“Rus gəmisində intihar”: seçim, vicdan və susmamaq
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İctimai-mədəni mühitdə tanınmış ziyalı, yazıçı-publisist, rəssam Zahir Məliklinin “Rus gəmisində intihar” romanı (Bakı: Qanun nəşriyyatı, 2025, 280 s.) müstəqillikdən sonrakı dövrdə formalaşan insan taleyini, seçim və məsuliyyət problemini bədii-ekzistensial müstəvidə təqdim edən əsərlərdən biridir. Bu əsər nə sadəcə avtobioqrafik roman, nə də sıradan bir həyat hekayəsidir. Obrazlı desək, insanın içindəki işıqla qaranlığın, xeyirlə şərin, yaxşılıqla pisliyin, həyatda qalma instinkti ilə mənəvi ucalıq istəyinin toqquşduğu geniş mənəvi panoram kimi də baxmaq olar əsərə. Əsər eyni zamanda sadəcə bir insanın həyat hekayəsi deyil, insanın özünü axtarışı, taleyinə qarşı duruşu, vicdanına hesabatı, yaşadığı dövrün içində formalaşan şəxsiyyət etirafıdır. O həm də insan ömrünün “sakit günlər” və “fırtınalı gecələr”dən ibarət olduğunu göstərən, taleyin ən sərt dönəmlərində belə insanın içində gizlənmiş işığı sönməyə qoymayan bir mətndir.
Sətirlərin üzərindən keçdikcə hiss edirsən ki, müəllif yalnız başına gələnləri yazmır, özünü yazır, özünü “şərtlərin yox, seçimlərin məhsulu olan insan” kimi təqdim edir. Bu da əsərə həm bədii, həm fəlsəfi, həm də psixoloji dərinlik verir.
Müəllifin təhkiyə manerası həyatın özü kimi rəvan, özü kimi sərtdir. Romanın təhkiyəsində iki paralel qat var (və ya aşkar görünür): 1. Real həyat hadisələrinin ardıcıllığı (uşaqlıq, kənd həyatı, ailə, müəllimlik, sovet dövrü, yenidənqurma, ilk səfərlər, alver dövrü, həyatda qalma mübarizəsi); 2.Ekzistensial simvollar və həyatın metafizik mənası (gəminin burnundakı toqquşma, iki dostun intihar səhnəsi, insanın öz seçiminə cavabdehliyi). Müəllifin təhkiyəsini “axan çay”a bənzətmək olar: gah sakit, gah coşqulu, gah şəffaf, gah bulanıq. Bu axında həyatın təlatümlərində insanın özünü tanıması məcranın aydınlığını üzə çıxarır.
Əsərdəki bədii təsvirlər və metaforik dünya okeanın və insanın içinin fırtınasına şahidlik edir. Romanın proloqunda verilən gəmi səhnəsi əsərin ideya-estetik mərkəzidir. Okeanın fırtınalı mənzərəsi təkcə təbiət hadisəsi kimi deyil, insanın içində qopan burulğanın metaforası kimi təqdim olunur. “Gəminin burnu gah okeanın dibinə gömüləcək kimi suya girir, gah da bu cəhənnəmdən xilas olmağa can atırmış kimi göyə dikəlirdi…” – bu təsvir yalnız səhnə deyil, insan taleyinin eniş-yoxuşlarının bədii ifadəsidir. Fərhadın özünü sulara atması və Timurun onun ardınca getməsi süjet hadisəsi olmaqdan çıxaraq günah, bağışlanma və məsuliyyətin ekzistensial dialoquna çevrilir.
Həmin səhnə roman boyu davam edən əsas ideyanı formalaşdırır: insan bəzən taleyinin yox, öz seçiminin qurbanı olur. Müəllif bu ideyanı sonradan kənd həyatının, ata iradəsinin, boğulan arzuların fonunda daha da dərinləşdirir. Kənd burada sadəcə məkan deyil, sosial və mənəvi çərçivədir. Atanın “yanımda ol” tələbi sevgi ilə məsuliyyət arasında sərt bir hökmə çevrilir. Sənətə, yaradıcılığa can atan gənc bu çərçivə içində formalaşır, bəzən susur, bəzən dözür, amma daxilən dəyişir.
Roman yazarın saf ailə ocağından ekzistensial düşüncəyə gedən insan kimi portretini simvolizə edir. Müəllif kənddən çıxan sıravi gənc deyil, həyatın içində sınmayan bir iradə, sosial təbəddülatları şəxsiyyət kimi içindən keçirən ağıl sahibidir, bir tərəfi sənətə, bir tərəfi müəllimliyə bağlı şəxsiyyətdir. Onun insan kimi portretində namus, əxlaq və ailə tərbiyəsi, səmimiyyət və təmkin, həyata realist baxış, sənətkar həssaslığı özünü göstərir. Bu insan həm də öz taleyini yazan, yazdıqları ilə yaşadıqları arasında məsafə qoymayan yaradıcıdır.
Romanın ideya yükü şər və xeyirin ekzistensial savaşında üzə çıxır. Mətn boyu müəllif göstərir ki, yaxşılıq insanın içindən gəlir, şər isə zəif məqamlarda insanın üstünə çökür, həyat insanı sınağa çəkir, insan hər dəfə öz seçimi ilə özünü yaradır. Bu, ekzistensial fəlsəfənin də mərkəzi fikridir. Müəllif bunu təbiətən hiss edir və roman boyunca yaşayır.
Müəllif roman boyunca özünü qorxmayan bir insan kimi deyil, qorxusuna qalib gələn bir insan kimi göstərir. Onun insan portretinin üç əsas xüsusiyyəti aşkar görünür: 1) sıravi kənd ocağından çıxan, əxlaqını qoruyan adam. 2) sənət eşqi ilə yaşayan gənc. 3) təslim olmayan iradə sahibi. Həyatın çatları onu sındırmır, əksinə, formalaşdırır. Zaman onu dəyişir, amma o zamanın içində özünü itirmir. Roman boyu müəllif bir insan kimi səmimidir, bir yazıçı kimi obyektivdir, bir sənətkar kimi hissiyatlıdır.
Təhkiyənin daşıdığı yaşam enerjisi kifayət qədər böyükdür. Hadisələr kədər içində gülüşlə, ümid içində ağrı ilə, tale içində dirənişlə nəql edilir. Müəllifin təhkiyəsi sanki üçqat axınla hərəkət edir: Birinci axın – gördükləri: sovet dövrünün kasıblığı, yenidənqurmanın xaosu, müstəqillik illərinin çətinlikləri, alver səfərləri, təhlükəli sərhədlər, şəhərlərin işıq və qaranlıq tərəfləri. İkinci axın – yaşadıqları: gənclik arzularının boğulduğu kənd həyatı, atasının qətiyyətli iradəsi, müəllimlik, sənət eşqi, səfərlərdə rast gəldiyi absurd səhnələr və dramatik talelər. Üçüncü axın – hiss etdikləri: İnsan öz taleyi ilə razılaşmır. Onun içində daim “başqa bir həyat” arzusu var, amma bir də gözünü açıb baxır ki, bu həyatın içində özü də dəyişib, özü də böyüyüb, özü də sərtləşib. Məhz bu üç qat mətnin publisistik pafosunu gücləndirir. Oxucu hər səhnədə həm fakt görür, həm hiss edir, həm də düşünür.
Gəmidə baş verənlər romanın başlanğıcıdır, amma insanın sınması orada başlamır. Sınma çox-çox əvvəldən gəlir. Sakit bir dağ kəndindən, səhər tezdən açılan həyət qapısından, atasının səsi ilə oyanan bir oğlanın içindən gəlir.
Romanda kənd sadəcə məkan deyil, həm isti ocaqdır, həm də məhdudlaşdırıcı sosial-mənəvi çərçivədir və heç də idealizə edilmir. Kənd hökm yeridir. Burada həyat seçimlə yox, qayda ilə ölçülür. Ata obrazı həmin çərçivənin mərkəzində dayanır. Onun iradəsi zalım deyil, amma sərtdir; sevgi ilə qoruyur, lakin qoruduqca, çərçivə daralır. Atanın sözü qanundur. Oğulun arzusu isə bu qanunun içində yalnız arzu olaraq qalmalıdır. “Yeganə oğulsan” cümləsi burada sevgi deyil, zəncirə çevrilir. Özünün etirafı ilə, o, kənd adamı deyil, təsərrüfatın yükünü çəkmək onun alın yazısı deyil. Amma tale yazını bəzən istedadla yox, zərurətlə yazır. Atanın arzusu sadədir: oğlu yanında olsun, gözünün qabağında olsun, müəllim işləsin, “yoldan çıxmasın”. Oğulun arzusu isə böyükdür: sənət, şəhər, heykəltəraşlıq, rəssamlıq, elm...
Bu iki arzu bir yerdə yaşaya bilmir. İnstitutda diplom rəhbəri Binsion müəllimin onun qulağına pıçıldadığı “Getmə, getsən batacaqsan!” sözləri həmin ziddiyyətin ən ağrılı nöqtəsidir. Amma kənd daha güclüdür. Ata daha güclüdür. “Bircə oğlum var” qorxusu istedaddan da, elmdən də ağır gəlir.
Və beləliklə, o, geri qayıdır, kənd məktəbində müəllim olur. Ata ilə çiyin-çiyinə. Həyat zahirən qaydasındadır, amma içəridə bir şey səssiz-səssiz qırılır. Kənddə səssiz qırılanlara qulaq asan yoxdur. Təsəllisi sənət olur: rəsmlər, heykəllər, yaradıcılıq, təkcə rayon deyil, respublika səviyyəli sərgilərə çıxan işlər. Bu artıq hobbi deyil, içdən çıxan hayqırtıdır. Həyat onu çərçivəyə saldıqca, o, içindəki azadlığı sənətdə qorumağa çalışır. Bu mərhələdə roman bir həqiqəti sakitcə deyir: insan hər zaman üsyan etmir. Bəzən sadəcə dözür, amma dözə-dözə dəyişir.
Romanın əhəmiyyətli hissəsi müəllifin səfərlərinə həsr olunub. Riqa, Tallin, Rusiyaya gedən yollar... Sovet sisteminin dağılmasından sonra yaranan xaos, dolanışıq ehtiyacı insanları sərhədləri aşmağa məcbur edir. Bu yollar yaşamaq zərurətinin, riskin və qorxunun yollarıdır.
Riqa təsviri romanın ən emosional poetik səhnələrindəndir: “40 dərəcə şaxta… nəfəsim ağzımdan siqaret tüstüsü kimi çıxıb sifətimi sarırdı.” Bu cümləyə yalnız iqlim təsviri kimi yanaşmaq doğru olmaz, o həm də insanın içində(n) qopan soyuq həqiqətlərin metaforik ifadəsidir. Dünən 24 dərəcə isti olan Bakıdan çıxan gənc özünü birdən fərqli bir aləmdə tapır, çətinliyin estetik təsviri burada özünü mükəmməl göstərir. Yol yoldaşının bir cümləsi isə romanın həm yumorunu, həm həyat fəlsəfəsini özündə daşıyır: “Vay dədə vay, belim qırıldı!” Bununla müəllif həm soyuğu, həm yorğunluğu, həm də həyatın absurdluğunu ironik pafosla təqdim edə bilir.
Səfərlər davam etdikcə romanda təkcə bir insanın yox, bir dövrün psixologiyası açılır. Sovetdən çıxmış, amma hələ kapitalizmin qaydasını bilməyən adamların dünyası: növbələr, mallar, qara bazar, risk... Belə dünyada alverçilik nə ayıbdır, nə də qəhrəmanlıq. Bu, yaşamaq üsuludur. Dövlət dağılıb, qaydalar pozulub, amma həyat dayanmayıb, insanlar qaydanı özləri tapır. Romanın tapıntısı hesab edilə bilən kəndçi obrazı konkret bir adamdan çox, keçid dövrünün simasıdır – alverçi, risk edən, sözünü deyən, öz qaydası olan kişi. O, qanunu kitabdan oxumur, küçədən oxuyur. Harada dayanmaq olar, harada dayanmaq olmazı bilir. Onun gülərək dediyi “İki nəfər olanda biri növbədə durur, biri mal alır.” cümləsinin içində bütöv bir keçid dövrünün fəlsəfəsi var.
Dili kobud, amma canlı olan kəndçinin dialoqlarında yumor var, həyat fəlsəfəsi var, kişi dili var. Burada pafos süni deyil, danışığın içindən doğur. “Tiklas” plaşı ilə Rusiyaya getmək olmaz deyən kəndçi təkcə paltar məsləhəti vermir. O deyir ki, bu yol nazik adamlar üçün deyil.
Səfərlər boyu təsadüfi görüşlər… oyadılan xatirələr… müəllifin öz gəncliyinə toxunduğu anlar kimi yadda qalır. Sanki hər addımda həyatın özünün yazdığı ssenari var. İnsan hər şeyi unuda bilər, amma özünün kim olduğunu unutmaq mümkün deyil.
Bütün bunlar göstərir ki, bu səfərlər təkcə coğrafi hərəkət deyil. Onlar keçid dövrü insanının tale yolları, insanın özünü axtardığı daxili coğrafiyadır. Müəllif bu reallığı romantikləşdirmir, amma gizlətmir də. Bu səfərlər ticarət və dolanışıqdan çox, insanın özünü tanıma yolları kimi yadda qalır.
Romanın ilk abzaslarından etibarən diqqəti çəkən əsas cəhət müəllifin sadə, səmimi, danışıq dilinə yaxın və saxta bəzəklərdən uzaq, xalq nəfəsindən gələn təbii və səmimi üslubudur. Əsərə ön söz yazmış şair, şərqşünas-tərcüməçi Hafiz Rüstəmin də vurğuladığı kimi, müəllif qəliz ibarələrdən qaçır, cümlələri xalq danışığının intonasiyası ilə qurur, mətnin bədii yükünü səmimiyyətin içindən keçirir.
Bu dilin ən güclü tərəfi odur ki, oxucu yazıçını deyil, həyat hadisələrinin iştirakçısı olan adamı, kənddən çıxan, həyatla boğuşan, sevinci də, faciəni də bütün çılpaqlığı ilə yaşayan bir insanı görür.
Müəllifin dili elədir ki, oxunur, amma həm də dinlənilir, danışılır, amma həm də duyulur, hərəkət edir, amma həm də düşündürür. Bu, onun yazıçı təbiətindən daha çox insani təbiətindən gəlir. Müəllif danışdığı kimi yazan, yaşadığı kimi danışan yazıçı kimi yadda qalır.
Və nəhayət romanın adı...
Romanın adı təsadüfi deyil və yalnız proloqdakı dramatik hadisəni işarələmək üçün seçilməyib. “Rus gəmisində intihar” ifadəsi romanın ideya yükünü daşıyan mərkəzi açardır. İlk baxışda bu ad oxucunu rus gəmisində baş verən real faciəyə yönəldir. Həmin hadisə süjet(in) faktıdır və müəllif onu gizlətmir. Lakin mətn göstərir ki, “rus gəmisi” sadəcə nəqliyyat vasitəsi deyil. Bu gəmi sovet məkanının, mərkəzdən idarə olunan sistemin, fərdi iradəni özünün mexanizmləri içində əridən böyük strukturun simvoludur. İnsan bu sistemin içində hərəkət edir, lakin istiqaməti özü müəyyən etmir. Gəmi gedir, zaman axır. İnsan isə bu axının içində ya sürüklənir, ya da bir nöqtədə bu sürüklənməyə qarşı çıxır.
Romanın fəlsəfi qatında “intihar” anlayışı da yalnız ölüm aktı ilə məhdudlaşmır. Arzulardan vaz keçmək, susaraq razılaşmaq, öz mövqeyini itirmək – bunların hamısı daxili intihar formalarıdır. Gəmidə baş verən hadisə həmin prosesin ekstremal formasıdır. Müəllif bu adı seçməklə oxucuya xəbərdarlıq edir: əgər insan başqasının qurduğu gəmidə gedirsə, bir gün ya boğulacaq, ya da bu gedişə qarşı çıxmaq məcburiyyətində qalacaq.
“Rus gəmisində intihar” romanı nəticə elan etmir. O, oxucunu əsas sualla üz-üzə qoyur. Əsas sual isə kimin öldüyü deyil. Əsas məsələ budur: insan hansı anda susur, hansı anda razılaşır və hansı anda öz mövqeyindən imtina edir.
“Rus gəmisində intihar” bu nöqtədə dayanır: insanın qarşısında iki yol qalır, ya başqasının müəyyən etdiyi istiqamətlə sakitcə getmək, ya da bu gedişin içində öz sözünü qorumaq. Bu söz bəzən üsyan deyil, sadəcə susmamaqdır.
Zahir Məlikli bu romanı ilə göstərir ki, həyat fırtına içində irəliləyən gəmi kimidir. Əgər insanın içində bir nur varsa, ən vahiməli və qaranlıq dalğa belə o nuru söndürə bilməz. “Rus gəmisində intihar” məhz həmin nurun kitabıdır.
İlham TAHİROV,
Filologiya elmləri doktoru, professor
Bu mövzuda digər xəbərlər:"Rus gəmisində intihar": gözlənilməz epizodlarla dolu əsər... Hafiz Rüstəmin yazısı
15 Dekabr 2025 15:56
İtalyan turist gəmisində əcnəbilərdən ayrılan rus turistlər
22 Noyabr 2025 15:51
Rus deputat müharibədə intihar etdi
08 Mart 2025 22:00
Ermənistandakı “Rus evi” də bağlanacaqmı? İrəvan seçim qarşısında
14 Fevral 2025 14:29
Rus paranoyyası: itmiş vicdan və ya əksliklərə meyl sindromu
01 İyul 2025 17:24
Baxış sayı:85
Bu xəbər 27 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















