Icma.az
close
up
RU
Sağlam ailə gələcəyin möhkəm, etibarlı təməli

Sağlam ailə gələcəyin möhkəm, etibarlı təməli

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünəndən sabaha yolumuz bu körpüdən keçir

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova ilə görüşdük. Müasir cəmiyyətdə və ailədə qadınların nüfuzu, onların problemləri barədə söhbətdə nəyin doğru, nəyin yanlış olduğuna diqqət yetirildi, bu sahədə sivil çağırışlara nəzər salındı.

– Bahar xanım, suala keçməzdən öncə, icazə verin, “Xalq qəzeti”nin kollektivi adından sizi təbrik edim. Müasir cəmiyyət və qadın ifadəsi sizə nə deyir?

– İlk növbədə təbrikə görə təşəkkür edirəm! Müasir cəmiyyət və qadın – bunlar bir-birinə zidd məfhumlar deyil. İstər qadın olsun, istər kişi, hər dövrün müasiri olmaq bizdən böyük səylər tələb edir. Amma bəzən onların sürəti bir-birinə bərabər olmur. Ya cəmiyyət daha irəli getmiş və dəyişkən olur, ya da ki, insan çox ləng və yeniliyə açıq olmur, çox düşünüb daşınır. Burada adekvat reaksiyadan çox şey asılıdır. Sən müasirliyi yenilik kimi və vacib bir istiqamət kimi qəbul edənə qədər o, artıq köhnəlir. Yəni bu, zamanın çağırışıdır.

Bəzi hallarda bu problem kimi başa düşülür, bəzən isə həqiqi mənada çağırışdır ki, ona dərhal adekvat cavab vermək üçün də gərək insan, o cümlədən qadın, üzərində dayandığı bünövrə müasirliyə açıq olsun. Bizim türk qadını olaraq söykəndiyimiz milli - mənəvi dəyərlər və gələcəyə baxış bucağımız müasirliyə açıqdır və adətən kəskin məhdudiyyətlər qoyulmur.

Tariximizdə də belə olub. Əlbəttə ki, müəyyən dövrlərdə dini, siyasi təsirlər, ideoloji çərçivələr zəminində bəzi konservativ yanaşmalar ola bilir və bunları gözləməli oluruq. Bu, cəmiyyət üzvlərinin, xüsusən qadınların bu prosesə hazırlığından asılı olur ki, onlar nə dərəcədə üzərində dayandığı bünövrənin möhkəm olduğuna əmindir və onlarda bu bünövrəni dağıda biləcək yeniliyə qarşı müqavimət hissi var və o bünövrə ilə yeni gələn dəyərlər arasında körpü rolunu oynaya biləcəklər. İnsan özü-özlüyündə körpüdür. Yenilik özbaşına gəlmir.

Keçmiş – bu gün və gələcək arasında əlaqəni insan yaradır. O baxımdan insan və insan kapitalı məsələsi önə çıxır. Müasir dövrdə ona insan kapitalı deyirik. Əslində insan ən vacib resursdur, tükənməz bir sərvətdir, amma onu gəlir gətirən sahəyə, kapitala çevirmək, problem və çətinliklərə yenilməmək, özü ilə birlikdə cəmiyyəti və dövləti inkişafa aparmaq kimi bir missiyası var. Buna hazır olmaq lazımdır. Müasirlik bizi hər zaman sayıq, təhlükələrə qarşı müqavimət hissi böyük, yeniliklərə və inkişafa səsləyən çağırışlara açıq olmağa vadar etməlidir.

– Uzun illərdir siyasətdəsiniz. QHT rəhbərləri, deputatlar, məktəb direktorları, bələdiyyə sədrləri və digər mühüm postlarda qadınların özlərini doğrultduqları məlumdur. Qadınların bu qədər fəallığı onların ən müqəddəs analıq missiyasına, ailə bağlarına xələl gətirmir ki?

– Qadınların əsas missiyasına demək istəyirsiniz? İndi əgər demokratik cəmiyyət, müstəqil dövlət olmasaydıq, qadının missiyası bəlkə elə daha çox ilkinliyində qalardı. Əslində, mən qadın–kişi arasında radikal çərçivə, xətt çəkməyin tərəfdarı deyiləm. Ailədə müəyyən rolların bir hissəsi kişiyə, bir hissəsi isə qadına aiddir. Hər ikisi cəmiyyətdə bu və ya digər mövqe tutursa, hədəfləri varsa, qarşısına daha irəli gedən məqsədlər qoyursa, onu ailəsi ilə balanslaşdırmağa çalışmalıdır. Bu, onun borcudur. Nəticədə bütün görülən işlər, istər ayrı fərd olsun, istər cəmiyyətin özəyi olan ailə, istərsə də dövləti olsun, hamısı insanlar üçündür.

İnsana ən yaxın sosial mühit onun ailəsidir. Əgər sənin özün gördüyün işlərin, içərisində olduğun böyük prosesin, cəmiyyətə, dövlətə, insanlara xeyir gətirdiyini, fayda verdiyini düşünürsənsə və sənin davranışın ailəni, yaxud da özünü bu prosesdən kənarda qoyursa, bu, tam olmur. Yaxud, cəmiyyət həyatında böyük bir yer tutmusan, sonradan ailə qurmusan, sənin ailəyə diqqət göstərmək borcun və vəzifəndir.

Mən öz həyat təcrübəmdə buna çalışıram və bizdə pis alınmır. Əlbəttə bu xüsusda fəaliyyətimizlə bağlı bəzi problemli ailələrlə rastlaşırıq. Buna da fərqli prizmadan baxmaq lazımdır. Bəzi neqativ sterotiplər var ki, bəzi hallarda biz onu “dəyər” kimi qəbul edirik və özümüzdən sonraya da dəyər kimi ötürməyə çalışırıq. Əslində, ona diqqət yetirdikdə onun məhdud baxışlar sistemindən başqa bir şey olmadığını görürük və təbii ki, biz beləsindən azad olmalıyıq. Bu arada da elə etməliyik ki, nə cəmiyyət, nə də ailə bundan zərər çəksin. Yəni məsuliyyət qarşılıqlı olmalıdır.

Əslində, mənə görə milli olan nə varsa və o bizim milli kimliyimizin, milli identikliyimizin çərçivəsini müəyyən edirsə, o, heç zaman köhnə ola bilməz. Çünki milli olan hər zaman müasirdir.

Bir də ki, bizim son iki əsrdə qəbul etdiyimiz yeni davranışlar sistemi bəzilərinə subyektiv olaraq zahirən milli görünməyə bilər. Amma elan etdiyimiz demokratik dəyərlər, dövlətimizin qarşısında dayanan vəzifələr, xalqımızın inkişaf məqsədlərinə uyğun yeni hədəflərlə milli kimlik və çoxmədəniyyətli cəmiyyətin maraqları üst-üstə düşürsə, deməli biz onlar arasındakı əlaqəni təmin etməyə borcluyuq. Bu isə yenə vurğulamaq istəyirəm, böyük səy və zəhmət tələb edir.

Biz özümüzdən sonra gələn nəsli – ailədən başlayaraq, gənc qızları və oğlanları həyata elə hazırlamalıyıq ki, onlar sabah belə suallar qarşısında qalanda doğru addım atmağı bacarsınlar. Örnəklərimiz isə inkişafımızın bütün dövrlərində olmuşdur, bu gün də var. Nümunə kimi Azərbaycanın tarixində tanınmış ziyalıların ailələrini göstərə bilərik. Müasir və ən parlaq örnəyimiz isə əlbəttə ki ölkəmizin birinci ailəsidir.

– Neqativ hallarla bağlı müzakirələr təbliğata aparmır ki?

– Əlbəttə aparır və bu, birmənalı olaraq belədir. Bu, bütün dünyada belədir, pozitiv örnəklərə az maraq göstərilir və hətta onun özündə belə neqativlər axtaranlar olur.Çünki neqativlər özü-özünü dalğavari bir şəkildə min dəfələrlə artırır.

Ona görə də belə məsələlərə geniş miqyasda baxmağı bacarmaq, bunların cəmiyyətdə nə qədər yer tutduğunu nəzərə almaq və qərarları da ona uyğun vermək lazımdır. İstənilən halda müasirlik çox böyük bir dalğadır və o, bəzən bunu istəməyənləri qarşısına alıb apara bilir. Odur ki, bu dalğada üzməyi öyrənmək lazımdır.

– Sizcə, qadınların boşanmasında onların iş həyatına bağlanması, sərbəst düşünmə, özgüvənin artmasının nə dərəcədə rolu var? QHT sektorunda qadınlar üstünlük təşkil edir?

– Burada zərərli təbliğatın rolunu daha çox görürəm. Biz vətəndaş cəmiyyəti quruculuğu prosesindəyik. Hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu – bizim bəyan etdiyimiz budur. Vətəndaş cəmiyyəti dediyimiz media quruluşlarıdır, QHT-lərdir, siyasi partiyalardır, ictimai qurumlardır, fondlardır. Bunlar könüllülük, çox vaxt sərf etmək və vəsait cəlb etmək imkanları qabiliyyəti tələb edir. Çünki dövlət büdcəsindən maliyələşmir və bu insanlar da fəal olmalıdırlar, ona görə ki, özlərinə peşə olaraq bu sahəni seçiblər.

İnsan hüquqları ilə məşğuldurlar, hansısa sosial problemlərin həllinə dəstək göstərirlər. Çünki bunlar yalnız dövlətin himayəsində və dövlətin üzərində olan bir öhdəlik kimi qalmamalıdır, cəmiyyət də buna töhfə verməlidir. Dövlətin bəyan etdiyi hədəflər və xalqın burada iştirak imkanlarının artırılması istiqamətində atdığı addımlar imkan yaradır ki, belə könüllü təşkilatlarda prosesə töhfə vermək istəyən insanların sayı artsın.

– Bəs dövlətin dəstəyi? Layihələrin həyata keçirilməsi üçün verilən qrantlar?

– Əlbəttə, dövlətin dəstəyi, daxili fondlar hesabına olduqda daha etibarlıdır. Bəzi məsələlər də var ki, bu, problem kimi bütün dünyada olub və yenə var. Bəzi beynəlxalq mərkəzlərin layihələrində iştirak edənlərin bir sıra problemləri çıxır. Kimlərsə, bilərəkdən, kimlərsə bilməyərəkdən bu prosesdə zərər çəkənlər və neqativ zolağa düşənlər olur. Amma hesab edirəm ki, biz bunların qarşısını almalı deyilik.

Biz təbliğatımızı düzgün qurmalıyıq, öz vəzifə və müəyyən etdiyimiz öhdəlikləri qanun çərçivəsində reallaşdırmağa üstünlük verməliyik. Çünki hər bir fəaliyyətin qanuni, hüquqi çərçivəsi var. İstər fondlar, istər ictimai birliklər, istər siyasi partiyaların hər biri haqqında müvafiq qanun var və konstitusiya həmin çərçivələri müəyyən edib. Bu sahədə öz təşəbbüsü ilə insanlar məşğul olur. Eyni zamanda da, qeyd etmək lazımdır ki, burada hansısa bir dövlət qurumunda olduğu kimi aydın konkret çərçivələr olmadığı və fəaliyyət sərbəstliyi olduğu üçün daha çox insanın öz fəaliyyətinin çərçivələrini düzgün müəyyən etməsinə ehtiyac yaranır. Ona görə də düşünürəm ki, bu da bizim fəaliyyət sferamıza aid olan bir işdir. İctimai nəzarəti, əslində, onlar daha çox media, sosial quruluşlar, könüllü seçdikləri fəaliyyət vasitəsi və digər başqa fəaliyyətlərlə həyata keçirirlər. Amma onların özlərinin də üzərində nəzarət olmalıdır ki, QHT-lər hədəflərə doğru layihələrini necə icra edirlər? O layihələrin səmərəliliyi və ümumi nəticələri necədir, məqsədə xidmət edirmi? Hər halda bunun üçün müvafiq dövlət qurumu var və artıq bir sistem yaranıb, bu sahəni tənzimləyən qanunvericiliyimiz təkmilləşib. Müəyyən icra mexanizmləri var, getdikcə məsuliyyət daha da artır. Layihələrin yazılması, qəbulu, maliyələşdirilməsi, daha şəffaf proseslərdən keçir, davamlı müşahidə olunur.

O ki qaldı qadınların QHT-lərdə çoxluğu sualına, deyə bilərəm ki, əslində, qadının fəaliyyəti daha çox diqqət çəkdiyinə görə, onlar üstün görünürlər. Siyasətdə, iqtisadi həyatda, biznes sahəsində kişilər saysız-hesabsız imkanlara malikdirlər. Bu ənənə tarixən belə olub. Onlar daha çox bu işlərlə məşğul olublar. Cəmiyyət sanki bu vəzifələri onların üzərinə yükləyir. Ona görə ki, əvvəllər belə düşünüblər ki, ailə məsələsi qadına baxır, qazanc gətirmək, iqtisadi vəziyyəti təmin etmək kişiyə aiddir. Özlüyündə bu bölgü də müasir dəyişikliklərə məruz qalır.

Ailədaxili məsələlər, valideyn öhdəlikləri və onların arasındakı münasibət bu cür bölgü və yanaşma ilə müasir çağırışlara hazır övlad və vətəndaş yetişdirməyə kifayət etmir. Çünki ailədə anaya nə qədər ehtiyac varsa, o qədər də ataya, onun diqqətinə, uşağın həyatındakı iştirakına böyük ehtiyac var. Amma heç zaman bu məsələlər müzakirə olunmur ki, kişilər iş sahəsində çox olurlar, onlar ailəyə az diqqət ayırırlar. Bu, onların ailəsində problem yaratmır, belə suallar onlara ünvanlanmır. Yalnız qadına ünvanlandığı üçün bu sahədəki məsuliyyət də sanki onun boynuna yüklənir. Əslində, ailədaxili münaqişələr, boşanmalar, onların səbəbləri komitə tərəfindən, müvafiq ekspertlər qrupu tərəfindən təhlil olunur. Nəticələrə görə qadınlar elə kişilər qədər iştirak payına malikdir.

– Boşanma iddiasına düşüb sizə müraciət edənlərdən tövsiyələrinizlə geri addım atan olubmu?

– Komitənin yerlərdə ailələrə dəstək mərkəzləri var. Bir çox sahədə qanunvericiliyə dəyişikliklər edilib, Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları yanında monitorinq qrupları və əlaqələndirmə qrupları fəaliyyət göstərir. Hazırda biz bütün icra hakimiyyətləri yanında olan müvafiq komissiya və qruplarla birgə işləyirik. Komissiyalar ərazidəki problemlərlə məşğul olurlar. Bu sahədə mediasiya qurumlarının fəaliyyəti və təsiri böyükdür. Biz həmin qurumlarla sıx əlaqədəyik. Bu sahədə komitə ilə mediasiya qurumlarının birgə fəaliyyəti xeyli müsbət nəticələr verib. Bu və ya digər problemi aradan qaldıran ailələrin sayı artmaqdadır.

İnsanlar könüllü ittifaq, ailə yaradırlar. Hesab edirəm ki, bir arada yaşamaq mümkün deyilsə, ayrılmaq da könüllü olmalıdır. 10 illər bir yerdə yaşayan insanlar bir-birinə düşmən olmalı deyil. Bundan cəmiyyət əziyyət çəkir, mülki məhkəmə işlərinin sayı artır, uşaqlar problem yaşayırlar, psixologiyaları pozulur. O baxımdan ailə qurmaq istəyən gənclərlə aparılan işə xüsusi diqqət yetirmək lazımdır. Bu bizim yerli mərkəzlərin fəaliyyət istiqamətlərindən biridir. Doğrudur, bu mərkəzlər ölkənin bütün ərazilərini əhatə etmir, müəyyən maarifləndirmə tədbirləri və layihələrlə biz bunu bütün regionlarda həyata keçirməyə çalışırıq ki, onlar ailə qurmağa hazırlaşarkən öhdəliklərini, borclarını bir-birinə doğru anlatsınlar. Bir-birinə tələbləri həddən artıq maksimal qoymasınlar ki, sonradan onu yerinə yetirməyəndə xəyal qırıqlığına uğramasınlar.

Əslində, fəaliyyətimizin əsas istiqaməti bu proses deyil. Bizə preventiv tədbirlər görmək, onun qarşısını əvvəlcədən almaq, ailələri buna şüurlu şəkildə yanaşmağa hazırlamaq üçün effektiv mexanizmlər və hüquqi çərçivələr yaratmaqdır.

Sağlam və möhkəm ailə qurmaq, doğru münasibətlər formalaşdırmaq kiçik bir dövləti idarə etməyə bərabər tutulmalıdır. Ona görə biz məcburuq ki, ailə məcəlləsində və digər qanunvericilik aktlarında ailənin hüquqlarını, öhdəliklərini məsuliyyətini, vəzifələrini müəyyən edək. Yenə də hər bir insanın eyni məsələyə özünəməxsus fərdi yanaşması olduğu üçün ailələr yalnız hisslərlə, istək və arzularla deyil, həm də və daha çox qanunlarımızla idarə olunmalıdır. Məsuliyyət və cavabdehlik bərabər bölünməlidir.

Bu sahəni gündəlik diqqət mərkəzində saxlamağa çalışan bir dövlət orqanının rəhbəri, müşahidəçi və bu proseslərlə daha çox üzləşən bir insan kimi bu məsələdə yalnız qadınları günahlandırmağın ciddi səbəbini görmürəm. Əgər mübahisə varsa, burada hər iki tərəf məsuliyyət daşıyır.

– Erkən nikahlarla bağlı istədiyiniz nəticəni əldə etmisinizmi?

– Bu sahədə maarifləndirməni vacib hesab edirəm. Ömür boyu nə qədər insan var, o qədər maarifləndirmə olmalıdır, təhsil olmalıdır, hüquqi təfəkkür olmalıdır. Hüquqi çərçivə dünən imkan verirdi ki, 17 yaşında qıza bu və ya digər səbəbdən nikaha girməyə icazə verilsin. Bu gün artıq o yoxdur. Bizim əldə etdiyimiz nəticə budur. 18 yaşdan aşağı heç kimə, heç bir səbəbə görə, nikaha girməyə icazə verilmir. Bu yaşda insanların evləndirilməsi üçün sövdələşməyə getməsinə, ailə qurmaq istiqamətindəki mərasimləri təşkil etməsinə görə də məsuliyyət müəyyən edilib. Hətta bu sövdələşmə mərasimini, toy- nişanı təşkil edən müvafiq iaşə orqanlarına, şadlıq saraylarına, restoranlara və onların rəhbərlərinə də tətbiq olunacaq hüquqi məsuliyyətlər vardır.

Bu, artıq ən böyük maarifləndirmədir. Eynilə qohum nikahlara qoyulan qadağalarla bağlı demək istərdim. Çox böyük uğurdur bu. Artıq burada ən böyük maarifləndirmə vasitəsi qanundur ki, o, iyul ayından qüvvəyə minəcək. Hüquqi çərçivə olmadan, yalnız tövsiyə ilə kimlərisə buna əməl etməyə yönəltmək çətin olur. İnsanlar sərbəstliyə meyillidir, hansısa çərçivəni aşmağa özündə istək duyur. İndi ən ağır cinayətlərə görə ən ağır cəzalar da müəyyənləşdirilib, amma bənzər cinayətlər yenə baş verir.

Qeyri-rəsmi uşaq evlilikləri olur. Belə hallar üçün də müvafiq məsuliyyətlər var. Həm hüquqi, həm də mənəvi . Hesab edirəm ki, uşaq evliliyinin törətdiyi fəsadlar daha ağırdır, hər 2 insana həm psixoloji, həm də fiziki cəhətdən zərərlər dəyir. Onların təhsili, gələcək həyatı, işi, cəmiyyətdə yer tutması, sağlamlığı müasir dövrdə çox ciddi təsirlərə məruz qalır.

Müasir dövr dedikdə, insanın inkişafı, cəmiyyətdə yer tutması üçün çoxlu imkanlar göz önünə gəlir. Biz bu imkanların hamısını bir kənara qoyub onları evliliyə vadar etməklə, hesab edirik ki, onları xoşbəxt edəcəyik. Ona görə insanın öz seçimi olmalıdır. İnsan o qədər inkişaf etməlidir ki, fiziki, əqli, maddi vəziyyəti ailə qurmağa imkan versin.

Uğurlardan, inkişafdan, onu əldə etməyin yollarından daha çox danışmalıyıq ki, uğurlar qazanaq. Problemin özündən yox, onun həlli vasitələrindən söz açmalıyıq. Çünki problemin özündən danışmaqla, biz az qala onu təbliğ edir, miqyasını dəfələrlə artırırıq. Hesab edirəm ki, qanunlara edilən bu dəyişikliklər öz gücünü göstərəcək və insanlar da buna əməl etməyə çalışacaqlar.

Ancaq unutmayaq ki, insanların həyata münasibəti, baş verən proseslərə, müqəddəs hesab edilən dəyərlərə baxışları fərqlidir. Nə qədər ki, cəmiyyət və nöqsanlar var, düşünürəm ki, problemlər də az, ya çox olacaq, bunu cəmiyyətdən tam kənar edə biləcəyimizə az inamım var.

Beynəlxalq hüquq var, konvensiyalara qoşuluruq. Amma dünya dəyişib. Dünyanı yenidən bölmək istəyən güclər var. Yeni dəyərlər yaranır. İnsanlar milli köklərinə bağlı olduğu qədər də, yeni dəyərlərlə işləməyi bacarmalıdır. Milli dəyərlərimizdə artıq olan nə varsa ondan azad olmalı, qəbul etdiyimiz dəyərlər içində zərərli nə varsa, onu geri çevirməliyik. Bu, bizdən davamlı fəaliyyət, davamlı diqqət və sayıqlıq tələb edir.

– Böyük bir kollektivin – ailənin rəhbərisiniz və fəaliyyətinizin coğrafiyası paytaxtdan bölgələrədək uzanır. Ailəyə necə vaxt ayırırsınız? Heç iş çoxluğundan yorulub istirahətə vaxt tapmamaqdan gileyləndiyiniz anlar olubmu?

– Yorğunluq mütləq şəkildə olur. Bəlkə də mənim bəxtim gətirib ki, işimlə ailəmdəki mühit bir-birinin davamıdır. Mən özümü işdə olanda evdəki, evdə olanda işdəki kimi hiss edirəm. Digər alələrin də bu şəkildə olmasını istəyərdim. Bunun üçünsə güzəşt limiti tükənməməlidir. İnsan işinə də ailəsinə olduğu kimi diqqət yetirməlidir. Ona həyatının mənası kimi baxmalıdır. Ailə də onun kimi. Bu məkanda hər kəs mənəvi mühiti qorumağa çalışmalıdır. Hər kəs öz həyatının memarı olmalı, elə bir bina inşa etməlidir ki, orada yaşamaq rahat olsun.

– Sizcə, ailə münaqişələrində kim daha çox güzəşt etməlidir?

– O baxır konkret hala və şəraitə. Mən qadınam deyə mənim güzəşt limiti üstünlüyüm olmamalıdır. Şəraitə uyğun güzəşt öhdəliyi kimin üzərindədirsə, o da etməlidir. Mübahisələr zamanı dayanmağı bacarmalısan. Mən böyüdüyüm ailəmdə belə görmüşəm, indi də buna çalışıram. Çoxsaylı ailələr tanıyıram ki, məhz belə yaşayırlar.

