Icma.az
close
up
RU
Şəhanə Rzayeva: Mən səhnədə özümü, əsl kimliyimi tapıram... Səsin izi ilə...

Şəhanə Rzayeva: Mən səhnədə özümü, əsl kimliyimi tapıram... Səsin izi ilə...

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edirik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

"Səsin izi ilə..." rubrikasında bu dəfəki həmsöhbətim Şəhanə Rzayevadır. Onun səsi ilə tanış olanlar üçün təqdimata ehtiyac yoxdur - uşaq rollarından tutmuş efir çıxışlarına, musiqi performanslarından aparıcılıq bacarığına qədər hər işində səsi ön plandadır. Uşaqlıqdan bəri kamera qarşısında böyüyüb. Səhnə onun üçün qorxulu yox, doğma bir məkandır. İllər öncə çəkildiyi filmlərdəki səmimi baxışları bu gün də öz təbiiliyini saxlamaqdadır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorluq üzrə SABAH qruplarında təhsil alan Şəhanə indi səhnədə öz səsini eşitdirməyə, öz izini yaratmağa çalışır. Müğənnilik edir, aparıcılıqla məşğuldur, aktrisa kimi də müxtəlif layihələrdə iştirak edir. Bütün bunların fonunda onun ən parlaq cəhəti səsidir. Hisslərlə yüklü, içdən gələn və yadda qalan bir səs...

Bu müsahibədə onunla səsin izi ilə keçdiyi yoldan danışdıq, uşaqlığından, sənətə olan sevgisindən, yaşadığı tərəddüdlərdən və gələcəyə dair planlarından söz açdıq...

Şəhanə xanımın musiqiyə və səhnəyə olan sevgisi də elə uşaqlığından gəlir. Özü o illəri belə xatırlayır:

"Musiqiyə sevgimi ailəm hələ çox erkən vaxtlardan, lap körpəliyimdən müşahidə edib. Anam danışır ki, hələ heç üç yaşım belə tamam olmayan zamanlarda İradə İbrahimovanın "Bahar çiçəyi" mahnısını sevirmişəm. Deyirlər ki, radioda həmin mahnı səslənən zaman yuxuda belə olsam, oyanar və mütləq rəqs edərmişəm. Görünür, bu həvəsim necə böyük olubsa, qonşuların, qohumların da diqqətindən yayınmayıb. Qonşuluqdakı hər kəs mənim istedadımdan, həvəsimdən danışırmış, deyirmişlər ki, bu qız çox istedadlıdır. Ona görə də anam məni elə həmin illərdə Uşaq Filarmoniyasına - tanınmış uşaq bəstəkarı, mərhum sənətkar Oqtay Zülfüqarovun qrupuna yazdırdı. Beləcə, mən üç yaşımdan artıq televiziyalara çıxmağa başladım, müxtəlif çəkilişlərə, konsertlərə qatıldım. "Can, nənə", "Cırcırama, cırılda" mahnıları o dövrdə uşaqlar tərəfindən də çox sevilirdi. Sonra 6 yaşım olarkən Uşaq Filarmoniyasında Məryəm Əlibəyli ilə Natiq Qəzənfəroğlunun "Noğullar" pop qrupuna qatıldım. Bununla da böyük səhnələrdə çıxışlarım başladı, eləcə də uşaq aktrisa kimi filmlərdə çəkildim. Yəni musiqi mənim həyatıma elə həyatın özü ilə birgə daxil olub.

Musiqi və səhnə mənim hisslərimi ifadə edə bilmə şəklimdir. Mən səhnədə özümü, əsl kimliyimi tapıram. Yalnız orada özüm olduğumu hiss edirəm. Səhnədə ifa edərkən məni dinləyənlər və izləyənlər mənə çox güclü enerji ötürür, ilham verir..."

Bir zamanlar gənc aktrisa kimi filmlərdə, serialda gördüyümüz, təhsilini də məhz bu istiqamətdə - aktyorluq ixtisası üzrə alan Şəhanə Rzayeva bu gün fəaliyyətini daha çox müğənni kimi davam etdirməyi üstün tutur. Onu filmdən, illərlə təhsilini aldığı sənətdən ayrı salan məqamlarla maraqlandıq. Şəhanə xanım bu sualımıza özünəməxsus səmimiyyətlə cavab verdi:

"Əslində, mən hər iki sahədə - həm aktrisa, həm də müğənni kimi fəaliyyət göstərirəm. Bu gün bir qədər musiqi sahəsində daha görünənəm, amma bu o demək deyil ki, aktrisalıqdan uzaqlaşmışam. Sadəcə, son zamanlar mənə təqdim olunan film və serial ssenariləri, təklif olunan rollar, açığını deyim ki, çox da ürəkaçan olmayıb. Mənim üçün bir layihədə iştirak etmək təkcə efirə çıxmaq deyil. Ssenaridə nəsə axtarıram - dərinlik, emosional qat, xarakterin transformasiyası, sənətə xidmət edən məqamlar... Təklif edilən rollarda isə bunları çox zaman görmürəm və buna görə də iştirak etmək istəmirəm.

Amma içimdə aktrisa olan o Şəhanə hələ də axtarışdadır və gözləyir. Çox istərdim ki, dolğun bir ssenari ilə, maraqlı və psixoloji baxımdan zəngin bir obrazla kinoya qayıdım. Bu, mənim üçün həm sənətçi kimi özümü ifadə imkanı, həm də tamaşaçı ilə fərqli bir dildə ünsiyyət fürsəti olardı. Baş rolda oynayacağım bir film, əgər doğrudan da sənət yükü daşıyırsa, mənim üçün böyük bir motivasiyadır".

Müsahibim iki il öncə ölkəmizdə musiqi sahəsində xüsusilə tanınan və seçilən layihələrdən biri olan "Səs Azərbaycan" layihəsinə qatılmış, müsabiqədə uğurla yarışmışdı. İndi çoxları onu həm də bu layihənin fərqli və istedadlı iştirakçısı kimi də tanıyır. Söhbətimizdə bu müsabiqə və onun gənc sənətçiyə qazandırdıqlarına da toxunduq:

"Səs Azərbaycan" layihəsi mənim üçün olduqca maraqlı və yaddaqalan bir mərhələ oldu. Neçə illərdir səhnədə olmağıma, tamaşaçı qarşısına çıxmağıma baxmayaraq, bu layihə mənim üçün tamamilə fərqli bir təcrübə idi. Çünki bu dəfə təkcə ifa yox, həm də rəqabət, emosional gərginlik, bir az da özünü yenidən kəşf etmək vardı. Kamera arxasındakı gözləntilər, canlı tamaşaçı reaksiyası və sənin səsinə olan münasibət - bütün bunlar fərqli duyğular idi.

Bu cür böyük miqyaslı bir layihənin Azərbaycanda keçirilməsi, məncə, istedadlı insanlar üçün həm motivasiyadır, həm də bir şans. O səhnədə dayanmaq üçün gərək təkcə səsin yox, həm də daxili gücün, dayanıqlığın və özünə inamın olsun. Yarış boyu məhz bunlarla üz-üzə qalırdım və bu prosesdə çox şey öyrəndim.

Eyni zamanda, bu layihə mənə çox dəyərli insanlar qazandırdı. Orada istedadlı, enerjili və eyni zamanda çox gözəl qəlbli insanlarla tanış oldum. Bu tanışlıqlar birgə musiqi qədər ruhuma təsir etdi. Rəqabətin içində dostluğun mümkün olduğunu, sənətlə birləşən qəlblərin nə qədər güclü bağlar qura bildiyini gördüm.

Bu baxımdan "Səs Azərbaycan" mənim yaddaşımda təkcə bir yarış deyil, həm də sənət yolumun xüsusi bir dönüm nöqtəsi kimi qaldı".

Musiqi elə geniş dərya, ucsuz-bucaqsız ümmandır ki, hətta onunla bir ömür məşğul olmaq belə o dərinliyin yarısına da olsa çatmağa kifayət etmir. Amma hər insanı ifadə edən bir musiqi janrı vardır, əlbət ki, o janrda insan özünü, əsl kimliyini tapır. Musiqini özünə məskən seçənlərdə isə bu, daha böyük önəm daşıyır. Şəhanə xanımın da ruhunu ifadə edən janr var, təbii ki:

"Düzü, daha çox pop janrına üz tuturam. Bu janr mənim üçün həm özümü ifadə etməyə, həm də dinləyicimə yaxın olmağa imkan verir. Amma bu o demək deyil ki, yalnız pop ifa edirəm və ya yalnız bu musiqi mənim ruhuma uyğundur. Əksinə, bir çox janrlar var ki, mən onlarda da özümü tapıram.

Pop janrını seçməyim bir az da onun çevikliyi və zamanla ayaqlaşa bilmə qabiliyyəti ilə bağlıdır. Bu janrda sən həm emosiyanı, həm də enerjini çatdıra bilirsən. Amma musiqi mənim üçün hər zaman sərhədsiz bir dünya olub.

Bu sənətdə sevdiyim, sənətinə, səsinə hörmət etdiyim sənətçilərimiz çoxdur. Yəqin ki, adlarını çəksəm, siyahı çox uzun alınar. Qısa şəkildə deyim ki, Xalq artistlərimiz Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, Röya, Əməkdar artist Lalə Məmmədova və başqaları sevdiyim, dinlədiyim sənətçilərimizdəndirlər. Amma etiraf edim ki, ümumiyyətlə, kumirim yoxdur".

Şəhanə Rzayeva ixtisasca aktyorluq təhsili alsa da, iki sahənin - aktyorluq və müğənniliyin bir-birinə yaxınlığı heç kimə sir deyil. O, tədris prosesində musiqi sahəsində də təhsil görüb, müəyyən biliklərə yiyələnib. Amma bu gün səhnəmizdə heç də hər sənətçi musiqi təhsilinə malik deyil. Bəs musiqi təhsili bir ifaçı üçün həqiqətənmi vacibdir?

"Musiqi təhsili, məncə, bir müğənni üçün çox vacibdir. Sən səsi sevə bilərsən, eşitdiklərini təqlid edə bilərsən, hətta gözəl ifa da edə bilərsən. Amma təhsil o zaman işə yarayır ki, sən nə etdiyini anlayaraq edirsən. Musiqi təhsili sənətkarın özünə güvənini artırır, səhnədə daha az tərəddüd edir, daha çox nə etdiyini bilirsən. Amma məncə, təkcə təhsillə də hər şey tamamlanmır. Musiqidə hiss var, ruh var. Bəzən elə olur ki, texniki cəhətdən hər şey qaydasındadır, amma ifaçı ilə dinləyici arasında bir rabitə qurulmur. O rabitə üçün isə sənin səhnədəki duruşun, baxışların, özünü necə ifadə etməyin, ən əsası isə insanlara ötürdüyün enerji çox önəmlidir. Yəni sən təkcə oxumursan, həm də danışırsan, hiss etdirirsən, bağ qura bilirsən. Ən gözəl nəticə isə bu ikisinin - təhsilin və içdən gələn enerjinin - bir yerdə vəhdət təşkil etdiyi an yaranır. Mən də bu balansı qurmağa çalışıram".

Arzular tükənməz, planlar sona yetməz. Xüsusən, gənc sənətçi Şəhanə Rzayeva yaşının və sənətinin arzuların bulaq kimi qaynadığı çağındadır. O arzuların nə olduğunu isə müsahibəmizin sonunda belə ifadə etdi:

"Gələcək planlarım, arzularım çoxdur, heç tükənmir. Aktrisa kimi - ruhumu oxşayacaq, dərin və xarakterli bir obrazda oynamaq istəyirəm. Müğənni kimi isə dinləyicilərin qəlbinə səmimi və hissli mahnılarla yol tapmaq ən böyük arzumdur. Hələ yolum uzundur... Və bu yolun üzərində incəsənətin başqa sahələrində də özümü sınamaq istəyim var".

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see229

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see125

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see121

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see119

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see117

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see116

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see115

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see115

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see115

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see113

Millət vəkili: Xankəndi Zirvə görüşü edilən işlərin beynəlxalq səviyyədə təqdimatıdır

06 İyul 2025 00:48see113

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see112

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

05 İyul 2025 23:44see112

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see112

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see112

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri