“Qardaşlarımı tək qoya bilməzdim...” qazi Famil Nəsirovun qəhrəmanlıq yolu
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Göyçay, 2 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
44 günlük Vətən müharibəsi başlayanda peşəsindən, ixtisasından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəs dəmir yumruq tək birləşmişdi. Ölkəmizin hər guşəsindən minlərlə igid Vətənin müdafiəsinə qalxmışdı. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin oğullardan biri də Göyçayın Hacalıkənd kənd sakini Famil Nəsirov idi.
Famil Nəsirov 1991-ci ildə Hacalıkənd kəndində dünyaya göz açıb. 2009-cu ildə hərbi xidmətə yollanıb, xidmətini uğurla başa vuraraq evə qayıdıb. Deyir ki, Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması xəbəri ona pis təsir etmişdi: “O günləri heç vaxt unutmaram. Şəhid xəbərini eşidəndə sakit qala bilmədim. 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlimə qatıldım. Hər an hiss edirdik ki, böyük gün yaxınlaşır...”
2020-ci il sentyabrın 27-si səhər saatlarında erməni bölmələrinin cəbhəboyu təxribata başlaması ilə vəziyyət gərginləşdi. Tezliklə əks-hücum əmri gəldi və Famil döyüşə qatıldı. İlk istiqamət Ağdam oldu - düşmənin ən möhkəm istehkam qurduğu mövqelərdən biri.
“Ağdam səngərləri… Sözlə ifadə etmək mümkün deyil. Hər tərəfdə partlayış baş verir, ətraf tüstü ilə dolmuşdu. Amma geri çəkilmədik. Hədəfləri məhv etdik, düşmənin texnika və canlı qüvvəsini sıradan çıxardıq. İlk günlərdən şəhidlərimiz oldu. Hər şəhid xəbərini eşidəndə ürəyim parçalansa da, qisas hissi ilə daha əzmlə döyüşə qatılırdıq”, - deyə o əlavə edir.

Döyüşlər zamanı yanındakı əsgərlərin bir-birinə dəstəyi, birlik ruhu onu ruhlandırırdı. “Səngərdə gecələyirdik, soyuq, küləkli hava, bəzən yağış… Amma bir-birimizə baxışlarımız yetirdi ki, qorxunu unudasan və ancaq irəlini düşünəsən,” - deyən Famil o günlərdən danışarkən bildirir ki, ordumuzun ən yeni texnologiyaya malik silahları onlara əlavə güc verirdi: “Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində ordumuz müasir silahlarla təmin olunmuşdu. Hər cəhətdən üstünlük bizdə idi. Bütün varlığımızla döyüşürdük, amma əlində güclü silah olmayanda istəyini gerçəkləşdirə bilməzsən”.
Famil oktyabrın 24-də şiddətli döyüşlərin birində ağır yaralanıb. Deyir ki, həmin an sanki həyat bir anlıq dayanmışdı. Ancaq dörd tərəfdən partlayış, güllə səsləri eşidilirdi. “Qulaqlarım tutuldu, bədənimdə güclü ağrı hiss etdim. Ətrafımda yoldaşlarımın səsləri gəlsə də, ayağa qalxa bilmirdim. Sonra məni hospitala təxliyə etdilər. Amma ürəyim ön xətdə, döyüş yoldaşlarımın yanında qalmışdı. Noyabrın 7-də yenidən onların yanına qayıtdım, sanki ikinci dəfə doğulmuşdum”, - söyləyən bu qəhrəman, “Qardaşlarımı tək qoya bilməzdim... Onların qanı boşa getməməli idi,” - deyə əlavə edir.
Noyabrın 9-dan 10-na keçən gecə Qələbə xəbərini eşidəndə isə onların sevinci yerə-göyə sığmırdı. Bildirir ki, o hissləri sözlə ifadə etmək mümkün deyil. Bu Zəfər şəhidlərin qanı bahasına qazanıldı, torpaqlarımız azad olundu.
Familin atası İntiqam kişi söhbətə qoşulur. O, həm qürurlanır, həm də kövrəlir: “Vətənpərvərlik, torpaq sevgisi ailədən gəlir. Mənim anamın babası Çanaqqala döyüşlərində şəhid olub. İkinci Dünya müharibəsində babam və əmilərim, Birinci Qarabağ müharibəsində mən və 44 günlük Vətən müharibəsində oğlum döyüşüb. Şükürlər olsun ki, bundan sonra nəvələrim sülh içində yaşayacaqlar.”

Qəhrəman atası o günləri həm fəxrlə, həm də həyəcanla xatırlayır. “Oğlum müharibəyə yollananda mən Türkiyədə idim. Xəbəri eşidəndə dərhal geri qayıtdım, komissarlığa getdim ki, məni də döyüşlərə aparsınlar. Amma dedilər ki, yaşın çoxdur, oğlun döyüşdədir, sən nəvələrini saxla və Qələbəmiz üçün dua et. Oğlumun yaralandığını eşidəndə təlaşlansam da, çox şükür, evə Qələbə xəbəri ilə döndü. Mən şəhidlərimizlə, qazilərimizlə və müharibə iştirakçıları ilə qürur duyuram”, - deyə o bildirir.
Qazi Famil Nəsirov ailəlidir, iki övladı var. Hazırda kənd məktəbində texniki işçi kimi çalışır, fərdi təsərrüfatla məşğuldur. Müharibədə göstərdiyi xidmətlərə görə medallarla təltif olunub.
“Bu müharibə bizə öyrətdi ki, Vətən sevgisi, birlik və fədakarlıq hər çətinlikdən çıxmağa kifayətdir. Şəhidlərimizin ruhu daim bizimlədir”, - deyən Famil döyüşlərdə şəhidlik zirvəsinə yüksələn yoldaşlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını vurğulayır. Çünki bu Zəfər onların Zəfəridir!


