Icma.az
close
up
RU
Rəng deyil mavi Aytac Sahəd yazır

Rəng deyil mavi Aytac Sahəd yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Aytac SAHƏD

- Səhər səni mavi maşından düşən gördüm. Kim idi o oğlan?

- Qohumumdu. Yolda qarşılaşdıq, məni də gətirdi. Rəna xanım, aşağıya çaya düşürəm, sizə də süzüm?

- Hə, sənə zəhmət. Bayaqdan boğazım quruyub.

Bahar Leylanın yalan danışdığını dərhal hiss elədi. Köhnə dost həmişəki kimi əvvəlcə soyuqqanlı nəsə deyib, söhbəti çox uzatmadan mövzunu dəyişdi.

- Deyəsən, Rəna həqiqətən də bunu oğluna gözaltı eləyib, yoxsa heç vaxt belə sual verməzdi, - Günel astaca Baharın qulağına pıçıldadı.

- Bəs nə bilmişdin? Görmürsən, artist necə yaltaqlanır? Günü Rənanın gətir-götürü ilə keçir.

- Əşi... Nəsə xəbər var?

- Yox, dəqiqəbaşı imeyli yoxlayıram.

- Niyə evə getmirsən? Bu gün növbən günorta bitmirdi ki?

- Yəqin bir azdan cavablar çıxar. Onu gözləyirəm. Yuxusuzluq da məni birtəhər elədi. Yaxşısı, gedim əl-üzümü yuyum.

Bahar bunu deyib ayağa qalxmağa hazırlaşırdı ki, Leyla təngnəfəs içəri girdi.

- Cavablar çıxdı, işi mənə veriblər, - həyəcanlı səs otağa yayıldı.

- Təbriklər, qızım, ehtiyatlı ol, özünü yandıracaqsan, ver mənə çayları, - deyib Rəna stoldan qalxmadan Leylaya sarı uzandı. Daha sonra gözü ilə Bahara işarə elədi. Vəziyyətin nə yerdə olduğunu başa düşən Leyla simasındakı gülüşü yığışdırdı. - Samir müəllim çıxmamış yekun hesabatı da verim, əlavə eləsin, - deyib dəhlizə çıxdı.

Otağa sükut çökdü. Bir neçə dəqiqə sonra Rəna boğazını arıtlayıb asta səslə sözə başladı:

- Qızım, pis olma, inşallah, gələn dəfəki layihəni də sənə verərlər. Dünyanın sonu deyil ha.

Bahar dillənmədi. Baş mühasibə yalnız susaraq etiraz edə bilərdi. Susdu. Günel yaxınlaşıb təsəlli vermək istədi, yenə susdu. Bir qədər sonra kompüterini söndürüb heç kimlə sağollaşmadan otaqdan çıxdı.

Axşamüstü oyananda saat altıya işləyirdi. Cəmi üç saat yuxu bəs eləmişdi ki, özünə gəlsin. Yubanmadan hamama qaçdı. Bayaq taksidə eşitdiyi mahnıları zümzümə edə-edə lavanda qoxan şampununa bələndi. Elə bil başqa bir günə oyanmışdı, dörd-beş saat qabaq baş verənlər yadına da düşmürdü. Anası işdən gələnə kimi hazırlaşıb evdən çıxmaq istəyirdi. Bəhanəsi də hazır idi: qızlarla gəzməyə gedir.

Adəti üzrə bu dəfə də görüşə böyük şövqlə hazırlaşmağa başladı. Əvvəlcə şəhadət barmağını nəmləndirici kremə batırıb ehmalca üzündə gəzdirdi. İsti suyun yumşaltdığı hamar dərini sığallamaq özünə də xoş gəldi. Əslində, parlaq dərisinin xüsusi bər-bəzəyə ehtiyacı yox idi. Az-maz pudra ilə də yola verə bilərdi, ancaq yenə ehtiyatlı davrandı. Noxud boyda kremi süngərə yaxıb asta-aram üzünə çəkdi. Son görüşün səhəri Ayazın tonal kremə batan köynəklə işə getdiyini xatırlayıb qeyri-ixtiyari gülümsədi.

Gözünün bulağından ucunadək sap kimi uzatdı sürməsini. Dodaqlarını qırmızı qələmlə çərçivələyib gül qurusu rəngində boyadı. Fırçanı ənliyə batırıb asta-asta yanağına səpələdi. Makiyajını bitirəndən sonra keçdi saçlarına. Bir xeyli götür-qoydan sonra qərara gəldi ki, buruq ən yaxşısıdır. Tələsdiyindən iki-üç dəfə barmağını yandırsa da, istədiyi kimi oldu saçları. Dünəndən hazır qoyduğu paltarları bir-bir geyinməyə başladı. Nəhayət, növbə təzə aldığı mavi köynəyinə çatdı. Səliqə ilə asılqandan çıxarıb çarpayının üstünə sərdi. Çiyinlərindən qollarına süzülən incə tikişləri heyranlıqla süzdü. Öncədən ütüləyib hazır qoysa da, yenə ürəyi rahat olmadı. Bir dəfə də ütü ilə üstündən keçdi. Daha sonra ehmalca geyinib qollarını qatladı. Aynanın qarşısına keçib özünə lap diqqətlə baxdı. Köynəyin yuxarısından iki düymə də açdı. Şabalıdı saçları çiyinlərində burulub boynunu qucaqladı. Aşağı çəkməcədən gümüş boyunbağısını tapıb çıxardı. Hərdən əşyalarını qəsdən Ayazın evində qoymaq vərdişi vardı. Bu dəfə də boyunbağını unutmağa niyyətli idi. Özünü belə xatırlatmaq xoşuna gəlirdi. Yasəmən qoxuyan ətrini çiyninə çilədi. Qısa ətəyi ilə tən olan paltosunu geyinib barmaqlarının ucunda dikəldi. Bir-iki dəfə güzgünün qarşısında o yana-bu yana fırlandı. Yenə də ətək boyunda comərd davranmışdı. Telefonu götürüb taksi tətbiqinə girdi. Yaxınlaşan sürücünün şəklinə baxdı: cavan oğlan idi. Paltonu çıxarıb bu hava üçün nazik olan uzun plaşını geyindi. Görüşə hazır idi.

Həmişəki kimi, Ayaz onu qapıda qarşıladı, dəhlizdə ayaqüstü öpüşdülər, qonaq otağında bir az söhbət edəndən sonra yataq otağına keçib sevişdilər.

Başını Ayazın çiyninə söykəyib sakitcə uzanmaq... Adətən görüşün sonlarına təsadüf edən bu məqam Baharın ayağını yerdən üzürdü. Bacardıqca uzatmağa çalışırdı dəqiqələri. Amma Ayaz hər dəfə bir işarə ilə qapını göstərirdi. Bu dəfə də istisna olmadı. Siqareti külqabıya basmaq üçün uzananda telefonu da götürdü. Yastığını aşağı sürüşdürüb dirsəkləndi. Bahar tərəfdə olan qolunu tərpətmədən digər əli ilə telefonu üzünə tutdu.

- Onu bir tərəfə tullaya bilərsən? - Bahar gözlərini açmadan dedi.

- İşığı narahat eləyir?

Cavab gəlmədi. Ayaz sakitcə telefonu yanındakı stola qoyub uzandı. Gözlərini yumub qollarını sərbəst buraxdı. Bahar da bayaqkı vəziyyətinə qayıdıb bu dəfə daha bərk qucaqladı. Bir müddət heç birinin səsi çıxmadı. Daha sonra Bahar dilləndi:

- "Dark"a baxıb bitirdim...

- Nə yaxşı.

- Hə, indiyə kimi gözümdə çox böyütmüşəm, əslində, süjet o qədər də qəliz deyilmiş. Əvvəl bir az sıxıcı görünür, ancaq 2-3 seriyadan sonra maraq artır. Çox xoşuma gəldi, düzdü, sənin kimi hər bölümə dörd-beş dəfə baxmasam da, bitirə bildim. - Serialdan düz-əməlli nəsə anlamasa da, haqqında oxuduğu məqalələrə güvənib ürəkli danışdı.

- Hə...

Bahar istədi ki, yenə nəsə desin. Demədi.

Bir xeyli səssizlik davam elədi. Qəfildən Bahar onun qolunu itələyib dikəldi. Saçlarını üzündən yığışdırıb düz Ayazın gözlərinə zilləndi:

- Dəqiqələri sayırsan, eləmi? Nə vaxt rədd olacağımı gözləyirsən. Mən də gic-gic serialdan-zaddan danışıram. İşin qurtaran kimi getməliyəm axı. Daha üzrlü say da, bu dəfə bir az çox qaldım.

- Ay daa... Nə oldu sənə birdən-birə?

- Heç nə olmayıb. Onsuz da indi gedirəm.

Bunu deyib dərhal ayağa qalxdı. Otağın künc-bucağına səpələnmiş paltarlarını bir-bir yığıb geyinməyə başladı. Ayaz heç nə demədi. Bir siqaret də yandırıb gözünü pəncərəyə zillədi. Bu biganəlik Baharı çox əsəbiləşdirsə də, dillənmədi. Əvəzində yarıqaranlıq otaqda axtarışlarını daha da sürətləndirdi. Ancaq işığı yandırmadı. Birdən gözü stulla divarın arasında sıxışan mavi köynəyə sataşdı. Əyilib köynəyi götürdü. Ehmalca yatağın üstündə oturdu.

- Mavinin bu tonunu tapmaq üçün neçə mağaza gəzmişəm. Bilirəm ki, bu rəng üçün ürəyin gedir.

- Aaa... heç fikir verməmişəm. "Sorry".

-  Axmağam da... Oyuncağın olmuşam.

- Bəsdi, sən canın.

- Bəlkə səhv deyirəm? Ancaq sevişmək istəyəndə axtarırsan məni.

- İki ildi e var bu münasibət...

- Ayda bir-iki dəfə görüşüb, həftədə uzağı iki-üç dəfə halımı xəbər alırsan. Budu münasibət? Görüş dediyin də ancaq sevişməkdən ibarətdi.

- Nə olmalıdır ki? Uşaq-muşaq kimi parklarda öpüşək?

- Yaxşı görək. Nə dediyimi çox gözəl bilirsən. Axırıncı dəfə nə vaxt bir kafedə oturmuşuq, yadına gəlir? Mən xatırlamıram. Ya da sonuncu dəfə nə vaxt bir dəstə gül almısan? Ən çox da bilirsən məni nə incidir? Sevişəndən sonra taksi çağırırsan e... Bircə dəfə isti yerindən çıxıb ötürmək ağlına da gəlmir. Elə bil fahişə yola salırsan.

- Bilirsən ki, gecə maşın sürməkdən zəhləm gedir. Əgər tək dərdin yola salmaqdırsa, bu dəfə özüm apararam səni. Bircə bu dramanı qurtar. Heç vaxt belə şeylər danışan deyildin, nolub axı sənə?

Ürəyi dolu idi, amma bilirdi ki, nə desə, yolaverdi cavablar alacaq. Susdu.

Boğazı qurumuşdu. İstədi mətbəxə keçib su götürsün, ancaq sonra fikrindən daşındı. Yataq otağı istisna olmaqla evin hər guşəsinə yad bilirdi özünü. Ayaz ondan belə bir şey istəməsə də, deməmiş otaqdan-otağa da keçməzdi. Ona görə də bilmirdi ki, iki ildi gəlib-getdiyi bu evin mətbəxində stəkanlar hansı rəfdədi. Bunu xatırlamaq ürəyini sıxdı. Barmaqlarını çarpayının üstündə gəzdirdi. Gümüş boyunbağını tapıb ehmalca biləyinə doladı.

Sağ çiyninin üstündən çevrilib Ayaza baxdı. Damağındakı siqaretin neçənci olduğunu təxmin etməyə çalışdı. Son yarım saatda üçüncünü çəkirdi. Əlacı olsaydı, səhərə qədər beləcə oturub ona baxardı. Açıq rəngli gözləri, sarıyanız bənizi, hətta tünd kirli saqqalının ağarmış topasını da bir başqa sevirdi.

- Belə danışmağıma baxma, əslində səni çox yaxşı başa düşürəm. Mənə ümid verməmək üçün soyuq davranırsan. Vicdanını belə rahatladırsan. Kəsə bilmirsən əlaqəni. Mən də sənin günündəyəm. Hər dəfə burdan gedəndən sonra özümə nifrət edirəm. Söz verirəm ki, bu dəfə bitdi... Üç gün sonra yenə...

Ayaz dördüncü siqareti yandırdı... Bir xeyli ikisi də susdu.

- Keçən dəfə dediyim layihə vardı e, onu Leylaya verdilər, - Baharın nisgilli səsi sükutu pozdu.

- Deyirəm axı, bu gün nəsə olub sənə.

Ayazı eşitmirmiş kimi sözünə qaldığı yerdən davam elədi:

- Əvvəllər də bu şirkətlə işləmişəm deyə onların haqq-hesabına yaxşı bələdəm. Özümə çox arxayın idim. Dörd-beş nəfər iştirak edirdik müsabiqədə, bəlkə, o biri uşaqlardan kimsə seçilsəydi, məni bu qədər yandırmazdı. Adım kimi əminəm ki, onun yerinə bütün işi Rəna görüb. Yadındadı, universitet vaxtı da beləydi. Həmişə ondan-bundan köçürüb ən yaxşı qiyməti alırdı. Nə idi onun dekanlıqdakı qohumunun adı?

- Sevda.

- Hə, Sevda. Kök arvad. Həmişə müəllimlərə tapşırırdı onu. Biz təcrübəyə gələndə də cəmi bir nəfəri işə götürəcəklərini demişdilər. Necəsə şirkətə də bir yol tapıb caladı.

Bahar bunu deyib köynəyi yenidən götürdüyü yerə qoydu. Qollarını qucaqlayıb stulun kənarına söykəndi.

- Niyə həmişə hər yerdə qazanan pislər olur? Səhər-axşam eşşək kimi işləyirəm, amma nə olsun? Yaltaqlanmıram, artistlik eləmirəm deyə məni görən yoxdu. Tək işdə belə olsa, cəhənnəm. Bax, illərdi ki, arxanca qaçıram... olmur ki olmur. Amma Leyla... Həmişə ikisi-üçüylə birdən danışıb. İndi də Rəna oğluna almaq istəyir. Yazıq nə bilsin axı? Özünü elə göstərir ki, guya bundan təmizi, bundan əxlaqlısı yoxdu. Di gəl, pozğunun biridi.

- Bəsdi... Ağ elədin lap.

Ayaz bunu deyib ayağa qalxdı. İşığı yandırıb paltarlarını geyinməyə başladı.

- Hələ də unuda bilməmisən onu, eləmi? - Bahar gözünü köynəkdən çəkmədən soruşdu.

Ayaz cavab vermədi. Sakitcə geyinib otaqdan çıxdı. Evin qarşısındakı mavi maşınına minib harasa getdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri