Qarabağda gözlənilən olmadı, Əliyev nöqtəni qoydu Ölkənin taleyini dəyişən QƏRAR
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Prezidenti İlham Əliyevin, “Başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq”, – fikri müstəqilliyin ilk zamanlarında və uzun illər ərzində ölkəmizin üzləşdiyi beynəlxalq ədalətsizliyin lakonik, lakin son dərəcə dəqiq təsviridir”.
Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.
Deputat bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altında qaldığı dövrdə beynəlxalq hüququn norma və prinsipləri kağız üzərində mövcud olsa da, onların icrası üçün real siyasi iradə nümayiş etdirilmədi:
“BMT Təhlükəsizlik Şurasının qətnamələri icrasız qaldı, ikili standartlar beynəlxalq münasibətlərin əsas mexanizminə çevrildi. Bu reallıq Azərbaycanın kollektiv təhlükəsizlik və şərtsiz beynəlxalq həmrəylik illüziyalarından uzaqlaşaraq, öz gücünə, siyasi iradəsinə və milli həmrəyliyinə əsaslanan dövlət modelini formalaşdırmasına səbəb oldu.
Prezidentin Fələstin məsələsinə toxunması isə bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Burada söhbət nə empatiyanın inkarından, nə də humanitar duyğuların zəiflədilməsindən getmir. Əksinə, dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan Fələstin xalqının dərdlərinə şərikdir, Fələstin dövlətinin yaradılmasını beynəlxalq platformalarda ardıcıl şəkildə dəstəkləyib və dəstəkləməkdə davam edir. Azərbaycanın BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tutduğu mövqe bunu sübut edən faktoloji əsasdır. Bakıda Fələstin səfirliyinin fəaliyyət göstərməsi və bu fəaliyyətin Azərbaycanın maliyyə dəstəyi ilə təmin olunması da rəmzi yox, praktiki siyasi addımdır”.
Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, Prezidentin vurğuladığı əsas məqam qarşılıqlılıq prinsipidir:
“Beynəlxalq münasibətlərdə daimi və birtərəfli altruizm olmur. Dövlətlərarası münasibətlər mənəvi jestlər üzərində yox, qarşılıqlı hörmət, prinsipial mövqe və real siyasi davranış üzərində qurulur. Azərbaycan uzun illər ərzində Fələstin məsələsində prinsipial mövqe sərgilədiyi halda, Qarabağ məsələsində eyni prinsipiallığın əksər hallarda nümayiş etdirilməməsi obyektiv suallar doğururdu. Prezidentin bu reallığı açıq şəkildə dilə gətirməsi faktoliji və soyuq siyasi analizdir.
Bu kontekstdə, “Ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”, – fikri xüsusilə strateji məna daşıyır. Bu yanaşma Azərbaycanın daxili işlərə qarışmamaq, regional problemlərə kənardan diktə ilə deyil, regional məsuliyyət prinsipi ilə yanaşmaq xəttinin ifadəsidir. Azərbaycan özü də uzun illər Qarabağ məsələsində xarici vasitəçilərin passivliyi və maraq toqquşmaları səbəbindən real nəticə əldə edə bilmədi. Nəticədə problem yalnız Azərbaycanın öz siyasi iradəsi, hərbi gücü və diplomatik qətiyyəti hesabına həll olundu. Bu təcrübə Bakının beynəlxalq sistemə baxışını köklü şəkildə formalaşdırdı: heç bir xalqın taleyi başqalarının qeyri-müəyyən və selektiv ədalətinə etibar edilə bilməz.
Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər milli maraqlara söykənən, eyni zamanda beynəlxalq hüququn universal prinsiplərini müdafiə edən balanslı və yetkin dövlət mövqeyidir. Azərbaycan humanitar məsələlərdə prinsipialdır, lakin bu prinsipiallıq kor-koranə siyasi romantizmə çevrilmir. Dövlət başçısının mesajı aydındır: Azərbaycan ədaləti dəstəkləyir, lakin öz taleyini və siyasi mövqeyini başqalarının emosional çağırışları üzərində qurmur.
Nəticə etibarilə, bu açıqlama Azərbaycanın artıq beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi çıxış etdiyini bir daha təsdiqləyir. Bu, zəiflərin ədalət gözlədiyi deyil, güclülərin məsuliyyət daşıdığı bir siyasət fəlsəfəsidir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















