Rotavirus uşaqlar üçün niyə təhlükəlidir?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Xəbər verdyimiz kimi, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb.
Hadisə uşaqlar və valideynlər arasında narahatlıq yaradıb. Xüsusilə məktəb kimi çoxsaylı uşaqların bir arada olduğu mühitdə infeksiyanın yayılma ehtimalı bu xəstəliyə diqqəti artırır.
Rotavirusun hansı yollarla yayıldığı, uşaqlarda hansı əlamətlərlə özünü göstərdiyi, nə dərəcədə təhlükəli olduğu və yoluxmadan qorunmaq üçün hansı tədbirlərin görülməli olduğu isə aktual suallardandır.
Rotavirus uşaqların sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Virus əsasən hansı yollarla yayılır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirib ki, rotavirus qastroenteritə səbəb olan ən geniş yayılmış viruslardan biridir:
“Adından da göründüyü kimi, virus mənşəli infeksiyadır və həm uşaqlarda, həm də böyüklərdə mədə-bağırsaq sisteminin iltihabına səbəb olur. Xəstəlik xüsusilə 5 yaşadək uşaqlarda daha ağır keçə bilər.
Əsas simptomlar yüksək hərarət, ürəkbulanma, qusma və qarın ağrısıdır. Sonrakı günlərdə isə ishal müşahidə olunur. Rotavirus infeksiyasının ən təhlükəli ağırlaşmalarından biri davamlı qusma və ishal nəticəsində orqanizmin çoxlu miqdarda maye və elektrolit itirməsidir. Xüsusilə körpə və azyaşlı uşaqlarda davamlı qusma qısa müddət ərzində ciddi susuzlaşmaya (dehidratasiya) səbəb ola bilər.
Bu vəziyyət vaxtında aradan qaldırılmadıqda qan dövranı pozğunluğu və digər ciddi fəsadlarla nəticələnə bilər.Bu səbəbdən uşaqda davamlı qusma, yüksək hərarət, tez-tez ishal, ağızdan kifayət qədər maye qəbul edə bilməmək və maye itkisinin artması müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir”.
Pediatr qeyd edib ki, rotavirus əsasən fekal-oral mexanizmlə yayılır:
“Yəni virusla çirklənmiş əşyalar, səthlər və əllər vasitəsilə ağız boşluğuna keçə bilər. Xüsusilə məktəbəqədər təhsil müəssisələri, bağçalar və məktəblər kimi insanların ortaq sanitar qovşaqlardan və əşyalardan istifadə etdiyi mühitlərdə yoluxma riski artır.Qapı tutacaqları, partalar və digər ümumi istifadə səthləri də virusun yayılmasında rol oynaya bilər. Burada vacib məqamlardan biri də odur ki, hər qida zəhərlənməsi rotavirus infeksiyası deyil.
Eyni zamanda, rotavirus da hər zaman qida vasitəsilə yoluxmur. Rotavirus infeksiyası əksər hallarda öz-özünə sağalan və bir neçə gün ərzində geriləyən virus xəstəliyidir. Adətən ciddi ağırlaşmalarla nəticələnmir. Əsas təhlükə isə davamlı qusma və ishal fonunda orqanizmin maye və elektrolit itirməsi, xüsusilə də körpələrdə qısa müddətdə ciddi susuzlaşmanın yaranmasıdır.
Buna görə də valideynlər xüsusilə körpə və azyaşlı uşaqlarda davamlı qusma, maye qəbulunun azalması və qidalanmadan imtina kimi əlamətlərə diqqət yetirməlidirlər. Belə hallarda vaxt itirmədən həkimə müraciət olunmalı, uşağın vəziyyəti qiymətləndirilməlidir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Rotavirus Şəlalə Poluxova
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















