Qarabağın tacı Şuşanın dünəni və bu günü TƏHLİL
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərdiyi ilə Azərbaycan ordusu bütün dünyaya bizim qalib, yenilməz, məğrur xalq olduğumuzu göstərə bildi. Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın hərbi-diplomatik uğurlarının təzahürüdür. Qarabağın incisi hesab olunan Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi əlbəttə ki, müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Dövlət başçısı tərəfindən Şuşa sevincini yaşadıqdan sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı.
Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Bu tarixi qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhrünü vurdu.
Bu gün Şuşa bu gün yeni bir dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. 28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşamız azad olundu. Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalsa da, başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncamı bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi.
"Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan gələn səslərdə böyük bir dünyadan söz açılır. Kimlərin səsi, ünü gəlmir bu diyardan? Mir Möhsün Nəvvab, Baba bəy Şakir, İsgəndər bəy Rüstəmbəyov daha kimilər Şuşa bulağından su içib. Xüsusi olaraq qeyd edək ki. Şuşada təkcə XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qafqazda yeganə olan Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Belə bir əməl sahibi olmaq əlbəttə ki, onların iç dünyasından yağan bir ideologiyanı göstərir - faşist ideologiyasını. Belə vandallıq əməllərinin müəllifi olanlara nə ad vermək olar? Hərdən susursan da, söz tapa bilməyəndə. Üzeyirlər, Bülbüllər yetirən torpağın səsini-sədasını kömürmək qeyri-mükündür. Çünki hər daşının yaddaşı bizi qeybdən gələn səslərə yaxınlaşdırır. Tarixin dönəmlərində Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidilib. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilib, xalqın ruhu, istəyi öz ifadəsini tapıb. Bu şəhərin Azərbaycan mədəniyyət tarixində özünəməxsus yeri və rolu var. Şuşanın yetirdiyi sənətkarların hər biri mədəniyyət tariximizdə dəsti-xətti ilə seçilib. Azərbaycan muğam sənətinin böyük ustadı, musiqimizin xanı, Xan Şuşinski kimi. Bu ecazkar səslər sırasında adını çəkə biləcəyimiz kifayət qədər tanımış sima var.
ZƏFƏR QAZANAN XALQIN BEYNƏLXALQ FESTİVALLARI DA MÖHTƏŞƏM OLUR
Fəsillərin hər birində özünəməxsus gözəlliyə qərq olan Şuşamız baharın göz oxşayan ətirli çiçəklərinin ahəngində musiqili dünyası ilə yenidən dünyanın müxtəlif yerlərindən qonağı olan insanlara isti nəfəsli qucağını açdı. Toy-büsatlı Qarabağımızın incisi "Xarıbülbül"ün sədası ilə dağları, daşları aşaraq, yenidən xoş ovqatını dünyaya yaydı. Xalqın milli və klassik musiqisi dağları-dərələri aşdı. Bundan qürurverici nə ola bilərdi? Vaqif Poeziya Günləri sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramına çevrildi. Bildiyimiz kimi, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etdilər. Xoş əhvali-ruhiyyəli bu musiqi bayramı bir daha dünyanın nəzər nöqtəsində oldu. Bir daha sərgilədi ki, müharibəni qalibiyyətlə başa vuran bir xalqın beynəlxalq festivalları da möhtəşəm olur.
Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərdi ki, işğaldan azad olunan torpaqlarımız əzəli sakinlərini qoynuna alanda belə əzəmətli, möhtəşəm olur. Bu xalqın övladları kimi, onun gülü-çiçəyi də, atları da vəfalıdır. Artıq neçə ildir ki, Xarıbülbülümüzün ətri dünyaya öz ətrində yayılır. Bu qoxu ondan duyulan VƏTƏN qoxusudur. Şuşamızın qoxusudur. Bu ətri duya biləcək insanlar Vətən anlayışının nə demək olduğunu anlayanlardır. Hər bir azərbaycanlının qüruruna çevrilən "Xarıbülbül" Beynəlxalq musiqi festivalı! Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq".
"Xarıbülbül" Beynəlxalq Festivalında Şuşanın qoynunda ifa olunan milli musiqimizin sədalarının Şuşa dağlarına yayılması əlbəttə ki, böyük bir sevgimizin izharıdır. Şuşada ilk dəfə "Natəvan" operasının təqdimi böyük bir məna kəsb etmiş oldu. Qarabağ xanının qızı, Azərbaycan şairi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olundu.
İDEOLOJİ MƏRKƏZƏ ÇEVRİLƏN ŞUŞA
15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür. İdeoloji mərkəzə çevrilən Şuşada imzalanan Müttəfiqlik haqqında Bəyannamə dost ölkələr arasındakı əlaqələri daha yüksək zirvəyə qaldırdı. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir sıra qarşılıqlı bağlara malik olan xalqlar bütün zamanlarda bir-birinə dəstək olublar və bu gün də belədir. Təbii ki, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz, eləcə də bölgə üçün önəmli layihələr reallaşır. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır.
"BUNDAN SONRA BİZ ŞUŞADA ƏBƏDİ YAŞAYACAĞIQ"
Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Zəfər qazanan xalq hər qarış torpağına, məhz ruhuna uyğun olaraq nəfəs verir. Axı bu günü illərdir ki, gözləyirdik. Gözləyirdik ki, bizim yolumuzu gözləyən torpaqlarımıza nəfəs qataq. Əlimizlə, zəhmətimizlə, səsimizlə, addımlarımızla. Bu gün bizlərə nəsib oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dəyələrinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".
Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır.
"ŞUŞA 28 İL YARIM ƏSARƏTDƏ İDİ, ANCAQ ƏYİLMƏDİ, SINMADI, ÖZ LƏYAQƏTİNİ QORUDU, MİLLİ RUHUNU QORUDU, AZƏRBAYCAN RUHUNU QORUDU"
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən, Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrünə qədəm qoyub. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamız tarixi günlərini yaşayır. Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, dövlət başçısı tərəfindən Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikilir. Cənab Prezident çıxışlarını birində "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu.
Nəzakət ƏLƏDDİNQIZI


