Icma.az
close
up
RU
Quran da hicab məsələsi

Quran da hicab məsələsi

Icma.az bildirir, Azpost portalına istinadən.

Nəriman Qasımoğlu 

Şərqşünas – teoloq

Bu gün dost-qardaş ölkədən bizə “hicab”dərsi keçmək fikrinə düşənlərə mən də dərs verib deyim ki, “hicab” sözünün qadınlar, qızlar üçün baş ötüyü mənasının Quran-la heç bir əlaqəsi yoxdur. Birmənalı olaraq.

OXU AYƏSİNDƏ-AYNASINDA “HİCAB” MƏSƏLƏSİ

Dinimizdən söz düşəndə onun mahiyyəti, gözəllikləri, hikmətləri qalır kənarda və söhbət bir qayda olaraq gəlir haramların, yasaqların üzərinə. Bu stereotip münasibət, istər özümüzün olsun, istər də özgə din mənsublarının, ilahi dəyərlərin düzgün qavranılmasına, populyarlaşmasına əngəl törədən səbəblərdəndir. Islamı haramlar, yasaqlar dini kimi təqdim edib onu gözdən salmaq istəyənlərin təbliğatı da öz gücünü tarixən biçimlənmiş və dəyişməz qalan ənənəvi baxışlardan alır.

Bəllidir ki, OXU ayəsində-aynasında görünənlər tariximizin şahidlik etdiyi və yaşatdığı nəsnələrdən çox zaman fərqlənir. Və nə yazıq ki, müsəlman qadının düçar olduğu çeşidli haqsızlıqlar bütün dövrlərdə əsasən islam yasaqları adına yazılmış və şəriət bəraətlərilə yozulmuşdur. Nümunə üçün götürək elə qadın üçün nəzərdə tutulan örtük məsələsini.

Mövhumat üləmasının istinad etdiyi bir ayə var: “Ey peyğəmbər! Zövcələrinə, qızlarına, inananların qadınlarına de ki, bir yerə çıxarkən cilbablarını (hərfən “örtüklərini”) salsınlar üstlərinə. Belədə daha yaxşı. Tanıyarlar onları, əziyyət verməzlər onlara” (33:59).

Örtük salma tövsiyəsi konkret tarixi kontekstdə onunla bağlıdır ki, inanan qadınlar, ayədən də göründüyü kimi, o uzaq zamanların ağır ictimai mühitində yarıçılpaq cariyələrdən, kənizlərdən fərqlənə bilsinlər, onları tanısınlar, onlara sataşıb əziyyət verməsinlər. Ayənin müasir düşüncə kontekstində açıqlaması bunu izah edir ki, o örtük deyilən material sadəcə üst geyimi anlamına gəlir. Və deməliyəm ki, bunun da OXU-da nə rəngi, nə də biçiminə aid bir qeyd yoxdur. OXU sadəcə abırlı geyim tərzini təşviq edir. Bu barədə Rəbbimizin qadınlara konkret buyuruğu da var: “…Erkən cahiliyyədə olduğu sayaq açılıb-saçılmayın…” (33:33).

Söhbət abırlı geyim tərzindən gedir. Abırlılıq ölçüləri isə hansısa konkret reseptə sığan məsələ deyil, bu və ya başqa xalqın gəlişdirdiyi adət-ənənə ilə sıx bağlı olur. Məsələn, Afrika qadını ilə Azərbaycan qadını arasında abırlı geyim anlamında fərqlərin olması tamamilə təbiidir. OXU məntiqinin universallığı ondadır ki, bu kimi bəzi məsələləri buraxır zamanın, millətin gəlişən adət-ənənəsinin ixtiyarına. Soyuq Sibirdə yaşayan müsəlmanla qızmar Ərəbistan səhrasında yaşayan müsəlmanın geyimində mütləq fərq olacaq və abırlılıq ölçüləri də fərqli olacaq təbii. Hər ikisi müsəlmandır deyə eyni tərzdə paltar geyinə bilməz. Iqlim şərtləri, eləcə də millətin, toplumun ənənəsi bu məsələdə öz diqtəsini qeyd-şərtsiz edəcək.

Qadın geyiminin OXU biçimini arayıb-axtaranların müzakirə açdıqları və sitat gətirdikləri bir ifadə də budur: “…Vurmasınlar açığa zinətlərini – o başqa ki, bunlardan hansılarsa görünən ola…” (24:31). Görünən ziynətlərin nədən və yaxud bədənin hansı hissəsindən ibarət olduğuna dair OXU-da açıq bir məlumat verilmir. Və bütün çağları hikmətlərilə qucan OXU bunu da buraxır iqlimin, zamanın, adət-ənənənin, zövqün – və mən bir az da irəli gedib deyərdim, dəbin tələbinə.

Mübahisə doğuran başqa bir məsələ “hicab” anlayışı ilə bağlıdır. Ənənəvi dindarlar üçün bu anlayış dinimizin tələbləri kontekstində qadınlara aid baş örtüyü kimi qavranıldığından ümumən dini geyim kodeksinə riayət məsələsi həm də artıq etiqadi bir bağlamda təqdim edilir və bu etiqadi müstəvidə məsələyə başqa cür yanaşma çox zaman qəbul edilmir. Məsələ burasındadır ki, OXU-da “hicab” sözünün termin olaraq müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə qətiyyən aidiyyatı yoxdur. Bu söz OXU-da 7 ayədə keçir və o 7 ayənin heç birində bu, baş örtüyü və ya hansısa başqa bir geyim üçün nəzərdə tutulmur.

Ayələrdən biri Həzrət Məryəmlə bağlıdır: “Məryəmi də an Yazıda. Ailəsindən kənarlaşıb çəkilmişdi şərq tərəfdə bir yerə. Bir hicab (hərfən “pərdə”- N.Q.) çəkmişdi aralarına. Biz Öz Ruhumuzu göndərdik ona, doğruçu bir insan kimi göründü ona” (19:16-17).

Baxaq başqa biri ayəyə ki, orada da söhbət inananlarla dananlar arasında çəkilən pərdədən gedir: “İki tərəf arasında bir hicab (hərfən “pərdə”- N.Q.), sədd üstündə adamlar…” (7:46).

Bir ayədə isə deyilir: “Yalnızca bir vəhy ilə, yaxud hicab (hərfən “pərdə”- N.Q.) dalından danışar bəşərlə Tanrı. Ya da bir elçi göndərər, vəhy eyləyər ona istədiyi nəsnəni. O, uca, hikmət yiyəsi” (42:51).

Başqa ayələrin orijinalında da işlənən “hicab” sözü “pərdə” anlamındadır: “Onun (yəni peyğəmbərin) qadınlarından bir nəsnə istəyəndə, bir hicab (hərfən “pərdə” – N.Q.) arxasından istəyin…”(33:53); “Gizləndi günəş hicabın (hərfən “pərdənin” – N.Q.) arxasında…” (38:32); “Dedilər: “Qəlblərimiz örtülüdür sənin çağırdıqlarına, ağırlıq var qulaqlarımızda, hicab (hərfən “pərdə” – N.Q.) var səninlə aramızda. Sən öz işində ol, biz də öz işimizdə”(41:5); “Oxu oxuduğun zaman gizli bir hicab (hərfən “pərdə” – N.Q.) salarıq səninlə o kəslərin arasına ki, inanmırlar axirətə.” (17:45).

Bir sözlə, OXU-da gedən “hicab” sözünün müsəlman qadınlarına aid bilinən baş örtüyünə heç bir dəxli yoxdur.

Yeri gəlmişkən, geyim məsələsi ilə ilgili bir ayəyə də diqqət çəkmək istərdim ki, bu ayədən məqsəd “taqva”nın, yəni Allahdan çəkinmə duyğusunun pal-paltar kimi şərtiliklərdən üstünlüyünün vurğulanmasıdır: “Ey Adəm oğulları! Sizə geyim endirdik örtə ayıblarınızı. Bərbəzəkli geyimlər də eləcə. Taqvadan (çəkinmə duyğusundan) geyim ki var – bu daha yaxşı…” (7:26).

“Taqvadan geyim” könüllərin, ağılların iman örtüyü mənasındadır. Yəni imansız insan şüuru çılpaq bədən kimidir, imansızlıq onun mənəvi eyiblərinin tablosudur. “Taqvadan geyim”ə verilən üstün dəyəri belə qavramaq mümkündür ki, insan üçün başlıcası Tanrıya iman məsələsidir, əibisə ilə bəzənən zahiri görüntüsünü hərə istəyinə, adətə, zövqünə görə də müəyyənləşdirə bilər. Burada dindarların iman kamilliyi üçün nəzərdə tutulan məqam ondan ibarətdir ki, ənənəvi olaraq əxlaqi dəyərlərin qorunması müstəvisində təlqin edilən məsələ heç də geyimlə şərtlənmir.

Nur surəsində (24) ayrıca olaraq bir geyim məsələsinə də toxunulur və qadınların saçlarının örtülməsi zərurətini o surədə bir ayə ilə əsaslandırmağa çalışırlar. Ifadənin ərəbcəsi belədir: “valyadribnə bixumuruhinnə alə cuyubihinnə”.

Baş örtüyü kimi bir çox ilahiyyatçıların qəbul etdiyi və ərəbcədə “ximər” sözünün cəmi olan “xumur”la bağlıdır. Yalnızca “örtmək” bildirən və X-M-R kökündən düzəlmə bu söz mütləq mənada sadəcə “örtük” anlamındadır.

Söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyri-müsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur. Yeri gəlmişkən, mən də vaxtilə nəşr etdirdiyim Quranın dilimizə tərcüməsi əsərimdə (Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim ifadənin tərcüməsini ənənəvi izahlar üzərində qurmuşam. Yeni tərcümə əsərimdə isə bu ifadənin hərfən açıqlaması belədir: “Örtüklərini vursunlar döşlərinin üstünə”. Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə “baş”, nə də “saç” sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə OXU-da bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən.

Sən niyə “ximər” sözünün ərəb “ürfü”ndə, yəni camaat arasında qəbul edilən “baş örtüyü” mənasını ehmal edirsən deyə sual verənlər var. İrad tuturlar ki, sözün mütləq mənası məsələni dolaşığa salır. Mən də məcburam belələrinin diqqətini buna çəkim ki, x-m-r kökündən yaranmış başqa bir söz də “xəmr”dir, “ərəb ürfü”ndə – “çaxır” anlamında. Soruşuram, indi Quran-da işlənən bu sözü yalnız “ürfi” mənada “çaxır” kimi qəbul edəcəksiniz, başqa spirtli içkilərə aid etməyəcəksiniz? Yəni irad tutanlara deyirəm, eyni kökdən olan bir sözə “ürfi”, digərinə “ürfi” yox, mütləq məna yükləyəcəksənsə, sənin məntiqin axsamış olur.

Qadınlar üçün baş örtüyü dinlərə qədim mədəniyyətlərdən gəlib qarışmış adət-ənənədən yaranmışdır.

Baş örtüyü yəhudiliyə daxil olandan, buradan xristianlığa adlayandan sonra islama da OXU-dan kənar dini ədəbiyyatdan gəlmişdir.

İslam dininin əhatə dairəsi yetərincə böyükdür və bu din əslində belə xırdalıqların, şərtiliklərin fövqündədir.

Dini siyasi alətə çevirmək istəyənlərin platformasında yer alan bu baş örtüyü məsələsini islamın tələbləri siyahısında təbliğ etməkdənsə daha doğru olardı bunu buraxasan ayrı-ayrı insanların özlərinin iman kamilliyi səviyyəsinə uyğun olaraq gəlişdirdiyi etiqadlarının ixtiyarına. Bu mənada, görünür, maarifləndirmə işinin aparılmasına da ehtiyac var. Digər müsəlman ödkələrindən fərqli ölkəmizdə bu maarifləndirmə məsələsi üçün imkanlar daha genişdir. Bu, tarixən gəlişib bizim nailiyyətimizə çevrilən Azərbaycan dindarlığının verdiyi imkanlarla da bağlıdır.

Və nəhayət, yenə qeyd edim ki, dinimiz tarixi mədəniyyətlərin ənənələrindən gələn şərtiliklərin, ekzotik xırdalıqların fövqündədir. Bu sonunculara dini don geydirmək ona gətirib çıxarmış ki, islamı həyati yaşıllığından çıxarıb qara örtüklərə, qara bayraqlara, qaranlıqlara bürümüşlər. Aydınlıqlara çıxmağımızın çarəsi stereotip baxışlardan azad olmaqdır. Aktiv-dinamik zəka qaynağı OXU bizi buna yönəldir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Oktyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri