Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Soyuqqanlı olmalı, səssiz də qalmamalıyıq
"...hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın".
Cənab Prezidentin bu sərrast sözlərindən sonra hər kəs sakitcə düşünməli, öz səhvini təhlil etməli, öz payını götürməliydi.
Gözlənilən, arzuolunan bu idi.
Amma qardaş ölkədəki dar düşüncəli, cahil insanların yenidən qabağa verilərək öz bəsit düşüncələri ilə Azərbaycana yol göstərmələrinin davam etdiyini gördükcə heyrətlənirsən!
Qardaşlığımıza, bütöv Türk dünyasına zərər vura biləcək bu hərəkətlərin təcili sonlandırılması, suyu bulandıranların üzə çıxarılması üçün təşkilatçılara qarşı Türkiyə ədliyyə sistemi tərəfindən indi orada dəbdə olan "operasyon" keçirilməsi vacibdir.
Həm də gecikmədən!
lll
Misir müəllimin üstünlüyü
Misir müəllimin - hörmətli professorumuz Misir Mərdanovun 80 yaşı tamam olduğu bu günlərdə onun barəsində düşündüm. O, uzun müddət Azərbaycanın təhsil naziri vəzifəsində çalışdı və nazir olduğu dövrdə mətbuata, ictimaiyyətə açıq yüksək vəzifəli məmur kimi yadda qaldı.
Yadımdadır, o dövrdə mətbuat nümayəndələri mənə yüksək vəzifəli məmurlardan müsahibə almaq istəklərini bildirəndə, çox vaxt soruşurdum: "Hansı məmurlarla müsahibələr etmək istəyirsiniz?" Cavablar adətən eyni olurdu və hamı ilk növbədə Misir müəllimin adını çəkirdi. Deyirdim: "Yaxşı, Misir müəllim bir. Ola bilsin, lap ikincisini də tapdın. Bəs sonra nə olacaq? Axı məmurların böyük əksəriyyəti mətbuata açıq deyil".
O zamanlar Misir müəllim bütün jurnalistlər üçün əlçatan idi. Həm də təkcə jurnalistlər üçün yox, sadə insanlar üçün də. Səhərlər çıxıb dəniz kənarında gəzirdi. Sözü olan, qəbuluna düşə bilməyən adamlar onu elə oradaca saxlayıb dərdlərini, problemlərini, xahişlərini ayaqüstü çatdıra bilirdilər. Misir müəllim ona üz tutan insanları naümid geri qaytarmır, əlindən gələn köməyi əsirgəmirdi. Bəlkə də elə buna görə istər nazir işlədiyi dövrdə, istərsə də sonralar ictimaiyyət arasında rahat və başıuca gəzə bilirdi. Çünki onun insanların qarşısına çıxanda başını dik tutmağa həmişə haqqı olub.
Misir müəllim nazirlikdən ayrıldıqdan sonra da dinamik, fəal həyatını davam etdirir. Mən insanların yaşlarının bu çağında göstərdikləri fəallığa, həyat və yaradıcılıq enerjisinə həmişə xüsusi hörmət-ehtiramla yanaşmışam. Xalq yazıçısı Anarın, tarix elmləri doktoru Həsən Həsənovun, eləcə də Misir müəllimin timsalında bunun canlı nümunəsini görürəm. Bu insanlar yaşlarından asılı olmayaraq yaradıcılıq şövqü ilə çalışır, böyük ehtiras və əzmlə yazıb-yaradırlar.
Neçə il əvvəlin söhbətdir. Bir gün Naxçıvana yubiley tədbirinə getmişdik. Elektron poçt və bu kimi texnologiyalar yeni-yeni yayılırdı. Misir müəllim söhbət əsnasında dedi ki: "Yeni texnologiyaları mənimsəmək vacibdir, mən özüm də bunlardan istifadə edirəm, mənim öz elektron poçtum var".
Misir müəllim indinin özündə də sosial mediadan, Feysbukdan fəal istifadə edir. Hətta bir dəfə soruşdum, Feysbuk səhifəsini özünün idarə etdiyini dedi.
Öz maşınını özü sürür, tədbirlərə də o maşınla gedir. Deməyim odur ki, Misir müəllim gəncdir, dinamikdir, daim hərəkətdədir. Məncə, bu, xeyli dərəcədə onun mənəvi keyfiyyətləri, həyata münasibəti və daxili inamı ilə bağlıdır.
Tanınmış riyaziyyatçılar, fiziklər, alimlər haqqında tez-tez məqalələr yazır. Bu yazıları "525-ci qəzet"in səhifələrində mütəmadi görürük. Eyni zamanda Azərbaycan yazıçıları, şairləri və ziyalıları haqqında yazdığı məqalələrlə də bizi təəccübləndirir. Onun professor Ədalət Tahirzadə ilə birlikdə ötən əsrdə xaricdə təhsil almış azərbaycanlılar haqqında hazırladığı, bir neçə cilddən ibarət əsəri də, məncə, təhsil tariximizə mühüm töhfədir.
Misir müəllim həm də çox rahat adamdır, umu-küsüdən, kin-küdurətdən uzaqdır. Onun hadisələrə, insanlara pozitiv münasibəti həmişə diqqətimi çəkib. Dediyimə qüvvət, bu günlərdə bir müsahibəsində vəzifədən sonrakı münasibətlərə toxunarkən bunu həyatın təbii tərəfi kimi qəbul etdiyini deyirdi: "Vəzifədən ayrıldıqdan sonra insan bəzi münasibətlərin dəyişdiyini hiss edir. Vəzifədə olanda çevrəniz geniş görünür, müraciət edənlərin, görüşmək istəyənlərin sayı çox olur. Sonra anlayırsan ki, onların bir qismi sənin özünlə, bir qismi isə tutduğun vəzifə ilə maraqlanırmış. Bunu həyatın təbii tərəfi kimi qəbul edirəm, heç kimdən inciklik saxlamıram. Məni sevindirən odur ki, illər keçsə də, səmimi münasibət qurduğum insanlar yanımdadır".
Bəlkə də Misir müəllimin bu qədər gümrah qalmasının səbəblərindən biri də məhz budur: o, keçmişə incikliklə deyil, həyatın təbii axarı kimi baxır.
Mən 80 illik yubileyi münasibətilə hörmətli Misir müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür və bol-bol yaradıcılıq enerjisi arzulayıram.
lll
Tıxacların üstün cəhəti, az da olsa, düşünməyə imkan yaratmasıdır.
lll
İlanlar şahı Şahmaranla saat yarım
Bu ayın ilk günlərində bəstəkar Vüqar Camalzadədən bir dəvətnamə aldım. Məni Türk dünyasının məşhur əfsanəsi əsasında hazırlanmış "Şahmaran" rok-müziklinin oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək premyerasına dəvət edirdi. Dəvətnamənin üzərində çox hörmət bəslədiyim, həmişə dəyər verdiyim iki sənətkarın - rejissor İradə Gözəlova və bəstəkar Vüqar Camalzadənin adları yazılmışdı.
İradə xanımın quruluşunda Tuncer Cücenoğlunun "Qadınım" tamaşasına bir neçə il öncə baxmışdım - çox bəyənmiş, mətbuatda münasibət də bildirmişdim.
Vüqar Camalzadənin isə 2023-cü ilin iyul ayında Vaqif Poeziya Günləri çərçivəsində Şuşada - Natəvanın evi qarşısında keçirilən "Dövri-səda" konsertində ədvar sistemi üzərində bəstələdiyi 8 musiqini dinləmişdim. Yarıqaranlıq atmosferdə, açıq havada Qədim Musiqi Alətləri Ansamblının ifasında səsləndirilən o musiqilər, istedadlı xanəndələrimizin yaratdığı aura heç vaxt yadımdan çıxmır.
Sürətlə dəyişən indiki zamanda çox şeylər unudulur, tez yaddan çıxır, amma o gecənin ab-havası yaddaşımda hələ də yaşayır. O konsertdə səslənən, Mir Həmzə Nigarinin sözlərinə Vüqar Camalzadənin bəstələdiyi "Qarabağ" mahnısı aradan xeyli müddət keçsə də, bu gün də tez-tez dinlədiyim, ovqatımın müxtəlif vaxtlarında ruhuma sakitlik gətirən musiqilərdəndir. "Dövri-səda"ya görə o vaxt mən Vüqar Camalzadəyə şəxsən təşəkkürümü çatdırmış, sonralar isə müxtəlif məclislərdə bu barədə müsbət fikirlərimi bildirmişdim.
Bu mənada dərin rəğbət bəslədiyim iki insanın ərsəyə gətirdiyi rok-müziklin - "Şahmaran"ın da fərqli təsir bağışlayacağını, gözlənilməz çalarlarla zəngin olacağını təsəvvür edirdim. Ona görə də həmin vaxta, həmin saata dəvət aldığım digər tədbirləri ixtisara salıb, məmnuniyyətlə "Şahmaran"ın premyerasına qatıldım (hesab edirəm, ixtisara düşən o həmin tədbirlərin təşkilatçıları məni üzrlü sayarlar).
Dostum, millət vəkili Elçin Mirzəbəyli ilə bir yerdə saat yarım sanki başqa bir aləmə düşdük, gördüklərimizdən, dinlədiklərimizdən böyük zövq aldıq. Tamaşa bitəndə bir-birimizə söylədik ki, informasiya neqativlərinin hücumundan saat yarım uzaqlaşıb, unudulmaz, xoş duyğular yaşaya bildik.
Tamaşanın təqdimatında deyilirdi ki, qədim Şahmaran əfsanəsi müasir dövrün reallıqları ilə qovuşaraq insanın sevgi, etibar və xəyanət qarşısında etdiyi seçimlərdən danışır. Təşkilatçılar "Şahmaran" tamaşasını düşündürən, duyğulandıran, insanlığa olan ümidin heç vaxt ölmədiyini xatırladan poetik bir səhnə hekayəsi kimi təqdim edirdilər.
Premyera yüksək səviyyədə keçdi - doğrudan da, qeyri-adi bir iş ərsəyə gətirilmişdi. Bu, Azərbaycanda ilk dəfə səhnələşdirilən rok-müzikl idi. Aktyorların oyunu məni valeh etdi. Əlbəttə, burada tamaşanın quruluşçu rəssamını da, xormeysterini də xüsusi qeyd etmək lazımdır. Xalq artisti Pərviz Məmmədrzayevin əməyi isə ayrıca vurğulanmalıdır.
Sonda tamaşa böyük alqışlarla qarşılandı. Birinci sırada oturduğumuz üçün bu alqışlara aktyorların reaksiyasını, üzlərindəki ifadəni aydın görə bilirdik. Heç vaxt unutmayacağam, aktrisa Aydan Həsənovanın bu sürəkli alqışlar qarşısında gözləri necə dolmuşdu. O zaman ağlıma gələn tək fikir bu oldu - doğrudan da, bir aktyor üçün tamaşaçı alqışından üstün təltif yoxdur.
Ömər Xəyyamın şeirlərinə Vüqar Camalzadənin bəstələdiyi musiqilər dəfələrlə alqışlandı. Aktyorların oyunu, tələbə rolunu canlandıran Əmrah Dadaşovun çıxışı çox bəyənildi. Xorun və balet qrupunun çıxışları da olduqca uğurlu alınmışdı.
Mən bütün yaradıcı heyəti ürəkdən təbrik edir, saat yarım ərzində bizi gündəlik həyat qayğılarından uzaqlaşdırıb fərqli bir dünya yaşatdıqlarına, düşüncələrə qərq etdiklərinə görə minnətdarlığımı bildirirəm.
lll
"Zır cahil trollar"
Ən qorxulu trol cahil troldur.
Türkiyənin obyektiv jurnalistlərinin ürəyi soyumur, belələrini zır cahil adlandırırlar. Bizdə "zır dəli" sözü olduğu kimi.
İndi bu zır cahil trollar Azərbaycan-Türkiyə qardaşlığını zədələməyə, bu münasibətə xələl gətirməyə çalışırlar. Öz küt düşüncələri ilə Azərbaycana yol göstərir, ağıl verirlər.
Bu məqamda qardaş ölkənin rəsmi dairələri, hüquq-mühafizə orqanları, əgər səmimidirlərsə, dövlətlərarası münasibətləri zədələyən bu zır cahil troll dəstəsinə öz kəskin münasibtələrini ortaya qoymalıdırlar. Son vaxtlarda sosial media fenomenlərinə, influenserlərə, müğənnilərə və digərlərinə qarşı tez-tez şahidi olduğumuz "operasyon"ların birini də bu zır cahil troll dəstəsinə qarşı keçirməlidirlər.
Belədə suyu bulandıranların kimlər olduğu aydınlaşar.
lll
Yutubda Nora Moravi adı ilə biri müğənni kimi reklam olunur. Haqq üçün səsi də, ifası da, oxuduğu mahnılar da maraqlı və cəlbedicidir. Əgər bu, süni intellektin yaratdığı bir layihədirsə, deməli, müğənnilərimizi də, musiqiçilərimizi də ciddi sınaq gözləyir.
Amma Nora Moravi haqqında heç bir bioqrafik məlumata rast gəlmək mümkün deyil. Hətta ChatGPT də bu məsələdə aciz qaldı...
Bəlkə biləniniz ola, bu Nora Moravi kimdir?
lll
Sosial media rəqabətində normal adamların da meymuna çevrildiyini gördükcə əlin yerdən-göydən üzülür.
lll
"Azərbaycan əleyhinə paylaşım edən provakatorların və trolların cavabını verməliyik. Azərbaycana qarşı küfr yayan hesablar bağlanmalı, sahiblərinə qarşı hüquqi tədbirlər görülməlidir".
Professor Ümid Özdağ məsələyə çox obyektiv münasibət bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Oktyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















