Icma.az
close
up
RU
Restoranların ümidinə qalan bazar: 90 kiloqramlıq dananın əti iki günə zorla satılır

Restoranların ümidinə qalan bazar: 90 kiloqramlıq dananın əti iki günə zorla satılır

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkədə ətin qiymətindəki artım geniş müzakirə mövzusuna çevrilib.

Oxu.Az xəbər verir ki, vətəndaşlar dana ətinin bir kiloqramının qiymətinin bir manat artaraq 18 manata çatmasından narazılıq edirlər.

Bəzi istifadəçilər ətin qiymətində hər hansı artım olmadığını, bəziləri isə ətin qiymətinin heyvan saxlayanlar üçün sərfəli olmadığını bildiriblər. Fikirlərini isə belə əsaslandırıblar ki, bu gün heyvan saxlamaq fermer üçün çox baha başa gəlir. Örüş yerlərinin olmaması, yemin, otun, samanın və yanacağın qiymətindəki artım fermerləri qiyməti artırmağa məcbur edir.

Bəs bu gün paytaxtda ət satışı ilə bağlı real vəziyyət necədir? Qiymətlərdə artım varmı?

Bu suallara elə ətsatanların özlərindən cavab almaq üçün Oxu.Az-ın əməkdaşları Bakıdakı ət satışı ilə məşğul olan məntəqələrə üz tutublar.

Bakının bir neçə böyük ət dükanında etdiyimiz araşdırma zamanı məlum oldu ki, dana ətinin qiyməti 17-17.5 manat arasında dəyişir. Ət satıcıları qiymət artımının olduğunu inkar etmirlər.

İlk həmsöhbətimiz qəssab Kənan Həsənovdur:

- Kənan bəy, əti, əsasən, haradan gətirirsiniz?

- Ağcabədidən, bir də Beyləqandan.

- Dana əti neçəyədir?

- Bu gün 17 manata.

- Deyirlər, ətin qiymətində artım olub?

- Təxminən, 50 qəpik.

- Artımın səbəbi məlumdurmu?

- Səbəb odur ki, yerində, rayonda qiymət qalxıb. Bizlik bir şey deyil. Yem baha, heyvan saxlamaq baha… Yəni belədir də.

- Satış necə gedir? Ət alanların sayı sizi qane edirmi?

- Çox şükür, satış normaldır, deyə bilərəm, amma qiymət artandan alıcılıq düşüb bir az. Yenə də Allah qazancımıza bərəkət versin.

- Neçə kiloqram ət satanda deyirsiniz ki, hə, bax bu gün bazarım yaxşı olub?

- Vallah, bir az çətindir dəqiq cavab vermək. Baxır günə. Belə, günə bir dana kəsirik. Onun da çəkisi 140-150 kq olur. Elə vaxt olur, bir günə satırıq, elə gün olur, satılmır.

Kənanla sağollaşıb növbəti ət dükanına üz tuturuq. Bu dəfə bizi ətçi Cavid salamlayır. Cavid bizimlə o qədər pozitiv görüşür ki, soyadını soruşmağı belə unuduram. Yəqin ki, buna görə inciməz…

Cavid kəsəcəyi heyvanları Beyləqandan gətirdiklərini bildirir. Burada da qiymətlə maraqlanırıq:

- Bu gün quzu ətinin kiloqramı 21 manata, dana ətinin - 17 manatadır. Arada aşağı da veririk ki, insanlar alsınlar.

- Ətin qiymətində artım müşahidə olunurmu?

- Əlbəttə ki. Əvvəlki aylara baxanda artım var. Bu gün yerində, yəni rayonda heyvanın qiyməti artıb. İnanın, elə olur ki, heç alıb gətirə bilmirik. Dost-tanışla danışıb güc-bəla ilə gətiririk. Hamı necəsə bir-birini dolandırır. (gülür)

- Məsələn, üç ay əvvəl ət neçəyə idi?

- Dana əti üç ay bundan əvvəl 16 manata idi, bu gün 17 manatadır.

- Alıcılıq məsələsi necə, sizi qane edirmi?

- Qane edir desəm, düz olmayacaq, etmir desəm, yenə düz olmayacaq. (gülür) Düzü odur ki, satış çox zəifdir. Əvvəlki vaxtlara baxanda satış, təxminən, 50% azalıb.

Neçə kiloqram ət satanda günü uğurlu saydığı ilə bağlı sualımıza Cavbidin cavabı 50-70 kiloqram arası olur:

- Günə baxır. Bayram günlərində, xüsusi günlərdə bazar daha yaxşı olur. Ara günlərdə də oturub gözləyirik. Elə gün olur ki, 15-20 kq zorla satılır. Düzdür, quzu ətinə tələbat pis deyil. Olur ki, günə iki-üç quzu kəsirik, amma dana ətinə gündəlik tələbat elə də çox deyil.

- Deyək ki, 100 kiloqramlıq heyvanı kəsmisiniz, amma satılmayıb, sonra nə edirsiniz o əti?

- Sağ olsun restoranlar. Alıb aparırlar. (gülür) Ət satılmamış qalmır ki. Sadəcə, biri var, birnəfəsə satırsan, bir də var, çətinliklə satırsan.

Növbəti həmsöhbətimiz ət satan Rəşad Həsənovdur. O, heyvanları, əsasən, Ağcabədi, Bərdə və Beyləqandan gətirdiyini bildirir. Ətin qiyməti də əvvəlki ətsatanların dediyi qiymətdən fərqlənmir:

- Hazırda dana ətinin kiloqramının qiyməti 17 manata, quzu ətinin - 21 manatadır.

- Deyirlər, son vaxtlar ətin qiyməti artıb. Düz deyirlər?

- Düzdür. Haradasa 1 manat, 1 manat 50 qəpik qədər artım var.

- Neçə vaxt olar bu artımların mövcudluğu?

- Var bir xeyli, haradasa üç-dörd ay olar. Amma birdən artmayıb. Mərhələli artıb deyə elə də hiss edilməyib.

Rəşad da alıcılıq qabiliyyətindən razı olmayan ətçilərdəndir.

- Alış zəifdir. Ən yaxşı halda günə bir dana sata bilərsən, o da baxır çəkisinə - heyvan 60 kiloqramlıq da ola bilər, 80 kiloqramlıq da. Məsələn, iki-üç il əvvəl olurdu ki, bir günə 150-160 kiloqramlıq heyvanın ətini satırdıq, bu gün amma 90 kiloqramlıq dana əti iki günə zorla satılır.

- Dediniz ki, kəsmək üçün heyvanı Ağcabədi, Beyləqan və Bərdədən gətirirsiniz. Bəzən ət alıcılarından belə bir fikir eşidirik ki, "biz ancaq filan bölgədən gələn heyvanın ətini alırıq". Kimisi Beyləqana üstünlük verir, kimisi Bərdəyə və s. Neçə ildir, ət satmaqla məşğulsunuz. Yəqin, hər bölgədən gətirdiyiniz heyvanın ətindən yemisiniz. Necə düşünürsünüz, bölgələrə görə heyvanların ətinin dadında, doğrudan, hansısa fərq olur?

- (gülümsəyir) Əslində, heç bir fərqi yoxdur - nə dadında, nə qiymətində. İnsanlardır da, hərə özünü nəyəsə inandırır və ona uyğun seçim edir. Kimisi deyir, mən Beyləqan əti istəyirəm, kimisi deyir, Şamaxı tərəfdən gələn ət olsun... Biz deyə bilmərik ki, onu istəmə, bunu istə. Müştərinin istəyi nədirsə, biz də ona uyğun addım atırıq.

- Bu gün quzu əti daha yaxşı satılır, yoxsa dana əti?

- Vallah, əslinə baxsaq, bu gün elə ikisi də eyni vəziyyətdədir. Ümumilikdə, alıcılıq zəifdir. Bayram-seyran olmayanda elə oturub müştəri yolu gözləməklə məşğul oluruq. Amma müqayisə etsək, yenə də dana əti nisbətən daha çox satılır. O da yəqin, qiymətinin quzu ətindən ucuz olması ilə bağlıdır. Bir də adamlarımızın çoxunun təzyiqi var deyə, yəqin, ona görə quzu ətinə elə də yaxın durmurlar. (gülür)

Beləcə, ət bazarındakı ümumi vəziyyətin mənzərəsini aydınlaşdırıb ətçilərlə söhbətimizi yekunlaşdırırıq.

Alıcıların fikrini öyrənmək istəyimiz isə ürəyimizdə qalır... Çünki ərazidə olduğumuz müddətdə heç bir dükana ət almaq üçün yaxınlaşan müştəriyə rast gəlmirik.

Göründüyü kimi, qiymətlərdə artım, sosial şəbəkələrdə deyildiyi kimi 18 manat olmasa da, var və bu, artan xətt üzrə davam edir. Əlbəttə ki, hər bir qiymət artımının arxasında bildiyimiz və bilmədiyimiz iqtisadi amillər dayanır.

Ümumilikdə, iqtisadçılar qiymət artımının müxtəlif səbəblərlə bağlı olduğuna diqqət çəkirlər. Onların fikrincə, həm daxili təsərrüfatlarda məhsuldarlığın azalması, həm də idxal olunan bəzi məhsullarda qiymət artımı bazara təsirsiz ötüşmür.

İqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında vurğulayıb ki, ətin qiymətində artım var və o, davamlı olacaq:

"Çünki Azərbaycanda ətin qiymətinin artımı, sadəcə, bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir.

Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm, demək olar, dəyişməyib. Amma əhali sayımız 8.5 milyondan 10.2 milyonu keçəcək həddə çatıb. Nəticədə adambaşına düşən yararlı torpaq sahəsi 0.56 hektardan 0.47 hektara enib. Bu isə çox ciddi fərqdir. Yəni əhali artır, yararlı torpaq sahəsi isə artmır.

Əvəzində, bu 20 ildə əkin yerləri 237 min hektar, dincə qoyulmuş torpaqlar 14 min hektar, çoxillik əkmələr 53 min hektar, hətta meşə örtüyü 5 min hektar artıb.

Göründüyü kimi, hər sahəyə ayrılan ərazi artsa da, ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir".

Yaranmış vəziyyətdən çıxış yolunu isə iqtisadçı torpaq idarəçiliyi islahatında görür.

"Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyükhəcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. Eyni zamanda, kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər.

Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgüsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının digər sahələri əziyyət çəkəcək.

Beləliklə, ətin qiymətini 17 manata qaldıran 17 səbəbdən, sadəcə, bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq?

Məsələnin digər tərəfi ondan ibarətdir ki, səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından ətin qiymətinin gələcək "taleyi"ni proqnoz etmək mümkün deyil.

Əslində, qlobal inflyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da, obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə, ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür", - deyə E.Əmirov vurğulayıb.

Göründüyü kimi, hazırda ətin qiymətində sabitlik müşahidə olunmur. Qiymətlərin yaxın vaxtlarda dəyişib-dəyişməyəcəyi isə həm hökumətin atacağı addımlardan, həm də daxili bazarın imkanlarından asılı olacaq.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see6100

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see389

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see331

Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub

15 Sentyabr 2025 20:32see256

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see193

Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür

15 Sentyabr 2025 17:41see172

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see160

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see153

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see144

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: Ağıllı toz dövrü başlayır

16 Sentyabr 2025 04:19see138

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see134

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see134

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see133

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see132

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see131

İtaliya NATO nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək

16 Sentyabr 2025 01:16see128

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see127

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see126

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see121

Qvardiolanın taktikası, Flikin heyəti idarə etməsi, Kloppun ünsiyyəti və Naqelsmannın geyim tərzi ideal məşqçi təsviri

16 Sentyabr 2025 00:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri