Icma.az
close
up
RU
QIZIL ORDADAN ALAŞ ORDAYA İLQAR TÜRKOĞLU yazır

QIZIL ORDADAN ALAŞ ORDAYA İLQAR TÜRKOĞLU yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Çukurova Ədəbiyyatçılar Dərnəyinin Dünya Türklərini biraraya gətirən10-cu yubiley festivalı 22-28 aprel 2025 ci il tarixdə Almatıda düzənləndi. 10-cu festivalın Qazaxıstanda keçirilməsi barədə qərar hələ ötən il Qırğızıstanda (İssık-Kulda) düzənlənən 9-cu festivalda qəbul edilmişdi. Bir birini əvəzləyən bu festivalların formatı dəyişsə də, heç vaxt qutsal mahiyyəti dəyişmədi, sıralarını daha da genişləndirdi. Qeyd edim ki, ilk  festivaladək İstanbulda, Ankarada. İzmirdə, Antalyada, Çanaqqalada, Spartada, Samsunda, Yozqatda, Sivasda, Somada, Bursada və Türkiyənin digər şəhərlərində dünyanın müxtəlif ölkələrindən gələn türk insanları ilə şeir, sənət və musiqi şölənlərində qrup şəklində iştirak etmişdik. İllər ötdükcə türk respublikalarından, türk qövmlərindən festivallara qatılanların, "mən türkəm, mən Turanelliyəm" deyənlərin sayı çoxaldı. Zamanında bu sözlərə ikrah dolu mövqe sərgiləyənlərin çoxu sonradan konyunktur, korporativ maraqları üçün sıralarımıza soxulmağa cəhd etdilər. Təəssüf ki, bu, bugün də davam edir.  Bütün tədbirlərdə   çatışmazlıqlar, anlaşılmazlıqlar olub. Bu çatışmazlıqlar barədə açıq etirafların, açıq fikir mübadiləsinin olması gələcək işlərimizin sürəcinə korrektələr etməyə imkan yaradır. Yersiz, gəlişigözəl təriflərlə uzağa getmək heç vaxt mümkün olmayıb. İllər ötdükcə, qeyd etdiyim kimi, türksevdalı, Turansevdalı insanlarla  sıralarımız genişləndi, bəzən də, başındanböyük iddiası olanlarla yollarımızı ayırmaq məcburiyyətində qaldıq.

Ədəbi-mədəni əlaqələr birlik və bərabərliyimizin fundamental hissəsi olduğundan, buna qarşı fəaliyyətdə bulunanlar da az olmadı. Dünyada belə bir fikir formalaşdırmışdılar ki, türklər dünyanı qılınc gücünə yendilər, böyük imperatorluqlar qurdular. Halbuki türklərin ayağı dəyən bölgələrdə həmişə insanlıq, insani dəyərlər hökm sürməyə başlayıb. Dünyanın gedişatından xəbərləri olmayan insanları belə cəngəlliklərdən çıxarıb insan cərgəsinə qaytarıb, hörmət əlaməti olaraq, iki cüt bir tək etnikin dilini öyrənib, heç kimə öz dilini öyrənməyə məcbur etməyib türklər. Türk adını tarixdən silmək üçün antik mədəniyyətləri yağmalanıb, məhv edilib,  yadlaşdırılıb. Sonradan bəlli olub ki, onların özləri də qədim türklərin bir parçasıdır. Di gəl ki, şər qüvvələrin uzaqlara gedən ideoloji təbliğatı bugün də türklərə qarşı ayaqdadır. Türk bugün qılıncını yerə qoyub, ondan da möhkəm, iti olan  ədəbi-mədəni əlaqələrlə birlik və bərabərliyini təmin etməyə çalışır. Bu əlaqələri hər vəchlə pozmağa çalışanlar bu silahın nə qədər güclü, ədəbi-mədəni əlaqələrin ən böyük siyasət olduğunun  fərqindədirlər.

Uzun illər Türkiyə bələdiyyələri ədəbi-mədəni tədbirlərin keçirilməsinə böyük dəstək verir, otel, yemək, hətta yol xərclərini belə qarşılayırdılar. Türkiyənin, türk dünyasının inkişafını istəməyən Amerika və batının Türkiyəyə qarşı iqtisadi basqısı dəfələrlə lirənin devalvasiyası ilə nəticələndi. Bələdiyyə başqanları ciddi maliyyə problemləri üzündən əvvəlki dəstəyi vermək gücündə olmadı.  Olsun. İnsanlar öz hesablarına olsa belə, bu görüşlərə cani-könüldən qatıldılar.

Bir məqamı da xatırladım ki, Türkiyədə  aidiyyəti dövlət qurumunun səhlənkarlığı səbəbindən pasportunda problem yaşayan  ÇED başkanımız Halise xanım Almatıya iki gün gec gəlmək zorunda qalmışdır. Festival Çukurova Ədəbiyyatçılar Dərnəyi, “Muxali” İctimai Fondu və AR Nəşriyyatı (Qazaxıstan) və  TÜRKSOY Yazıçılar Birliyinin təşkilatçılığı ilə düzənləndi. Təşkilatçılar sırasında   Mədəniyyət Nazirliyi olsa da, bəlli bir səbəbdən  son məqamda verəcəyi bəzi dəstəkdən imtina etməli oldu.

Festivalın düzənlənməsində əsas yük çox istedadlı, şair, publisist, tərcüməçi  "Dünya Ədəbiyyatı" jurnalının baş redaktoru, ÇED onursal başqanı Erjan Alaştuqanın çiyinlərinə düşmüşdü. Təşkilatçılıq işinin nə qədər çətin və məsuliyyətli olduğunu çoxumuz bilirik. Buna hələ dəyərli Onursal Başqanımız Joldoşbek Monoldorovun təşəbbüsü ilə Qırğızıstanda düzənlənən 9-cu festival zamanı şahid olmuşduq. Tədbirlərin keçirilməsində bəzi dostların könüllü olaraq, Erjan Alaştuqana dəstək olmaları çox qürurverici idi.

Qeyd etdiyim kimi, 10-cu yubiley festivalı Qızıl Ordadan Alaş Ordayadək uzun yol keçmiş bugünkü Qazaxıstanın tarixi şəhərində-Almatıda keçirildi. Bu, post sovet türk respublikaları arasında, Qırğızıstandan sonra, keçirilən ikinci festival idi. Azərbaycandan 31, Türkiyədən 29 nəfər tədbirə qatılmışdı. Ümumilikdə, 150 nəfərlik heyətlə düzənlənən festival kiçik texniki problemlərlə üzləşsə də, unudulmaz xatirələrlə tarixə çevrildi.

HAŞİYƏ: Türküstan respublikalarının yunan Kiprinə səfir təyin etmələri iştirakçıların  festivalöncəsi əhval-ruhiyyəsinə təsirsiz ötüşməmişdir. Hətta bu qonuda feysbuk səhifəmdə açıqlama ilə  çıxış da etmişdim.

Bu gün də, Türk Dünyasının birlik və bərabərliyinə sanki kölgə salırmış kimi görünən olayın siyasi bir gediş olduğu qənaətindəyəm. Siyasi olaylar o qədər sürətlə dəyişir ki, nəyin doğru, nəyin yanlış olduğunu hesablamağa vaxt belə çatmır. Mən tam əminliklə deyə bilərəm ki, bu olay uzaq məqsədlərə hesablanmış siyasi gedişdir. Şimali Kıbrıs Türk Cümhuriyyətini bugünədək  Türkiyədən başqa heç bir dövlət tanımayıb. Türkistan respublikalarının Kıbrısın yunan kəsimini tanıması prosesi 1992-ci ıldə baş verib. Bugünkü elçilik mübadiləsi isə,  sabah öz qardaşlarının-türk kəsiminin tanınmasına yol açmağa yaxşı zəmin-fürsətdir. Təbii bu, batının, amerikanın xoşuna gəlməyəcək. Onlara cavabımız: bu, necə ola bilər ki, yunanları tanıdıq, indi doğma qardaşımızı tanımayaq?! Ay con, ay sem, ay cin, sizin ədalət prinsiplərinizin "min bir gecə nağılları"ndan fərqi nədir? Həyasızlığa baxın ki, BMT-nin təşəbbüsü ilə  2004-cü ildə Kıbrısda keçirilən  referendumda adanın yunan hissəsi  ayrılmağa səs versə də, bu, amerika və batını qane etməmişdir.  Nə qədər çalışsalar da,  mən əminəm ki, ada rəsmi olaraq iki dövlətə çevriləcək. Şimali Kıbrıs Türk Cümhuriyyətini bütün dünya tanıyacaq.

Gəlin türk dövlətlərinin yunan Kiprinin tanıma tarixinə nəzər salaq:

Azərbaycan- 92-ci il 2 aprel

Qırğızıstan -92-ci il 20 fevral

Qazaxstan-93-cü il 2aprel

Özbəkistan -97 ci il 30 may

Türkmənistan-2007-ci il 13 noyabr.

Şübhəsiz, siyasi sürəcin  zamana uyğun hesablanması və pərdəarxası olayların səbəblərini ancaq dövlət başçıları dəqiq bilir. Bugün haqqında söhbət açdığımız qonu barədə Türkiyə və Azərbaycan prezidentləri fikir bildirməyibsə, demək ki, prespektivdə  yaxşı nəsə planlaşdırılır...