Amma təəssüf ki, biz onlardan danışmırıq, daha çox neqativləri cəmiyyətə sızdırırıq. Ona görə də insanlara elə gəlir ki, bizim ailə dayaqlarımız sarsılıb. Birmənalı şəkildə deyə bilərəm ki, ailə dayaqlarının sarsılmasına yönələn layihələr var. Bizim milli şüurumuza, milli köklərimizə bağlılığımıza təsir etməyə yönələn çoxsaylı “layihələr” var və biz onun qarşısında hamıdan əvvəl dayanmışıq, bu gün də belədir. Biz problemli məsələlərin qarşısını almaq üçün tədbirlər görməliyik, amma yaxşı nümunələri də insanlara çatdırmağı unutmamalıyıq.

– Qadınları necə görmək istəyirsiniz və onlara nə arzu edirsiniz?

– Qadınları hər şeydən əvvəl sağlam və mənəvi cəhətdən güclü görmək istəyirəm. Fiziki cəhətdən qadının gücü ev işlərinə, onun öhdəliklərini yerinə yetirməyə çatacaq. O yalnız mənəvi cəhətdən güclü olmalıdır. Amma bu güc ondan zərifliyini və gözəlliyini almamalıdır. Çalışmaq lazımdır ki, o, hər zaman qadınlığı ehtiva edən keyfiyyətlərini saxlaya bilsin. Yumşaq gücdən istifadə etsin. Qadın zərif olduğu qədər də prinsipial və mənən güclü olarsa o qədər də dəyərli olur. Mənəviyyatca sabit və güclü insanlar isə təzyiq və təhdidlərə qarşı müqavimət hissinə malik olur, ruhdan düşmür.

İstərdim, qadınlarımız o qədər güclü olsunlar ki,özləri həyatdan möhkəm yapışınlar, dəstəyi ilk növbədə doğmalarından istəsinlər. Dövlətimizə və cəmiyyətin dəstəyinə güvənsinlər.

Arzu edirəm ki, bütün qadınların üzü gülsün, ailədə, cəmiyyətdə və müstəqil ölkədə xoşbəxt günlər yaşasınlar.

Müsahibəni qələmə aldı:
Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uçan maşınların kütləvi istehsalı başlayır Tarix açıqlandı

09 Mart 2025 02:22see277

Pakistan Taliban`ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir

09 Mart 2025 02:24see148

Bu ilin fevralında Azərbaycanda 12 uşaq övladlığa verilib

08 Mart 2025 12:42see135

Rusiyadan dəhşətli RAKET HÜCUMU Çox sayda ölən var VİDEO

08 Mart 2025 10:07see130

Mükəmməlliyə cəhd problemlər yarada bilər Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI

08 Mart 2025 05:33see130

Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşub

08 Mart 2025 11:41see130

Bakı Quba yolunda təmir gedir sürücülərə XƏBƏRDARLIQ

08 Mart 2025 11:10see127

Musa Qurbanlının “qırmızı” səhvi…

09 Mart 2025 09:32see126

Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

09 Mart 2025 08:32see123

ABŞ də Avropanı təsəlli edəcək mümkün liderin adı açıqlandı

09 Mart 2025 02:49see121

Azərbaycanın XİN rəhbəri pakistanlı həmkarı ilə görüşüb

08 Mart 2025 02:24see120

Avokadonun faydalarını iki qat artırmaq istəyirsinizsə, bu qidalarla birlikdə yeyin

09 Mart 2025 04:31see118

Trabzonspor da istefa səsləri

09 Mart 2025 11:01see114

“Tottenhem” qanalı vingerə 40 milyon verməyə hazırdır

09 Mart 2025 14:00see114

Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb

09 Mart 2025 12:16see113

Trampizm 2.0: Yeni paradigma, yoxsa xaos?

08 Mart 2025 10:45see112

Renat yeni klubu üçün növbəti qolunu vurdu

09 Mart 2025 00:46see112

PKK qurultay keçirib özünü BURAXACAQ KONKRET

09 Mart 2025 16:37see111

Daim ülvi amallarla yaşayan Azərbaycan qadınları...

08 Mart 2025 11:46see111

DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb FOTO YENİLƏNİB 1

09 Mart 2025 01:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri