Icma.az
close
up
RU
“Qulu Məhərrəmli elə bir “piti”dir ki…

“Qulu Məhərrəmli elə bir “piti”dir ki…

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Qulu Məhərrəmli elə bir “piti”dir ki…

Hamı gəlib çıxmışdı, təkcə səbəbkar gözə dəymirdi. Yubilyar öz yubiley gecəsinə yubanmışdı, amma artıq onun şərəfinə sağlıqlar deyilirdi.

Elçin Şıxlı masanın o biri tərəfində oturmuş Tahir Tahiroviçdən soruşur: “Vəziyyət necədir?”

Rejissor sualın məramını göydə tutur, professorun gecikməsinə işarə edərək, zarafatla: “Hələ ki, tənqidi sağlıqlar deyilir”.

Dostları deyir ki, məclis yiyəsi ən azı bir saat ləngiyəcək. Amma, deyəsən, bir saat çəkmir…

Budur, axır ki, Qulu Məhərrəmli gəlib çıxdı. Həmişəki təbəssümü ilə salona daxil oldu. Hamı yubilyarı alqışlarla qarşıladı. Keçib oturdu.

Rəşad Məcidin təklifi ilə gecənin tamadası… Qulu Məhərrəmli özü oldu. Qulu müəllim isə özünə iki “müavin” seçdi: biri Rəşad Məcid, biri də dostu Şamil müəllim.

Professor məclisin başında çıxışları istiqamətləndirmək üçün zarafatla dedi: “Düzdür, mənim də tərifdən xoşum gəlir. Amma ən yaxşısı odur ki, çıxış edənlər məni tərifləməsin”.

Rəşad Məcid “etiraz” elədi: “Sənin yubiley gecəndir, axı. Camaat səni tərifləməsə, başqa nə deyəcək ki?!”

Ramiz Rövşən Rəşad Məcidə tərəf dönüb zarafatla replika atdı: “İndi o, elə deməlidir də. Siz işinizdə olun”.

Yubilyar bu haqlı replika ilə əlüstü “razılaşdı”.

Sağlıqlar, çıxışlar bir-birini əvəz etdikcə, məclis qızışdı. Ramiz Rövşən, Cavanşir Quliyev, Arif Əliyev, Elçin Şıxlı, Rəşad Məcid və başqa qonaqlar danışdı. Bir sözlə, Qulu Məhərrəmlinin can dostları bir-birindən gözəl sözlər söylədilər.

Qulu Məhərrəmlinin Elçin Şıxlı ilə piti əhvalatı da çox maraq doğurdu. Sən demə, bir gün dostlar piti yeməyə gedir. Ancaq onlar üç nəfər olur, piti isə cəmi iki qab qalıbmış. Üç nəfərdən ikisi bir pitini yarı bölmək məcburiyyətində qalır. Bu zaman maraqlı, yaddaqalan “hadisə” olur. Rəşad Məcid də Amerika səfərindən başqa bir məzəli əhvalat söylədi. Məclisin əhvalı daha da yüksəldi.

Çıxış növbəsi mənə çatanda bu piti olayına toxunmalı oldum. Dedim: “Hər bölgədə piti bişirirlər. Ancaq Gəncə pitisi ilə Şəki pitisi brenddir. Qulu Məhərrəmli isə elə bir “pitidir” ki, Gəncəlilər Gəncə pitisi kimi “yeyir”, Şəkililər Şəki pitisi kimi”.

Yetmiş yaşlı Professorun yubiley gecəsində zarafatyana reportaj

Bu fikrimə məclisin reaksiyasından belə başa düşdüm ki, Qulu Məhərrəmli, doğrudan da, “ümumilli piti” statusu qazanıb; hər yerdə və hər kəs onu özünə doğma bilir. Bütün cinahlar, bütün tərəflər özününkü kimi qəbul edir, sözünü eşidir. Çünki professor əsl ziyalı kimi sözün düzünü deyir. Doğruluğuna inandığı fikri olduğu kimi ifadə edir. Bəzək-düzəksiz. Necə varsa.

Ona görə də o, “professor” kimi rəsmi-elmi statusu ilə yanaşı dostlar arasında bir də “Ağsaqqal” statusu qazanıb. Həm də bu “fəxri adı” qazananda saqqalı heç ağarmamışdı bu saqqalı ağarmışın…

Yubiley gecəsi, bax, belə duzlu-məzəli söhbətlərlə, maraqlı əhvalatlarla dolub-daşdı. Ramiz Rövşənin söylədiyi şeirin isə həmişəki kimi bir ayrı dadı vardı.

Ehtiram Hüseynov, Tural Salmanov, Rövşən Nicat, İntizar, eləcə də, Ehtiramın tələbəsi (təəssüf ki, adı elan edilmədi, ya da mən eşidə bilmədim) bir-birindən gözəl, zərif musiqi parçaları ilə gecəyə misilsiz, unudulmaz naxışlar vurdular.

Xüsusilə, İntizar gitarada… aşıq havası çalmağa başlayanda Elçin Şıxlının “çiçəyi çırtladı”. Yadıma başqa bir məclisdə başqa bir məşhur Qazaxlı ilə konsert proqramını dinləməyim düşdü. Bir rəsmi bayram törəni idi. Bədii hissədə musiqi parçaları bir-birini əvəz edirdi. Muğam gəldi, rok gəldi, pop gəldi… Akif Aşırlıya demişdim: “Darıxma, əvvəl-axır saz da gələcək”. Amma proqnozum doğrulmadı: Akifin gözlədiyi o məchul aşıq gəlib çıxmadı. Amma hər halda repertuar haqqında bu zarafat özü (ya da mən Qarabağlının o Qazaxlıya qoşulub aşıq gözləməyimiz) Akif Aşırlının əhvalını yüksəltmişdi.

Bu gecədə də aşıq yox idi; amma saz havasının gitarada səslənməsi Elçin Şıxlı ilə folklor həmrəyliyimizi zədələmədi. Məmməd İsmayılın özü qədər məşhur misralarını xatırladım: “Dünən Bethoveni çaldılar sazda… Hələ yaşamağa dəyər bir az da”.

Hə, Professor, vallah, yaşamağa dəyər bir az da. Çox yox, daha bir yetmiş il. Ən azı! Təbii ki, bax, belə gözəl – təbii yaşamaq şərtilə.

Gözəl demişkən. Məclisin başında Rəşad Məcid xatırlatmışdı ki, Qulu Məhərrəmli Mətbuat Şurasında Etika Komissiyasının sədridir. Rəşadın yerinə olsam, o komissiyanın adını və statusunu dəyişərəm, edərəm Etika və Estetika Komissiyası. Çünki Qulu Məhərrəmlinin təkcə etik davranışı yox, estetik qavrayışı da üst səviyyədədir. Gözəlliklərdən anlayır; ətrafına ürəyi gözəl insanlar toplayıb. Xüsusi seçib, toplamayıb e, gözəl insanlar özləri seçilib, yığışıb başına. İçdən gələn səmimi təbəssümü də az rol oynamır yəqin. Üstəlik, musiqi zövqünə də söz ola bilməz.

Maestro Cavanşir Quliyev məclisdəydi, hər ifaya müsbət reaksiya göstərirdi. Məlum: Maestroya hər ifaçını bəyəndirə bilməzsən; yaxşıya yaxşı, zəifə zəif deyən musiqi professorudur axı..

Tək kəlmə: mükəmməl gecə oldu. Heç kim bu gecənin bitməsini istəmirdi. Professor yekun söz deyəndən sonra da adamlar hələ də dağılışmağa tələsmirdilər. Ancaq bu yerdə Qulu müəllimin zarafatla söylədiyi bir “elan” “köməyə gəldi”. Professor məclisin əvvəlində belə demişdi: “Mənim ad günüm noyabrın 2-də başlayır, dekabrın 30-da bitir. Dekabrın 31-i bura aid deyil, çünki o gün başqa bayramlar var”.

Bu yumora bütün məclis hamılıqla gülüşmüşdü. Eyni zamanda məclis, deyəsən, bu zarafatı yekdilliklə ciddi qəbul eləmişdi. Çünki bu, doğrudan da, çox ciddi bir zarafat idi. Həm də “sərfəli”, sevindirici…

Bahəddin Həzi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see391

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see346

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see320

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see307

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see306

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see212

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see198

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see194

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see189

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see187

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see180

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see179

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see177

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see167

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see164

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see157

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see157

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see156

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see156

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri