QHT lər üçün yeni imkan: “Bir pəncərə” hamının üzünə açılacaq MÜSAHİBƏ
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə başçısının fərmanı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi yaradılıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməlidirlər.
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi həyata keçirəcək.
Bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı “Cebheinfo.az”-ın suallarını Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli cavablandırıb:
-Bugünlərdə ölkə başçısı QHT-lərə Dövlət Dəstəyi İnformasiya sisteminin yaradılması ilə bağlı fərman imzalayıb. Yeni fərman ictimai iştirakçılıqda nəyi dəyişəcək?
- Azərbaycan Prezidentinin 25 dekabr tarixli fərmanı ölkədə qeyri-hökumət təşkilatları sektoruna dövlət dəstəyi sahəsində inqilabi dəyişikliklərə yol açır. Bu fərman imkan verir ki, 16 dövlət qurumunun QHT-lərə dövlət büdcəsi hesabına verdiyi qrantlar, sifarişlər, subsidiyilar və digər maliyyə yardımlarını bir mərkəzdən idarə etmək mümkün olsun.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “bir pəncərə” modeli əsasında vahid sistem yaradacaq. Qarşıdakı 3 ayda Nazirlər Kabineti müvafiq qaydalar işləyib hazırlayacaq. Bu qaydalar universal olacaq. QHT-lərə qrantlar ayıran, sosial sifarişlər verən və digər maliyyə yardımları göstərən dövlət qurumları bu qaydalar əsasında işləyəcəklər. Bunun üçün də vahid informasiya sistemi işlənib hazırlanacaq.
Həmin sistemin sahibi və operatoru QHT-lərə Dövlət Dəstəyi Agentliyi olacaq. Agentlik həmin dövlət qurumları ilə birlikdə bu müsabiqələri təşkil edəcək, ekspertizasını aparacaq və nəticələri birlikdə elan edəcək. Bu, ilk növbədə şəffaflığı artıracaq, hesabatlılığı gücləndirəcək. QHT-lərə dövlət dəstəyinin daha effektli, səmərəli mexanizmini yaradacaq.
-İndiyədək qrantların verilməsi ilə bağlı bəzi fikirlər səslənirdi. Artıq bu istiqamətdə səslənən neqativ fikirlərə son qoyulacaqmı?
-Burada həm resurslara qənaət olunacaq, eyni zamanda, qeyri-effektiv hallar aradan qalxacaq. Beləliklə, dövlətin ayırdığı maliyyə vəsaiti daha geniş, o cümlədən ixtisaslaşmış QHT-lərə effektiv şəkildə çatdırılacaq. Bu isə həm QHT sektorunun potesialını artıracaq, həm də plagiat layihələrə son qoyulacaq.
Eyni zamanda, QHT-lər dövlətin maliyyə vəsaitləri hesabına dövlətin qrant müsabiqələrində daha geniş iştirak edə biləcəklər. İndiyəqədərki təcrübənin təhlili göstərir ki, tətbiq edilən qeyri-şəffaf metodlar QHT-ləri çəkindirirdi.
Elanlar çox qısa müddətə və əlçatan olmayan formada verilirdi. Birdən-birə ictimaiyyət məlumat alırdı ki, hansı qrant layihəsi elan olundu və artıq onun qalibləri var. Bu, geniş müzakirələrə səbəb olurdu. Sosial şəbəkələrdə, mətbuatda çox açıq yazılırdı və tənqidlər səslənirdi. İndi bu hallara son qoyulacaq.
Dövlət büdcəsindən ayrılan vəsait daha səmərəli istifadə olunacaq. QHT-lər bu müsabiqələrdə iştirak etməklə yeni imkanlar əldə edəcəklər. Bu, xüsusən də işləyən, doğurdan da yaradıcı yanaşan, öz səriştəsini artıran QHT-lər üçün çox geniş imkanlar açacaq.
Bu da öz növbəsində ictimai iştirakçılığı gücləndirəcək. QHT-lərin cəmiyyət və dövlətin həyatında təsirini artıracaq. Onlar daha geniş və yeni layihələr həyata keçirmək imkanı əldə edəcəklər. Qısacası, dövlət vəsaitləri əlçatan olacaq.
Bu əlçatanlıq da sektoru gücləndirəcək. Bu da həm birbaşa, həm də dolayısıyla ictimai iştirakçılıq bacarıqlarını artıracaq. QHT-lərə ictimai təsiri gücləndirəcək. Onlar ictimai iştirakçılıq və iştimai nəzarət sahəsində yeni layihələr həyata keçirmək imkanı əldə edəcəklər və maliyyə dayanıqlılığı da artacaq.
-"Bir pəncərə" prinsipi burada hansı rolu oynayacaq?
-“Bir pəncərə sistemi” artıq Azərbaycan dövlət idarəetmə modelinin əsas komponentlərindən biridir. Bu prinsip şəffaflığı təmin edir. Eyni zamanda, dövlət orqanları ilə həm vətəndaşlar, həm fiziki-hüquqi şəxslər arasında təmas sıfıra endirir. Bu prinsip eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyini timsalında da uğurla tətbiq olundu.
Hazırda agentliyin elan etdiyi qrant müsabiqələrinin bütün mərhələləri tamamilə elektronlaşıb. Bu prinsipin dövlət büdcəsi hesabına QHT-lərə maliyyə ayıran dövlət orqanlarına da tətbiq olunması həm şəffaflığı gecləndirəcək, həm hesabatlılığı artıracaq, həm də vahid data baza yığmağa, eləcə də dövlət siyasətini bu istiqamətdə daha da optimallaşdırmağa imkan verəcək.
Burada həm dövlət udur, eyni zamanda qazanan ən böyük tərəf vətəndaş cəmiyyətidir. Çünki şəffaflıq və hesabatlılıq olan yerdə vətəndaş cəmiyyəti güclənəcək. QHT sektoru öz səriştəsini artırmağa əlavə motivasiya əldə edəcək.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: QHTlər Zaur İbrahimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 07 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















