Səs küylü tender: blogerlər ölkəmizə gəlir 2 milyona yaxın pul qarşılığında...
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir neçə gündür Dövlət Turizm Agentliyinin (DTA) yeni elanı müzakirə edilir. Belə ki, qurum 11 ölkədən olan jurnalist, bloger və turizm şirkətləri üçün növbəti tender elan edib. Tender Böyük Britaniya, İrlandiya, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya və İsraildən olan nümayəndələr üçün tanışlıq səfərlərinin təşkilini nəzərdə tutur. Satınalmanın ehtimal edilən dəyəri 1 milyon 705 min 801 manat təşkil edir.
Bir sıra ekspertlər və ictimai fəallar milyonlarla manat vəsaitin xarici bloger və nümayəndələrin səfərlərinə ayrılmasının ölkə turizminin inkişafına real təsirini sual altına alırlar. Onların fikrincə, bu vəsait Azərbaycanın tarixi, mədəni və milli dəyərlərini əks etdirən sənədli filmlərin çəkilməsinə, eləcə də beynəlxalq auditoriya üçün keyfiyyətli qısa tanıtım video-çarxlarının hazırlanmasına yönəldilsə, daha səmərəli ola bilər.
Xarici jurnalist və blogerlər üçün tanışlıq səfərlərinə milyonlarla manat vəsait ayrılması turizm sahəsi üçün nə dərəcədə effektivdir?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Cabir Dövlətzadə deyib ki, sözügedən addım turizm potensialının inkişafına müəyyən təsir göstərə bilər:
Cabir Dövlətzadə
“Amma bu, düzgün şəkildə təşkil olunmalıdır. Tenderin dəyəri milyonlarla ölçülür. Bu vəsaitin xaricə effektiv çatdırılması üçün bütün proses peşəkar səviyyədə aparılmalıdır. Əks halda, Azərbaycan üçün ciddi faydalar əldə olunmayacaq. Burada tender sonrası auditin düzgün təşkili xüsusilə önəmlidir. Çünki müəyyən tədbirləri Dövlət Turizm Agentliyi həyata keçirir, amma bu işdə iştirak edən şirkətlərin məsuliyyət dərəcəsi və işin keyfiyyətlə icrası əsas rol oynayır. Hər şeydən əvvəl şirkətlərin məsuliyyəti dərk etməsi və işi tam həyata keçirməsi vacibdir”.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, ölkəmizə turistlərin cəlb edilməsində ciddi çətinliklər var:
“Məsələn, turistlər Gürcüstana və ya Ermənistana qədər gəlir, lakin Azərbaycana keçmirlər. Bu, turizm sahəsində ciddi çatışmazlıqların olduğunu göstərir: təqdimat və xidmət səviyyəsi yetərli deyil. Turistlər səyahət edərkən dincəlmək, gözəl xatirələr toplamaq, tarixi yerləri və təbiəti görmək istəyirlər. Azərbaycanda isə vəziyyət çox vaxt “kabab ye, otelə get, bitdi” prinsipi ilə məhdudlaşır. Turizm sahəsində otelçilikdən kənd turizminə, ekstremal turizmdən dəniz turizminə qədər müxtəlif sahələr var, lakin heç birində nəzərəçarpan irəliləyiş yoxdur. Tarixi abidələrin restavrasiyası, turizm obyektlərinin yaradılması və iaşə xidmətlərinin təkmilləşdirilməsi isə praktik olaraq görülmür”.
Tural Abbaslı
Partiya sədri bildirib ki, son illərdə bu istiqamətdə müəyyən təşəbbüslər olsa da, nəticəsi qətiyyən hesabatlı deyil:
“Məsələn, ayrılan büdcə (təxminən 2 milyon manat) ilə turist axınının artımı arasında əlaqə açıqlanmır. Paylaşımların təsiri, izləyici sayı və qarşılıqlı əlaqə ölçülmür. Belə şəraitdə korrupsiya ehtimalları da nəzərə alınmalıdır. Bəzi təşəbbüslər yalnız öz otellərinə müştəri cəlb etmək üçün istifadə olunur və dövlətə konkret nəticələr təqdim edilmir. Turizmin inkişafı üçün sərhədlərin açılması, xarici və daxili turistlərin cəlbi istiqamətində konkret addımlar görülmür. Statistikaya nəzər salaq: Gürcüstan 3 milyonluq əhalisinə baxmayaraq, keçən il 6 milyon turist qəbul edib. Azərbaycana gələn turistlərin sayı isə 1 milyondan bir qədər çox olub. Əgər soydaşlarımızı və Azərbaycan əsilli xarici vətəndaşları çıxsaq, bu rəqəm daha da az olur”.
Tural Abbaslının fikrincə, turizm alternativ gəlir mənbəyi ola bilər:
“Bir turistin ölkəyə gəlişi dövlət büdcəsinə orta hesabla 1000 dollar ( təxmini 1700 manat) qazanc gətirir. Lakin DTA-nın fəaliyyəti qənaətbəxş deyil. Gələn turistlərin sayı azalır, nəzarət yoxdur, xidmət səviyyəsi aşağıdır, qiymətlər isə yüksəkdir. Məsələn, daxili turizmdə, Qubada iki günlük tur paketi xaricdəki lüks paketlərə nisbətən baha və keyfiyyətsizdir. Aşağı büdcəli, keyfiyyətli iki-üç ulduzlu otellərin yaradılması, peşəkar gidlərin hazırlanması, tarixi abidələrin və şəhərlərin turistlərə təqdimatı kimi əsas sahələrdə boşluqlar mövcuddur. Təəssüf ki, bu istiqamətdə irəliləyiş yoxdur və ölkəmizə gələn turistlərin sayı hər il azalır. Turizm sahəsində ciddi yeniliklərə və sistemli yanaşmaya ehtiyac var”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 29 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















