Rəhim xan Kəngərli Naxçıvanski və onun varisləri haqqında qeydlər
Icma.az bildirir, 525.az portalına istinadən.
Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Azərbaycan hərb tarixinin sənədlərində Rəhim xan II Kalbalı xan oğlu Naxçıvanskinin də özünəməxsus yeri var. Rusiya imperiyasının ordusunda Azərbaycanı və onun ayrılmaz hissəsi olan Naxçıvanı cəsurluqla və ləyaqətlə təmsil edən general-mayor II Kalbalı xan Naxçıvanski öz oğullarını da bu ruhda böyütmüşdü. Onun oğlanlarının hamısı və oğul nəvələri XIX və XX yüzilliklərdə öz andlarına sadiq qalan hərbçilər olublar.
Arxiv sənədlərinə görə, Rəhim xan 17 fevral 1860-cı ildə Naxçıvan şəhərində doğulub. Şərqin və Avropanın ən nəcib xüsusiyyətləri ilə əhatə olunmuş bir ailədə böyüyən Rəhim xan Tiflisdə realnı məktəbdə təhsil alıb.
1877-1878-ci illərdəki rus-osmanlı müharibəsi dövründə 18-ci Pereyaslavski draqun polkunda döyüşə gedib. Naxçıvan şəhəri İrəvan quberniyasının tərkibində olduğundan həmin polkun tərkibində olan İrəvan dəstəsinin içərisində “adi ovçu hüququ” ilə fəaliyyət göstərib. Döyüşlərdə çox fərqlənən Rəhim xan 29 oktyabr 1877-ci ildə unter-zabit hərbi rütbəsinə layiq görülüb. Elə həmin il dekabr ayının 19-da əsgərlər və zabitlər üçün təyin edilmiş Georgi hərbi ordeni ilə təltif edilib (Bu Georgi ordeni IV dərəcəli Müqəddəs Georgi ordenindən fərqlidir). 25 avqust 1878-ci ildə praporşik rütbəsini alan Rəhim xan Tiflisdə hərbi məktəbə oxumağa göndərilib və 11 sentyabr 1879-cu ildən 20 iyul 1880-ci ilədək Tiflis piyada yunker məktəbinin kurslarında oxuyub. 3 oktyabr 1880-ci ildən 22 noyabr 1881-ci ilədək Tiflisdə yerləşən Qafqaz təlim rota məktəbində də kurs keçərək orduda hərbi xidmətini davam etdirən Rəhim xan 1882-ci ildə kornet hərbi rütbəsinin də sahibi olub. 1882-ci ildə hansı səbəbdənsə hərbi xidmət zamanı sol gözünün zədələndiyi arxiv sənədlərində qeyd edilib.
Çar hökuməti 1883-cü ildə ona bütün il ərzində 414 rubl gümüş pul məbləğində maaş təyin edib. 23 oktyabr 1883-cü ildə istefaya çıxmış Rəhim xan Naxçıvana qayıdıb. Onu da deyək ki, arxiv sənədlərindəki səhvlərə baxmayaraq, Rəhim xan qardaşı Cəfərqulu xandan bir yaş böyükdür. Bunu 1920-ci ildə Naxçıvan İnqilab Komitəsinə verdiyi ərizədə də göstərib. Rəhim xan öz ərizəsi əsasında ordudan tərxis olunub (Bu haqda arxiv sənədi də vardır). Bunun əsas səbəbi həmin ilin (yəni 1883-cü ilin) aprelində atasının vəfat etməsi olub. Rəhmətə gedən generalın orduda olan oğullarından biri Naxçıvana qayıdıb atalarının mülklərini idarə etməliydi. Qardaşların hamısının ortaq qərarına əsasən, bu işlər Rəhim xana həvalə olundu.
Bir çox kitablarda və bəzi gündəliklərdə Rəhim xanın nəinki Naxçıvanda, hətta qonşu Şərq ölkələrində də böyük nüfuza sahib olması haqqında maraqlı məlumatlar vardır.
1905-ci ildə Naxçıvana gələn italyan yazıçısı, səyyahı və diplomatı Luicu Villari Rəhim xanla və Cəfərqulu xanla görüşmüşdü. O bu görüşlərini sonralar yazdığı kitabda təsvir edib. Həmin kitab belə adlanır: “Fire and Suvord in the Caucasus”, (London, 1906, s. 279-283). Kitabda Naxçıvanskilərə aid olan hissəni Moskvada yaşayan, əslən naxçıvanlı olan tədqiqatçı Fərhad Nağdəliyev ruscaya çevirib. L.Villari kitabında Rəhim xan haqqında fikrini belə tamamlayır: “O, bir çox başqa tatarlardan fərqli olaraq yaxşı təhsil alıbdır. Rusiyaya və digər xarici ölkələrə çox səyahət edibdir... İliyinə qədər xandır. Bu, zahirən də görünür və belə təəssürat yaradır ki, o, çox qədimlərdən gələn hakim insanların nəslindəndir...”
Rəhim xan ulu babası I Kalbalı xandan qalma ata sarayında (indi Xalça Muzeyidir) 1920-ci ilədək yaşayıb (Bu haqda arxiv sənədi mövcuddur). O, Badamlı kəndi və Kəndşahbuzun yarı hissəsinin, Keçili kəndinin üçdə birinin, Bistin, Ələhinin, Parağanın dörddə birinin atasından qalma miras sahibi olub. Naxçıvan qəzasında üzüm və meyvə bağları, hamamları, tut bağları, əkin sahələri, boyaqxanası, xüsusi dəyirmanları və iki böyük mülkü vardı: ata evi və o sarayın yaxınlığında özünün tikdirdiyi mülk. İkinci mülkü də 1980-ci ilədək qalırdı (Xan dikində, keçmiş hərbi komissarlığın binası).
Birinci Dünya müharibəsi başlayanda Rəhim xan könüllü ərizə verib cəbhəyə yollandı. Qafqazın yerli süvarilərindən təşkil olunmuş süvari diviziyanın ikinci Dağıstan polkunun tərkibində döyüşlərə qatıldı. Çox təəssüf ki, çar ordusundakı cahillər bu polku “Dikaya diviziya” (Vəhşi diviziya) adlandırıblar. Saya-hesaba gəlməyən qələbələr qazanmış 2-ci Dağıstan polkuna verilən bu bədnam ünvan cəsur qafqazlılara təhqirdir. Kiyevdən keçib Karpat dağlarında vuruşan 54 yaşlı kornet Rəhim xanın hərbi hünəri dillərdə gəzirdi, şücaətinə görə yüksək təltiflərə layiq görülmüşdü.

Rəhim xan təxminən 1883-cü ildə Hacı Şükür Makinskinin qızı Münəvvər xanımla ailə qurub, onların iki övladı olub: Xurşid xanım 1888-ci ildə, İskəndər xan isə 8 mart 1889-cu ildə dünyaya gəlib. Sənədlərdə Münəvvər xanımın 1897-ci ildə vəfat etdiyi yazılıb. İskəndər xan Sankt-Peterburqda Əlahəzrətin 1-ci dərəcəli paj korpusunda təhsil alıb. 6 avqust 1910-cu ildə 17-ci Nijeqorod draqun polkunun korneti kimi hərbi xidmətə başlayıb. 4-cü eskadronun kiçik zabiti olan İsgəndər xan 10 sentyabr 1913-cü ildə poruçik hərbi rütbəsini alıb. Birinci Dünya müharibəsində döyüşüb. O, çeçen polkuna 24 may 1916-cı ildə döyüşçü əsgər kimi keçirilib. 21 mart 1917-ci ildə ştabs-rotmistr hərbi rütbəsini alıb. Həmin illərin qəzetlərində onunla bağlı xeyli maraqlı məlumatlar vardır. 23 iyun 1915-ci ildə 3-cü dərəcəli (bantla və qılıncla) Müqəddəs Stanislav ordenini, 16 may 1916-cı ildə həmin ordenin 2-ci dərəcəsini, 15 aprel 1915-ci ildə üzərində “İgidliyə görə” yazılan 4-cü dərəcəli Müqəddəs Anna ordenini, 7 mart 1915-ci ildə həmin ordenin 3-cü dərəcəsini (bantla və qılıncla) və nəhayət, 19 yanvar 1915-ci ildə 4-cü dərəcəli Müqəddəs Vladimir (bantla və qılıncla) ordeni ilə təltif edilib. Naxçıvanda sovet hökuməti qurulandan sonra İrana mühacirət edib və Tehranda yaşayıb. 1934-cü ilin məlumatına görə, o, Tehranın ən varlı adamlarından biri idi.
Burada çox vacib bir haşiyə çıxmaq maraqlı olardı. Naxçıvanlı Hüseyn Teymurlu (Bənəniyarski) uzun illər qürbətdə, Moskva yaxınlığındakı Saltıkovka qəsəbəsində yaşamış, Moskvadakı ali məktəblərdə dərs demişdi. Teymurlu ömrünün son illərində “Naxçıvan xanları haqqında xatirələr”ini yazıb. Onun Rəhim xanın oğlu haqqında yazdıqları maraqlıdır: “Cəfərqulu xanın qardaşı Rəhim xanın bir oğlu, bir qızı var idi. Oğlu Əhməd xan (ləqəbi Xanlar xan) 1941-ci ildə İranın hərbi naziri idi. 1944-cü ildə Məhəmməd Rza şah ona marşal rütbəsi vermişdi. İranda onun adı Əhməd Naxçıvani idi...” Müəllif öz yazdığı xatirələrində qeyd edir ki, o, Əhməd xanı tanıyırmış. Bu yazımızda bir daha həmin xatirələrə qayıtmaqda məqsədimiz var. Xatirədə adıçəkilən Əhməd xan elə İsgəndər xandır. Onun tərcümeyi-halından görürük ki, o, çar Rusiyasının hələ gənc yaşlarında bacarıqlı və cəsur hərbçilərindən biri olub. Yəni onun İranda belə mövqe tutması şübhə doğurmur. Həm də onun ana nənəsi general Sarı Aslanın qızı olduğundan Tehranda İskəndər xan üçün maneə yox idi. Qaldı onun adının Əhməd xan yazılması məsələsi. Əhməd xan Rəhim xanın hərbçi babasının (ana tərəfdən) adıdır. Evdə onu belə çağırırmışlar. Bir də ki, o, ulu babası I Ehsan xanın sonbeşik qardaşı İskəndər xanın adını daşıyırdı. Buna görə də evdə və Naxçıvanda hamı ona hörmətlə “Xanlar xanı” deyirmiş.
Rəhim xan qızına anası Xurşid xanımın adını verib. Və o, qızını Sankt-Peterburqda əmisi Hüseyn xanın yanında, sonra isə Moskvada oxudub. Xurşid xanım məşhur general Feyzulla Mirzə Qacarla ailə qurmuş və Şəfi xan adında bir oğulları olmuşdur. 1920-ci ildə general Feyzulla Mirzə Qacarı bolşeviklər Nargin adasında güllələmişlər. Oğlu Şəfi xan haqqında heç bir məlumat tapmadıq. Xurşid xanım ömrünün sonunadək nəzarətdə yaşadı. Çünki M.C.Bağırov Naxçıvanın xan əsilli hərbçilərini sevmirdi. Rəhim xanın qızı Xurşid xanıma xəbər göndərirdi ki, sürgün olunmaq istəmirsə, Naxçıvanskaya familiyasından istifadə etməsin. Ona görə də 1920-ci ildən sənədlərdə onun birinci həyat yoldaşının soyadı yazılıb.
Görkəmli opera müğənnisi Xurşid xanım qədim oğuz-türk tayfası olan Kəngərlilərdəndir. Naxçıvanın Kəngərli zadəganlarından olan hərbçi Rəhim xanın qızıdır. Yeri gəlmişkən, Xurşid xanım haqqında 2023-cü ildə “525-ci qəzet”də iki nömrədə ətraflı məqalə, 2024-cü ildə isə elmi məqalə çap etdirmişik. Xurşid xanımın şəxsi arxivinin bir hissəsi Bakıda C.Cabbarlı adına Teatr Muzeyinin Arxivində saxlanılır.
1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında, həmçinin naxçıvanlı gənclərin döyuşə hazırlanmasında Rəhim xan və oğlu İskəndər xan böyük xidmətlər göstərib. Rəhim xan 1918-ci ildə Naxçıvan Milli Şurasında bir müddət xalq qoşunlarının komandanı olub. Araşdırmalar göstərir ki, Rəhim xan Naxçıvanskinin Naxçıvanın ictimai-siyasi və hərbi həyatında əvəzsiz rolu olub. Lakin 1920-ci ilin avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi Rəhim xanı və oğlunu Naxçıvandan sürgün etməyi qərarlaşdırıb. İskəndər xan bolşeviklərin hiyləsini bilərək sürgün qərarından əvvəl İrana mühacirət etdiyindən bolşevik hökuməti onu sürgün edə bilməyib. İndi aşkar olur ki, Xurşid xanıma edilən təzyiqlər və xüsusi nəzarət o tayda olan yüksək rütbəli qardaşı ilə çox bağlı imiş. Dövrünün tanınmış opera müğənnisi Xurşid xanım 1963-cü ildə Bakıda vəfat edib.
Kəngərli Naxçıvanskilərin Azərbaycanın, Rusiyanın və İranın hərb tarixində əvəzsiz rolu bu gün də diqqət çəkir. Çünki Qafqazda doğulan və onun azadlığı uğrunda vuruşan süvarilərin, ən yüksək hərbi mükafatların kavalerlərinin tale yollarında məğrur Qafqazın işıq və kölgəsi var. Daha çox bu işığın cazibəsində, o igid kavalerlərin həyatlarının qaranlıq səhifələri bizi axtarışlara səsləməkdədir.


