Icma.az
close
up
RU
Qarabağ Zəfərindən Böyük Qayıdışa

Qarabağ Zəfərindən Böyük Qayıdışa

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalqımız Qələbənin mənəvi enerjisini dirçəliş dinamizminə çevirib

2020-ci il noyabrın 8-də əldə olunan tarixi Zəfər Azərbaycan dövlətçiliyinin və xalqının əsrlər boyu arzuladığı milli birliyi, azadlıq və ədalət idealını reallığa çevirdi, Ermənistanın 30 ilə yaxın bir müddətdə həyata keçirdiyi işğalçılıq siyasətinə son qoydu, tarixi torpağımızı – Qarabağı düşməndən xilas etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməndən geri alınan yaşayış sahələrində həyata keçirilən quruculuq prosesi Vətən müharibəsindən dərhal sonra Azərbaycanın sosial-iqtisadi inkişaf modelində yeni mərhələ açdı.

Ötən 5 illik bir dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları respublikamızın bir sıra Dövlət proqramlarının, infrastruktur layihələrinin və strateji inkişaf təşəbbüslərinin mərkəzinə çevrildi. Əgər Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü dünyaya göstərdisə, ondan sonrakı quruculuq mərhələsi isə dövlətin idarəçilik, planlaşdırma və iqtisadi dirçəltmə potensialını nümayiş etdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sonlarından etibarən azad edilmiş ərazilərdə bərpa prosesi sistemli şəkildə planlaşdırıldı. “Böyük Qayıdış” adlandırılan Dövlət Proqramı infrastrukturun bərpası ilə yanaşı, ərazilərin sosial-iqtisadi, ekoloji və mədəni həyatının tam şəkildə yenidən qurulmasını da qarşıya mühüm vəzifə kimi qoydu.

2021-ci ilin yanvarında yaradılan Qarabağ Dirçəliş Fondu dövlət və özəl sektorun, diaspor və beynəlxalq tərəfdaşların birgə fəaliyyətini koordinasiya edən əsas maliyyə institutu oldu. Bununla yanaşı, “Azad edilmiş ərazilərin yenidənqurma və bərpası üzrə Koordinasiya Qərargahı” bütün layihələrin vahid idarəetmə çərçivəsini formalaşdırdı.

Bərpa-quruculuq siyasətinin ideoloji dayağı “Qarabağ Azərbaycandır!” şüarı üzərində quruldu. Bu, həm siyasi mesaj, həm də milli inkişaf fəlsəfəsi idi. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunan “Böyük Qayıdışa dair I Dövlət Proqramı” (2022–2026) azad edilən ərazilərin dayanıqlı inkişafını təmin etmək üçün konkret məqsəd, mərhələ və maliyyə mexanizmlərini müəyyənləşdirdi.

Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin icrasına başlanan ilk vaxtlardan müasir infrastrukturun yaradılması daim diqqətdə saxlanılıb. Bunun nəticəsidir ki, 5 il ərzində 3 min kilometrdən çox avtomobil yolu və onlarla körpü inşa olunub. Zəfər yolu, Füzuli – Şuşa, Horadiz –Cəbrayıl – Zəngilan – Ağbənd, Tərtər – Suqovuşan kimi magistrallar regionun yeni həyat arteriyalarına çevrilib. Horadiz–Ağbənd dəmir yolunun tikintisinə isə həm daxili inteqrasiyanın reallaşması, həm də Zəngəzur dəhlizinin gələcək fəaliyyəti baxımından mühüm önəm verilib.

Yol-nəqliyyat infrastrukturunun qurulması baxımından xüsusi önəm daşıyan Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi daha çox diqqət çəkir. Çünki bu magistral, ilk növbədə, Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihənin çətin relyef şəraitində keçilməz dağ cığırları üzərində həyata keçirilməsi də bunun bariz ifadəsidir.

Dünyada analoqu olmayan Zəfər yolu layihəsi Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası isə Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır–yolun əbədiləşdirilməsi məqsədilə salınan və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılan magistralın inşası dövlətimizin başçısının nəzarəti ilə icra olundu.

Başlanğıcını Hacıqabul – Mincivan – Zəngəzur dəhlizi avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən bu yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasını, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasını şərtləndirir.

Xatırladaq ki, ötən müddətdə azad edilmiş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturunun icrasında Türkiyə şirkətlərinin fəal iştirakı da diqqət çəkib. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz–Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir”.

Burada söhbət yol tikintisindən düşmüşkən, onu da xatırladaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolu layihələrinin icrası 2026-cı ilə qədər başa çatdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında 2022–2026-cı illərdə 20 avtomobil yolu layihəsinin tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən 7-nin tikintisi artıq başa çatıb, digərlərinin icrasının isə 2026-cı ilə qədər yekunlaşdırılması planlaşdırılıb.

Ötən 5 ildə işğaldan azad edilən ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə paralel energetika sisteminin bərpası da diqqətdə saxlanılıb. Bu müddətdə 30-dan artıq elektrik yarımstansiyası, 10 min kilometrdən çox elektrik xətti, eləcə də Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Şuşa və digər rayonlarda “yaşıl enerji zonası” konsepsiyasına uyğun enerji sistemləri qurulub. 2023-cü ildən etibarən Kəlbəcər və Laçında su elektrik stansiyaları işə salınıb, “Azərenerji” və “Azərişıq” tərəfindən bu ərazilərdə dayanıqlı enerji təminatı gerçəkləşdirilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında regionun yeni “qapı”ları açılıb – müasir aeroportlar işə salınıb. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının ardıcıl istifadəyə verilməsi ilə bu ərazilər regionda logistika və turizm mərkəzinə çevrilib. Füzuli Hava Limanında artıq beynəlxalq reyslərin qəbuluna başlanılıb, Zəngilan Hava Limanının isə Zəngəzur dəhlizinin hava komponenti kimi fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Qarabağın bərpasında şəhərsalma və “ağıllı” kənd konsepsiyası diqqətdə saxlanılıb. Bunun nəticəsidir ki, azad edilmiş ərazilərdə şəhərsalma prosesi hazırda Azərbaycanın gələcək urbanizasiya modelinin sınaq meydanına çevrilib. Məsələn, Ağalı yaşayış məntəqəsi (Zəngilan) 2022-ci ildə ölkəmizin ilk “ağıllı” kənd layihəsi kimi istifadəyə verilib.

Yeri gəlmişkən, ölkəmiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına başladığı ilk günlərdən etibarən bu ərazilərin yenidən qurulmasında “0” tullantı və bərpaolunan enerji, eləcə də davamlılıq, inklüzivlik və təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərinə əsaslanılıb. Məsələn, işğaldan azad olunandan sonra salınan ilk yaşayış məntəqəsi – Zəngilan rayonunun Ağalı kəndi dayanıqlı inkişaf məqsədləri əsasında tikilib və inşaat prosesində həmin məqsədlər əsas götürülüb. Burada tikinti zamanı izolyasiya edilmiş materiallardan geniş istifadə edilib. Evlərin damları günəş panelləri ilə təchiz olunub. Bütün inzibati binalarda təmiz enerji əldə etmək üçün günəş panelləri quraşdırılıb. Kəndi enerji ilə təmin etmək üçün Həkəri çayında turbinlər tikilib. Bir sözlə, Ağalı təbii və su ehtiyatlarının, eləcə də biomüxtəlifliyin qorunması üzrə təşəbbüsləri reallaşdırmaqla dünyanın ən gözəl kənlərindən birinə çevrilib. Bu modelin Füzuli, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarında da tətbiqinə başlanılıb.

Yuxarıda sadalananlarla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində Ağalı kəndində və digər yaşayış məntəqələrinə köçürülən ailələr üçün iş və biznes imkanları ilə dayanıqlı dolanışıq vasitələrinin yaradılması diqqət mərkəzində saxlanılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bütün layihələr BMT-nin qarşıya qoyduğu dayanıqlı inkişaf hədəflərinə yönəldilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti–quruculuq prosesində təkcə fiziki infrastruktur deyil, həm də sosial həyatın bərpası nəzərdə tutulub. Çünki bu məsələdə dövlətin başlıca məqsədi ilk vaxtlardan keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətli qayıdışını təmin etmək olub. 2022-ci ildən başlayaraq artıq minlərlə ailənin Ağalı, Talış, Füzuli, Laçın, Zəngilan, Kəlbəcər və Şuşaya qayıdışı reallaşdırılıb. Doğma ocaqlarına dönən ailələr üçün evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə məntəqələri və xidmət infrastrukturu da yaradılıb.

Əhalinin məşğulluğunu təmin etmək məqsədilə kənd təsərrüfatı layihələri, sənaye məhəllələri və turizm klasterləri formalaşdırılıb. Ağdam Sənaye Parkı, Cəbrayıl Sənaye Məhəlləsi, Zəngilan Logistika Mərkəzi və Laçın “Yaşıl” Enerji Parkı istifadəyə verilib. Bu iqtisadi qurumlarda fəaliyyət göstərən iş adamları üçün hər cür şərait yaradılıb. Məsələn, bir sıra iş adamlarının (rezidentlərin) maliyyəyə çıxışı həll edilib. Onlara hökumət tərəfindən 500 milyon manat həcmində kredit portfeli təqdim olunub. Həmin kreditlərin 450 milyon manatdan çox hissəsinə dövlət zəmanəti verilib. Hər bir sahibkar üçün 1 kreditin məbləği 5 milyon manatı keçməmək şərtilə dövlət zəmanəti ilə ayrılıb. Bu kreditlərin 7 il müddətinə ayrılması nəzərdə tutulub. Burada kredit faizlərinin subsidiyalaşdırılmasına əsas məsələ kimi yanaşılıb. Kreditlərin 10 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırılıb. Bütün bunlarla yanaşı, elektron kredit və zəmanət informasiya sistemi fəaliyyətə başlayıb.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları bu iqtisadi rayonların inkişafına, bölgənin qeyri-neft sənayesinin sürətli inkişafına önəmli təsir göstərəcək. Eyni zamanda, bu müəssisələr respublikamızın ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açacaq.

İşğal dövründə ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəni abidələrin bərpası da milli kimliyin dirçəldilməsində əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılıb. Məsələn, Şuşa şəhəri 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilib. Burada Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Xurşidbanu Natəvan, Vaqif məqbərəsi, Cıdır düzü, Qarabağ xanlarının sarayı kimi tarixi məkanlar bərpa olunub. Şuşa Bəyannaməsi (2021) ilə bu şəhər, eyni zamanda, siyasi və mənəvi birlik rəmzinə çevirilib. Ağdam, Füzuli və Zəngilanda məscidlər, qəbiristanlıqlar, abidələr və muzeylər yenidən tikilir. Bu, yalnız keçmişin bərpası deyil, gələcək nəsillərə tarixi yaddaşın ötürülməsi missiyasıdır.

Qarabağ və Şərqi Zəngəzurun turizm məkanına çevrilməsi üçün bu bölgədə müəyyən layihələrin icrasına başlanılıb. Qarabağda 2 hava limanının istifadəyə verilməsi, Laçında 3-cü aeroportun tikintisinin aparılması da mədəniyyət paytaxtımız Şuşa şəhərinə, füsunkar təbiətə malik Kəlbəcərə və digər ekoturizm imkanları olan yaşayış sahələrinə üz tutan istər yerli, istərsə də xarici turistlərin axınının sürətlənməsinə hesablanıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir.

Belə bir zənginliyi nəzərə alan ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji zonası” elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Qeyd edək ki, Qarabağın bərpa və quruculuq prosesinə beynəlxalq tərəfdaşların da cəlb olunması Azərbaycan diplomatiyasının mühüm nailiyyətidir. Türkiyə, İtaliya, İsrail, Böyük Britaniya, Macarıstan, Çin, Yaponiya və digər ölkələr, eləcə də BMT-nin ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Yenidənqurma Bankı tərəfindən düşməndən təmizlənən ərazilərdə tikinti, enerji, kommunikasiya və şəhərsalma layihələrində iştiraka böyük maraq göstərilir. Bu əməkdaşlıq Azərbaycanın qələbədən sonra regionda sülh, əməkdaşlıq və inkişaf gündəliyini irəli sürən konstruktiv lider kimi mövqeyini möhkəmləndirir.

Bu məqamda onu da xatırladaq ki, düşməndən geri alınan ərazilərimizdə idarəetmənin müasir modeli formalaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, bu rayonlarda xüsusi dövlət qurumlarının səmərəli fəaliyyət göstərməsi, rəqəmsal xidmətlər, “Smart City” texnologiyaları və müasir vergi-gömrük mexanizmlərinin tətbiq olunması da qeyd edilən fikrin parlaq ifadəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Qarabağ və Şərqi Zəngəzur təkcə bərpaolunan torpaqlar deyil, həm də gələcəyin inkişaf laboratoriyasıdır”.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see228

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see137

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see131

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see128

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see125

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri