QAYTANLANMIŞ BAĞLAMALARDA UYUYAN TARİX OYADILANDA NƏ DANIŞIR Rafael Hüseynov yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Rafael HÜSEYNOV
Akademik
Bunlar hamısı sanki çox quru, hər hansı yazı hərarətindən məhrum, ənənəvi dəftərxana sənədləridir. Əllə doldurulmuş şəxsi vərəqələr, ərizələr, müraciət edənlərin özlərinin yazdığı, demək, rəqəmlərinin dəqiqliyi şübhə doğurmayan tərcüme-yi hallar, müxtəlif əmrlər, ara-sıra gözə dəyən cəza kağızları - xəbərdarlıqlar, töhmətlər, işdən xaricetmə əmrləri.
Ancaq içərisində tarix daşıyan bu sənədlərin hamısı vaxt ötməsi ilə keçmişə şahidlik edə bilməsi baxımından dəyər qazanıb, bəziləri isə lap xüsusi əhəmiyyət daşımağa başlayıb. Ancaq bununçün ən azı gərək onları dindirəsən. “Hal-əhval tutduqca” onların hər biri mühüm xəbərlər çatdıran, bilinməli sözlər deyə bilən şahidlərə çevrilir. Dilləri açılır, onlar, elə bil ki, cana gəlirlər, saralmış vərəqlərin nəbzi də döyünməyə, hərarəti də artmağa başlayır.
Bu qovluqlar ki indi 2025-ci ilin oktyabrında açıram, ayrı-ayrı topalarla bir-birinə qaytanla bağlanıblar və üst-üstə yığılan şəxsi işləri birləşdirən bu qaytanlar elə köhnədir ki, daha əllə onun düyününü açmaq da mümkün deyil. Onlar bir-birinə belə kip bağlanaraq ona görə illərdir arxiv rəflərində qalır ki, çoxdan kimsəyə gərək deyillər.
1930-40-50-ci illərin əvvəllərinə aid şəxsi işlər. Onda hələ Azərbaycan televiziyası yaranmamışdı. Bunlar üç onildən artıq bir müddətdə Azərbaycan radiosunda çalışmış əməkdaşların şəxsi işləridir. Bu sənədlərin aid olduğu insanların hamısı çoxdan ömrünü başa vurub gedib. Ancaq vərəqlədikcə görürəm ki, bu qovluqlara nəsil-nəsil tanınmış və çoxlarına az məlum olan insanın, bütöv nəsillərin taleyi, həm də Azərbaycan radio-televiziya məkanının indi az adama bəlli olan macəralı dünəninin naməlum, amma bilinməsi gərək olan səhifələri sığınıb.
Sənədləri, ayrı-ayrı tərcüme-yi halları oxuduqca, ümumi mənzərə daha çox aydınlaşdıqca, bu qənaətimdə daha da artıq qətiləşirəm ki, Azərbaycan radiosu yarandığı vaxtdan başlayaraq 1920-ci illərin sonları, 30-40-cı illər, 50-ci illərin əvvəllərində artıq respublikanın ən mühüm dövlət qurumlarından biri imiş ki, burada işləyənlər əksərən o dövrün seçmə insanları, sanballı ailə və nəsillərin təmsilçiləri olublar.
Şəxsi işləri vərəqlədikcə buna şahid oluram ki, 1930-40-50-ci illərdə Azərbaycanın tanınmış ailələrinin, məşhur şəcərələrinin təmsilçiləri olan neçə insan Azərbaycan radiosunda çalışıb. Radio o çağlarda respublikanın əsas mədəniyyət mərkəzlərindən biri, bəlkə də birincisi idi. Buradan səsi gəlmək, buranın əməkdaşı olmaq iftixar sayılırdı. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, kinosu tarixində o vaxtlar və sonralar xidmətləri olan bir çox şəxsiyyətlərin sorağı da məhz bu dövr Azərbaycan radiosundan gəlir. Məşhur soyadların izi ilə şəxsi işləri vərəqlədikcə qarşıma çıxan ilk işlərdən biri 1925-ci ilin martında Naxçıvanda anadan olmuş Təhmasib Abbasqulu qızı Cəmilənin sənədləridir. Doldurduğu kadr uçotu üzrə şəxsi vərəqədə yazır ki, atası xırda alverlə məşğul olub, özü tələbədir. Bakı şəhəri Oktyabr rayonundakı 29 saylı natamam orta məktəbdə oxuyub. Yazır ki, ibtidai sinfi Naxçıvanda bitirdikdən sonra 1938-ci ildə Bakıya qardaşının yanına gəlib və buradakı 29 saylı tam olmayan orta məktəbə daxil olub. 1938-39-cu tədris ilində oranı bitirib, ardınca orta təhsilini davam etdirmək üçün 44 nömrəli məktəbə girib. 1941-42-ci tədris ilində oranı başa vurub. 1943-44-cü tədris ilində isə Azərbaycan Dövlət Darülfünununun Şərq şöbəsinə qəbul edilib və tərcüme-yi halını yazdığı zaman artıq üçüncü kurs tələbəsidir. Yazır ki, atam Abbasqulu Təhmasib Naxçıvanda anadan olub. Oktyabr sosialist inqilabınadək orada xırda alverlə məşğul olub, inqilabdan sonra bir sıra sovet idarələrində işləyib. 1943-cü ildə vəfat edib. Daha sonra tərcüme-yi halında davam edir. “Mən kiçik qardaşım Məmmədhüseyn Təhmasibin təhti-himayəsində yaşayıram. O, Elmlər Akademiyasında və Azərbaycan Dövlət Darülfünununda işləyir. Böyük qardaşım Rza Təhmasib rejissor və müəllim vəzifəsində işləyir. 1942-ci ildə Əməkdar incəsənət xadimi adını almışdır. Xaricdə heç kəsim yoxdur, siyasi dustaqlığım yoxdur.
Bu ərizəni Cəmilə Təhmasib 1945-ci ilin 14 oktyabrında imzalayıb.
Cəmilə Təhmasib onlardan biri idi. O həm də diktorluq etsə də, sadəcə diktor işləməmişdi. Radiofikasiya və Radio Verilişləri Komitəsinin sədri Şəmsəddin Abbasovun 1945-ci il 16 oktyabrda imzaladığı əmrlə Təhmasib Siyasi verilişlər şöbəsinə redaktor vəzifəsinə qəbul edilmişdi. Ancaq o, həmin dövrdə vaxtaşırı istər özünün hazırladığı, istərsə də başqa müəlliflərin olan bir çox materialları mikrofon qarşısına keçərək səsləndirmişdi.
Onlar Azərbaycanın səsi idilər. Onları Azərbaycanın dörd bucağında 1930-40-50-ci illərdə elə səslərindən tanıyıblar. Hansılarınsa adlarını bu gün də bilirik. Çünki ayrı-ayrı yazılarda xatırlanırlar, bəzilərinin haqqında məqalələr yazılıb, hansılarınınsa adı radio ilə bağlı məqalələrdə keçib. Amma yerli-dibli unudulanlar da var. Gərək onlar da yaddan çıxmasın. Müəyyən illərdə onların da səsi həmin Azərbaycanın səsi olmaq şərəfinə yüksəlmişdi axı.
Ardınca daha bir tanınmış familiya ilə rastlaşıram. Bu, 1917-ci il yanvarın 28-də təvəllüd tapmış Sara Ələkbər qızı Topçubaşovadır. Orta təhsilli Sara Topçubaşova rus və Azərbaycan dillərindən savayı gürcü dilini də bildiyini yazır. 1943-cü ilin 22 oktyabrında Azərbaycan Radio Verilişləri Komitəsinin sədrinə müraciətlə yazır ki, oxumağa həvəsi olduğuna görə xora qəbul edilməsini xahiş edir və elə həmin gün də onun ərizəsinin üstünə müsbət dərkənar qoyulur. Şəxsi işində rusca yazdığı qısa tərcüme-yi halı da var. Burada göstərir ki, 1917-ci ildə Tbilisi şəhərində anadan olub. Atası Əkbər Hüseyn oğlu fəhlə işləyib. Anası Səkinə İbrahim qızı evdar qadındır. Atasının vəfatından sonra ailə həyatı qurub və bu ərizəni yazdığı vaxt ərinin cəbhədə olduğunu göstərir. Qardaşı Əsgər Əkbər oğlunun mühəndis olduğunu, Moskvada işlədiyini bildirir. Özünün isə heç bir yerdə çalışmadığını, evdar qadın olduğunu yazır.
Ya xora bağlı daha bir unudulmuş ad. 1918-ci ildə İrəvan şəhərində doğulmuş Lətifə İsmayılova. Azərbaycan radiosunun arxivində qalan şəxsi işindəki tərcüme-yi halında yazmasına görə, atası Nağı İsmayılov Oktyabr inqilabından əvvəl tərcüməçiliklə məşğul imiş, inqilabdan sonra isə müəllimlik edib və 1928-ci ilin mayında vəfat edib. Anası daha fəal bir qadınmış. İrəvanda 7 il qadınlar klubu nəzdində olan azərbaycanlı uşaq bağçasında təsərrüfat müdiri işləyibmiş. 1932-ci ildən partiyanın üzvü imiş. Onun haqqında məlumatını Lətifə İsmayılova belə tamamlayırdı ki, “anam hazırda Bakıya gələrək çox qoca olduğundan oğlunun himayəsində yaşamaqdadır”. Lətifə İsmayılova 1925-ci ildə İrəvandakı Əzizbəyov adına natamam orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1930-cu ildə həmin məktəbin 6-cı sinfini bitirərək İrəvandakı Azərbaycan Pedaqoji Texnikumunun birinci sinfinə girmişdi. Maddi vəziyyəti ağır olduğundan gündüzlər işləməyi qət edir. O zamanlar İrəvan Pedaqoji İşçi fakültəsinin dərsləri axşam aparıldığından bu, Lətifə İsmayılovaya daha münasib gəlir. Həmin fakültəyə daxil olur və gündüzlər “Şəfəq” qəzeti redaksiyasında texniki katibə vəzifəsində çalışmağa başlayır. 1934-cü ildə İrəvan Pedaqoji İşçi fakültəsini müvəffəqiyyətlə bitirərək Vedi rayonunda işləməyə gedir. Oradakı Tədarük şöbəsində bir il məsul katib vəzifəsində çalışır. 1935-ci ildə İrəvan Radio Komitəsinin Azərbaycan bölməsinin məsul katibliyi vəzifəsinə işə götürülür, 1935-ci ildən 1937-ci ilin 16 oktyabrına qədər orada işləyir. Həyat yoldaşı iş yerini Bakıya dəyişməsi səbəbindən 1937-ci ilin 23 oktyabrında o da Bakıya köçür. Bu ərizəni yazdığı günəcən - 1937-ci il noyabrın 29-na qədər işsiz qalır. Lətifə İsmayılova tərcüme-yi hal qeydlərinə bunu da əlavə edir ki, İrəvan Radio Komitəsinin komsomol təşkilatı onu yaxşı işinə görə 1936-cı ildə komsomol sıralarına qəbul edibmiş.
1944-cü il fevralın 1-də verilən əmrlə onu Azərbaycan radiosunun xorunda işə götürürlər. Bu səs də 1940-cı illərdə gah xordakı başqa səslərə qovuşaraq, gah da o səslərdən ayrılaraq hər gün, günaşırı ruh oxşayarmış. Ancaq bəlkə elə o vaxtlar da çoxları bu səsin sahibinin kim olmasından xəbərsizmiş.
Radionun xorunda oxumuş (amma yaxşı ki, bir yığın solo ifaları da yadigar qalmış), 1970-ci illərin sonlarında görüşdüyüm, qızı Solmaz Məmmədbəyli də bir müddət Nizami muzeyində mənim rəhbərlik etdiyim şöbədə çalışmış Leyla Hüseynova hərdən gileylənərdi ki, xor yaxşıdır, lazımdır, xalqa birlik ruhu aşılayandır, ancaq elə səslər də var ki, gərək xorda itməsin axı!
Radiomuzun köhnə diktorlarından olmuş Soltan Nəcəfov 1970-ci illərin sonlarında mənə söyləyirdi ki, 1930-ların əvvəllərində Azərbaycan radiosunda günortalar sifariş konsertləri səslənərdi və bu konsertlər adətən efirə canlı yayınlanardı. Müğənnilər, ayrı-ayrı musiqi alətlərinin ifaçıları irəlicədən gəlib radiostudiyada əyləşər, diktor müxtəlif rayonlardan, Bakı şəhərindəki ayrı-ayrı müəssisələrdə çalışanların göndərdiyi və artıq musiqi nömrələri üzrə qruplaşdırılmış sifariş məktublarını oxuyar, ardınca da həmin sifarişlərə əsasən ifa ediləcək musiqi əsəri və ifaçı elan olunardı. Soltan müəllim yada salırdı ki, tutalım, Bakının hansısa bir zavodundan, fabrikindən, ya Azərbaycanın hansısa bir rayonundakı kolxozdan, sovxozdan hər hansı dinləyicinin məktubu daxil olurdusa, həmin müəssisəyə radio adından məktub göndərilirdi ki, həmin şəxsi səciyyələndirən, müəyyən mənada onun xasiyyətnaməsi hesab ediləcək bir cavab məktubu göndərsinlər. 1970-1980-ci illərdə Azərbaycan radiosunda “Arzu musiqi poçtu” adlı konsert proqramı vardı. Burada da eyni cür dinləyici adları çəkilər, sevilən musiqi əsərləri səslənərdi. Bəzən bir konsertdə 100-200 ad sadalanardı və adlarının radioda çəkilməsi həvəsinə məktub yazanlar lap çox idi. Di gəl kimsənin ağlına gəlmirdi ki, radio adından rəsmi məktub göndərərək həmin musiqi sifariş edən şəxslərin kimliyi, bir cəmiyyət adamı olaraq necəliyi ilə maraqlansın. Ancaq 1930-cu illərdə bunu hər nəfərlə bağlı edirlərmiş. Çünki efir çox uca mərtəbə hesab edilirmiş. Radioda bir adın çəkilməsinin məsuliyyəti, o adın bu səviyyədə dilə gətirilmə layiqliyi o qədər yüksək tutulurmuş ki, həmin şəxs haqqında əlavə məlumat istənilməsini zəruri sayırmışlar. Vaxtilə unudulmaz Soltan Nəcəfovun söylədiyi bu əhvalat indi Azərbaycan Radio Verilişləri Komitəsində onun başlanğıc onillərində çalışmış, eləcə də sonrakı illərdə fəaliyyət göstərmiş insanların sənədlərini vərəqlədikcə bir daha yadıma düşür və həmin tarixçə ilə bu qovluqları hafizəmdə yanaşı sıralayaraq düşünürəm ki, sadəcə adın efirdə çəkilməsi üçün bu qədər vasvası, götür-qoylu yanaşma varmışsa, görün həmin dövrdə Radio Verilişləri Şirkətində kimisə işə götürməkdən ötrü nə qədər çək-çevir edir, onun tərcüme-yi halını, radioya gəlib çatana qədərki iş fəaliyyətini necə dəqiqliklə araşdırırlarmış.
İnsan qatarı kimi təsəvvür etdiyim bu 28 bağlamada yüzlərlə şəxsi iş birləşib. Onlardan eləsi var ki, Radio Verilişləri Komitəsində qısa müddətdə hansısa texniki işlərdə çalışıb gedib. Bəziləri ilə radio özü xudahafizləşib, kimlərisə buradan irəli çəkiblər.
Azərbaycan radiosunun uzun illər boyu yerinə yetirdiyi başlıca vəzifələrdən biri Azərbaycan insanının musiqi zövqünü tərbiyə etmək, həmişə kökdə saxlamaq olub. Buradan ən yaxşı ifaçıların sədası gəlib, ən bəyənimli əsərlər eşidilib, bu səviyyə bütün səhnələrə də, hətta XX yüzilin ortalarında kino-teatrlarda, restoranlarda fəaliyyət göstərən ansambl və orkestrlərə də, lap məişətə, musiqiyə, toy-düyünə də təsir göstərib. Azərbaycan radiosu lap yarandığı ilk illərdən musiqi ilə qol-boyun olub, burada daimi ştatda musiqi birlikləri də, ifaçılar da çalışıb. Həm də onların hər biri yetərincə tanınan sənətkarmış, radiodan başqa da Bakının, Azərbaycanın musiqi həyatında hərəsinin özünə görə yeri varmış.
Yarım əsrdən artıq bir müddətdə Azərbaycan radiosunda musiqi verilişləri hazırladığımdan musiqimizin müxtəlif istiqamətlərinin və müxtəlif də nəsillərinin çox simaları ilə görüşmüşəm, şəxsən tanımadıqlarıma da xatirələrdən, arxivlərdən bələdəm. Ancaq indi qarşımda düzülən bu qovluqları bir-bir açdıqca onlarla ada rast gəlirəm ki, bir çoxunu ən yaxşı halda sadəcə eşitmişəm, bəzilərini isə heç tanımıram. Digər tərəfdən, az-çox tanıdıqlarımla da bağlı bu qovluqlarda onları daha yaxından görməyə yardımçı olacaq xeyli sənədləri tapıram.
Ancaq bu anlarda ürək sıyıran xiffətlə bir daha itirdiyimiz canlı klassiklər haqda fikrə dalıram, yenə əvəzedilməz şahidləri düşünürəm. O böyük musiqiçilər və gəzəri ensiklopediyalar, mənə simsar - tez-tez söz soruşduğum görkəmli sənətkarlarımız həyatda olaydı - Tofiq Quliyev, Cahangir Cahangirov, Zakir Bağırov, Azər Rzayev, Bəhram Mansurov... və bir çox başqaları ki, onlar Azərbaycan efiri ilə sıx bağlı olmuşdular və təbii ki, 1930-40-50-ci illər Azərbaycan musiqi mühitinə yaxşı bələd idilər. Şübhəsiz ki, indi sadəcə adlarına rast gəldiyim, adları və soyadları mənə heç nə deməyən, tərcüme-yi hallarını oxuduqca yalnız onların radionun tərkibində fəaliyyət göstərmiş hansısa orkestrdə, ansamblda çalışdığını öyrəndiyim bu ifaçılar bir zamanlar, yəqin ki, Azərbaycanın musiqi mühitində yetərincə tanınmış adlarmış. Yalnız radioda da deyil, təbii ki, ayrı-ayrı konsert salonlarında mütəmadi çıxış edirlərmiş, musiqi məktəblərindəmi, konservatoriyadamı, Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbindəmi dərs də deyirlərmiş. Lakin vaxt keçib, nəsillər köçünü çəkib gedib və əməkləri olan çox insanları da təqvimin bivəfa gərdişi unutdurub. Amma gərəkdir ki, o adlar yenidən ədəbi-mədəni dövriyyəyə qayıda, izi olanlar xatırlana, Azərbaycan musiqisinin sonrakı yüksəlişlərini təmin etmək yolunda zəhmətlər çəkmiş bu insanlar bir daha minnətdarlıqla yad edilə.
Amma köhnə illərin bu şəxsi işlərini vərəqlədikcə daha çox tanış soyadlarla rastlaşıram. O mənada tanış ki, bu adların əksəri sonradan Azərbaycan ədəbiyyatında, mədəniyyətində özünü təsdiqləmiş sanballı şəxsiyyətlərə çevrilib. Lakin həmin tanış adların böyük qismi də gözə dəyincə diqqəti Azərbaycanın köklü-köməcli nəsillərinə yönəldir.
Və radiomuzun dünənindən keçən məşhur nəsillərin qovluq-qovluq ötdükcə daha da genişlənən silsiləsi istər-istəməz bu nəticəyə gətirib çıxarır ki, XX yüzilliyin ortalarında Azərbaycandakı adıbəlli şəcərələrin, qollu-budaqlı ailələrin xeylisinin övladları bu məkanda çalışmışlar, nəsillərinə yaraşan izlərini qoymuşlar. Elə bunun özü də radionun, ardınca isə televiziyanın XX yüzil boyunca Azərbaycanın ictimai-siyasi, elmi-mədəni və ədəbi həyatında nə qədər önəmli bir yer almasına əlavə tutarlı sübutdur.
...1937-ci ilin dəhşətli 4 iyun gecəsindən sonra Cavidlər ailəsinin bəxt kitabında uzun sürəcək nəhs vərəqələr başlandı. Hüseyn Cavid yadigarı Turan xanım söyləyirdi ki, gecə evimizdə axtarış aparılanda anamla qardaşım Ərtoğrol oyaq olmuşdular, bütün gedişatı izləmişdilər. Mən isə yatmışammış və məni oyatmırlar ki, qorxaram. Yalnız səhər üzü bu əhvalatdan xəbər tutdum.
İş elə gətirir ki, o gün məktəbdə elə birinci dərs Hüseyn Cavid yaradıcılığı ilə bağlı mövzu imiş və ədəbiyyat müəllimi həmin dərsi danışmaq üçün lövhəyə Turanı dəvət edir. Turan xanım yada salırdı ki, müəllimin davranışından belə anladım ki, onların hələ gecə baş verən hadisədən xəbərləri yoxdur. Lakin bir neçə saat sonra artıq söhbət yayılmışdı. Məktəbdə də Hüseyn Cavidin həbs edilməsindən xəbərdar idilər və digər dərsliklərdə adı keçən, şəkli verilən və “xalq düşməni” “çıxmış” müəlliflər kimi, Cavidlə bağlı səhifələr də elə həmin gün təxirə salınmadan kitablardan cırılır.
Çox keçmir ki, Cavidin ailəsini də yaşadıqları İstiqlaliyyət küçəsindəki mənzildən ovaxtkı Sovet küçəsində olan dar bir komaya köçürürlər və ailənin həyatındakı əzablı, qaramat günlər başlanır. Müharibə gedirdi, konservatoriyada təhsil alan Ərtoğrol Cavidi də oxumağını yarımçıq qoyaraq əsgər aparırlar, Gürcüstanda qulluq etməyə başlayır və məhz “xalq düşməni”nin oğlu olduğuna görə onu ən ağır işlərə - tunel tikintisinə yönəldirlər, onsuz da zəif olan səhhəti burada tamamilə laxlayır, Ərtoğrol vərəmə düçar olur və artıq ölüm ayağında olduğunu görüncə onu ordudan buraxırlar. Ancaq diqqət mərkəzinə gəlməməsindən ötrü Bakıya gətirilməsinin qarşısı alınır, Naxçıvana, nənəsinin yanına getməsinə rüsxət verirlər. Elə Naxçıvanda ikən də Ərtoğrol 1943-cü ilin noyabrında vəfat edir. Onun dəfn mərasimində iştirak etmək nə anasına, nə bacısına qismət olur.
Cavid həbs edildikdən sonra ailənin maddi baxımdan da çox sıxıntılı günləri başlanmışdı. Bir müddət Ərtoğrol Bülbülün rəhbərlik etdiyi xalq musiqisini tədqiq edən kabinetdə işləyərək cüzi məvacib alırdı və bununla da ailəni dolandırırdı. Mişkinaz xanım isə Volodarski adına tikiş fabrikindən başqalarına fərdi sifarişlə verilən işlərin bir hissəsini həmin adamlardan daha ucuz qiymətə yerinə yetirib onlara qaytarmaq şərti ilə götürür, görülən işin müqabilində əlinə çatan qəpik-quruşla ailənin gündəlik güzəranını təmin edirdi. Mişkinaz Cavidin məhz Cavidin həyat yoldaşı olduğuna görə birbaşa Volodarski fabrikindən sifarişlər götürmək imkanı isə yox idi. Kim idi “xalq düşməni”nin zövcəsinə belə iltifatı göstərən! Ona görə də başqalarının götürdüyü sifarişləri ikiqat, bəzən üçqat ucuzuna yerinə yetirməkdən başqa çarəsi yox idi. Belə çətin günlərdə ailənin dolanışığını təmin etmək üçün daha bir məvacibə ehtiyac vardı və Turan həmin dövrdə işə düzəlir. Həm də o çağ üçün çox gözlənilməz olan bir yerə. Çünki hətta tikiş fabrikində belə “xalq düşməni”nin həyat yoldaşı olduğuna, Cavid familiyası daşıdığı səbəbi ilə sifarişlər ala bilməyən Mişkinaz xanımın qızına Azərbaycan Radiofikasiya və Radio Verilişləri Komitəsində iş verilməsi həmin dövr üçün möcüzə sayılmalı idi.
Turan xanımdan bunun səbəbini soruşmuşdum. Çünki həmin dövrdə ideoloji sahə ilə bağlı hər hansı bir idarə və müəssisədə, xüsusən radio kimi çox vacib bir sahədə “xalq düşməni”nin övladının işləməsi ağlabatan deyildi. Sən demə, Üzeyir bəy kömək olubmuş. O, həmin dövrdə komitəyə sədrlik edən Hüseyn Şərifovdan xahiş edibmiş, nə qədər riskli olsa da, sözü yerə salınmayıbmış.
Qısa müddətdə - 3 il ərzində Radiofikasiya və Radio Verilişləri Komitəsinə sədrlik etmiş Hüseyn Şərifovun bu mərdanə yaxşılığını Turan xanım unutmurdu.
Lakin indi Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsinin arxivindəki köhnə sənədləri qaldırarkən Turan Cavidlə bağlı iki müxtəlif vaxtlarda tərtib edilmiş iki şəxsi işdəki bəzi sənədlər onun buradakı fəaliyyətinin heç də rəvan getmədiyini aydınladır.
Sənədlərin arasında Turan xanımın yazdığı iki avtobioqrafiya var. İki tərcüme-yi halının, iki sənədlər dəstinin, iki ayrı “şəxsi iş” qovluğunun açılması bununla əlaqədardır ki, Turan xanımı Hüseyn Şərifov 1942-ci ilin 22 martında işə götürsə də, o, burada yalnız 1944-cü ilin 1 oktyabrına kimi çalışa bilmişdi. Sonra işdən kənarlaşdırılmışdı və Radio Verilişləri Komitəsinə bir də yenə Üzeyir bəyin köməyi ilə 1945-ci ildə təzədən qayıda bilmişdi. Aralıqdakı müddətdə isə o, Nizami muzeyində çalışmışdı.
Turan xanım 1942-ci il aprelin 19-da imzaladığı avtobioqrafiyasında belə yazır: “Mən, Turan Cavid Hüseyn Cavid qızı 1923-cü ildə Bakıda anadan olmuşam. Ev tərbiyəsi görəndən sonra 1929-30-cu tədris ilində Voroşilov rayonunun 48 nömrəli məktəbinə daxil olmuşam. 1940-cı ildə oranı bitirmişəm. Atam şair və müəllimliklə, anam isə ev işləri ilə məşğul olurdu. 1937-ci ildə atam həbs olunmuşdur. Qardaşım hal-hazırda ordu sıralarındadır. Mən 1942-ci ilin oktyabrında maşinistkalıq kursuna daxil oldum və 1943-cü ilin fevralında oranı bitirdim. Ailəmiz anam və məndən ibarətdir”.
İşə götürüləndən az sonra, 1943-cü il iyunun 24-də Azərbaycan Radio Komitəsinin sədri Şərifovun əmri ilə Turan Cavid 500 manat aylıq əməkhaqqı ilə müvəqqəti olaraq Dram verilişləri redaksiyasına redaktor vəzifəsinə keçirilmişdi.
Bunu da bilin ki, həmin dövrdə Turan Cavid həm də Azərbaycan radiosunda diktorlardan biri olmuşdu.
Lakin az sonra Hüseyn Şərif həmin vəzifədən gedir və Radiofikasiya və Radio Verilişləri Komitəsinin sədrliyinə Şəmsəddin Abbasov gəlir.
Şəmsəddin Abbasovun komitəyə rəhbərlik etdiyi dövrə aid də Turan Cavidin bioqrafiyasında izi qalan iki sənəd var. Onlardan biri 1944-cü il martın 22-də imzalanmış əmrdir. Həmin əmrdə göstərilir ki, daha əvvəl verilmiş bir əmr yeni aşkar olunmuş faktlarla əlaqədar ləğv edilir. Nədən ibarət idi bu yeni aşkarlanmış faktlar və ləğv olunan əmr?
İş ondadır ki, komitə sədrinin 1944-cü il martın 17-də imzaladığı 44 saylı əmrin 10-cu bəndində göstərilirdi ki, martın 16-da Uşaq-gənclər şöbəsinin böyük redaktoru Turan Cavid işdən 30 dəqiqə tez getdiyinə görə məhkəmə məsuliyyətinə cəlb edilsin.
Əsas olaraq sədr vəzifəsini icra edən Şəmsəddin Abbasovun dərkənar qoyduğu raport götürülür. Lakin sonrakı araşdırmadan məlum olur ki, Turan Cavid işdən heç də özbaşına getməyibmiş. Redaksiya müdirinin verdiyi tapşırıqla əlaqədar iş saatının başa çatmasından yarım saat əvvəl Radio Verilişləri Komitəsini tərk edibmiş. Ona görə də əmr ləğv edilir.
Ancaq təsəvvür edin ki, belə bir əmrin olması haqda xəbər Turana, ardınca da Mişkinaz xanıma çatanda hansı həyəcanlar yaşayıbmışlar. Hüseyn Cavid həbsdə, Ərtoğrol artıq həyatda yox, bu tərəfdən də qız məhkəmə məsuliyyətinə cəlb edilir. Əgər “xalq düşməni”nin qızı məhkəmə məsuliyyətinə cəlb edilərsə, onun aqibətinin necə olacağını təsəvvür etmək o qədər də çətin deyildi.
Fəqət yenə də Üzeyir bəyin işə qarışması bu anlaşılmazlığın aradan götürülməsinə və Turan haqqındakı əmrin ləğv edilməsinə gətirib çıxarır. Ancaq bu da uzun çəkmir. Artıq tam səlahiyyətlə komitə sədrliyi vəzifəsini yerinə yetirən Abbasovun imzası ilə 1945-ci ildə bir sənəd də imzalanır.
1945-ci il iyun ayının 17-də “Son xəbərlər redaksiyasının redaktoru Turan Cavid işinin öhdəsindən gələ bilmədiyinə görə” vəzifəsindən azad edilir.
Əsas olaraq Son xəbərlər redaksiyasının baş redaktoru Qulam Zeynalovun komitə sədrinin dərkənar qoyduğu raportu götürülür.
Turanın Radio Komitəsində birinci dönəm iş fəaliyyəti 1942-ci il martın 22-dən 1944-cü il oktyabrın 1-dək olmuşdu. Aralıqdakı müddətdə, yəni 1944-cü il noyabrın 1-dən 1945-ci il iyunun 1-nə qədər Nizami muzeyində elmi işçi vəzifəsində çalışdığı əyyamları xatırlayanda Turan xanım söyləyirdi ki, sanki həmin yarım illik dövr gələcək yolum üçün bir tale məşqi imiş (Doğrudan da, sonralar Turan xanımın taleyi ömrünün sonunadək muzey işi ilə bağlandı. Uzun illər Teatr muzeyində çalışdı, axırda da atasının ev muzeyinin yaradıcısı və ilk direktoru oldu).
1945-ci il iyunun 15-də bir aylıq sınaq müddəti ilə yenidən radio komitəsində işə götürüldüyü çağları xatırlayarkən deyirdi ki, ilk mətnləri oxuduğum vaxtlarda hamı, ilk növbədə peşəkar radio diktorları məni bəyənib çox tərifləsələr də, az sonra Mərkəzi Komitədən gələn bir nəfərin ciddi iradtutmasından sonra mənim mikrofon qarşısında dayanmağıma birdəfəlik son qoyuldu. Radio rəhbərliyinin üstünə çımxırıblarmış ki, sayıqlığınızı tam itiribsiniz, birbaşa efirdə “xalq düşməni” qızına mikrofon ixtiyarı verməkmi olar?!
Odur ki, Turan xanım 1945-ci ilin 27 iyununda növbəti əmrlə diktor vəzifəsindən Son xəbərlər redaksiyasında 600 manat maaşla redaktor vəzifəsinə keçirilmişdi.
İkinci şəxsi işi üçün tərcüme-yi halını Turan Cavid 1945-ci il iyun ayının 13-də yazır. Ötən tərcüme-yi halında olan təfərrüatları xatırlayandan sonra 1942-ci ilin 22 martından 1944-cü ilin 1 oktyabrına kimi Azərbaycan Radio Komitəsində çalışdığını bildirir, yenə atasının Daxili İşlər Xalq Komissarlığı tərəfindən tutulduğunu, həbsdə olduğunu bildirir və dövrün sənəd ənənəsinə uyğun olaraq, amma özünəməxsus tərzdə əlavə edir ki, “xaricdə kimsəmiz yoxdur”.
Zavallının xəbəri yoxdu ki, atasını hələ həbsdə zənn etdiyi o günlərdə çoxdan idi ki, Cavid həyatda yox idi. Sibir cəhənnəmində 1941-ci il dekabrın 5-də son saatı çatmışdı.
Turan Cavidin Radio Komitəsində qısa fasilələrlə işlədiyi iki dönəmlə əlaqədar o əmrləri bu səbəbdən yada salırıq ki, onun hər iki mərhələdə radio fəaliyyətinin ciddi nəzarətsiz və təqiblərsiz, həm də cəzalarsız ötüşmədiyi bilinsin. Son olaraq da onu, adətən edildiyi kimi, “öz xahişi ilə yox”, “vəzifəsinin öhdəsindən gələ bilməyən” kimi işdən xaric etmişdilər.
Ümumilikdə isə Turanın hətta bu qısa müddətdə belə Radio Verilişləri Komitəsində işləməsinin özü, həmin dövrün şərtləri nəzərə alınarsa, ağlasığmaz bir hadisə idi. Çünki digər şəxsi işləri araşdırarkən onu görürük ki, bioqrafiyasında bu cür damğa olan heç bir şəxs nə əvvəlki, nə də sonrakı illərdə Radio Verilişləri Komitəsində çalışmayıb. Turan xanımın həmin dövrdə hətta iki dəfə Radio Verilişləri Komitəsinə işə götürülməsi isə yalnız və yalnız birbaşa Üzeyir bəyin səyləri, xeyirxahlığı və oçağkı yüksək nüfuzu sayəsində mümkünləşmişdi.
Qısa bir müddət işləsə də, radio Turan Cavidin ömründə həmişəlik qaldı. İllər boyu Azərbaycan Teleradiosunun həftəlik proqram qəzeti nəşr edilirdi. Həmin qəzetlə bağlı vaxtilə yazdığım kiçik bir yazıda belə bir cümlə də vardı ki, “bu nəşr Azərbaycanın çoxsaylı qəzetləri arasında yeganəsidir ki, sadəcə oxunub kənara qoyulmur, düz 1 həftə göz qabağında qalır və hər gün də baxılır”. Söz yox, bu dönə-dönə açılıb baxılmanın əsas səbəbi orada dərc edilən radio və televiziya proqramları, qəzetin hansı verilişi hansı saatda izləmək üçün etibarlı bələdçi olması idi. Amma həmin qəzet müəyyən illərdə yalnız efir cədvəlinin quruca nişanvericisi qalmayaraq həm də ayrı-ayrı verilişlər barədə cəlbedici yazılar dərc edən oxunaqlı nəşr idi. Mən o qəzetlə Turan xanım kimi səliqəli davranan adam görməmişəm. Həftənin son günündə gələn həftənin proqram qəzetini açar, həm radioda, həm televiziyada, daha çoxsa hər halda radioda gedəcək verilişlərin efir vaxtını seçilən xətlə işarələyər, hamısını da izləyərdi. Turan xanım tək yaşayırdı, televiziya, radio onun əsas hayanı idi, evi daim get-gəlli olsa da, yaxınlar, dostlar onu tənha qoymasa da, hər halda radio-televiziyanın ona daha sadiq olmasını bir dəfə özü mənə etiraf etdi: “Hamı gəlir, gedir, amma radio ilə televiziya həmişə mənimlədir”.
Bu sözün tək Turan Cavid üçün deyil, əksər Azərbaycan vətəndaşlarından ötrü həqiqiliyini təsdiq və sübut edən əsas cəhət ondan ibarət idi ki, efirimiz, xüsusən də radio xalqa məhrəmliyini, xalq ruhunun ifadəçisi olmasını hər gün sübuta yetirməkçün səfərbər idi.
14 oktyabr 2025


