Qərb zəmanət vermir, Rusiya torpaq istəyir: Ukrayna çıxılmaz DÜYÜNDƏ
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabah Əbu-Dabidə Ukrayna ilə Rusiya (Kreml) arasında sülh danışıqlarının növbəti raundu keçiriləcək. Bu mərhələ əvvəlkilərdən iki mühüm cəhətinə görə fərqlənir:
birincisi, danışıqlar ikitərəfli formatda baş tutacaq,
ikincisi isə Ağ Ev təmsilçiləri bu raundda iştirak etməyəcək.
Bu amil artıq özü-özlüyündə danışıqların perspektivi ilə bağlı müəyyən suallar yaradır. ABŞ-ın prosesdən kənarda qalması Vaşinqtonun ya real irəliləyişə inanmadığını, ya da məsuliyyəti tərəflərin üzərinə atmaq niyyətini göstərir.
Ritorikada yumşalma var, mövqelərdə yox
Son raundlarla müqayisədə tərəflər arasında aqressiv ritorikanın azalması müşahidə olunur. Kiyev və Moskva bir-birinə qarşı əvvəlki kimi kəskin bəyanatlar səsləndirmir. Lakin bu yumşalma mövqelərin dəyişməsi demək deyil. Əksinə, danışıqların məzmunu daha ağır və çətin mərhələyə daxil olub.
Kreml artıq açıq şəkildə irəliləyiş ehtimalına skeptik yanaşır. Bloomberg-in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində maksimalist ərazi tələblərindən geri çəkilmək niyyətində deyil. Məhz bu mövqe danışıqların əsas tıxanma nöqtəsi olaraq qalır.
Ərazi məsələsi – danışıqların “ölü nöqtəsi”
Mənbələr bildirir ki, Rusiya Ukraynanın Donbasın şərqində yerləşən möhkəmləndirilmiş ərazilərdən geri çəkilmək tələbini rədd edir. ABŞ isə kompromis variant kimi: silahsızlaşdırılmış zonaların yaradılmasını, Avropa və Amerika qoşunlarının iştirakı ilə təhlükəsizlik mexanizmlərini təklif edir.
Lakin Putin Rusiyanın “Ankoric sazişi” adlandırdığı model çərçivəsində Ukraynanın Donbas üzərində nəzarəti faktiki olaraq itirməsini istəyir. Xerson və Zaporojye istiqamətlərində isə mövcud təmas xəttinin “dondurulması” planlaşdırılır.
Kreml bu yanaşmanı Putinin “güzəşti” kimi təqdim etsə də, reallıqda bu, Rusiyanın heç vaxt tam nəzarət etmədiyi ərazilərə belə iddia irəli sürməsi deməkdir.
Qərb də nikbin deyil
Əvvəlki Əbu-Dabi raundu mümkün atəşkəsin texniki detalları üzərində qurulmuşdu. Lakin ərazi məsələsi həll olunmadan real atəşkəsin mümkün olmadığı artıq Qərb paytaxtlarında da qəbul edilir.
Avropalı diplomatlar da prosesə şübhə ilə yanaşır. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın “həlledici ərazi məsələsində inadkar mövqeyini” danışıqların uğuruna əsas maneə adlandırıb.
“Politico”nun məlumatına görə, hazırda üç əsas məsələ açıq qalır: Rusiyanın Ukrayna əraziləri ilə bağlı tələbləri, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin mahiyyəti, döyüşlərin nə vaxt dayandırılması sülh sazişindən əvvəl, yoxsa sonra.
“Financial Times” isə yazır ki, ABŞ yalnız Donbasla bağlı ciddi güzəştlər müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Zelenskinin mesajı: ünvan Moskva yox, Qərbdir
Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə bəyan edib ki, Kiyev nə Donbasda, nə də Zaporojyedə ərazi güzəştlərinə gedəcək. Bu mesaj ilk baxışda Moskvaya yönəlik görünsə də, əsl ünvan ABŞ və Avropadır.
Zelenskinin arqumenti sadədir: Ukraynanı bu münaqişəyə sürükləyən kollektiv Qərbdirsə, o zaman Ukraynanın təhlükəsizliyinə də real və hüquqi zəmanət verməlidir. Kiyev bunun üçün Aİ və NATO üzvlüyünü əsas şərt kimi irəli sürür.
Lakin Qərb hələ də buna hazır deyil. Almaniya kansleri Merz bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü 2027-ci ildən əvvəl real deyil və bu, uzun prosedur tələb edir. ABŞ dövlət katibi Marko Rubio isə açıq deyib: “ABŞ olmadan Ukraynanın etibarlı təhlükəsizliyindən danışmaq mümkün deyil.”
Sülh yox, uzanan münaqişə
Zelenski Ukrayna tarixinə “ərazi itirən lider” “xəyanətkar lider” kimi düşmək istəmir. O, ən azı Krım, Donbas və Zaporojye ilə bağlı itkilər müqabilində Aİ və NATO üzvlüyünü təminat kimi görür. Qərb isə bu riski üzərinə götürməkdən çəkinir.
Bütün bu faktorlar onu göstərir ki, sabahkı Əbu-Dabi görüşündən ciddi nəticə gözləmək real deyil. Ritorika yumşalsa da, strateji ziddiyyətlər qalır.
Bu isə bir daha sübut edir: Ukrayna münaqişəsi hələ uzun müddət beynəlxalq siyasətin ən ağrılı nöqtəsi olaraq qalacaq.
Danışıqlar prosesində ciddi nəticələrin əldə edilməsinə baxmayaraq, danışıqlar raundu həm münaqişə tərəflərinə. Həm ABŞ-a, həm Avropanın, həm də digər maraqlı tərəflərin marağına uyğundur.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 31 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