Festivalın demək olar ki, bütün tədbirləri Qazaxıstan respublikasının Milli Kitabxanasının böyük zalında keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq, festivala əliboş gedə bilməzdim. Qazaxıstan təmsilçimiz, 10-cu festivalın təşkilat rəhbəri əziz qardaşım Erjan Alaştuqanın xahişi ilə Nizami, Füzuli və Nəsiminin toplularını əldə eləyib, hədiyyə olaraq, Qazaxıstanın Milli kitabxanasına verməliydim. Bu topluları tapmaq və əldə etmək üçün bir neçə gün axtarışlarımı davam etdirdim. Heç kəs məndən inciməsin, açıq söyləyəcəm, az qala bütün maddi mədəni irs nümunələrimizi dünyada öz adına saxtalaşdıran ermənilərlə eyni cərgədə addımlayan içimizdə lövbər salmış hələ çox zatlar var. Toplularla bağlı plan və məramımı söylədim, təəssüflər olsun ki, ölkə başçısının sərancamı ilə nəfis şəkildə  nəşr olunmuş adıçəkilən toplular üçün  əlahəzrət nəşriyyat, yaxud mətbəə mənsubu mənə elə qiymət oxudu ki, gərək həmin toplular üçün üç aylıq maaşımı gözləyəydim. Ani olaraq, əziz dostum, hörmətli Mədəniyyət nazirimiz Adil Kərimli yadıma düşdü. Əlaqə saxladım, axşam  idi, dedi sabah həll etməyə çalışacam. Bəli, növbəti gün mənə zəng gəldi ki, toplular hazırdı, gəlib götürə bilərlər. Cənab nazirimizə bu lütfündən dolayı sonsuz minnətdarlığımı bildirirəm. Çıxışımda həmin topluların Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin hədiyyəsi olaraq Qazaxıstan Milli Dövlət Kitabxanasına verildiyını xüsusi qeyd etdim.

10-cu yubiley festivalı Qazaxıstanın  əlamətdar  yubileylərinə: Qazax xalq qəhrəmanı Muxali Bahadırın 855, Qazax dövlətçiliyinin 800 və Abayın 180 illiyinə həsr olunmuşdur.

Qazax xalqının tarixi keçmişi barədə, eləcə də Abay haqqında Azərbaycan  oxucusunun  məlumatlı olması şəksizdir.

Festivalda qazax xalqının milli qəhrəmanı, Azərbaycanın da tərkibində olduğu   Cəlarilər dövlətinin, cəlarilər nəslinin nümayəndəsi olan Muxali Bahadır haqqında maraqlı tədqiqatların nəticəsi olaraq, ona həsr olunmuş poeziya nümunələrini dinləmək və  oxumaq çox xoş idi. Festival iştirakçılarının hər birinin bu yubileylərə görə təsis edilmiş medallarla, sertifikat və  diplomlarla təltif olunması gözəl nümunə idi. Təşkilati işlərin, diplom və  medalların hazırlanmasında, Qazaxıstan respublikasının böyük iş adamı, Azərbaycanda da sevilib tanınan Erbol Beysenovun misilsiz  xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Onun  Azərbaycan heyətinə öz evində musiqiçilərin iştirakı ilə xüsusi ziyafət verməsi, bir neçə gün sonra böyük şadlıq evində Azərbaycan və  Türkiyə heyətinə 100 nəfərlik musiqili məclis qurması, eləcə də dönüş günü restorandakı ziyafət unudulmaz anlarla yadda qaldı. Bir məqamı da nəzərinizə çatdırım ki, Erbol bəy Muxali Bahadırın məxsus olduğu cəlarilər nəslinin nümayəndəsidir. Bu qonuda-Muxali və cəlarilər haqqında ayrıca yazım olacaq. Bu səbəbdən də, tarixi araşdırmalarım barədə yazıb sizi yormaq istəmir, Qazaxıstanın bu əlamətdar yubleylərinə həsr etdiyim şeir nümunələrini sizinlə bölüşürəm:

QUTLU OLSUN

Qazax xalqının dövlətçiliyinin 800 illiyinə

Ulusun öz adı, öz qüruru var,

Tufandan başlayıb Nuhdan keçibdi.

Dünyanı durduran söz qüruru var,

Ölməzdir bu qürur, ruhdan keçibdi.

Bir yol başlayaraq miladdan öncə,

Şərəflə yaşatdı qazax adını.

Dözümdə, sınaqda poladdan öncə,

Bugün də yaşadır üzağ adını.

Sırındı dünyaya saxta tarixlər,

Düşmən dəyirmanı dayanmadı heç

Sırındı bir ucdan axta tarixlər,

Çoxumuz yuxudan oyanmadi heç.

Qəriblik yurd saldı doğma vətəndə,

Yadlar çadır qurdu binələr üstə.

Yüz ömür yaşandı tək bir bədəndə,

Bir ocaq qalandı sinələr üstə.

Türk tarix yazsa da qılıncında qan,

Türkün tarixini yazan olmadı.

Yollar şəfəqləndi süd kimi aydan,

Savaşlar elə də asan olmadı.

İsti izlər qaldı yolçular üçün,

Döndü nağıllara uzaq yürüşlər.

Hər şey yolundadır indi bax bu gün,

Məlhəmdi bu gözəl isti görüşlər.

Bayramıdır bu gün elin-ulusun,

Ayağı kəsilib şeytanın-şərin.

Siz ey boşboğazlar, biryolluq susun,

Qoy ruhu şad olsun müqəddəslərin.

Uzanır yolboyu qıpçaq çölləri,

Ruhum təzələnir hər qarışında.

Gəzib dolaşıram dogma elləri,

Bahar havası var qarlı qışın da.

Can eşidiləndə, can deyiləndə,

Səsimiz yaxına- uzağa çatdı.

Çingiz anılanda, Xan deyiləndə,

Noqayın harayı qazağa çatdı,

Durur bahadırlar yurdu ayaqda,

Həmin “Qızıl Orda”, “Alaş Orda”dır.

Ulus bir-birinə yenə dayaqda,

Turan oğulları savaşlardadır.

Bir qardaş dəvəti qazaxdan gəlir,

Bu dəvət yüz türkün, şəksiz, yüz elin.

Doğmalar yaxından-uzaqdan gəlir,

Görüm qutlu olsun "səkkiz yüz il"in!

MUXALİ

Qazax xalqının milli qəhrəmanı Muxali Bahadırın 855 illiyinə

Mən bu şeri sənə görə başladım,

At üstündə bozqırlarda qışladım.

Gün oldu ki, özümü də dışladım,

Gözüm canbir qardaş gəzdi, Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

Altımdakı od nəfəsli Qır atdı,

Sağım Dəcla,önüm coşqun Fəratdı.

Tanrı dağın bir tərəfi Heratdı,

Bozqırlardan gələn izdi Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

Türk boyunun Cəlairlər torunu,

Əzəl başdan birlik idi sorunu,

Çaldı düşmən Ocağını-qorunu...

Sönməyibdi, yanar közdü Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

İnsanlığın xiridarı-yenilməz,

Ata yurdun havadarı-yenilməz,

Çingiz Xanın bahadırı-yenilməz,

Ölkə-ölkə düşmən əzdi Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

Türk nə zaman  düşmən üçün ağladı,

Xəyanətlər sinəmizi dağladı.

Çatammadıq, yolumuzu bağladı,

Dözüm özü bizdən bezdi Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

Göy Tanrıdan, Ulusumdan əmanət,

Türk adımız insanlığa zəmanət!

Kəsdirəndə üstümüzü xəyanət,

Əmrin əmrdi, sözün sözdü, Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

Qanlar axdı, su yerinə calandı.

Oğlun-qızın alovlara qalandı.

Turan Elim qarış-qarış talandı.

Unutqanlıq bizi üzdü, Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

Heç bilmirəm, şikayətdi, yoxsa dərs,

Zəmanəmi tərs gətirdi, işmi tərs?!

Keçmişimdən sabahıma ərzdi-ərz!

Türkoğlu da belə sezdi, Muxali-

Sən fatehim-Çingiz Xanın sağ əli!

            ABAY-180

Qazax xalqının mütəfəkkiri Abayın 180 illiyinə

Ana çıraq günəşdən torpağa nur yağırdı.

Odlu nəşə içində gülürdü miskin həyat.

İbrahim idi adın, anan Abay çağırdı,

Yüksəldi günəş kimi qazax elində bu ad.

Qədim elin-ulusun təzələndi yaddaşı,

Türkün söz xəzinəsi minillərdən süzüldü.

Dünənindən boylanan kitabəsi, hər daşı,

Alovlu ilhamınla kitablara düzüldü.

Keçmişini yaşadar ulus qan yaddaşında.

Sən bu qan yaddaşına təzədən verdin qanad.

Yolunu səhv salanda, həddini çox aşanda.

Xalqı əzib, talayan bəylərə tutdun irad.

İz saldı bozqırlara məkrli rus hiyləsi.

Torpağın sinəsini yad atları dağladı.

Susdu torağayların ,kəkliklərin nəğməsi.

Sənin şair ürəyin nalə çəkib ağladı.

Düzən başqa düzəndi, zaman başqa zamandı,

İnsanlıq duyğusunda  "Masqud"a verdin önəm,

"Əqliyyə"dən başlayan gəncliyə yol uzandı,

Dedin, arıca dünya, dedin, arıca dinəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyun 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see207

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see196

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see187

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see166

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see159

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see158

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see140

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see138

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see135

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see135

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see132

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see131

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see128

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see126

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see125

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see121

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see120

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see119

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see115

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri