Qlobal turbulentlik dövrü: Azərbaycan modeli və türk dövlətlərinin perspektivi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
XXI əsr beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Ötən əsrin sonunda formalaşmış qlobal nizam artıq əvvəlki kimi təsir gücünə malik deyil, dövlətlərarası münasibətlərdə sabitliyi təmin etmək funksiyasını itirib. Qlobal güc mərkəzlərinin rəqabətinin sərtləşməsi, regional münaqişələrin genişlənməsi və beynəlxalq təşkilatların təsirsizliyi yeni nizamın doğuluşunun ağrılı və çətin olacağını göstərir. Belə bir dövrdə kiçik və orta dövlətlərin davranış modeli, onların təhlükəsizlik strategiyası və diplomatik manevr imkanları həyati əhəmiyyət daşıyır.
Azərbaycan bu mürəkkəb geosiyasi reallıqda yalnız öz gücünə arxalanaraq mövcudluğunu və milli maraqlarını qorumağın mümkün olduğunu praktik olaraq sübut edən nadir ölkələrdən biridir. Qlobal sistemin dağılması fonunda Türk dövlətlərinin inteqrasiyası, regional güc balansının yenidən formalaşması və yeni nizamda yer qazanmaq uğrunda mübarizə daha da aktuallaşıb.
Risklərin hansıları 2026-cı ildə real qarşıdurmaya çevrilə bilər? Qlobal təşkilatlar belə risklərə qarşı nə kimi preventiv addımlar görə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, dünya səhnəsində artıq ötən əsrin sonlarından, xüsusilə də 1990-cı illərin əvvəllərindən etibarən müşahidə edirik ki, mövcud dünya nizamı funksional deyil və qlobal proseslərə təsir imkanlarını demək olar ki, itirib. Bu səbəbdən beynəlxalq münasibətlər sistemində ön plana çıxan əsas amil gücdür. Azərbaycan diplomatiyası da zamanında bu qənaətə gəlib. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, əvvəl dünya nizamının funksionallığına inanırdı, lakin sonrakı dövrdə Azərbaycanın probleminin həllində beynəlxalq təşkilatların və güc mərkəzlərinin qeyri-səmimi, ikili standartlara əsaslanan mövqeyi onu buna inandırdı ki, yeganə çıxış yolu ölkənin öz strateji gücünü artırmasındadır. Azərbaycan resurslarını genişləndirdi və problemi öz gücü ilə həll etdi.
"Bu gün dünyanın müxtəlif qaynar nöqtələrində vəziyyət gərgindir, müharibə təhlükəsi artır və diplomatik səylər səmərə vermir. Destruktiv qüvvələr anarxik davranışlarla prosesləri idarə etməyə çalışır, insanların çəkdiyi əzab fonunda öz korporativ maraqlarını təmin edirlər. Afrika, Avropa, Şərqi və Mərkəzi Avropa, eləcə də Qərb yarımkürəsində yaranan gərginliklər turbulentliyi artırır. Beynəlxalq təşkilatların rolunun olmaması isə böyük güclərin ötən əsrin sonunda yaradılmış sistemi öz maraqları üçün dağıtmasından qaynaqlanır. Artıq qlobal problemləri idarə etmək üçün tutarlı mexanizm demək olar ki, yoxdur",- deyə həmsöhbətimiz qeyd edib.

Tofiq Abbasov: Bizim üçün əsas məsələ Türk dövlətlərinin birliyidir
Müsahibimiz bildirib ki, Azərbaycan bu mənzərədə istisna bir rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə uzun illər davam edən çox çətin problemin öhdəsindən gəldi və həm işğalçı dövləti, həm də onun havadarlarını geri oturtdu. Bu gün Ermənistanda revanşist meyillərin yenidən baş qaldırması da həmin reallığın nəticəsidir:
"Qlobal miqyasda isə gərginlik artır. Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail-İran toqquşması ehtimalı, müxtəlif bölgələrdə terror aktlarının artması və qəfil hücumlar dünyanı qeyri-müəyyənlik içində saxlayır. İranın paytaxtında Prezident Məsud Pəzişkənin andiçmə mərasimində Fələstin lideri İsmail Həniyyənin qətlə yetirilməsi, ardınca İsrailin cavab hücumları və ABŞ–Venesuela gərginliyi bütün bu xaotik proseslərin bariz nümunəsidir. Bu hadisələr “gözəl sözlər”lə pərdələnsə də, əslində dövlətlərin öz maraqlarını – xüsusilə də enerji resurslarına nəzarəti – qorumaq cəhdlərindən başqa bir şey deyil".
Tofiq Abbasov onu da qeyd edib ki, bu proseslər fonunda yeni dünya düzəninin yaranması da asan olmayacaq:
"Bu, sanki uşağın doğulmasına bənzəyir: ana bətninin rahatlığından çıxan körpə qeyri-adi, ağrılı və nəfəs çatışmazlığı ilə müşayiət olunan çətin bir keçid yaşayır. Yeni dünya nizamının formalaşması da eyni ilə belədir – ağrılı, sarsıntılı və qaçılmaz şəkildə münaqişələrdən, böhranlardan keçir. Buna hazır olmaq lazımdır və son sözü yenə güc sahibləri deyəcəklər. Əgər onlar öz aralarında kompromisə gələ bilsələr, formalaşacaq yeni konfigurasiya da elə onların müəyyən etdikləri çərçivədə olacaq. Avropanın isə bu prosesdə rolu hələ ki, böyük deyil; Britaniya da öz yerini tapa bilmir".
Sonda politoloq deyib ki, bu şəraitdə bizim üçün əsas məsələ Türk dövlətlərinin birliyidir. Azərbaycan təşəbbüskarlığı ilə formalaşmış Türk Dövlətləri Təşkilatının yeni nizamda xüsusi yeri olmalıdır. Əgər dünya yenidən qurulur və yeni güc mərkəzləri yaranırsa, burada Türk birliyi mütləq şəkildə iştirak etməlidir. Biz öz müqəddəratımızı kənar qüvvələrə həvalə edə bilmərik. Yaşadığımız coğrafiyada sabitlik, dövlətlərimiz arasında texnoloji, iqtisadi və hərbi əməkdaşlığın davamlı olması həyati əhəmiyyət daşıyır. Biz xalqlarımızın istəklərini reallaşdırmaq, milli maraqlarımızı qorumaq üçün bu birlikdə fəal rol oynamalıyıq.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 07 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















