Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: Sülh müqaviləsinin sərhəddə imzalanması daha məqbuldur

Qulamhüseyn Əlibəyli: Sülh müqaviləsinin sərhəddə imzalanması daha məqbuldur

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 "Orada elə ərazilər var ki, yarısı Azərbaycana, yarısı Ermənistana düşür”


“Əgər müqavilənin başqa ölkənin ərazisində imzalanmasına razılıq verilərsə, yəqin ki, neytral mövqedə dayanan ölkələrə üstünlük veriləcək”


"Zəngəzur dəhlizi qlobal kommunikasiya mərkəzinə çevrilir, Rusiyanın hərbi müdaxiləsi mümkün deyil"




22 oktyabr tarixində İrəvanda Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə baş tutan görüş iki ölkə arasında etimad quruculuğu istiqamətində atılmış mühüm addımlardan biri kimi tarixə düşdü. Bu təmas rəsmi diplomatiyadan kənar, xalq səviyyəsində dialoqun başlanğıcı kimi dəyərləndirilir. Əksəriyyət düşünür ki, qarşılıqlı anlaşma və uzunmüddətli sülh üçün hələ uzun və çətin bir yol qarşıda olsa da, bu cür təşəbbüslər tərəflər arasında münasibətlərin normallaşmasına, regionda dayanıqlı sabitliyin bərqərar olmasına töhfə verə bilər. İki xalqın birgə gələcəyi naminə aparılan dialoqların nəticə verməsi üçün qarşılıqlı ehtiram və davamlı səylər vacibdir. Bu mərhələdə proses sadəcə dövlət, hökumət institutları ilə məhdudlaşmır, cəmiyyət də tədricən emosiyalardan kənar, soyuqqanlı yanaşma ortaya qoymalıdır. Artıq Azərbaycan-Ermənistan sülh prosesində də önəmli irəliləyişlər müşahidə olunur. Azərbaycan ərazisindən tranzit kimi Ermənistana taxıl daşınır, İrəvan Azərbaycan və Türkiyə liderlərini Ermənistana beynəlxalq foruma dəvət edir, rəsmilərdən davamlı pozitiv açıqlamalar gəlir. 

Sülh prosesinin gedişatı və son günlərdə yaşanan hadisələrlə bağlı Sherg.az-ın budəfəki müsahibi tanınmış politoloq, keçmiş millət vəkili Qulamhüseyn Əlibəylidir. Sabiq deputat qəzetimizə müsahibəsində yaxın aylarda sülh sazişinin imzalanmasını istisna etməyib...


- Qulamhüseyn bəy, Azərbaycan-Ermənistan sülh prosesində vətəndaş cəmiyyətlərinin nümayəndələri ilk dəfə İrəvanda vasitəçisiz görüşdülər. Bunu etimad mühitinin formalaşmasında mühüm addım saymaq olarmı? 

- Azərbaycan-Ermənistan arasında sülh sazişi sənədinin paraflanması, müəyyən razılıqların əldə olunması məsələnin rəsmi və hüquqi tərəfidir. Bu, iki dövlət arasındakı düşmənçiliyi, gərginliyi aradan qaldırmaq məqsədi güdür. Yəni siyasi və diplomatik təmasları bütövlükdə cəmiyyətlərə adi etmək doğru deyil. Cəmiyyətlər arasında münasibətlərin normallaşması bir qədər uzun çəkə bilər. Bunu da başa düşmək lazımdır. Ermənilər 30 il ərzində torpaqlarımızı işğalda saxlayıblar, azərbaycanlıların başına min-bir oyun açıblar, bizi yurdlarımızdan qovublar, əsir-girovların başına dəhşətlər gətiriblər. Bir neçə ailə üzvünü itirmiş şəxslərlə yanaşı, bütövlükdə şəhid edilən ailələr var. Ona görə də Azərbaycan ictimaiyyətindən tezliklə erməni toplumuna yaxınlıq göstərməsini gözləmək yanlış olar. Çətindir və xeyli vaxt lazımdır. Vətəndaş cəmiyyətlərinin görüşləri, qarşılıqlı gediş-gəlişləri gələcəkdə iki xalqın bir-birini tədricən qəbul etməsinə şərait yaradacaq. Dövlətlərarası münasibətləri bir-iki sənədlə, sazişlə bərpa etmək mümkündür. Lakin bir-birinə düşmən olmuş cəmiyyətlərin əlaqəsini qısa zamanda formalaşdırmaq asan deyil. 


- "Xalq diplomatiyası" adı altında bənzər görüşlər əvvəllər də keçirilib və nəticə olmayıb. Budəfəki təmaslardan gözləntilər nədir? 

- Psixoloji məsələləri nəzərə almaq lazımdır. İndiki təmaslar əvvəlkilərdən daha səmərəlidir, çünki artıq işğal faktı ortadan qalxıb, sülh prosesinə start verilib və iki dövlət bir-birini qəbul edir. Əvvəllər dövlətlər özü bir-birinə düşmən idi, ərazilərini, suverenliklərini qəbul etmirdilər, bir-birini tanımırdılar. İşğalçı və təcavüzə məruz qalmış tərəflər arasında əvvəlki ictimai təmaslar nəticə verə bilməzdi. Vəziyyət fərqlidir. Tədricən, cəmiyyətin müxtəlif təbəqələri arasında gediş-gəlişlər olacaq, toplumlar bir-birinə yaxınlaşacaq. Nə Azərbaycan bu coğrafiyadan harasa gedəsidi, nə də Ermənistanı regiondan çıxarmaq mümkündür. Qonşuluq münasibətlərini davam etdirməliyik. Düzdür, tarixə nəzər saldıqda Ermənistana bir dövlət kimi etibar etmək çətindir, hər zaman qonşularına xəyanət edib. Bunu diqqətdə saxlayırıq. Amma regionda sülh və sabitliyin olmasında, təhlükəsizliyin təmin edilməsində maraqlıyıqsa, o zaman Azərbaycan və Ermənistan dövlətləri ilə paralel, azərbaycanlılar və ermənilər arasında da normal münasibətlər qurulmalıdır. QHT nümayəndələrinin İrəvana səfəri və müsbət atmosferdə keçən görüş təqdirəlayiqdir. Bu, həm də ilkdir. Gələcəkdə media nümayəndələrinin, o cümlədən siyasi partiya rəhbərlərinin, ziyalıların, mədəniyyət xadimlərinin də belə görüşlərdə iştirakı o cəhətdən faydalıdır ki, cəmiyyətlər arasında düşmənçilik aradan qalxsın. 


- Ermənistan hökuməti Azərbaycan və Türkiyə liderlərini İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammitinə dəvət ediblər. Sülh sazişi imzalanmadan liderlərin İrəvan səfəri reallaşa bilərmi? 

- Avropa Siyasi Birliyinin sammiti Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə aid məsələ deyil. ASB nüfuzlu beynəlxalq qurumdur və bir çox paytaxtlarda tədbirləri təşkil olunub. İrəvan sadəcə Sammitin keçirildiyi məkanlardan biridir, ev sahibidir. Azərbaycan da Avropa Siyasi Birliyinin iclaslarında davamlı iştirak edir. O baxımdan Azərbaycan və Türkiyə dövlət başçılarının Ermənistanda keçiriləcək beynəlxalq sammitdə iştirakı mümkündür. Doğrudur, Ermənistan rəhbərliyi COP29 tədbirinə qatılmaqdan imtina etmişdi. Halbuki, Azərbaycan tərəfi rəsmi dəvətlə Ermənistan hökumətinin başçısına müraciət ünvanlamışdı. Hər halda siyasi rəhbərlərin bu cür səfərləri ikitərəfli münasibətlərə müsbət təsir göstərən amildir. Təbii ki, son qərar dövlət başçısınındır. Hələlik zaman var. Həmin ərəfədə cənab Prezidentin özünün iştirak edəcəyi, yaxud başqa rəsmini göndərəcəyi aydınlaşacaq. 


- Ermənistan hökuməti sülh müqaviləsinin 2026-cı ildə imzalanacağını iddia edir. Azərbaycan tərəfi də gələn il ərzində müqaviləyə imza atılacağını istisna etmir. 2026-cı il sülh ili ola bilərmi? 

- Ermənistan Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirmədən belə, mövcud qanunvericilikdə, Müstəqillik Aktında müəyyən dəyişikliklər etməklə sülh sazişinin önündəki maneələri aradan qaldıra bilər. Görünür, Paşinyan hökuməti referendumu tezliklə təşkil etməkdən ehtiyatlanır. Ermənistan cəmiyyəti hələ də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına yaxşı baxmır. Paşinyan hakimiyyəti isə çalışır ki, ən azından növbəti parlament seçkilərinədək məsələni yubatsın və Konstitusiya ilə bağlı addımları sonraya saxlasın. 2026-cı ildəki seçkidən sonra tərəflər yekun sülh sazişinə imza ata bilər. Bunu mümkün hesab edirəm. 


- Paşinyanın seçkiöncəsi rəqiblərinə qarşı mübarizəsi güclənir. Amma Rusiyanın təzyiqləri də artmaqdadır. Baş nazirin opponentləri qarşısında seçki şansını necə dəyərləndirirsiniz? 

- Seçkilərin nəticəsi erməni toplumunun əhvali-ruhiyyəsindən çox asılıdır. Məsələn, 2021-ci ildə növbədənkənar seçkilər elan edildi və müharibədə məğlub olmuş lider yenidən seçildi. O zaman Rusiya bütün təsir imkanlarını işə salmışdı. Düzdür, Paşinyan hökuməti zaman etibarı ilə əvvəlki reytinqini saxlaya bilməyib. Bəzi vədlər həyata keçirilmədiyinə görə, əhalinin etimadı nisbətən azalıb. Buna rəğmən, rusyönümlü müxalifətin yenidən hakimiyyətə gəlməsi inandırıcı görünmür. Revanşistlər Rusiyanın köməyinə arxalanırlar. Bu qüvvələr isə xalq tərəfindən qəbul edilmir. Məncə, əvvəlki səs çoxluğu ilə olmasa da, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Paşinyanın partiyasının qalib olmaq şansı çoxdur. 


- Sülh müqaviləsinin harada imzalanacağı da müzakirə mövzusudur. Necə düşünürsüz, bu, sadəcə texniki məsələdir, yoxsa prinsipial məqamdır? 

- Müqaviləyə hansı məkanda imza atılacağı xüsusi əhəmiyyət daşımır. Bizim üçün də, elə ermənilər üçün də əsas odur ki, saziş imzalansın. Amma yekun sülh müqaviləsinin Azərbaycan-Ermənistan sərhədində imzalanması daha məqbuldur. Orada elə ərazilər var ki, yarısı Azərbaycana, yarısı Ermənistana düşür, məhz həmin yerdə sazişin imzalanması mümkündür. Sülh prosesində olmayan Rusiya çalışır ki, ən azından yekun sənədin imzalanmasında payı olsun. Bununla bağlı təklifləri də var. Ancaq Moskvanın təklifi Azərbaycan və Ermənistan tərəfindən qəbul olunmur. Əgər müqavilənin başqa ölkənin ərazisində imzalanmasına razılıq verilərsə, yəqin ki, neytral mövqedə dayanan ölkələrə üstünlük veriləcək. Avqustun 8-də sülh sənədinin paraflandığı ABŞ-də də yekun sazişə imzalar atıla bilər. Bunu o qədər də prinsipial məsələ saymıram. 


- Rusiya sadəcə sülh prosesində deyil, Zəngəzur dəhlizində də rol oynamaq istəyir. Moskvadan gələn açıqlama odur ki, Kreml İrəvandan "TRİPP" layihəsi ilə bağlı izahat gözləyir. Dəhlizə nəzarət uğrunda ABŞ-Rusiya qarşıdurması ehtimalı mümkündürmü?

- Əslində, ABŞ-Rusiya arasında qarşıdurma mövcuddur. Sadəcə söhbət birbaşa hərbi qarşıdurmadan getmir. İki tərəf siyasi-iqtisadi mübarizə içindədir. Hesab etmirəm ki, ABŞ-nin sırf iqtisadi məqsədlə Cənubi Qafqaza maraq göstərməsi, "Tramp marşrutu"na nəzarət etməsi Rusiyanın hərbi müdaxiləsinə yol açacaq. Əvvəla, Ukrayna ilə müharibə aparan Rusiya hərbi və iqtisadi cəhətdən çox zəifləyib. Rusiya Ukrayna bataqlığından çıxmayınca, Cənubi Qafqaz, yaxud digər bölgələrdə hərbi boy göstərməsi, hansısa prosesin önünü kəsməsi qeyri-mümkündür. Rusiya Qərblə müharibə apardığını iddia etsə də, ABŞ və NATO ilə müharibə etmir. Ukrayna ilə illərdir bacarmayan Rusiyanın ABŞ-yə meydan oxuması gülüncdür. 3-4 aya Kiyevi tutacağını iddia edən Rusiya 3 ildir təmas xəttində çırpınmaqdadır. Kreml çox gözəl başa düşür ki, ABŞ ilə hərbi qarşıdurmanın fəsadları nələr ola bilər. Rusiyanın hay-küyü Zəngəzur dəhlizindən yararlanmaq istəyi ilə bağlıdır. Moskva fərqindədir ki, Zəngəzur dəhlizi ilə bağlı qatar gedib. Rusiya gec də olsa qatarın axırıncı vaqonuna tullanmaq istəyir. Amma öz yekəxanalığından əl çəkmək istəmir. Artıq hamı qəbul edir ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qlobal kommunikasiya mərkəzidir. Rusiya normal qaydada bu marşrutdan istifadə edə, fayda götürə bilər. Orada şərt qoyulmayıb ki, hansısa ölkə dəhlizə çıxa bilməz. Hətta Azərbaycan Rusiya mallarının bizim ərazimizdən keçməklə Ermənistana aparılmasına icazə verib. Rəsmi Bakı region dövlətlərinin Zəngəzur dəhlizindən istifadəsinin əleyhinə deyil. Ermənistanla Rusiya arasındakı məsələlər isə onların öz işidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri