Ruspərəstlərin Qərblə yaxınlaşmaq təklifi TƏHLİL
Və yaxud Azərbaycanla Qərb ölkələri arasındakı “gərginliyin” gerçək səbəbləri nələrdir?
Ötən həftə Milli Məclisdə deputatlardan biri tərəfindən maraqlı təklif irəli sürüldü. Təklifin müəllifi Qüdrət Həsənquliyev idi. O, Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etmək səlahiyyəti verilməsini təklif etdi. Deputat bu məsələ ilə bağlı hökümətə belə bir çağırış etdi: "Böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün höküməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram. Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri qətiyyətlə pisləməklə yanaşı, ölkəmizin maraqları naminə Şərq müdrikliyi nümayiş etdirib, Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən, gərginliyin azaldılması istiqamətdə qarşı tərəflə ciddi danışıqlar aparmağı təklif edirəm. Nəzərə almalıyıq ki, zorun meydan suladığı dünyada yaşayırıq. Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər".
Maraqlıdır, Rusiyameylli deputat nə üçün belə bir təklif irəli sürdü və bu qərar ölkəmizin imicinə nə kimi təsir göstərə bilər? İlk öncə, deputatın dediyi kimi, Azərbaycan müsəlman ölkələrinin təmsil olunduğu D8 təşkilatına üzv oldu və bu qurumun artıq 9 üzvü var. Bu, əlbəttə ki, dövlətimiz üçün müsbət hadisədir.
Onu da nəzərə alaq ki, deputat bunun ardınca ÜTT-yə üzv olmağa çağırıb. Azərbaycan indiyə qədər bu təşkilata üzv olmayıb. Ekspertlərin rəyinə görə, ÜTT-yə üzv olmaqla milli bazarda rəqabət qabiliyyəti arta biləcək, bununla da istehlakçılar daha ucuz və keyfiyyətli mallara çıxış imkanları əldə etmək olar. Yəni tariflərin aşağı düşməsi xammal materiallarının, yarımfabrikatların və digər məhsulların ucuzlaşmasına gətirib çıxara bilər. Bu proses Azərbaycanın xarici ticarətdə investisiya əməkdaşlığını stimullaşdıra, ölkəyə inamı artıra bilər.
Eyni zamanda, bütün bunlar xarici ticarət proseduralarının sadələşdirilməsinə, idxal-ixrac əməliyyatlarının, hesabatların beynəlxalq standartlara uyğunlaşdırılmasına, şəffaflaşdırılmasına, süni bürokratik əngəllərin azalmasına, gizli ticarət dövriyyəsinin və korrupsiyanın həddinin aşağı düşməsinə gətirib çıxara bilər.
Azərbaycanın ÜTT-yə üzv olması istehlakçıların seçim hüququnu da artıracaq. Yəni bazarda külli miqdarda mal olacaq və istehlakçı bu istiqamətdə əziyyət çəkməyəcək. Bu prosesdə istehlakçının seçim hüququ ilə yanaşı, malların təhlükəsizliyi, mallar haqqında informasiya almaq və digər çoxsaylı beynəlxalq hüquqlar da mühüm rol oynayacaq.
Digər tərəfdən isə ekspertlər ÜTT-nin əhaliyə məlum olmayan çox ciddi, mənfi cəhətlərindən biri kimi - üzv olan ölkələrin kənd təsərrüfatında subsidiyalara kvotaların qoyulmasını qeyd edirlər. Yəni əgər hər hansı bir ölkə ÜTT-yə daxil olarsa, ondan sonra o ölkə öz kənd təsərrüfatını inkişaf etdirmək üçün sonuncu ildə kənd təsərrüfatından gələn gəlirin 10 faizi qədər subsidiya qoya bilər. Artıq qoya bilməz. Onlar bu qurumun işini qlobal iqtisadi oyuna bənzədirlər və bildirirlər ki, burada udan və uduzan ölkələr var. Udan o ölkələrdir ki, onların iqtisadiyyatı güclü inkişaf edib, özlərinə təzə bazarlar axtarırlar. Lakin zəif ölkələr yalnız idxalçı ölkəyə çevrilir.
Deməli, hökumət administrasiyası bu qurum tərəfindən “udulmamaq” üçün daxili iqtisadiyyatı inkişaf etdirməyə məcburdur və bu da məcburi olaraq müsbət iqtisadi addımları zəruri edə bilər. Başqa tərəfdən isə ÜTT genetik motifikasiya olunmuş (GMO) ərzaq məhsullarının yayılmasının tərəfdarıdır. Hətta Amerika Ticarət Nazirliyində geni dəyişmiş (GMO) malların bəzi ölkələrdə tanınmamasını intellektual mülkiyyət barədə hüququn pozulması kimi qəbul edirlər.
Deputat Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri vurğulamaqla yanaşı, ölkəmizin maraqları naminə Şərq müdrikliyi nümayiş etdirib, Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən, gərginliyin azaldılması istiqamətdə qarşı tərəflə ciddi danışıqlar aparmağı təklif edir. Biz də qeyd edək ki, Qərbin ikili standartlarına illərdir uzanan Qarabağ məsələsində şahid olmuşuq. Amma bu, ona əsas vermir ki, beynəlxalq müstəvidə yürüdülməli olan siyasət şəxsi müstəvi səviyyəsində çəkişməyə çevrilsin. Yəni manevrlərlə aparılan siyasi gedişlərə dövlətin maraqları prizmasından yanaşmaq lazımdır. “Yetənə yetib, yetməyənə daş atmaq” kimi bayağı siyasi üslüb kimsəyə fayda verməz.
Yeri gəlmişkən, indi ölkəmizdəki bəzi Kremlpərəstlərin arxalandığı Rusiyanın illərdir “burda mənəm, Bağdadda kor xəlifə” şəklində meydan sulaması artıq onu dalana soxub, Kremli “izqoy”a çevirib. Azərbaycan da Rusiya kimi “izqoy”a çevrilib təklənmək istəmirsə, siyasi gerçəkləri nəzərə alıb, bu reallıqlardan çıxış etməlidir. Bunun üçün də rəsmi Bakı özünü ifadə üslubuna-tərzinə əl gəzdirməlidir. Ən azından Rusiyavari yox, Türkiyəni örnək alaraq məsafə qət etməlidir.
Təbii ki, Qərblə münasibətdə yaranmış gərginlik hansısa möcüzə nətincəsində aradan qalxmayacaq. Bunu gözləmək ən azı sadəlövhlük olar. Ciddi danışıqlar aparmağa gəlincə isə, Azərbaycan öz orientrini Rusiyadan çevirməlidir və siyasi kompası öz milli maraqlarına yönəltməlidir. İlk öncə də bu siyasi kompas TDT-yə, Ankaraya dönməlidir.
Qarabağ məsələsi həll edildikdən sonra, başda ABŞ olmaqla, Qərb rəsmi Bakıya “pas ötürüb”, amma nədənsə Bakı buna əhəmiyyət verməyib. Əksinə, sanki Moskva müdaxilə edərək münasibətləri normallaşdırmaq üçün ortaya qoyulan iradəyə “pəl vurub”. Nəticədə, Qərbin verdiyi “kart blanş” təsirini itirib. Ardınca isə Bakıya uzatdığı əlinin geri çevrildiyini görən Qərb hakimiyyətə qarşı daha sərt, laxladığıcı üzünü göstərməli olub ki, bu da Moskvanın “böyük canfəşanlıqla bəsləyib ərsəyə gətirdiyi töhfəsidir”. Sözsüz ki, cəhənnəmə gedən yoldaşını çox istəyər. Moskvanın özü təcridlə üzləşdiyinə görə, hər vəchlə, hər fürsətdə Azərbaycanla Qərbin arasını vurmaq imkanını əldən vermir, hətta buna çalışır.
“Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər", deyə deputat Həsənquliyev elə Türkiyəni Rusiya və İranla müqayisə etməkdə yanlışlığa yol verir. Türkiyənin xarici siyasət kursu assimilyasiyaedici və dağıdıcı deyil. Qardaş Türkiyə lokomotiv kimi, sözün əsl mənasında, arxasınca apardığı dövlətləri asayişə və qardaşlığa aparır. Rusiya və İran isə, bu gedişlə, qarşıdan gələn dövrdə, Türkiyədən fərqli olaraq, çöküşə namizəddir.
Bölgənin hegemonluğuna yeni namizəd Türkiyədir. Türkiyə bölgənin yenidən geosiyasi şəkillənməsində mühüm rol oynayır, böyük işlər görür. Suriyada gedən proseslərdən bunu görürük. Azərbaycan cəhənnəmə vasil olmağa namizəd olan Ruisya və İranın yanında yox, yüksəlişə gedən Türkiyənin yenında yer almalıdır. Bu, ölkəmizin artan rolunu daha da çoxaldacaq, bizi güclü oyunçuya çevriəcək. Biz Rusiyanın qucağında yox, Türkiyənin yanında olmalıyıq.
Təkcə seçki institutunun necə işləməsi Türkiyənin İran və Rusiya ilə müqayisə edilməsinin yanlışlığını göstərir. Rusiya 300 illik imperiya dönəmində Azərbaycanı sözün əsl mənasında sorub-sümürüb. İran isə fakitiki olaraq Azərbaycanı narkotik bataqlığına çevirərək, insanlarımıza qarşı narkogenosid aparır. Odur ki, Azərbaycanı Ruisya və İranla eyni sıraya qoymaq kobud yanlışdır. Üstəlik, dediyimiz kimi, Qərblə Bakının münasibətlərini alt-üst edən məhz Rusiyadır.
Hətta onu da bildirək ki, ölkəmizdə “həyata keçirilən” siyasi həbslərin müəllifi də hakimiyyət aparatı içində məmur donuna girmiş rusbaşlılardır. Onlar Azərbaycanın tam müstəqil olmasının, asılılıqdan qurtarmasının qarşısını almaq üçün Rusiyadan yapışmağa, onu “sapoqunu yalamağa” məcburdurlar. Çünki Moskva Azərbaycana təsir rıçaqlarını itirsə, onlar da mövqelərini itirəcəklər, hörmətli Prezidentimiz demişkən, “gorbagor olacaqlar”.
Hazırda aparılan siyasi həbslərin müəllifi olan Kreml Azərbaycanın beynəlxalq imicini korlayır, bizə “siyasi xortdan” yarlığını yapışdırır. Moskvanın Bakıya qarşı qıcıqlanması o demək deyil ki, biz birtərəfli mövqe tutaq, yalnız Qərbə yaxınlaşaq. Amma Moskvanın da hərbə-zorbasını udmalı deyilik.
İndi isə gələk “Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiyaları əldə etmək haqqında qanun qəbul etmək” məsələsinə. Bu, beynəlxalq ictimaiyyət tərəfindən təcrid siyasətinə məruz qalmaq Azərbaycana müsbət şeylər qazandırmayacaq. Sözsüz, “həbs olunanlar” dedikdə burda əsasən jurnalistlərdən söhbət gedir. Ədalət naminə qeyd etmək yerinə düşər ki, COP29 tədbirinin gedişində xaricdən maliyyələşdiyi qəbul edilən media mənsublarının proseslərə yanaşması birtərəfli və qərəzli hesab oluna bilərdi. Bundan başqa, bu tip media resurslarında vətəndaşların sosial problemlərinin işıqlandırılmasından daha çox, hakimiyyətin yeri gəli-gəlmədi tənqid olunması daha çox sezilir ki, bu isə qərəzli mövqe təəssüratı yaradır. Amma bu da onları həbs olunacaq qədər “təhlükəli cani” hesab etməyə əsas vermir. Onlar sadəcə danışırlar. Əgər onlar dövlət strukturlarında baş verən neqativ halları vurğulayırlarsa, buna görə onları qəbahətli hesab etmək doğru deyil. Çünki neqativ aktın mövcudluğu varsa, bu ört-basdır edilməməlidir. Əksinə dilə gətirilməidir ki, ona qarşı ölçü götürülsün.
Dövlətin, büdcənin vəsaitini çapıb-talayan rüşvətxor məmura qarşı mövqe sərt və barışmaz olmalıdır. Təbii ki, yuxarıda dediyimiz kimi, əgər mövzu dövlət strukturlarına xərçəng xəstəliyi kimi sızmış, metastaz vermiş korrupsioner məmurlardırsa. Yaxud problemlərə baxışda alternativ fikir və düşüncələr səsləndirilirsə, bu, heç bir halda dövlət çevrilişinə çağırış deyil. Alternativ fikir və rəylər, mövqelər həbslə, cəzaçəkmə müəssisələri ilə cəzalandırılmamalıdır. Media sahəsində tolerantlıq ölkəmizin imicinə daha çox fayda verərdi.
Üstəlik, belə media resurslarının Qərbdən maliyyləşməsi hökumətin ürəyini açmırsa, hakimiyyət onların Qərbin göstərişi ilə danışdığını hesab edirsə, onda onların müstəqil fəaliyyət göstərə bilməsi üçün iqtisadi mühit yaratmalıdır. Əlbəttə, Prezidentə nəinki məhkumları, istintaq altında olan şəxsləri də əfv etmək səlahiyyəti verilərsə, o da belə şəxsləri əfv edərsə, bu təqdiredilməli haldır, bunu alqışlamaq olar. Bəs məmurların korrupsiya sərgüzəştlərini ifşa etdiyi təqdirdə bundan sonra müxalif mövqeli jurnlaistlərin həbsə məruz qalması bu akta görə məsuliyyəti birbaşa Prezidentin üzərinə qoymayacaqmı? Bu səlahiyyəti Prezidentə verən qanunun qəbulu onun və dövlətin imicini müsbət şəkildə şərtləndirəcəksə də, həbslər davam edəcəyi təqdirdə məsələni neqativ tərəfdən birbaşa dövlət başçısına ünvanlayacaq.
Təbii ki, bu ehtimal qanunun qəbulunu təxirə salmamalıdır, amma məsələnin birbaşa prezidentin nəzarətinə və səlahiyyətinə keçməsi ilə ölkənin daxili və beynəlxalq ab-havasının başının üstünü qara buludların almasını birbaşa Prezidentin müdaxiləsi yumşalda bilər. Əlbəttə ki, Prezidentin qərarına rusyönlü kənar təsirlərin aradan qalxması şərti ilə.
Sonda bir daha vurğulayaq ki, beynəlxalq ictimaiyyət tərəfindən təcrid siyasətinə məruz qalmaq Azərbaycana müsbət şeylər qazandırmayacaq. Media sahəsində tolerantlıq ölkəmizin imicinə daha çox fayda verərdi. Qonşu Gürcüstanın mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbulundan sonra Tiflisin başının üstünü qara buludlar elə alıb ki, hələ də özünə gələ bilmir. Bu baxımdan, ölkəmizin üstündən bərbad rus təsirini yoxa çıxardıb, dini tolerantlıq nümunəsi olduğumuz kimi, ölkəmizin siyasi mənzərsinə, reallıqlarına siyasi tolerantlığı da zərgər incəliyi ilə naxış salmalıyıq.
Ülviyyə ŞÜKÜROVA
P.S. Şəxsən mənə gəlincə isə, dövlətin maraqlarını “yal müqabilində” satanlara elə “gorbagor olmağı” arzu edirəm.