“Qanunvericiliyin icazə verməsi o demək deyil ki, kimsə istədiyi kimi, düşünmədən ad soyad dəyişikliyi etsin”
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Elçin Bayramlı bildirib ki, insan həyatı boyu bir ad və bir soyadla yaşamalıdır: “Son vaxtlar ad və soyad dəyişdirmə hallarında müəyyən artım müşahidə olunur. Bu tendensiyanın müxtəlif səbəbləri var və əsasən iki istiqamətdə özünü göstərir. Bir hissəsi dəblə bağlıdır - bəzi insanlar müəyyən adları bəyənmədikləri üçün onları dəyişdirməyə üstünlük verirlər. Halbuki bu adlar bizim ənənəvi, milli və tarixi adlarımızdır; əsrlər boyu istifadə olunmuş, dərin mənalar daşıyan adlardır. Sadəcə dəbə uyğun gəlmədiyi üçün bu adların dəyişdirilməsi arzuolunmaz və mənfi hal kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, insan həyatı boyu bir ad və bir soyadla yaşamalıdır. Lakin burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Obyektiv səbəblərə gəldikdə, bəzi hallarda valideynlər uşaqlarına mənası uyğun olmayan, yaxşı səslənməyən və ya gülünc adlar verirlər. Bu cür adlar uşaqların sosial mühitdə, xüsusilə məktəb və gənclik dövründə lağ obyektinə çevrilməsinə səbəb ola bilər. Belə hallarda həmin şəxslər adlarını dəyişdirməyə məcbur qalırlar. Bu cür dəyişiklikləri anlayışla qarşılamaq lazımdır. Heç bir uşaq valideyninin düşüncəsizliyi ucbatından ömür boyu mənəvi əziyyət çəkməməlidir. Ad insanın kimliyinin ayrılmaz hissəsidir və əgər bu kimlik şəxs üçün mənfi emosiyalar doğurursa, onun dəyişdirilməsi təbii və başadüşüləndir.
Soyad məsələsinə qaldıqda, burada dəyişikliklər əsasən şəkilçilərlə bağlı olur və bu, milliləşdirmə prosesi çərçivəsində mühüm və zəruri bir addım kimi qiymətləndirilə bilər. Şəxsən mən özüm də 1990-cı illərin sonlarında soyadımı rəsmi şəkildə dəyişdirmişəm.
Burada vacib bir məqam var: şəkilçiləri dəyişmək mümkündür və bu zaman soyadın kök hissəsi qorunub saxlanılır. Lakin soyadın tamamilə dəyişdirilməsi, yəni fərqli bir soyad götürülməsi doğru hesab edilə bilməz. Çünki soyad bir ailənin, bir nəslin yüzillərlə formalaşmış tarixini daşıyır. Bu tarixi bağları qırmaq, həmin ailə və nəsil ardıcıllığını pozmaq deməkdir. Dünyanın əksər ölkələrində, müxtəlif sivilizasiyalarda soyadlar ailə və nəsil mənsubiyyətinin davamlılığını təmin edən mühüm bir göstəricidir.
Şəkilçi dəyişikliyi isə məntiqli və qəbulolunandır. Məsələn, “-ov”, “-ova” şəkilçilərinin əvəzinə “-lı”, “-li”, “-zadə” kimi milli şəkilçilərin işlədilməsi həm dilimizə, həm də mədəni kimliyimizə daha uyğundur.
Bəzən isə insanlar tamamilə ad formasında olan soyadlar götürürlər. Məsələn; şərti olaraq “Saleh Qurban” kimi bir ad-söyləmədə hər iki hissə ad təsiri bağışlayır və bu zaman hansı hissənin ad, hansının soyad olduğu aydın olmur. Ona görə də soyadlar təkcə ad formasında olmamalı, ya şəkilçi ilə tamamlanmalı, ya da fərqli bir sözlə ifadə olunmalıdır ki, ad və soyad bir-birindən aydın şəkildə seçilə bilsin”.
Elçin Bayramlı
Elçin Bayramlı qeyd edib ki, adlar və soyadlar bir millətin identifikasiya sisteminin əsas elementlərindəndir: “Hazırda insanlar bu məsələdə daha sərbəstdirlər və qanunvericilik də onlara bu azadlığı tanıyır. Lakin mən bunu məntiq və ədalət baxımından dəyərləndirərək düşünürəm ki, ad və soyad seçimi milli köklərə əsaslanmalı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır. Belə olduqda gələcəkdə bu sahədə yaranacaq problemlərin qarşısı da alınmış olar.
Soyadlarımız, ailə və nəsil ənənələrinin daşıyıcısı kimi, kök sözünü qorumaq şərti ilə şəkilçi dəyişikliyi ilə milliləşdirilə bilər. Məsələn, əgər bir şəxsin adı “Saleh Qurban”dırsa, bu formanın “Saleh Qurbanlı” və ya “Saleh Qurbanzadə” kimi versiyaları həm milli, həm də məntiqi baxımdan daha uyğun və aydın olar. Bu istiqamətdə müxtəlif formalar mövcuddur və hər biri ailə bağlarını qorumaqla yanaşı, milli kimliyi də ifadə edə bilər. Hətta Qurbanzadə də etmək olar. Müxtəlif formaları var.
Ata adı ilə bağlı dəyişikliklər çox nadir hallarda baş verir və bu, əsasən ailə vəziyyətlərindəki xüsusi hallarla əlaqəlidir. Bəzən sonradan məlum olur ki, şəxsin bioloji atası fərqli imiş və ya boşanma nəticəsində uşağın soyadı dəyişdirilir. Uşaq anada qalarsa, ana öz soyadını ona verir. Lakin bu, ənənəvi sistem baxımından düzgün sayılmır. Çünki soyad ailə mənsubiyyətini ifadə edir və bu mənsubiyyət adətən atanın soyadı ilə müəyyən olunur. Uşağın ailə vəziyyətindən asılı olmayaraq, onun faktiki və ya bioloji atası kimdirsə, soyadı da ondan gəlməlidir.
Əlbəttə, hazırda qanunvericilik insanlara ad, soyad və ata adı ilə bağlı dəyişiklik etmək imkanı verir. Lakin bu, o demək deyil ki, hər kəs istədiyi kimi, düşünülmədən bu dəyişiklikləri etməlidir. İnsanlar bu məsələlərə daha məntiqli və məsuliyyətli yanaşmalıdırlar.
Ümumiyyətlə, adlar və soyadlar bir millətin identifikasiya sisteminin əsas elementlərindəndir. Onlar xalqın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini əks etdirən mühüm göstəricilərdir. Dünyanın əksər ölkələrində ad və soyadlar vasitəsilə şəxsin hansı millətə mənsub olduğu müəyyən edilir. Təəssüf ki, bizdə bəzən dəblə bağlı olaraq filmlərdən və seriallardan götürülmüş, ənənəvi adlarla heç bir əlaqəsi olmayan adlar uşaqlara verilir. Bu isə nəticədə tarixi adların unudulmasına, nəsillər arasında ad baxımından əlaqənin qırılmasına səbəb olur. Belə bir mənzərə yaranır ki, 100 il əvvəlki nəsillərlə bu günkü nəsillər arasında ad baxımından heç bir bağ qalmır. Bu isə milli mədəniyyətin və psixoloji davamlılığın pozulmasına gətirib çıxarır”.
Sosioloq vurğulayıb ki, sevindirici haldır ki, bir neçə il öncə mənası uyğun olmayan, adların uşaqlara verilməsinə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub: “Millətin tarixi, mədəniyyəti və düşüncə tərzinin davamlılığı üçün ad və soyadlarda tarixi ənənələr qorunmalıdır. Əlbəttə, mənası pis olan, gülüş hədəfinə çevrilən və ya şəxsi narahat edən adların dəyişdirilməsi başadüşüləndir və normal haldır. Lakin digər hallarda, xüsusilə də sırf dəbə uyğunlaşmaq məqsədilə ad və soyadların dəyişdirilməsi zəruri hesab olunmamalıdır.
Soyad məsələsində isə əsas diqqət şəkilçilərə yönəlməlidir. Milliləşdirmə məqsədilə “-ov”, “-ova” kimi şəkilçilərin “-lı”, “-li”, “-zadə” və s. ilə əvəz olunması məntiqli və qəbulolunan bir yanaşmadır. Lakin soyadın kök hissəsi - yəni ailə və nəsil mənsubiyyətini ifadə edən əsas hissə - qorunmalıdır. Çünki bu kök söz atanın, babanın, ulu babanın adını daşıyır və bir ailənin tarixini özündə ehtiva edir. Onu tamamilə dəyişdirmək, bu tarixi bağları qırmaq deməkdir.
Bəzən isə ad və soyadlar elə seçilir ki, hər ikisi ad təsiri bağışlayır. Məsələn; “Saleh Qurban”. Bu zaman sənədlərdə və gündəlik ünsiyyətdə çaşqınlıq yaranır: hansı hissə ad, hansı hissə soyaddır, aydın olmur. Belə halların qarşısını almaq üçün soyadlar ya şəkilçi ilə tamamlanmalı, ya da fərqli və aydın şəkildə seçilməlidir.
Sevindirici haldır ki, bir neçə il öncə mənası uyğun olmayan adların uşaqlara verilməsinə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub. Bu, müsbət addımdır və zamanla bu sahədəki problemlərin azalmasına səbəb olacaq. Lakin əvvəllər verilmiş belə adlar hələ də mövcuddur və onların sahibləri bu adları dəyişdirmək istədikdə, bu da başadüşülən və qəbulolunan bir haldır.
Bu prosesə yanaşmada iki əsas prinsip önə çıxır: birincisi, mənfi məna daşıyan və ya şəxsi narahat edən adların dəyişdirilməsi zəruridir; ikincisi isə soyadların milliləşdirilməsi mümkündür, lakin kök hissə qorunmalıdır. Bu cür yanaşma həm milli kimliyin qorunmasına, həm də fərdi rahatlığın təmin olunmasına xidmət edər”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















