eminova

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see261

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see212

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see191

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see172

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see157

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see146

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see130

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see126

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see124

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri