Icma.az
close
up
RU
Şərəfli bir ömür yaşadı sözlü, nəğməli

Şərəfli bir ömür yaşadı sözlü, nəğməli

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Gəray Fəzlinin anadan olmasının 100 ili tamam olur.

Qələmini nəsrdə, poeziyada, publisistikada, tele-radio jurnalistikasında uğurla  sınayan Gəray müəllim, 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində boya-başa çatıb. Dünyaya payızda göz açsa da ad gününü həmişə mayın 9-da qeyd edərdi. Bunun səbəbi hər kəsə aydın idi. İkinci Dünya müharibəsində dəfələrlə  yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından yaralanır, bununla da hələ məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni  deyil, səsi də gülləbaran edilir.

Bu, bir xoş təəssürat yazısıdır.Gəray Fəzlinin çoxşaxəli yaradıcılığı, şeir, poema  romanları və kino-ssenariləri  barədə yazmaq isə zənnimcə ədəbi tənqidçilərin, tədqiqatçıların işidir.Yaxşı yadımdadır, 1967-ci ilin bir payız günü təhsil aldığım Qəbələ rayonunun Hacallı kənd orta məktəbinə səs yayıldı ki, Bakıdan şair qonaqlarımız gəlir. Həyəcanla gözlədik. Fasilə vaxtını Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişi hesabına direktorumuz bir saata qədər uzatdı. Nitqindəki məlum problemlərə görə Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması poeziya məclisinə qəribə, kədərli və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin İkinci Dünya müharibəsində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızılgülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...

Gəray müəllim çox qısa danışdı, bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında "Azərbaycan gəncləri" qəzetində "Uğurlu yol" yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.

Gəray Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. İkinci Dünya müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir - nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd insan, əsl vətəndaş idi Gəray müəllim. Mən onu sıradan bir şair, söz adamı kimi tanımırdım. Gəray müəllimin bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat yoldaşı idi.

Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalsitikaya meylimlə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Onun tövsiyə və məsləhətləri günü bu gün də karıma gəlir - istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost-yoldaş arasındakı münasibətlərdə.

70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçib, şərəfli bir həyat sürüb. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda müalicə olunmuşdu. Ordudan tərxis olunduqdan sonra Pedaqoji İnstitutda təhsil almışdı.1953-1957-ci illərdə Qax rayonunda müəllimlik etmişdi. 1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdı. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim "Ölkəm", "Mənim səsim", "Təzə ünvan", "İldırımlı dağlar", "Kəhrəba işığında", "Səadətin ünvanı", "Yeddi ulduzlu səma", "Gecə günəşi", "Bir qəlbin asimanı", "Xatirəli dünyam" və s.kitabları ilə oxucuların görüşünə gəlmişdir. "Portret cizgiləri" seriyasından sənədli povestlər, oçerklər, sənədli televiziya filmləri üçün  ssenarilər  yazan Gəray müəllim 1991-ci ildə "Hikmət", 1992-ci ildə "Axtarış", 1993-cü ildə isə "Kəndin səsi" qəzetlərinə redaktorluq etmişdir. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin poema və romanları ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər. Onun şair və yazıçı dostları arasında Ənvər Əlibəylinin, Adil Babayevin, Qabilin, İslam Səfərlinin,  Əliağa Kürçaylının, İmamverdi Əbilovun, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray müəllim hörmətli dostunun xatirinə öz oğluna Qabil adı vermişdi. Nəriman Həsənzadə Gəray Fəzlinin şərəfinə "İtirilmiş səs" poemasını yazmışdı.

Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini kürsülərdən oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar səsləndiriblər. Azərbaycan Televiziyası və Radiosunun Fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar ifa olunur. Əməkdar jurnalist Flora Xəlilzadə müəllifi olduğu “Yadigarlar” verlişini bütünlükdə Gəray müəllimin yaradıcılığına həsr edib və bu proqram çox maraqla qarşılanıb. Təbii ki, bu qədirbilənliyə görə Aztv rəhbərliyinə və əməkdaşlarına alqışlar düşür.

Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib. Sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehnində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedaqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı növbəti addımlar atılsın. Bu rayonun sakinləri bir daha bilsinlər ki, vaxtilə bu torpağın üstündə addımlayan, çörəyindən, suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.

Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları bu gün də aktualdır, cəlbedicidir:

Özüm də sirrini bilmirəm nədir -
Bir dərya etibar, bir ümman sətir -
Elə bil tək mənim ürəyimdədir,
Səmadır, səhradır, çəməndir könlüm,
Sevgiyə, sevdaya vətəndir könlüm.
Ona Füzulidən ariflik qalıb,
Leylinin eşqindən zəriflik qalıb,
Hələ çəkilməyən neçə yük qalıb...
Demirəm hər yükü çəkəndir könlüm,
Yalnız el yükünə vətəndir könlüm.
Yadlar məclisində görünən deyil,
Özgə qapısında sürünən deyil,
Naxələf kürkünə bürünən deyil,
Alçalsa, özünə kəfəndir könlüm,
Əzmə, dəyanətə vətəndir könlüm.

Gəray müəllim geniş qəlbli, səxavətli, saf düşüncəli insan idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış Fikrət Qoca, Məmməd Araz, Cəmil Əlibəyov, Nahid Hacızadə, Tahir Paşazadə, Firudin Ağayev,Həbibə Məmmədxanlı, Emin Mahmudov, Tofiq Rüstəmov, Mailə Muradxanlı,İbrahim Göyçaylı, Ramiz Həsənoğlu, Bünyad Məmmədov, Əmirhüseyin Məcidov,   Ələkbər Abbasov,Tahir Aydınoğlu, Qulu Məhərrəmli, Mübariz Süleymanlı, Akif Əli, Rafiq Səməndər,  Əli Nəcəfxanlı, Hafiz Baxış, Nadir Diridağlı və digər tanınmış söz adamları, rejissorlar həmişə söhbətlərində, müsahibələrində Gəray Fəzlinin çoxlarına örnək olası nəcib keyfiyyətlərindən, mərd xüsusiyyətlərindən bəhs ediblər.

1995-ci il dekabrın 26-da Gəray müəllim bu dünyaya -əzizlərinə, oxucularına, onu tanıyan, xətrini əziz tutan hər kəsə əlvida dedi. Təbii ki bu tarix   Gəray Fəzlinin taleyindən son nöqtə, əbədiyyətə qovuşma anı kimi keçsə də, gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar şairin 100 illik yubileyinin göstəricisi kimi tarixiləşir, əbədiləşir. Əminik ki, Azərbaycan Yazıçılar Birliyi, televiziya və radiolar, ədəbi nəşrlər onun hələ də yaşayıb-yaradan dostlarının təəssüratını tamaşaçılara və oxuculara çatdıracaq, ədəbi-bədii irsini araşdıracaqlar. Təbii ki, onun əsərlərinin latın qrafikası ilə yenidən nəşr edilməsi də şairin ruhunu şad edərdi.

Gəray müəllimin vaxtilə yazdığı və bu gün də aktual və gərəkli sayılan sətirləri diqqətinizə çatdırmaq istərdim:

"Ürək insanlığın çox mühüm, bəşəri problemlərindən biridir. Ürək ömrü uğrunda gedən mübarizə hamıya eyni dərəcədə aid olan mübarizədir. Bu dünyada heç kəs insanların qiymətli könül səltənətini qorumaqdan, könül azadlığı və səadəti uğrunda gedən mübarizədən kənarda qalmamalıdır, heç kəs!

Məni yazmağa sövq edən səbəblərdən biri, bəlkə də birincisi elə budur. Qoy, heç kəsin ürək asimanında qara buludlar görünməsin!".

Bəli, ötən əsrin dəhşətli qırğın günlərində faşist gülləsinə tuş gələn şair səsi bugün onu xatırlayanların, yada salan insanların qəlbində silinməz, tükənməz bir həzin melodiya kimi səslənməkdə, əks-səda verməkdədir.

O ağrılı-acılı illərdə nəğməli-sözlü səsini itirən şair sonralar böyük ümid və şövqlə yazırdı.

            “Bilirəm ki, sənətimə
             İlham verən bu illərin
             Ürəyindən yazsam hər an,
             Əsrlərin arxasından
             Gələcəkdir səsim mənim”
 


Akif Cabbarlı,

Yazıçı-publisist, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see201

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see196

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see174

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see174

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see143

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see135

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see127

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see127

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri