Icma.az
close
up
RU
Saxta səadətin cəriməsi

Saxta səadətin cəriməsi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gi de Mopassanın “Boyunbağı” novellası haqqında

Əvvəli ötən sayımızda...

Bir həftəlik axtarışdan sonra onlar itikdən əllərini tamam üzüb tədbir tökməyə başlayırlar: əmanət geri qaytarılmalıdır! Ancaq necə? Boyunbağının oxşarını tapıb almaq lazımdır: “Pale-Royal küçəsindəki dükanların birində eynən onların axtardığı boyunbağıya oxşar bir boyunbağı tapdılar. Boyunbağının qiyməti qırx min frank idi. Onlara isə otuz altı min franka satmağa razı oldular. Zərgərdən xahiş elədilər boyunbağını üç gün saxlasın, belə şərt kəsdilər ki, əgər fevralın axırınacan itən boyunbağı tapılsa, bu boyunbağını otuz dörd min franka geri qaytarsınlar”.

Luazelin atasından qalma on səkkiz min frankı var, qalan pulu borc-xərc eləməlidirlər. Hərədən bir az qırta-qırta, az qala dilənə-dilənə, ağır sələm, faiz altına girə-girə boyunbağının pulunu düzəldib xanım Forestyenin əmanətini qaytarırlar. Ər-arvadın əsl məşəqqətli günləri də bundan sonra başlanır. Onlar ömürləri boyu qul kimi borc yiyələrinə işləməlidirlər.

Bundan başlayırlar ki, Matildanın bəyənmədiyi evi taxtapuşun altındakı quş damına dəyişirlər. Xanım Luazelin daha qulluqçu saxlamaq imkanı da olmayacaq:

“O, ev işlərinin hamısını özü görməyə başladı. Məişət işlərindən zəhləsi getsə də, axşamacan mətbəxdə eşələndi, qab-qacaq yudu, yağlı qazanın dibini qaşıyanda çəhrayı dırnaqlarını sındırdı. Pal-paltarı öz əlləriylə yudu, tuman-köynəyi, dəsmalı yaxalayıb kəndirə sərdi. Hər səhər tezdən həyətə düşüb evin zibilini atdı, pilləkənlərin başındakı meydançalarda dayanıb nəfəsini dərə-dərə su daşıdı. Bütün yoxsul ailələrdən olan arvadların geydiyi köhnə, nimdaş paltarlardan geyindi, əlində zənbil bazara qaçdı, çörəkçi köşkünə girdi, qəssab dükanına, göysatanlara yan aldı, güc-bəlayla qazandıqları dilənçipayı gəlirlərindən bircə su saldırmaq üçün alverçilərlə ağızlaşdı, çığır-bağır saldı, çənə-boğaz elədi, əlini qısdırıb qəpik-qəpik pul yığdı.

Hər ay vekselin birini ödəyib təzəsini almaq, bir başqasının möhlətini uzatmaq lazım gəlirdi. Əri bir alverçinin haqq-hesabını qaydaya salmaq üçün gecələr işləyir, bəzən də səhərəcən yatmayıb səhifəsi beş suya əlyazma üzü köçürürdü.

Düz on il bu cür yaşadılar. On ildən sonra bütün borclarını, hətta insafsızcasına şişib artan sələmləri belə ödəyib qurtardılar”.

***

Ödəməyinə ödəyirlər, ancaq nəyin hesabına?

Alışmadığı zəhmətə qatlaşmağa məcbur olan xanım Luazel bu illər ərzində bütün gözəlliyini, zərifliyini itirir, təməlsiz arzularına, imkanlarına bab gəlməyən iddialarına bircə axşam külli-ixtiyar verməsi ona bir ömür bahasına, güvəndiyi gəncliyinin, gözəlliyinin puça çıxması hesabına başa gəlir. Matilda əvvəl bəyənmədiyi, dodaq büzdüyü şəraitini, güzəranını da itirir, halbuki o, qızlığında monastır tərbiyəsi almışdı, nəfsini, qürurunu cilovlamağı, aza qane olmağı hamıdan yaxşı bacarmalıydı. Ər-arvad kürək-kürəyə verib onun şan-şöhrət hərisliyinin, parıldamaq ehtirasının cəriməsini ödədikləri bu on ildə təmkinli, təvazökar zəhmət, namuslu əmək sayəsində ailənin dolanışığı da, yaşayışı da qat-qat irəli gedə bilərdi. İndi isə onlara ancaq quyudan çıxdıqlarına sevinmək qalıb. Qul əməyi, kölə zəhməti onları bir daha dirçəlməyə qoymayacaq, gözəllik, zəriflik bir yana, sağlamlıq da əllərindən gedəcək. Tamahını, ehtirasını, təkəbbürünü yemləyən insan bilməlidir ki, qapısında it yox, canavar saxlayır, gec-tez özünü o canavara yedirdəcək.

Mopassan arzuların, ehtirasların yedəyində keçən ömrü puç sayır. Təbiətin qüdrətindən pay aldığı bər-bəzəyi pozulan Matildanın sonku görkəmi belə miskin ömrə illüstrasiyadır. Qadın o qədər çirkinləşib ki, ən yaxın rəfiqəsi belə onu tanımır. Tanıyanda isə məlum olur ki, bacılığının illər öncə ona verdiyi boyunbağının brilyantları saxtaymış, yəni o zinət əşyasının gerçək dəyəri qırx min franka yox, olsa-olsa beş yüz franka bərabərmiş!

Bəlkə də bacılığı Matildanın zərərini gec də olsa ödəyəcək, onun əzab çəkmiş ürəyinə yüngülcə bir sığal çəkəcək, ancaq rəfiqəsinin bihudə xərclənmiş gəncliyini, solub getmiş gözəlliyini, kif basmış xəyallarını, talanmış ömrünü ona qaytara bilməyəcək.

***

Əslində isə qəlp olan, saxta olan təkcə boyunbağıya düzülmüş brilyantlar deyil, ondan da çox Matildanın ayaq tutmamış arzuları, taxma qanadlı xəyallarıdır. Bir axşamlıq dəbdəbəyə, şan-şöhrətə, hikkəyə cavan ömrü qurban verməyə dəyərdimi? Cəmi bir neçə saatlığa üz güldürən o boyunbağı zinət deyil, fələyin xaltasıdır, fələk o göz qamaşdıran xaltanı qəlbi kasad insanın boynuna salıb onu it kimi istədiyi səmtə aparır, istədiyi kəsə hürdürür. Hərçənd Matilda yenə o günü həyatının ən xoş günütək xatırlayır, düşünür ki, ondan ötrü ömürlük boyunduruğa çevrilmiş boyunbağını itirməsəydi, hər şey ayrı cür olardı.

Ayrı nə cür olacaqdı? Özünü bəyəndirdiyi varlı kişilərdən biri onu məşuqə tutacaqdı. Matilda namuslu, zəhmətkeş ərinin başında yekə bir maral buynuzu bitirib zavallı kişini dost-düşmən yanında xəcil, gözüqıpıq, diligödək eləyəcəkdi. Oynaşı onu atandan sonra ya canının qəsdinə duracaq, ya da yeni varlı kişi axtarışına çıxacaqdı. Bir az yaşlanıb kimsəyə gərək olmayanda elə indiki kimi əldən getmiş gəncliyin, gözəlliyin, sönüb getmiş həvəslərin xiffətini çəkə-çəkə içində çürüyəcəkdi...

Zamanın sərəncam verə bildiyi heç bir vardan-dövlətdən insana sərvət, ömrə sərmayə olmaz. Adam dəli, kor iradəsini cilovlamasa, bu həyatda ona rahatlıq yoxdur. İnsan övladı onu dünya dediyimiz örüşə hörükləyən arzuların ağzına daş basmasa, başına qənaət tacı qoymasa, mələşən ehtirasların sırtıq hay-küyündən qulaq dincliyi tapmayacaq.

Bəşərin gələcəyinə münasibətdə Mopassanın pessimizmi ustadı Floberdən də o yana keçmişdi. Bu məsələdə onun müəllimi Flober yox, yeni dövrün buddası Artur Şopenhauer idi. Mopassan da onun kimi Allahı Fələkdən ayırmır, Yaradanı nə iş tutduğunu bilməyən avam, cahil, kor, qəddar bir güc sayırdı. Ondan ötrü insan - mükəmməl vəhşi, din - fırıldaq alveri, tərəqqi - qanadsız xülya, dostluq isə içiboş söz, aldanış, əfsanədir. Dünyada heç kim heç kimin dərdini çəkə bilməz, insan bu qoca zindanda yaranışdan tənhalığa məhkumdur.

***

Mopassanın yaradıcılığını qadın ensiklopediyası sayanlar da haqlıdır. Yüzlərlə fərqli xanımdan ibarət qalereyası onun qadın xarakteri, qadın psixologiyası sahəsində nə qədər təcrübəli, bilikli olduğuna gözgörəti sübutdur. Uzun sürməyən ömründə - təkcə yaratdığı yox, yaşadığı ömründə də bu sarıdan əsla korluq çəkməmişdi. Onun nəzəriylə baxsaq, qadın təbiətin əkiz bacısı olmaqdan da artıq - təbiətin özüdür. Təbiət insanı da qadının köynəyindən keçirib işıqlı dünyaya gətirir. Qadına yanaşmaq - təbiətə yanaşmaq, qadına qovuşmaq - təbiətə qovuşmaqdır.

Mopassanın donjuanlığı da bütün donjuanların sələfi, baş prototipi Don Juanın əməlləritək fəlsəfi mahiyyət daşıyırdı. O, məftunu olduğu təbiətin qoynuna çox qapıdan, az qala hər qapıdan soxulmağa çalışırdı, panteizm tanrısı kimi dünyaya hər qadının bətnindən zühur eləmək istəyirdi. Ancaq xanımlar xanımı Ana Təbiət təkcə həyat doğurmur, təkcə xoşbəxtlik, həzz vermir, qoynunda zəhərli ilan da bəsləyir, bətnində virus, mikrob da yetişdirir. Ömrünün ən gözəl çağlarını həyat dolu sağlam, ehtiraslı canına bulaşmış mikrobların təhdidi altında yaşayan yazıçı sağalmaz xəstəliyə yoluxduğunu biləndə sevincək yazırdı ki, şükür, daha rahatam, daha mən bu mikroba yaxalanmaqdan qorxmuram (bu yerdə Vahidin misrası yadıma düşür: “Mən bu dərdin çarəsin ölməklə asan eylərəm”).

Ona həyat verən də qadın, canına virus yeridib verdiyini geri alan da qadın oldu. Daha doğrusu, qadın adıyla Ana Təbiət özü. Xəstəlik vücudunun məmləkətini zəbt eləyə-eləyə ta paytaxta - beyninə qədər işlədi. Lap axırda aqibəti düşüncəsiylə, yaşadığı yazdığıyla qardaş olub eyniləşdi. Nə başından tökülən pulları, nə görünməmiş şöhrəti, nə villaları, yaxtaları, nə də kölgəsində daldalanan məşuqələri onun dadına çatdı. Ruhunu da, yaradıcılığını da başdan-başa qara dekadans dumanı bürüdü. Baş tutmayan intihar cəhdindən sonra onu dəlixanaya yerləşdirdilər.

Deyilənə görə, ad-sanı üç qitəyə sığmayan yazıçı orada uşaq kimi iməkləyirmiş. Usanmış qələminin kağıza damızdırdığı sonuncu cümləsi də belə olub: “Cənab Mopassan dördayaqlı heyvana döndü”.

F.Uğurlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri