Saatlıda bu il də bol məhsul yetişdirilib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Barlı-bərəkətli Muğan torpağı zəhməti sevir. Burada yetişən hər bir məhsul çəkilən zəhmətin, alın tərinin bəhrəsidir. Bu gün dövlətin aqrar siyasəti, suvarma imkanları və fermerlərin işgüzarlığı Saatlı rayonunun da kənd təsərrüfatı potensialından səmərəli istifadəyə imkan yaradır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr rayonun aqrar sektorunda iqtisadi fəallığı daha da artırıb. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2026-cı ilin məhsulu üçün rayonda 7 min 837 hektar sahədə buğda, 6 min 286 hektarda isə arpa əkilib. Beləliklə, rayon üzrə taxıl əkinlərinin ümumi sahəsi 14 min 123 hektara çatdırılıb. Biçin mövsümünün əvvəlindən həmin sahələrdən 56 min 745,3 ton məhsul götürülüb. Hektarın orta məhsuldarlığı isə 40,2 sentner təşkil edib.
Saatlının aqrar mənzərəsində pambıq tarlalarının da özünəməxsus yeri var. Bu il rayon üzrə 1444 fermerlə müqavilə bağlanıb, 11 min 939 hektar sahədə pambıq əkilib. Hazırda məhsul yığımı davam edir. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq, mövsümü uğurla başa vurmaq üçün səylərini artırırlar.
Rayonda əkinçilik təkcə taxıl və pambıqla məhdudlaşmır. Bu il rayon üzrə 22 min 684,5 hektar sahədə yonca, 2 min 175 hektarda bostan və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Ümumilikdə isə, əkin sahələrinin genişliyi Saatlının kənd təsərrüfatının çoxşaxəli olduğunu göstərir. Hazırda qarşıda duran əsas vəzifələrdən biri məhsuldarlığı yüksəltmək, pambıq üzrə orta göstəricini 50 sentnerə çatdırmaqdır.
Göz oxşayan tarlalarda görünən mənzərənin arxasında böyük zəhmət dayanır. Fermer yaxşı bilir ki, torpaq halal zəhmətin əvəzini artıqlaması ilə sahibinə qaytarır. Ona nə qədər düzgün qulluq, nəvaziş göstərilərsə, bəhrəsi də bir o qədər bol olar. Saatlı əkinçiləri də hər mövsüm bu həqiqəti öz zəhmətlərinin nəticəsində görürlər.
Rayonun aqrar sektorunun inkişafında investisiyaların rolu da getdikcə artır. Fermerlərin, hüquqi və fiziki şəxslərin təşəbbüsü ilə 2026–2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinə ilkin olaraq 99 milyon manat investisiya qoyuluşu nəzərdə tutulur. Bu təşəbbüslər istehsalın genişləndirilməsi, emal imkanlarının artırılması və rayonun aqrar potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Saatlıda torpağın bərəkəti rəqəmlərdə olduğu qədər, əkinçinin zəhmətində, tarlaların qoynunda yetişən məhsulda və sabaha bəslənən ümiddə də görünür. Dövlət qayğısı, torpağa bağlılıq, mövcud imkanlardan səmərəli istifadə və aqrar sahəyə yönələn investisiyalar isə əkin-biçin adamının əsas yardımçısıdır. Saatlıda bu gün görülən işlər sabahın daha bol məhsuluna, fermer təsərrüfatlarının güclənməsinə və ölkənin ərzaq təminatına daha böyük töhfəyə hesablanıb.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















