Rəsul Rza və Əli Kərim Rəsul Rza və altmışıncılar silsiləsindən
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaşar QASIMBƏYLİ
Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi
[email protected]
"Altmışıncılar" ədəbi nəslinin ədəbi taleyini və bədii amalını onların Xalq şairi Rəsul Rzaya münasibətini təhlil etmədən anlamaq çətindir. 60 il bundan əvvəl şeiriyyət aləminə qədəm qoymuş gənc qələm sahibləri Rəsul Rzadan çox şey öyrənmişdilər. Birinci növbədə insan və şair olaraq formalaşarkən onlar gözləri önündəki və canlı ustad şairə nümunə kimi yanaşırdılar. Bu gənclər Mikayıl Müşfiqi də, Səməd Vurğunu da ürəkdən sevirdilər. Amma təbii ki, taleyin hökmü ilə yalnız Rəsul Rza ilə bir müəllim kimi real və həyati ünsiyyətə girmək mümkün olmuşdu.
Altmışıncıların ustad Rəsul Rzaya hörmət və məhəbbətinin dərinləşməsinin bir çox səbəbləri vardır. Həmin səbəblərdən biri və bəlkə də ən əsası böyük sənətkarın öz cavan həmkarlarına səmim-qəlbdən yanması və yanaşması ilə bağlı idi. Təsadüfi deyil ki, Rəsul Rza 50-60-70-ci illərdə ədəbiyyata təşrif buyuran bir çox ciddi istedadlar barəsində həqiqəti söyləməkdən çəkinməyən çox az görkəmli sənəkarlarımızdan biri idi. Onun az qala 60 il, 70 il bundan öncə yazdığı məqalələr həmin nöqteyi-nəzərdən hələ də öz qiymətini və aktuallığını hifz etməkdədir. "Şair Əli Kərim" məqaləsi də 60-cı illərdə yazılıb. Amma bu gün də həmin məqalə Əli Kərim sevərlər tərəfindən çox maraqla və məhəbbətlə oxunmaqdadır. Ustad şair öz sevimli şagirdlərindən biri haqqındakı məqaləsinə aşağıdakı sözlərlə başlayır: "Mən Əli Kərimi çoxdan tanıyıram. Məndən soruşsalar ki, Ə.Kərimin şairlik tarixi, günü, ili hansıdır? Deyə bilərəm ki, mən onu şair görmüş, şair tanımışam. Mənə elə gəlir ki, o, həmişə şair olmusdur. Mən deyərdim ki, o, hər həqiqi sənət əsəri olan şeiri ilə yenidən doğulur, yenidən həyata başlayırdı. O, hər zaman öz xarakterinə, öz manerasına, öz şairlik simasına sadiq qalırdı. Lakin hər prinspial şeirində, yeni rəng ahəngində, yeni bir təsir gücündə, yeni poetik nəfəsdə təzələşirdi. Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə yarışda, hər əsərində bir pillə qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndir. O, deyə bildiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini dedi. Bu az hissə də şair Əlinin çox böyük imkanlarını aydın göstərir".
Ustad R.Rzanın obrazını şeirə gətirənlər də altmışıncılar olmuşlar. Ə.Kərim bir çox mövzuları və dərdləri şeirə ilk dəfə gətirdiyi kimi, R.Rzaya müraciətdə də birinci idi. R.Rza ədəbi məktəbinin potensial imkanlarını və qüdrətini təsəvvür etmək nöqteyi-nəzərindən, həqiqətən də, altmışıncıların ustad haqqında fikir və düşüncələri diqqətəlayiqdir. Məmməd Araz, Fikrət Qoca, Xəlil Rza Ulutürk, Fikrət Sadıq, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Abbas Abdulla, Ələkbər Salahzadə, Vahid Əziz və başqalarının böyük şairə həsr edilmiş əsərləri poetik tariximizin qürur oyadan səhifələridir. Akademik Bəkir Nəbiyev ustad sənətkarın gənc ədəbi qüvvələrlə qarşılıqlı əlaqələrini dərindən təhlil edərək aşağıdakıları vurğulamışdır: "Müraciət etdiyim nümunələrdən də bir daha aşkar göründüyü kimi, poeziyamızda o vaxtadək sovet şeirində görünməyən insan dərd-səri, qayğı və həyəcanları, ağrı-acıları məhz Rəsul Rzanın əsərlərində ardıcıl olaraq canlandı və bu proses ara vermədən davam etdi. Azərbaycan ədəbiyyatına gələn yeni qüvvələr, altmışıncılar isə təkcə poeziyada deyil, nəsrimizdə də onun davamçıları oldular. Elə buradaca qeyd edim ki, bu istiqamət poeziyada Qabil, X.Rza, Ə.Kərim, F.Qoca, M.Araz, N.Həsənzadə, F.Sadıq, Ə.Salahzadə, M.İsmayıl, S.Rüstəmxanlı, A.Abdullazadə, İ.İsmayılzadə, N.Kəsəmənli, nəsrdə S.Əhmədov, Anar, Elçin, İ.Məlikzadə, F.Kərimzadə, S.Azəri və başqalarına öz orijinal istedadlarını bütün özəllikləri və təravətilə meydana qoymağa kömək etdi" (Bəkir Nəbiyev. Şeirimizin klassiki və müasiri. Bax: Rəsul Rza: Ömrün birinci yüzili. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2011. səh. 32).
Əli Kərimin ustadına həsr etdiyi şeirdə gənc nəslin şair ömrü haqqındakı düşüncələri əks etmişdir:
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir.
Düzdür, elə şairlər olub, bundan sonra da olacaq. Amma onlar nəsillərin yaddaşında qalmır. Yeni gənclik belə şair ömürlərini qəbul və etiraf etmirdi. Onların arzu etdikləri yaradıcılıq yolu - Rəsul Rza yoludur. Əsl şair ömrü deyəndə təzə nəsillər ustadın həyat və mübarizə yolunu düşünürdülər. Şeirin və şairin ölməzliyini elə-yurda sədaqətlə xidmət etməkdə, vətənə namuslu oğul olmaqda görürdülər. Poeziyanın keyfiyyətini - onun zamana münasibətindən çıxış edərək həssaslıqla müəyyənləşdirməyi əsas şərtlərdən biri kimi dərk edirdilər. R.Rzanın sırf bədii kəşfləri, estetik yenilikləri isə xüsusi dəyərləndirməyə layiqdir. Yeni lirik "mən" orijinal şair kompleksi barəsində ciddi götür-qoy edərkən hər şeyi ideal poeziya tərəzisində çəkir, hökm verməyə tələsmirdi. Onlar poetik idealın əyani görüntülərini və təcəllisini həyatda, mühitdə tapıb, təsbit etməyə can atırdılar:
Amma şair də var ki,
Zamanın doğma oğlu.
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirinin yolu.
Əsrin ahəngi-vəzni...
Müqəyyəd qafiyəsi.
Belə şair də vardır:
Onun ömrünün yolu
Bir əbədi yazadır.
O, sözlər sərkərdəsi
Şair Rəsul Rzadır.
Yeni nəslin və xüsusən, onun liderlərindən olan Əli Kərimin Səməd Vurğun və Rəsul Rza ilə yaradıcılıq münasibətindən bəhs edərkən, bu mənəvi əlaqələrin dərin köklərə malik olduğunu vurğulamağı lazım bilirik. Bu nöqteyi-nəzərdən tənqidçi Cavanşir Yusiflinin fikirləri diqqəti çəkir: "Əli Kərim poetikası müəyyən mənada bu iki böyük şairin hər ikisininin yaradıcılığının əsas cəhətlərini özündə ehtiva edir. Səməd Vurğun yaradıcılığının əsas fəlsəfi qayəsi - yuxarıda xatırlatdığımız kimi - şeiri insan ruhunun ideal ifadəsinə, insan həyatının təbii davamına çevirmək ehtirası, Rəsul Rzada sözün içində əsrlər boyu yatan, mürgüləyən "duyğu leysanını" dilləndirmək, maksimum güclü enerjinin mürgülədiyi qatı xüsusi bir fəhmlə tanıtmaq, nişan verə bilmək bacarığı - bunların hamısı Əli Kərim şeirində xüsusi sistem daxilində meydana çıxırdı və bu dünyaduyum kateqoriyalarını daha da xüsusiləşdirirdi. Elə Əli Kərimin bu iki şairə həsr etdiyi şeirlərdə də onlardan nəyi əxz etdiyi aydın şəkildə, onların öz üsulları ilə göstərilmişdir" (Cavanşir Yusifli. Azərbaycan poeziyasında Əli Kərim mərhələsi. Bakı, 2006, səh. 46-47).
Rəsul Rzanın "Əli Kərim haqqında söz" məqaləsi yazıldığı vaxtdan yarım əsrdən çox keçsə də, Əli Kərim həqiqətlərini sərrast ifadə etdiyinə görə bu gün də təzə və təravətli səslənir: "Əli Kərim haqqında danışmaq o qədər də asan deyil, çünki bu həqiqi sənətkar, böyük şair o qədər təvazökar idi ki, onun yazılarını, şeirlərini oxuyanda düşünürdüm ki, bu şeirləri bu sakit adam, Əli Kərim yazırmı? Çünki onun xasiyyətində də, şeirlərində də təmtəraq, gurultu, parıltı yox idi. Lakin bu şeirlərdə olan daxili enerji, onların məna yükü o qədər böyük idi ki, adam bu şeirlərə qulaq asanda, doğrudan da, heyran qalırdı. Əli Kərimin şeirlərində soyuq misralar, biganə parçalara rast gəlmək mümkün deyil. Bu doğrudan da, həqiqi sənətkar xüsusiyyətidir. Əli Kərim az bir ömür sürdü, lakin indi onun qoyub getdiyi irsə baxanda təəccüb eləyirsən ki, az müddətdə nə qədər böyük, nə qədər geniş sahədə fəaliyyət göstərmək olar. Onun şeirlərində nə müəyyən mövzuya bağlılıq və onun çərçivəsində qalmaq, nə bir formanı, ancaq onu tapıb, onu tutub davam etmək vardır. Onun yaradıcılığı geniş və mürəkkəbdir". Öz şagirdinin bədii əsərlərini şairlik məsuliyyəti və taleyi baxımından tələbkarlıqla nəzərdən keçirən və dəyərləndirən ustad sənətkar daha sonra fikirlərini davam etdirərək yazırdı: "Çox maraqlıdır ki, Əli Kərimin vəfatından sonra onun əvvəllər yazmış olduğu şeirlərindən iki-üç qat çox çap olunmamış şeirləri ortaya çıxdı. Bu da onu göstərirdi ki, Əli Kərim çap olunmaq, məşhur olmaq, tanınmaq üçün yazmırdı. O, daxili bir ehtiyac hissi ilə yazıb-yaradırdı və çox zaman da yazdığı şeirlərin tənqidçisi özü olurdu və bəzilərini bir tərəfə qoyurdu, get-gedə daha yaxşısını yazırdı, pillə-pillə sənətkarlıq yolu qalxırdı".
Əli Kərim ölməzliyindən və əbədiyyətindən də ilk dəfə məhz ustad Rəsul Rza bəhs etmişdi: "Əli Kərim böyük bir irs qoyub getmişdir. Çox təəssüf ki, biz bu gün ona irs deyirik. Ancaq o, bu şeirləri, bu əsərləri ilə bu gün də yaşayır. Mən Əli Kərim haqqında danışanda keçmiş zaman formasında müraciət etmək istəmirəm. Çünki o, canlı şair kimi, insan kimi bu gün də yaşayır. Əgər şairin yaşamağı, varlığı onun sənəti ilə, onun əsərləri ilə ölüçülürsə, onunla müəyyən olunursa, deməli, Əli vəfat etməmişdir, Əli sağdır, Əli bu gün də bizim sıralarımızdadır".
Böyük Rəsul Rzanın Əli Kərimlə bağlı düşüncələrini nəzərdən keçirərkən, qeyri-ixtiyari olaraq, onun Mikayıl Müşfiq haqqındakı xatirələrini və "Qızılgül olmayaydı" poemasını xatırlayırsan. Həmin ədəbi və poetik mətnlərdə diqqəti çəkən cəhət müəllifin hər iki ürək dostuna - səfdaşına və şagirdinə sonsuz, səmimi sevgisidir. Bəli, Rəsul Rza Əli Kərimi də Mikayıl Müşfiqi sevdiyi qədər sevirdi. Mikayıl Müşfiqin nakam taleyi onu necə yandırırdısa, Əli Kərimin yarımçıq qalmış şair ömrü, yetim qalmış arzuları da böyük şairə tükənməz iztirablar verirdi. Əzabkeş və müdrik sənətkar hər iki bənzərsiz və misilsiz şairin faciəsində zamanın, mühitin günahkar olduğunu yaxşı bilirdi. Bir vaxtlar Əfzələddin Xaqinini, Seyid İmadəddin Nəsimini, bütün Avropanın poeziya şahzadəsi Corc Qordon Bayronu öz yurdundan-yuvasından didərgin salan, Rusiyanın ilk poetik dühaları Aleksandr Puşkini və Mixail Lermontovu nümayişkaranə qətl edən amansız zamanın nəyə qadirliyini Səməd Vurğun və Rəsul Rza kimi əzabkeş şairlərimiz öz talelələrində yaşamışdılar. Altmışıncılar pleyadasının flaqmanı Yevg.Yevtuşenko özünün və nəsildaşlarının taleyini də yazmışdı aşağıdakı misralarda:
Hökmdarlar anlamırlar şairləri,
Anlayantək hökm verirlər ölümünə!
Əli Kərimin başqa bir zamandaşı və nəsildaşı Rauf Pərfi də Yevgeni Yevtuşenkonun, Andrey Voznesenskinin, Bella Axmadulinanın, Bulat Akudcavanın, Viktor Sosnora və Vladimirf Vısotskinin ürəkdən tərənnüm etdikləri Sənətkar və Zaman təzadını öz imzası ilə təsdiq etmişdi:
Üzbəüz gələntək sanki od və su,
Üzbəüz gəlirlər şair və zaman.
Rəsul Rzanın Əli Kərim nisgilindən və həsrətindən bəlli olur ki, tarixin bütün dövrlərində qisaskar zaman ölməzlik və əbədiyyət ehtirası ilə yaşayır. Şəfqətsiz zaman yalnız Qəhrəmanların yox, həm də Şairlərin qatili kimi əbədiləşməkdən həzz alır. Məhz bu mənəvi-psixoloji zəifliyinə və acgözlüyünə görə də vaxtlı-vaxtsız bütün şair ölmülərində zamanın silinməz ayaq (həm də əl!) izləri aydın görünməkdədir. Zatən, uzaq-yaxın 60-cı illərdə cəmiyyətimiz mənəvi-estetik sadizm və hannibalizmdən hələ yetərincə arınıb, təmizlənməmişdi.


