Səfir: Avropa və Almaniyanın Azərbaycanla əməkdaşlığının perspektivləri daha ümidverici hal alıb MÜSAHİBƏ
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanın APA-ya müsahibəsi
Almaniya-Azərbaycan ikitərəfli əlaqələri
Almaniya və Azərbaycan arasında ikitərəfli “yol xəritəsi” razılaşdırılıb
Cənab səfir, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprel ayında Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun intensivləşdiyini göstərdi. Bu səfərdən sonra hansı konkret təşəbbüslər gözlənilir?
Bu, Almaniya Prezidentinin Azərbaycana ilk səfəri idi. Bu səfər Azərbaycan və Almaniya arasında əlaqələrin güclü və dinamik inkişafını vurğulayır.
Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülhün əlçatan olduğu bir vaxtda regionda iqtisadi inkişafın və Avropa ilə, xüsusilə də Almaniya ilə əməkdaşlığın perspektivləri daha ümidverici hal alıb. Avropanın aparıcı iqtisadiyyatı olan Almaniya bir çox sahədə, o cümlədən yüksək texnologiya, enerji, eləcə də nəqliyyat və digər sahələrdə öz təcrübəsini Azərbaycanla bölüşə bilər. Bu sahələr - enerji təminatçısı və Orta Dəhlizdə nəqliyyat habı kimi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Ticari-iqtisadi və investisiya əlaqələrinin genişlənidirlməsi üçün iki ölkə arasında bu ilin may ayında ikitərəfli “yol xəritəsi” razılaşdırılıb. Bu isə gələcəkdə daha güclü əməkdaşlıq üçün yeni imkanlar yaradır.

İqtisadi əlaqələr və investisiya potensialı
Bu gün Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır
Hazırda Almaniyanın Azərbaycana birbaşa investisiyası nisbətən azdır. İnvestisiyanın həcmini artırmaq üçün hansı addımlar atılmalıdır? Sizcə, hansı sektorlar almaniyalı investorlar üçün daha cəlbedicidir?
Alman irsi bu günə kimi Azərbaycanla sıx bağlıdır. Almaniya-Azərbaycan iqtisadi əlaqələri uzun bir tarixə malikdir və bu tarix XIX əsrə kimi uzanır. “Siemens” kimi alman şirkətləri Azərbaycana investisiya yatırıb və Cənubi Qafqaza yüksək keyfiyyətli texnologiya gətirib. Beləliklə, regionun iqtisadi inkişafına mühüm töhfələr verilib.
Bu gün Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır. Biz Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıyıq. Bundan başqa, Almaniya Azərbaycanın qaz və qeyri-neft sektorlarına ən çox investisiya yatıran ilk 10 ölkənin arasındadır. Sentyabr ayında Azərbaycanın iqtisadiyyat nazirinin müavini və Almaniyanın İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə Ticarət və İnvestisiya üzrə Yüksək Səviyyəli İşçi Qrupu çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Ölkələrimiz arasında əhəmiyyətli əməkdaşlıq layihələri həyata keçirilir ki, bura enerji təminatçısı SEFE-nin SOCAR-la imzaladığı 10 illik kontrakt da daxildir. Bu saziş çərçivəsində illik 1,5 milyard kub metr qazın təmin olunması nəzərdə tutulub.
Almaniya-Azərbaycan biznes əməkdaşlığında digər mühüm məsələ bu ilin may ayında AZPROMO, Almaniya Şərqi Biznes Assosiasiyası və Almaniya-Azərbaycan Ticarət Palatası arasında potensial biznes layihələrini nəzərdə tutan “yol xəritəsi”nin imzalanması idi. Digər investisiyalar da hazırlanır ki, bura mühəndislik və logistika sahələri də daxildir.

Səfirlik olaraq Azərbaycan bazarında alman biznesinin təbliği üçün hansı təşəbbüsləri həyata keçirirsiniz? Bu investisiyaların təşviqi üçün xüsusi mexanizmlər mövcuddur?
İnvestisiyalar şəxsi biznes qərarlarıdır, burada bir sıra amillər nəzərə alınır. Buna baxmayaraq, səfirliyimiz Azərbaycanda ən böyük biznes assosiasiyası olan Almaniya-Azərbaycan Ticarət Palatası ilə yaxından əməkdaşlıq edir. Məqsəd investisiyaların həcminin inkişaf etdirilməsidir. Bundan əlavə, Almaniya Federativ Respublikasının ölkə xaricində Almaniyanın ticarət və investisiya imkanlarını təbliğ etmək üçün bir çox vasitələri var. Bunlara beynəlxalq ticarət forumlarında iştirak edən Almaniya şirkətlərinə dəstək göstərilməsi, ixracatın və investisiya qarantiyalarının əlçatan vəziyyətə gətirilməsi daxildir. Üstəlik, bizim beynəlxalq iqtisadi təbliğat agentliyimiz olan Almaniya Ticarət və İnvestisiya təşkilatı öz bizneslərini xaricdə genişləndirməkdə maraqlı olan şirkətləri market datası və analizlərlə təmin edir.

Bərpaolunan enerji və yaşıl transformasiyası sahəsində Almaniya-Azərbaycan əməkdaşlığı davam edir
Bərpaolunan enerji sahəsində əməkdaşlıq gündəlikdədir. Almaniya Azərbaycanla bu sahədə öz texnoloji biliklərini və innovativ təcrübəsini necə bölüşə bilər? Bu barədə hər hansı bir spesifik layihələr müzakirə olunur?
Almaniya “yaşıl enerji” istehsalında qlobal liderdir və artıq özünün elektrik tələbatının 60%-ni bərpaolunan mənbələrdən əldə edir - əsasən də külək və günəş enerjisindən. Bu rəqəmin arxasındakı bilik və innovasiya Almaniyanın masaya gətirə biləcəyi mövzulardır. Almaniyanın dayanıqlı texnologiyadakı mükəmməlliyi enerji istehsalını da aşır. Mən alman avtomobil sektorunu xüsusi vurğulamaq istərdim. Bu sektor elektrik mobilliyində Avropa lideridir. Bərpaolunan enerji və yaşıl transformasiyası sahəsində Almaniya-Azərbaycan əməkdaşlığı davam edir. Bakıda Ticarət və İnvestisiya üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun görüşündə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunan əsas mövzu idi.
Almaniya Qarabağın “Yaşıl Zona” kimi inkişafını böyük maraqla izləyir
Almaniya şirkətlərinin Qarabağın azad olunmuş ərazilərində mümkün iştirakı barədə nə deyə bilərsiniz? Hansı sahələrdə alman texnologiyası və təcrübəsi tətbiq edilə bilər?
Almaniya 1990-cı ildə baş vermiş birləşmədən sonra yenidənqurma məsələlərində əldə etdiyi təcrübəsi ilə Qarabağda yenidənqurma ilə əlaqəli ola biləcək bir çox sahədə liderlik edir. Bura texnologiya, mühəndislik və dayanıqlılıq da daxildir. Biz Qarabağın “Yaşıl Zona” kimi inkişafını böyük maraqla izləyirik. Bu sahə sözsüz ki, alman texnologiya və təcrübəsinin istifadə oluna biləcəyi bir çox imkanlar təqdim edir. Son illər ərzində alman şirkətləri Qarabağda bir sıra sektorlarda yenidənqurma işlərində iştirak edib. Məsələn, Azərbaycan-Almaniya müştərək layihəsi regionda bir neçə magistral yolun və hava limanlarının tikintisində iştirak edib. Alman texnologiyasının Qarabağda tətbiqi üçün digər layihələr də tapmaq olar. İçməli su xətlərinin çəkilməsi və hidroenerji istehsalını nümunə gətirmək mümkündür.

Avropa İttifaqı ilə əməkdaşlıq və Almaniyanın dəstəyi
Almaniya Aİ-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsinə böyük önəm verir
Avropa İttifaqının lider dövlətlərindən biri kimi Almaniya Azərbaycanın Aİ ilə əlaqələrinin möhkəmləndirilməsində hansı rolu oynayır? Xüsusilə enerji, yaşıl keçid və iqlim məsələlərində əməkdaşlıq üçün hansı fürsətləri görürsünüz?
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır və bu baxımdan Almaniya Aİ-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsinə böyük önəm verir. Almaniya Avropa İttifaqında ən böyük iqtisadiyyata malikdir. Yaxın əməkdaşlıq bizim iqtisadi maraqlarımıza xidmət edir. Azərbaycan Aİ üçün mühüm enerji tərəfdaşıdır və gələcəkdə blok üçün bərpaolunan enerji təminatçısı kimi əhəmiyyətli rol oynaya bilər. Azərbaycanın COP29-a uğurlu ev sahibliyini, Aİ və onun beynəlxalq iqlim səylərində liderlik edən üzv dövlətlərini nəzərə aldıqda, bu sahələr əməkdaşlıq üçün çoxlu fürsətlər yaradır. Aİ və Azərbaycan birlikdə hər iki regionda yaşıl keçidi sürətləndirə bilər. Bundan əlavə, nəqliyyat və konnektivlik Aİ-nin böyük təcrübə təqdim edə biləcəyi sahələrdir. Azərbaycan artıq Aİ-nin Qlobal Keçid Təşəbbüsündə iştirak edir. Hansı ki, burada Orta Dəhliz vacib komponentdir.

Yeni razılaşmanın Aİ və Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmaq potensialı var
Azərbaycan və Aİ arasında yeni saziş ətrafında danışıqların tezliklə yekunlaşması gözlənilir. Almaniya bu prosesə hansı töhfələri verməyə hazırdır?
Avropa və Azərbaycan arasındakı əlaqələr 1999-cu ildə əldə olunmuş Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşması vasitəsilə idarə olunur. Almaniya ticarət üçün daha ətraflı mexanizmin qurulmasını nəzərdə tutan yeni tərəfdaşlıq razılaşmasının əldə olunması üçün 2017-ci ildə başladılan danışıqları müsbət qarşılayır. Yeni razılaşmanın Aİ və Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmaq potensialı var. Buna görə də, Almaniya danışıqlar prosesini dəstəkləməyə davam edir. Aİ-dən olan tərəfdaşlarımızla birlikdə qarşılıqlı olaraq razılaşdırılmış məqsədlərin həyata keçirilməsinə razıyıq.
Orta Dəhliz və strateji nəqliyyat marşrutları
Orta Dəhliz Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm nəqliyyat marşrutudur
Azərbaycandan keçən Orta Dəhliz Avropa-Asiya ticarəti üçün getdikcə daha vacib xarakter alır. Almaniya bu marşrutu hansı həddə kimi strateji hesab edir və alman biznesi bu marşrutun inkişafında iştirak etməsi üçün necə təşviq edilə bilər?
Orta Dəhliz Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm nəqliyyat marşrutudur. Öz coğrafi mövqeyi ilə Azərbaycanın gələcəkdə logistika və tranzit habı kimi daha mühüm rol oynamaq potensialı var. Almaniyanın özəl sektoru bu potensialdan yaxşı xəbərdardır, xüsusilə də infrastrukturun müasirləşdirilməsi, rəqəmsallaşdırılması və dayanıqlı logistika məsələlərində Almaniya Şərqi Biznes Assosiasiyası və Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunan və Orta Dəhliz haqqında məlumat verən tədbirlər müxtəlif sektorları təmsil edən şirkətlərin böyük marağına səbəb olub. Bu marağı konkret biznes prosesinə çevirmək üçün Azərbaycan özünü cəlbedici məkan olaraq tanıtmağa davam etməli və xarici investisiyalar üçün əlverişli biznes mühiti yaratmalıdır.

Naxçıvanı Azərbaycanla birləşdirən yeni nəqliyyat xətti planlaşdırılır. Almaniya bu marşrutu Orta Dəhlizin bir hissəsi olaraq görürmü? Bu marşrutun geosiyasi və iqtisadi əhəmiyyəti barədə fikirləriniz nələrdir?
Regional konnektivliyin artırılması böyük iqtisadi potensial ehtiva edir. Tranzit xəttinin yaradılması Orta Dəhlizin inkişaf etdirilməsi üçün mühümdür. Bu marşrut Avropa və Mərkəzi Asiyanı daha yaxından əlaqələndirir. Bu əlaqə logistikanı sürətləndirə və nəqliyyat xərclərini azalda bilər. Buna görə də, həm Avropa, həm Azərbaycan, həm də Orta Dəhliz boyu yerləşən ölkələr üçün əhəmiyyətli dərəcədə iqtisadi və siyasi rol oynaya bilər. Bundan əlavə, Orta Dəhliz və Cənubi Qafqazda daha yaxşı konnektivlik Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verə bilər və bütün regionda iqtisadi inkişaf üçün yeni imkanlar yarada bilər.
Sülh prosesi və regional stabillik
Özümüz də Avropada əsrlər boyu dərin düşmənçilik və münaqişələr yaşamışıq, müharibənin qiymətini də, sülhün bəhrələrini də yaxşı bilirik
Cənubi Qafqazda sülh təşəbbüslərinin dinamika qazandığı bir vaxtda, Almaniya Azərbaycan və Ermənistan arasında davam edən danışıqları necə qiymətləndirir? Uğurlu bir sülh razılaşmasından hansı strateji dəyişikliklər yarana bilər?
Sülh razılaşmasına doğru atılan son addımlar və avqustun 8-də keçirilən üçtərəfli görüşün nəticələri intensiv diplomatik səylərin sayəsində hasil olub ki, bu səylər xüsusilə Avropa İttifaqı və Almaniya tərəfindən dəstəklənib. 2021-ci ildən bəri bu, əsasən Avropa İttifaqının rəhbərlik etdiyi təşəbbüslərə, Avropa Şurasının keçmiş Prezidenti Şarl Mişelin rəhbərliyi altında olan proseslərə dəstəyimiz vasitəsilə həyata keçirilib. Eyni zamanda, Almaniya Berlin və Münhendə münaqişə tərəfləri arasında bir neçə raund danışıqlara ev sahibliyi edib. Almaniya həmişə Cənubi Qafqazda sülh və sabitliyin güclü tərəfdarı olub, ikitərəfli diplomatiyası vasitəsilə bu səyləri daim təşviq edib. Nəhayət, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanıb ratifikasiya olunduqdan sonra Cənubi Qafqaza Avropadan, o cümlədən Almaniyadan birbaşa xarici investisiyaların axını əhəmiyyətli dərəcədə sürətlənə bilər. Sülh siyasi sabitlik və proqnozlaşdırıla bilən mühiti təmin edir ki, bu da regionu investorlar üçün daha cəlbedici məkana çevirə bilər. Bundan əlavə, sülh sazişi xüsusilə infrastruktur, ticarət və enerji sektorlarında yeni iqtisadi imkanlar aça bilər. Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm bir qapıya çevrilə bilər ki, bu da Alman və Avropa biznesləri üçün olduqca cəlbedici olar. Özümüz də Avropada əsrlər boyu dərin düşmənçilik və münaqişələr yaşamışıq, müharibənin qiymətini də, sülhün bəhrələrini də yaxşı bilirik. Buna görə də Almaniya Azərbaycan və Ermənistanın danışıqlar masasında qalan bütün açıq məsələləri yekunlaşdıraraq, davamlı sülh sazişinə nail olmaq üçün davam edən səylərini güclü şəkildə təşviq edir.
Foto: Ilkin Nəbiyev


