Qərbi Azərbaycan Xronikası: Kənd sakini deportasiya vaxtı üzləşdikləri çətinliklərdən söz açıb
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Bir qrup daşnak atamı öldürmək üçün plan cızmışdı" adlı veriliş Şəmşəddil mahalının Dilican şəhəri, Alaçıqqaya kənd sakini Arif Orucovun həyat hekayəsinə həsr olunub.
O, 1961-ci ildə anadan olduğunu, doğma kənddə boya-başa çatdığını, təhsil aldığını, yaylaqlara getdiklərini söyləyib: "Bizim yaylaqlar İrəvan xanlarının istirahət yeri olub. Vaxtilə kəndimizin adı Alaçıqqaya yox, Zoğallıq idi. Bizim dərələr Çəmbərək rayonuna qədər suyun altında olub. Sonra zəlzələ və ya başqa səbəbdən suyun qarşısı açılıb və tədricən ora boşalıb. Bu dövrdən sonra insanlar Dilican dərəsi və Çəmbərəkə doğru məskunlaşmağa başlayıblar. İndiki Dilican şəhərinin olduğu yeri ulu babamız Umdalı kişi 19-cu əsrin əvvəllərində özü üçün yaşayış yeri seçib. Orada müxtəlif təzyiqlərlə üzləşdiklərinə görə Qoş kəndinə köçüblər".
Onun sözlərinə görə, 1980-ci ildə Tbilisidə əsgərlikdə olduğu zaman ermənilər türklərə qarşı mənfi münasibət bəsləyib: "Bizimlə erməni əsgərlər arasında münasibətlər tez-tez çox kəskin pozulur, dava-dalaş, xəsarət almaq dərəcəsinə gəlib çıxırdı. Hələ 1983-1984-cü illərdə mağazalarda daşın üstünə "Böyük Ermənistan" yazmışdılar. 1987-ci ildə atamla İrəvan şəhərinə gedəndə avtobusda bizi türk, azərbaycanlı olduğumuza görə Göyçə gölünün kənarında saxladılar, polis işə qarışdı.
Kənd sakini deportasiya vaxtı üzləşdikləri çətinliklərdən söz açıb: "Bir qup daşnak, saqqallı erməni atamı öldürmək üçün məkirli plan cızmışdılar. 1988-ci ildə atam əmimgildə olanda daşnakların ona atdığı güllə əmimin qızına dəyib, o həlak olub. Atam avtobusda gələndə yorğan-döşəyin altına gizlənib ki, saqqallılar onu öldürməsinlər. Ermənilər avtobusu yoxladıqdan sonra avtomatın ucundakı nizə ilə döşəyi deşik-deşik ediblər. Xoşbəxtlikdən nizə atama dəyməyib. Vəziyyət çox gərginləşmişdi. Rus generallar bizə eşitdirirdilər ki, artıq burada yaşamaq, sizi polislə qorumaq qeyri-mümkündür, çalışın, köçün. Payıza qədər kənd pərən-pərən düşdü".
A.Orucov doğma yurda qayıdış ümidlərinin itmədiyini vurğulayıb: "Camaatımız Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib. Hamımızın daxilində Vətən həsrəti, qayıtmaq ümidimiz var. Əminəm ki, yaxın gələcəkdə hökmən doğma kəndimizə qayıdacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Yanvar 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















