Santa Maria və Yerrortutyunun hekayəsi Türkan Turan yazır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkan TURAN
Balaca itimlə gəzintiyə çıxdıq. Yolumuzu İstiqlal küçəsindən saldım. Şişhanəyə doğru yaxınlaşarkən sağ tərəfdə illərdir görmək üçün can atdığım, amma bircə dəfə də olsun bu fürsəti yaxalaya bilmədiyim kilsənin qapılarının açıq olduğunu görüb binaya doğru götürüldüm. Sən demə, bu abidədə də sərgi təşkil olunub. Daha öncəki yazılarda da bəhs etdiyim kimi, az qalsın şəhərin hər yerində sərgilər təşkil edilib. Hətta illərdir kilidli olan, daha əvvəl xalqa qapıları bağlı saxlanılan tarixi məkanları da bu karvana qoşublar. Həmin məkanlardan biri də Surp Yerrortutyun erməni kilsəsidir. İtlə birlikdə sərgini gəzmək üçün icazə istədim. "Olar" dedilər, amma yalnız qucağıma alaraq bunun mümkün olacağını söylədilər. Ayağıma qədər gələn bu fürsəti təbii ki, dəyərləndirdim, qollarımda dörd kilo yarımlıq balaca ilə sərgini birlikdə gəzdik.
Bir misranın izi ilə...
İstanbulun mədəni yaddaşında xüsusi yeri olan bu ibadətgahda sənətçi Ərdoğan Zümrüdoğlunun siyasi məzmunlu əsərlərindən ibarət "Naməlum tələbə abidəsi" sərgisi açılıb. Rəssamın 2018-2023-cü illərdə ərsəyə gətirdiyi rəsmləri və heykəlləri ilk dəfə burada nümayiş etdirilir. Sərginin "Naməlum tələbə abidəsi" adlı bu başlığı seçməyi təsadüf deyil, Ece Ayxanın 1970-ci il şeirinə həm əyani cavab, həm də ehtiram kimi nəzərdə tutulub. Ayxan bu şeiri 1969-cu ildə İstanbulda dövrün siyasi qütbləşməsi fonunda qətlə yetirilən universitet tələbəsi Battal Mehmetoğlunun xatirəsinə həsr edib. Ümumiyyətlə, Zümrütoğlunun əsərləri Ayxanın şeirinin emosional və siyasi gərginliyi ilə səssiz dialoq qurur, birbaşa istinad etməsə də, eyhamlarla o görünməyən bağlantını hiss etmək olur.
Sərgidəki tablolara gəldikdə isə - sənətçi bu əsərlər ilə siyasi böhranlara, ictimai-siyasi çöküşlərə və bu əsnadakı insan ləyaqətinə təhdidlərə işıq tutur. Əsərlərə baxan ziyarətçilər qəzəbi, yası, çarəsizliyi hiss edir, repressiyalara məruz qalan insanlarla, travmalarla, insanlara qarşı törədilən cinayətlərlə göz-gözə gəlirlər. Hiss edilir ki, sənətçi bu əsərlərlə nə müəllimlik etmək, nə də rejissorluq etmək niyəti var, sadəcə xatırlatmaq, həqiqətə işıq tutmağı hədəfləyir. Obrazlı ifadə ilə materialın fiziki mövcudluğu arasındakı gərginlik sərgi boyu açıq-aşkar hiss olunur. Fiqrular boya qatları altında solğunlaşır; bəzi bölmələr daha canlı görünür, digərləri isə demək olar ki, yox olur. Bu parçalanma təkcə estetik deyil; həm də təmsilin hüdudlarını və şəxsiyyətin kövrək təbiətini sorğulayan bir vasitə kimi önümüzə çıxır. Rəsmin təsvir vasitəsi kimi funksiyası arxa plana tabedir, fiziki və konseptual varlığı isə mərkəzində yer tutur.
Yalın, çılpaq, kimsəsiz...
Surp Yerrortutyun erməni katolik kilsəsi XVI əsrə qədər uzanan dərin tarixə sahibdir. Binanın hazırkı vəziyyəti XIX əsrdə Qarabet Balayanın töhfələri ilə yenidən ərsəyə gəlib. Bu abidə sadəcə ibadət yeri deyil, eyni zamanda mədəni və sosial mərkəz, Şərqlə Qərb arasında vizual və intellektual keçid hesab edilir. Amma kilsə həddən artıq yalqızdır. Daşlardan təklik, hüzn süzülür sanki. Zümrüdoğlunun rəsmlərindəki fərdi və daxili dünyaya köklənməsi kilsənin bu səssizliyi və tənhalığı ilə harmoniya təşkil edir.
Başlanğıc məktəb, sonrası kilsə...
Kilsənin tikilmə tarixi məlum olmasa da, onun XVI əsrdə də mövcud olduğu məlumdur. 1503-cü ilə aid "Üç horan"ın əlyazması və Sultanın möhürü olan sənədə əsasən kilsə torpağı satın alınır. 1805-ci ildə məşhur memar ailəsindən olan Qriqori Amira Balayan və Kevorkyan-Çerazyan icmasının üzvlərinin səyi nəticəsində başqa əlyazmalar aşkar edilir, məlum olur ki, bu ərazidə daha əvvəl Surp Eçmiədzin uşaq məktəbi inşa edilib. Sonradan kilsənin tikintisinə icazə verən fərman əldə edilir və həmin məktəbi bu kilsəyə çevirirlər. "Amenasurp Yerrortutyun" adı ilə təqdis olunan kilsə cəmi üç il sonra yanğına məruz qalır. Bu dəfə Dolmabağça Sarayının memarı olan Qarabed Amira Balayanın, Hovhannes Amira Serveryan və Usta Minas Ağa ilə birlikdə çəkdiyi memarlıq planı əsasında yenidən inşa edilir. 1838-ci ildə İstanbul Erməni Patriarxlığı İsdepanos Ağavani tərəfindən ibadət üçün açılır. Kilsə 1845-ci ildə təmir olunur, lakin 1915-ci il hadisələrindən sonra icma kiçilir, xristian ziyarətçilərin sayı azalır. Kilsənin son retavrasiya işləri 2000-ci ildə həyata keçirilir və ibadətə açılır. Uzun müddətdir gözüm bu kilsədə idi, amma bir dəfə olsun ibadətə açıq olduğunu görməmişdim. İçəri elə də baxımlı deyil. Açığı, içəridə fövqəladə memarlıq nümunəsi yoxdur. Hətta deyərdim ki, bu günə qədər yazdığım kilisələrin içindəki ən baxımsız və yalın kilsə buradır.
Gizli xəzinə
Buradan yolumu yüz metr irəlidə yerləşən Santa Maria Draperis kilsəsinə saldım. Bu kilsəyə sayını unutduğum qədər getmişəm. Amma nədənsə haqqında bir kəlmə də yazmamışam. Bu kilsə də İstiqlal küçəsi üzərində yerləşir. Kilsəyə pilləkənlərlə xeyli aşağı enərək daxil olmaq mümkündür. Pilləkənlərin sonunda iqamətgahların altında yerləşən sol keçid Tomtom Kaptan küçəsinə açılır, ona görə də bura Santa Mariya keçidi kimi tanınır. Keçiddə çoxlu qəbirlər var. Kilsənin interyerində neo-bizans, barokko, Osmanlı barokko üslublarını görmək mümkündür.
Fransiskanlar və sərgərdan həyat
Yəqin ki, buranı Fransiskan kilsəsi adlandırmaq da yanlış olmazdı. Yaxşı, kimdir bu fransiskanlar? Bu abidəyə daha yaxşı bələd olmaq üçün 20 yaşlı, əyləncə düşkünü və varlı ailənin oğlu olan Franseskonu tanımalıyıq. Bu dəbdəbəli həyat onun əsgərlik həyatı ilə bitir. Gənc oğlan savaşların birində ələ keçirilir, təxminən bir il əsir qaldıqdan sonra həyata yeni gözlərlə baxmağa başlayır. Maddi dəyərlərə olan inamı yox olur. Sərgərdan həyat sürməyə başlayır. İsa Peyğəmbərin də yoxsul olmağını əlində əsas tutaraq yoxsulluğu təbliğ etmək üçün dəridən qabıqdan çıxır. 1200-cü illərin əvvəllərində Fransisko bu çağırışı edəndə xeyli tərəfdar toplayır. Tezliklə həmin insanlarla birlikdə xristianlığın yeni təriqəti olan Fransiskan icmasını yaradırlar.
Bitməyən yanğınlar
Fransiskanlar mütəmadi gəzirmişlər. İlk dəfə 1453-cü ildə Sirkəcidə "Santa Maria" adlı kilsə yaradırlar. Daha sonra Qalataya köçürlər. 1584-cü ildə Qalatada baş verən böyük yanğında kilsə kül olur. 1584-cü ildə fransiskanlara dərindən bağlı olan madam Klara Maria Bertola Draperis adlı xeyriyyəçi bir Levantin qadın kilsəni və ona bitişik evi keşişlərə bağışlayır. "Santa Maria Draperis" adı ilə açılan kilsə 1660-cı ildəki yanğında yenidən yanır və təkrar inşa edilir. İnanmaq çətindir, amma 1678-ci ildəki yanğında ibadətgah yenidən yanır. Vəziyyəti belə görən fransiskanlar bundan sonra Qalata ərazisində kilsə tikilməməsinə qərar verirlər və Bəyoğluna köçürlər. İşə bax ki, yeni yerdə tikilən abidə yanıb kül olur. Hazırkı bina sonuncu yanğından sonra inşa edilən kilsədir. Yeri gəlmişkən, burdan belə qənaətə gəlirik ki. Santa Maria Draperis kilsəsi də tərəfdarları olan fransiskanlar kimi gəzməyə meyilli olub. Məsələ ondadır ki, tarix boyu xeyli yanğınlar və zəlzələlər görən bu möhtəşəm abidə XIX əsrdən bəri bölgənin ən prestijli kilsəsi statusunu qoruyub saxlayır.
400 illik katolik məbədi
Memar Q.Semprini tərəfindən tikilmiş kilsənin birinci mərtəbəsində dükanlar və onların üstündə üç mərtəbəli karvansaray ucalır. Bu karvansaraya sonradan iki mərtəbə də əlavə edilir və hazırkı görkəmini qazanır. Girişdəki üç tağlı qapı qədim Roma zəfər tağlarını xatırladır. Bu, kilsənin Neo-Renessans üslubunda olan girişini ortaya qoyur. Santa Maria Draperis kilsəsinə bitişik Postacılar küçəsindəki iki yaşayış binası da kilsəyə aiddir. Bir sözlə, monastır, iqamətgahlar və üzərində yüksələn karvansaray kompleksindən ibarət olan kilsə, üst fasadındakı Məryəm heykəli ilə gələnləri qarşılayır. Küçədən baxanda görünməyən zəng qülləsi olan kilsə, çəhrayı Carrara mərmərindən ibarət möhtəşəm və üçü Venesiya məktəbinə aid dörd rəsm əsəri ilə əhatələnib. Şərq-qərbin çalarlarının güclü şəkildə müşahidə edildiyi binanın qərb girişində 1954-cü ildə milanlı Ditta Marmi tərəfindən çəkilmiş Məryəmin təsviri var.
Stiqmata səhnəsi
Kilsəyə daxil olarkən, solda İsanın çarmıxa çəkilərkən əllərinə və ayaqlarına vurulan mismarların yara izlərini əks etdirən heykəli xüsusi diqqəti çəkir. Kilsənin vitraj pəncərələrinə yansıyayan şam işığı içəridə parıltılı, ruhani atmosfer yaradır. Qeyd edim ki, Santa Mariyanın görünüşü o qədər gözəldir, ziyarətçisi o qədər çoxdur ki, Yerrortutyan kilsəsi ilə müqayisə edə bilmirəm. Bütün hallarda tarixi kilsələri, məscidləri gəzmək böyük zövqdür. Hələ bir qucaqlıq, dörd kilo yarımlıq bir itlə sərgi mərkəzlərini gəzirsənsə, bu, lap böyük xoşbəxtlikdir...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















